Övladlığagötürmə sahəsində idarəetmə sistemi təkmilləşdirilir
Valideyn himayəsindən məhrum
olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi
arzulayan şəxslərin uçotu sisteminin təkmil əsaslar üzərində qurulması ölkəmiz
üçün aktual məsələlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında” 10 dekabr 2018-ci il tarixli Fərmanı ölkəmizdə bu məsələnin
həllinə, ümumən övladlığagötürmə sahəsində
idarəetmə mexanizminin şəffaf prosedurlar əsasında təkmilləşdirilməsinə,
uşaqlar övladlığa götürüldükdən sonra yeni ailələrdə onların yaşaması və
inkişafına nəzarətin gücləndirilməsinə xidmət edir.
Fərmana əsasən, 2019-cu il
iyunun 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi övladlığagötürmə sahəsində
dövlət siyasətini və tənzimləməni, o cümlədən valideyn himayəsindən məhrum
olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən
şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin) vahid uçotunun elektron qaydada aparılmasını təmin edəcək.
Uşaqların övladlığa götürülməsinin əsaslandırılması və bunun övladlığa götürülən
uşağın mənafeyinə uyğunluğu barədə rəy verilməsi də nazirliyə tapşırılıb. Fərmanla
nazirlik Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə razılıq verilməsini, həmin şəxslərə
hüquqi yardım göstərən akkreditə edilmiş orqanın müəyyənləşdirilməsini həyata
keçirəcək. Övladlığagötürmənin ləğvinin tələb edilməsi, övladlığagötürmə sahəsində
vahid nəzarətin, eləcə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən
övladlığa götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti
ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi səlahiyyətləri də Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.
Fərmanda əksini tapan
tapşırığa uyğun olaraq, nazirlik mərkəzləşdirilmiş elektron informasiya
sistemində "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə”
altsisteminin yaradılmasını və 2019-cu il iyunun 1-dən fəaliyyətə başlamasını təmin
edəcək. Bu altsistem valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən
uşaqların, onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun, həmçinin
övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasına
imkan verəcək.