• şənbə, 20 Aprel, 00:12
  • Baku Bakı 15°C

Övladlığa götürülmə sistemini asanlaşdıracaq və şəffaflaşdıracaq fərman

14.12.18 18:13 916
Övladlığa götürülmə sistemini asanlaşdıracaq və şəffaflaşdıracaq fərman
Prezident İlham Əliyev övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Belə ki, fərman övladlığagötürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi, eləcə də övladlığagötürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi məqsədilə imzalanıb.
Fərmana əsasən övladlığagötürmə sahəsində dövlət siyasətini və tənzimləməni, o cümlədən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunun elektron qaydada aparılmasını, övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq verilməsini və həmin şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanın müəyyənləşdirilməsini, habelə övladlığagötürmənin ləğvinin tələb edilməsini, övladlığagötürmə sahəsində vahid nəzarəti, eləcə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasını təmin etmək məqsədilə nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılmasını və 2019-cu il iyunun 1-dən fəaliyyətə başlamasını təmin edəcək.
Fərmanın əhəmiyyəti haqda ekspertlərin fikirlərini öyrəndik.
Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağının rəhbəri Mehriban Zeynalovabizimlə söhbətində bildirdi ki, bundan sonra sənədlərin toplanması, ekspertlərin rəyi bəlli bir qurum tərəfindən həyata keçiriləcək: "Əvvəllər bu işlə Təhsil və Səhiyyə Nazirlikləri məşğul olurdu. Amma indi yəqin ki, "bir pəncərə” sistemi tətbiq olunacaq və bu iş ixtisaslaşmış bir quruma həvələ ediləcək. Fərmanın müsbət cəhətlərindən biri də nəzarət mexanizminin gücləndirilməsidir. Əvvəllər bu sahədə nəzarət istənilən səviyyədə deyildi. Yeni qaydalara əsasən, övladlığa götürülən şəxslərin ailə məsələlərinə daha dərindən diqqət yetiriləcək. Bundan başqa, övladlığa götürülmə sistemi nisbətən asanlaşacaq. Bəziləri deyir ki, mən illərdir növbədə dayanmışam. Korrupsiya hallarından şikayət edənlər də olurdu. Düşünürəm ki, fərman bu problemlərin həllində böyük rol oynayacaq. Çünki hər şey elektron qaydada həyata keçiriləcək. Övlad götürmək istəyən öz növbəsini elektron qaydada görə biləcək. Təbii ki, burada gizlilik məsələlərinə də diqqət ediləcək. Bunun üçün yəqin ki, xüsusi sistem tətbiq olunacaq. Ümid edərəm ki, sənədləşmə işində də müəyyən işlər asanlaşacaq. Amma bu o demək deyil ki, böyük güzəştlər edilsin. Çünki övladlığa uşaq götürmək özlüyündə məsuliyyətli işdir. Əsas tələblərə cavab verən sənədlər toplusu müəyyən ediləcək. Övladlığa götürmək istəyən şəxslərin iqtisadi, psixoloji durumu ilə bağlı vəziyyətə diqqət yetiriləcək. Daha əvvəl həmin şəxsin valideynlik hüququndan məhrum olub-olmaması, həmçinin məhkum edilib-edilməməsi ilə bağlı vacib məsələlərə yenə də diqqət ediləcək. Düşünürəm ki, lazımsız və yorucu sənədlər artıq aradan qaldırılacaq və hər şeyə elektron qaydada nəzarət ediləcək”.
Sosioloq Lalə Mehralı qeyd etdi ki, qanuna edilən əsas dəyişikliklərdən biri də əcnəbi vətəndaşlara övlad götürməyə icazənin verilməsidir: "Qanunun əvvəlki variantında bu yox idi. Əcnəbi vətəndaş Azərbaycanda uşaq övladlığa götürürsə, o uşağın taleyini izləmək və məlumatlı olmaq dövlət üçün bir qədər çətindir. Çünki həmin uşaq fərqli mədəniyyətlərin təsirinə düşür və fərqli ölkədə yaşayır. İndi bu mexanizm işlənib hazırlanıb və müvafiq icazə verilir. Əcnəbi vətəndaş övladlığa uşaq götürürsə, dünyanın harasında olursa-olsun, dövlət onu izləyə biləcək. Digər bir məsələ isə övladlığa götürülmə prosedurunun elektron qaydada mümkün olmasıdır. Elektron hökumətə keçidlə bağlı bir çox sahələrdə bu sistem tətbiq olunur. İndi övladlığa uşaq götürmək istəyən elektron qaydada müraciət edə bilər. Bu, həm də vaxta qənaət baxımından vacibdir. Bir çoxları deyir ki, övladlığa götürmə yorucu və uzun bir prosesdir. Amma tələb olunan sənədlər və göstəricilər bir dövlətin öz uşaqlarına verdiyi dəyərin göstəricisidir. Qaydaların ciddi olması və şəffaflıq, dövlətin öz vətəndaşının gələcək həyatına qayğısının göstəricisidir. Bir uşağı himayəsinə alan ailənin həmin uşağı hansı şəraitdə böyütməsi dövlət üçün maraqlıdır. Ona görə də, bu prosedur qəlizdir. Dünyanın əksər ölkələrində də övladlığa götürmə çətindir. Əgər asanlıqla övladlığa uşaq götürmək mümkün olsaydı, hər kəs istədiyini edə bilərdi”.
Şəbnəm



banner

Oxşar Xəbərlər