Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə işçi qrup yaradılıb
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
"Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 10
dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanı ilə verilmiş tapşırıqların icrası
məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işçi qrupu
yaradılıb.
İşçi qrupun görəcəyi
işlərə dair iş planı təsdiq edilib. Planda nazirliyin mərkəzləşdirilmiş
elektron informasiya sistemində "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və
övladlığagötürmə” altsisteminin yaradılması, övladlığagötürmə prosesinin mərkəzləşdirilmiş
vahid elektron uçotunun və idarəetmə sisteminin qurulmasının təmin edilməsi
üçün funksional tələblərin hazırlanması yer alıb. "Valideyn himayəsindən məhrum
olmuş uşaqların övladlığa götürülməsi barədə” qaydaların və övladlığagötürmə ilə
bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması və s.
kimi işlər də plana daxildir.
İşçi qrupu plana
əsasən, eyni zamanda, yaradılacaq altsistemə inteqrasiya olunacaq qurumların
informasiya sistemlərinin və ehtiyatlarının siyahısına, valideyn himayəsindən məhrum
olmuş uşaqların övladlığa götürülməsini stimullaşdıran dəstəkləyici tədbirlərə
və mexanizmlərə dair təkliflər hazırlayacaq. Övladlığagötürmə sahəsində
islahatlar və görüləcək tədbirlər barədə ictimaiyyətin ardıcıl və geniş məlumatlandırılması
da təmin ediləcək.
İşçi qrupun ilk
iclasında altsistemin yaradılması, övladlığa götürülən uşaqların və onları
övladlığa götürməyi arzu edən şəxslərin vahid uçotunun elektron qaydada
aparılması, övladlığa götürülmüş uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin
təşkili, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi və s. ilə bağlı görüləcək
işlər müzakirə olunub, təkliflər səsləndirilib.