Övladlığa uşaq götürənlər azalır
Övladlığa uşaq götürmə sayı son 10 ildə azalıb. Belə ki, 2006-cı ildə
Azərbaycanda 929, 2007-ci ildə 972 uşaq övladlığa götürülsə də, 2014-cü ildə
belə uşaqların sayı 918-ə, 2015-ci ildə 805-ə, 2016-cı ildə isə 773-yə düşüb.
Ötən illərə nəzər saldıqda həm də görürük ki, övladlığa götürmə qaydalarında
zaman-zaman dəyişikliklər edilib, nəzarət mexanizmi gücləndirilib. Bəs bu
azalmaya səbəb nədir?
Azalma ilə bağlı adətən düşünülür ki, prosedur qaydaları çətin ola
bilər. Lakin hüquqşünas Ceyhun Cəfərli"Kaspi”yə açıqlamasında bildirdi ki, qaydalarda heç bir sərtlik yoxdur, əksinə
uşağın mənafeyi düşünülür: "Azərbaycan Respublikasının qanunvericiliyində
uşaqların övladlığa götürülməsi ilə bağlı müəyyən olunan normalar, şərtlər,
tələblər heç də onların sərtliyinə dəlalət etmir. Onların mövcudluğu uşağın
mənafeyinin qorunması, sağlam şəxsiyyət kimi formalaşma zərurətindən irəli
gəlir. Dövlət və qanun uşağın mənafeyini düşünüb bu tələbləri müəyyən edib.
Ailə Məcəlləsində övladlığa götürülmə ilə bağlı tələb olunan şərtlərə baxanda
görürük ki, bir dənə də artıq tələb, süründürməçiliyə dəlalət edən şərt yoxdur.
Məsələn, uşağı övladlığa götürmək istəyən şəxsin sağlamlığı haqqında arayışı,
işləməsi, məhkumluğu olmaması kimi məsələləri götürək. Təsəvvür edin ki, dövlət
bu şərtləri müəyyən etmir və yoluxucu xəstəliyin daşıyıcısı olan bir şəxsə uşaq
övladlığa verilir. Yaxud valideynlik hüququndan məhrum edilmiş bir şəxsə necə
uşaq övladlığa vermək olar? Müddəalardan hansısa olmasaydı, bu, qanunda boşluq
olması demək olardı”.
C.Cəfərlinin sözlərinə görə, övladlığa uşaq verilmə sayının
statistikada azalmasının səbəbi kimi ümumiyyətlə, Azərbaycanda ailələrdə uşaq
sayının az olmasını görür: "Məsələn, 70-80-ci illərin ailələrində 3 və daha
artıq uşaq olurdu. 50-60-cı illərdə mövcud olan ailələrdə uşaq sayı daha çox
idi. Amma getdikcə ailənin planlaşdırılması adı altında uşaqların sayı azalır.
Bu, ümumi tendensiyadır və dünyanın başqa ölkələrində də müşahidə olunur”.
Hüquqşünas qeyd etdi ki, övladı olmayan ailələrdə bu məsələlərlə
bağlı təbliğat getməlidir.
Millət vəkili
Məlahət İbrahimqızı bildirdi ki, azalmanın səbəbləri müxtəlif ola
bilər: "Məsələn, əvvəlki illərdən fərqli olaraq valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş uşaqların sayı az ola bilər. Əgər budursa, çox
gözəldir. Bu o deməkdir ki, dövlət tərəfindən valideynlərin, uşaqların hüquq və
vəzifələri ilə bağlı aparılan maarifləndirmə tədbirləri də öz təsirini
göstərib. İndi əlimdə o statistika olmadığı üçün tam dəqiq də deyə bilmirəm”.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2000-2005-ci illərdə
internat müəssisələrində valideynini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 2400-dən çox
idisə, 2012-ci ildə bu rəqəm 757, 2013-də 685, 2014-15-ci illərdə isə 600-dən
bir qədər çox olub.
Azərbaycan Uşaqlar Birliyinin sədr
müavini, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akiflideyir ki, son illər küçələrə uşaqların
atılması halları da azalmağa doğru gedir: "Dolayısı ilə övladlığa götürülən
uşaqların sayının az olmasında bunun da təsiri var. Həm də ola bilsin ki,
cütlüklər ailədən kənardan uşaq götürməkdənsə, müasir tibbin imkanlarından
istifadə edərək valideyn olmağı seçirlər. Bu gün süni mayalanma ilə uşaq sahibi
olmaq daha rahat başa gəlir, nəinki övladlığa götürmək prosedurlarını keçmək.
Sənədləşmə məsələləri çətindir, gözləmə müddəti uzundur. Hələ bir çox insanlar
prosesin mərhələləri ilə bağlı xəbərsiz olurlar. Bu kimi halları səbəb kimi
görürəm”.
V.Akifli qeyd etdi ki, maarifləndirmə tədbirlərinin rolu böyükdür. Bu
istiqamətdə daha geniş şəkildə iş aparılmasına ehtiyac var: "Düzdür, biz
kimsəsiz uşaqların ailələrdə böyüməsi sahəsində nə qədər maariləndirmə
xarakterli tədbirlər, təlimlər keçiririk. Amma bizim bu maarifləndirməmizdən
çox süni mayalanma ilə bağlı məlumatlar işıqlandırılır. Kütləvi İnformasiya
Vasitələrində, reklam çarxlarında çox güclü reklam gedir. Bu da insanları
istiqamətləndirir. Nə ilə bağlı maarifləndirmə işi geniş şəkildə gedirsə,
gündəmdə də o daha çox olur. Ona görə biz valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş uşaqların ailələrdə böyüməsi ilə bağlı maarifləndirmə
işinin əhatəsini artırmalıyıq. Təlimlər, treninqlər vasitəsilə insanlara
övladlığa uşaq götürməyin yolları, şərtləri haqda məlumat verilməlidir. Hüquqi
və psixoloji yardımı ailəyə əvvəlcədən keçmək lazımdır. Bizə də müraciət
edənlər çox olur. Ofisə dəvət edirik ki, gəlsinlər ətraflı məlumat verək. Amma
sonra görürük ki, arxasınca düşmürlər. İstəyən çoxdur, amma sonrası üçün addım
atmırlar. Çünki çox məqamda məlumatsız olurlar, özləri dəqiq bilmədikləri üçün
işin arxasınca getmirlər. Məlumatlı olsalar nəyi, necə edəcəklərini, hansı
məsuliyyəti daşıyacaqlarını bilsələr, məncə, dava çox kimsəsiz uşaq ailələrdə
böyüyər”.
1 saylı Uşaq
Evinin baş həkimi Nəhayət Əliyeva isə təcrübəsində elə bir azalma müşahidə etmədiyini
bildirdi: "Düzdür, məndə ümumi statistika yoxdur. Amma öz təcrübəmə əsasən deyə
bilərəm ki, hər hansı azalma yoxdur. Əvvəlki illərdə
olduğu kimi, bizdə yenə də ildə 50-55 uşaq övladlığa verilir”.
Aygün Asimqızı