AZE | RUS | ENG |

Övladlarının gələcəyi üçün “problemlər zənciri” yaradan valideynlər - Araşdırma

Övladlarının gələcəyi üçün “problemlər zənciri” yaradan valideynlər - Araşdırma
Uşaq atanın yoxluğunu ananın, ananın yoxluğunu isə atanın günahı kimi görməməlidir

"İnanın, and olsun Allaha, çatdıra bilmirəm. Nə maddi, nə mənəvi baxımdan gücüm çatır, bəzən hər şeyi atıb getmək istəyirəm. Amma bircə balama görə səbir edirəm. Bacardığım qədər ona sevgimi verməyə çalışıram, yaşıdlarından seçilməməyi, özünü boynubükük hiss etməməyi üçün əlimdən gələni edirəm. Amma tək çətin olur. Atası da müəyyən qədər kömək edir, lakin istənilən halda, yoxluğunu hiss edir. Hərdən dostlarının ana, atasının eyni evdə yaşadığını deyib, bizim niyə ayrı yaşadığımızı soruşur. Həmin an nə cavab verəcəyimi bilmirəm”.

Bu sözləri bizimlə söhbətində Aysel Əliyeva dedi. O, artıq 2 ildir ki, həyat yoldaşından ayrılıb, 7 yaşlı oğlu Raminlə birlikdə yaşayır. Aysel xanım, boşanmalarının Ramində müəyyən dəyişikliyə səbəb olduğunu bildirdi. Boşanmadan sonra oğlunda aqressiyanın artdığını, tez-tez küsdüyünü, yuxularında müəyyən pozğunluqlar olduğunu dedi.
 
Aqressiya və davranış pozuntuları

Son dövrlər artan boşanmaların sayını nəzərə alsaq, deyə bilərik ki, Raminin yaşadıqları bir çox uşaqlarda müşahidə edilir. Xüsusilə də məktəbə gedən, yaşıdları ilə daha çox əlaqədə olan uşaqların davranışlarındakı dəyişiklik daha tez büruzə verilir. Çünki danılmaz faktdır ki, valideynlər arasında olan münasibət birbaşa olaraq uşaqların fiziki və psixoloji sağlamlığına təsir edir. Belə ki, Böyük Britaniyada və digər ölkələrdə inkişaf dövründə uşaqların davranışlarının uzunmüddətli müşahidələrinə əsaslanan tədqiqatlar onu göstərir ki, artıq 6 aylıq körpədə evdəki münaqişəli vəziyyət nəticəsində ürək döyüntüsü arta və kortizol stress hormonu inkişaf edə bilər. Tədqiqatlara əsasən demək olar ki, boşanmadan oğlan uşaqları qız uşaqlarına nisbətən daha çox təsirlənirlər. Boşanmış ailələrin uşaqları daha çox aqressiv olurlar və onlarda davranış pozuntularına rast gəlinir.
 
 

Valideynlik deyil, "ər” və "arvad” olmaq rolu sona çatır
 
Türkiyəli psixoloq, uzman doktor Ece Akın Bakanayın boşanmanın uşaqlara təsiri haqqında olan məqaləsindən bəzi fikirləri sizinlə bölüşürük. Türkiyəli psixoloq qeyd edir ki, əslində, boşanan ana və atalar deyil, həyat yoldaşlarıdır: "Yəni boşanma ilə valideynlik deyil, "ər” və "arvad” olmaq rolu sona çatır. Hər iki şəxs daşıdıqları valideynlik vəzifəsini bir ömür layiqincə yerinə yetirməli, bunun məsuliyyətini dərk etməlidirlər. Boşanma təbii haldır, iki insan bir yerdə həyatlarını davam etdirə bilməyib, izdivaclarını bitirirlər. Amma valideynlik bitiriləcək bir şey deyil. Ona görə də, hər nə olursa olsun, boşanma zamanı və boşanmadan sonrakı dövrdə valideynlərin uşaqlara olan sevgisi, ayrıldıqları vaxt dəyişməməlidir. Uşaq hər hansı bir valideyninin yoxluğunu hiss etməməlidir. Yoxsa bu, onun inkişaf dövründə yaşayacağı və daha sonrakı yaş dövrlərində arda-arda gələcək sosial, psixoloji problemlərə səbəb olacaqdır”. 

Üzlərində o sevgi əskikliyi hiss olunur

Uşaqlar vaxtlarının çox hissəsini məktəbdə keçirdikləri üçün onlarda olan dəyişiklik özünü ilk olaraq sinifdə büruzə verir. Boşanmış ailələrin uşaqlarında müəyyən çəkingənlik, özünəqapanma hiss olunduğunu deyən ibtidai sinif müəlliməsi Nuranə Qasımova bildirdi ki, həmin uşaqlara xüsusi qayğı ilə yanaşmaq lazımdır: "Sinfimizdə iki qardaş var. Digər uşaqlara nisbətən, onların davranışlarında fərqlilik hiss olunur. Sanki nədənsə küskündürlər, çox nadir hallarda digər sinif yoldaşları ilə əylənir, onlarla söhbət edirlər. Heç vaxt "ata” kəlməsini işlətmirlər. Valideynlərdən söhbət düşəndə belə, yalnız anaları haqqında danışırlar. Analarına çox bağlıdırlar, elə bil atadan, həyatdan küsüblər. Üzlərində o sevgi əskikliyi hiss olunur. Şəxsən bir müəllim olaraq, onlara daha çox qayğı ilə yanaşıb, diqqət ayırıram”.
 

 
Ata ilə bağlı məsələlərdə yalan danışmaq

Təhsil psixoloqu Hüseyn Həsənov qeyd edir ki, ata və ananın ayrı olduğu ailələr iki cür olur: natamam və distant ailələr. Boşanma yoxdur, amma ata hansısa səbəbə görə xaricdədirsə distant, boşanmışlar isə natamam ailələr sayılır: "Uşağın kitabının, qələminin, dəftərinin olmamağı onun təhsildən geri qalmasına, yayınmasına birbaşa olaraq təsir edir. Amma ata ilə ananın ayrı olmağının birbaşa olmasa da, dolayı yolla təsiri olur. Uşaq mənəvi baxımdan əskiklik, hislərində çatışmazlıq yaşayır. Bu da psixoloji travma yaradır. Boşanmış ailələrdə uşaq daha çox anada qaldığı üçün ata ilə bağlı məsələlərdə uşaqlar yalan danışmağa başlayırlar. Digər uşaqların atası övladlarını dərsdən götürməyə gələndə, onlar yalan danışırlar ki, atam çox məşğuldur, bu gün işi çıxdı gələ bilmədi və s. Bu tip hadisələr xoşbəxt olmayan uşağın təlim-tədris sahəsindəki fəaliyyətinə mənfi təsir edir”.
 
Özü sevgi görməyən insan başqasına da sevgi göstərmir

Təhsil psixoloqu müəllimlərin bu cür uşaqlara xüsusi diqqətlə yanaşmalı olduğunu deyir: "Məsələn, valideynlərlə bağlı bir məsələdə daha ehtiyatlı davrana, onlarla bağlı hər hansı fikri ifadə edərkən, sözlərinə daha seçici yanaşa bilərlər. Yaxşı olar ki, müəllimlər uşaqların davranışlarını müşahidə etsinlər. Evdə yetərincə sevgi görməyən uşaqlar yaşıdlarına qarşı aqressiv davranışlar sərgiləyirlər. Çünki psixologiyada belə bir qayda var, özü sevgi görməyən insan, başqasına da sevgi göstərmir. Bunu hiss edən müəllimlər mütləq məktəb psixoloquna müraciət etməli, bu cür hərəkətlərin səbəbi araşdırılmalıdır”.
 

 
Övladlarını öz aralarındakı uyğunsuzluğa qurban verməməlidirlər 

Sosioloq Cavid İmamoğlu bildirdi ki, boşanma prosesi zamanı valideynlər psixoloqa müraciət etməlidirlər: "Uşaqların boşanmadan necə təsirlənəcəkləri, onların yaşından, cinsiyyətindən, ailə vəziyyətindən asılıdır. Hər şeydən öncə, valideynlərin nikahdan ayrılma prosesi övladlara düzgün şəkildə təqdim olunmalıdır. Səbəb nə olursa olsun, uşağa nifrət və kin aşılayacaq sözlər deyilməməlidir. Valideynlər ədaləti gözləməlidirlər və övladlarını öz aralarındakı uyğunsuzluğa qurban verməməlidirlər. Çox yaxşı olar ki, həm ata, həm də ana boşanma prosesində psixoloqa müraciət edib ilkin məsləhətləri alsınlar və onlara riayət etsinlər. Nikaha girmə kimi, nikahdan ayrılma da qarşılıqlı hörmət ilə müşayiət olunmalıdır. Yaxın qohumların bu prosesə böyük töhfələri ola bilər. Onlar uşaqlara dəstəklərini göstərməklə, bu prosesdən daha az travma ilə çıxmaqlarına yardımçı ola bilərlər. Dünyanın əksər yerində boşanma prosesi acı və aqressiya ilə müşahidə olunur. Dövlət, boşanma prosesi zamanı gərgin vəziyyətlərdə tərəfləri reabilitasiya mərkəzlərinə yönləndirməlidir ki, uşaqlar zorakılıqdan uzaq qala bilsin”. 
 
Övladlarının gələcək həyatı üçün problemlər zənciri yaradırlar
 
Uşaq psixoloqu Nərgiz Süleymanlı deyir ki, uşaqlar yaşları nə qədər kiçik olursa-olsun, ətrafda baş verənlər onların psixologiyasına təsirsiz ötüşmür: "Xüsusilə də valideynlər arasındakı gərgin münasibət, dava-dalaş uşaqlarda şüuraltı iz qoyur. Bəzən uşaqlar, valideynləri arasında olan anlaşılmazlıqda özünü günahkar hesab edirlər. Bu, adətən 5-6 yaşdan sonrakı uşaqlarda müşahidə olunur. Baş verənlərdə özünü təqsirkar saymaq, uşağa əlavə stress və gərginlik yükləyir. Uşağın sevgiyə ehtiyacı olduğu vaxt, valideynlər bunu unudub, onun yanında dava edirlər, bir birilərinə səslərini yüksəldirlər. Unudurlar ki, etdiklərinin hamısı övladlarının gələcək həyatı üçün problemlər zənciri yaradır. Bu dönəmdə ailələr uşağı anaya və ya ataya qarşı mənfi fikirlərlə yükləyirlər, qarşı tərəfə nifrət hissi yaratmağa çalışırlar. Uşaqda həmin nifrət hissi nə qədər yaransa da, o, şüuraltı şəkildə valideynlərindən sevgi gözləyir. Bu gözlənti qarşılanmadığı zaman isə uşaq boşluğa düşür”.
 

 
İki insan birlikdə yaşaya bilmirsə... 
 
N. Süleymanlı vurğulayır ki, valideynlər aralarındakı problemi həll etməyə çalışmalıdırlar, yox, əgər heç cürə alınmırsa, bu zaman boşanma ən labüd çıxış yoludur: "Yanlış anlaşılmasın, biz boşanmanın tərəfdarı deyilik. Amma iki insan birlikdə yaşaya bilmirsə, boşanmaları məsləhətdir. Yəni əslində bəzən elə, uşağı düşünərək evliliyi bitirmək lazımdır. Çünki bu cür - bir-birinə nifrət şəraitində evliliyi davam etdirmək uşağın psixologiyasına mənfi təsir edir. Ayrılmalarına baxmayaraq, valideynlərin uşaq üzərində daşıdıqları məsuliyyətləri davam edir. Uşaqları ata, analarının xoşbəxt olub olmadığı maraqlandırmır. Onlar öz sevgi tələbatlarının ödənməsini istəyirlər. Bu ödənmədikdə, uşaq gərgin olur, sosiallaşa bilmir”.
 
Uşağa şəxsiyyət kimi yanaşılmalı 
 
Müsahibimiz deyir ki, boşanma qərarı vermiş valideynlər bunu uşaqlarına düzgün şəkildə izah etməlidirlər: "Uşağa şəxsiyyət kimi yanaşıb, onunla göz kontaktı quraraq, məsələnin nə yerdə olduğunu başa salmaq lazımdır. Bu mövzuda onun heç bir günahı olmadığını vurğulamaq əsas şərtdir. Ayrılığın da dostca olduğunu deməlidirlər. Uşaq ata və anasının bundan sonra eyni evdə yaşamayacağını anlamalı və zamanla normal hal kimi qəbul etməlidir. Amma bir məsələ də var. Uşaqla şəxsiyyət, yetkin insan kimi danışmağımız, ondan, yetkin insan kimi reaksiya verməyini gözləməyimiz anlamına gəlmir. Əlbəttə, əvvəlcə uşaq bunu qəbul etməyə bilər. Sadəcə, boşanmadan sonra valideynlərlə birgə görüşlər olmalı, birlikdə vaxt keçirilməlidir ki, uşaq ata-anasının sevgisinin azaldığını düşünməsin. Yəni uşaq atanın yoxluğunu ananın, ananın yoxluğunu isə atanın günahı kimi görməsin”.

Son olaraq qeyd edək ki, hər bir uşaq valideynlərin boşanmasından sosial, psixoloji travma alır. Ona görə də, unutmamalısınız ki, boşanmadan sonra ana-atanın münasibəti uşaqlar üçün vacibdir. Arada problem olsa belə, bunu uşaqlara bildirməmək lazımdı. Uşaqlarla bağlı məsələlərdə birgə qərar verilməlidir. Uşaqların yanında ana-atanın bir-birini pisləməyi düzgün deyil. Valideynlər uşaqlarına olan sevgilərini hiss etdirməli və bunu tez-tez dilə gətirməlidirlər. 
 
Günel Azadə
  


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176