
“Övladlarımın həm anası, həm də dostuyam” - Mənim balam
Gənclik qəzeti
22 May 2020, 14:00
4014
Nərmin Həsənova: Onların
məsləhətlərinə hər zaman ehtiyacım olub
Dünyadakı ən ali hissin analıq hissi olduğunu
deyir. Bütün duyğuların başında ana olmaq, onun məsuliyyətini hiss etmək və
cəmiyyət üçün yararlı övlad yetişdirmək gəlir. Ailəni möhkəm bağlarla
bir-birinə bağlamaqda və onu daha da möhkəmləndirməkdə övladların misilsiz
xidməti olduğunu vurğulayır.
Beləliklə, "Mənim balam” rubrikamızın qonağı, media
nümayəndələrinin dostu, "CinemaPlus” kinoteatrlar şəbəkəsinin PR meneceri Nərmin
Həsənovadır. İki oğul anası olan Nərmin xanım mətbuatla daha sıx çalışır və
yeni filmlər barədə bizləri kifayət qədər məlumatlandırır. Həmişə onunla yeni
filmlər, kinoteatrın iş prinsipləridən danışsaq da, bu dəfə onunla iki ana kimi
söhbət etdik. Həyatdakı ən dəyərli varlığı hesab etdiyi övladları onun üçün
ayrı bir dünyadır. Böyük oğlu Mir Mövsümün 16, kiçik oğlu Sabirin isə 12 yaşı
olduğunu deyən Nərmin xanım zaman-zaman onlardan məsləhət aldığını da gizlətmir
və bunun tərbiyə metodikasına birbaşa təsiri olduğunu deyir. Ən böyük istəyi
isə bütün uşaqların valideynlərinin yanında, onların dəstəyini görərək
böyüməsidir. Çünki valideyn tərbiyəsi və onların dəstəyi ilə böyüdülən uşaqlar
daha möhkəm və sağlam olur.

- Övlad yetişdirərkən
ən çox nəyə önəm verirsiniz. Dədə-baba üsulu ilə, yoxsa sizin özünüzün xüsusi
tərbiyə metodikanız var?
- Biz ailəmizdə uşaqlarımızın tərbiyəsinə
individual yanaşırıq. Belə ki, burda həm dədə-baba, həm də müasir tələblərə
uyğun tərbiyə üsullarından istifadə etməyə çalışırıq. Hər bir uşaq özlüyündə
bir şəxsiyyətdir və onların hər biri bir fərd olaraq yetişir. Yəni, bir insanın
xarakteri digərindən necə fərqlidirsə, uşaqlar da onun kimi. Misal üçün, mənim
2 oğlum var və onların hər iksinin özünəməxsus fərqli xasiyyətləri var.
Baxmayaraq ki bir ailədə böyüyürlər, ancaq xarakter olaraq fərqlidirlər.
- Uşaqların
tərbiyəsi ilə daha çox kim məşğul olur?
- Uşaqların tərbiyəsi ilə həm həyat yoldaşım, həm
də mən məşğul oluram. Baxmayaraq ki ikimiz də işləyirik, bacardığımız qədər
övladlarımıza zaman ayırır, onlarla maraqlanır və mütəmadi olaraq nəzarət
edirik. Uşaqlıqdan ilk oğlumuza məsuliyyətli olmağı aşılamışıq. Bunun da
nəticəsini ikinci oğlumuz anadan olanda gördük. Belə ki, kiçik oğlumun tərbiyəsində
nəinki mən və yoldaşım, eyni zamanda böyük oğlumuz da iştirak etmişdi. Böyük
oğlumun qardaşının tərbiyəsində iştirakı kiçik oğlum üçün bir örnək olmuşdu.
- Bu gün
cəmiyyətə yararlı övlad yetişdirmək üçün sizcə, hardan və necə başlamaq
lazımdır?
- Bizə görə, tərbiyə birinci ailədən, daha sonra təhsildən
başlayır. Sağlam cəmiyyətə savadlı və təhsilli övlad yetişdirmək lazımdır. Tərbiyə
ilə bərabər, uşaqlarda təhsilin və dünyagörüşünün formalaşması mütləqdir. Buna
görə də biz övladlarımıza yaxşı təhsil vermək üçün gücümüzü əsirgəmirik. Əlimizdən
gələni etməyə çalışırıq ki, yetişdirdiyimiz övlad sabah cəmiyyətə yararlı,
örnək və nümunəvi olsun.

- Adətən oğlan
uşaqları anaya daha meylli olur. Bəs sizdə necə?
- Hesab edirəm ki, ailə ilk gündən necə qurulursa,
sona qədər də elə davam edir. Ailə təməlimiz elə qurulub ki, ailəmizin başçısı
mənim həyat yoldaşımdır, çünki mənim də ailəmdə evin böyüyü atam idi. Böyüdüyüm
ailədə də kişi əsas qüvvə idi. Belə ki, ata övladını həm tənbeh, həm də
əzizləyə bilər, ana isə evin xanımı və dirəyidir. Bu baxımdan uşaqlarımız hər
ikimizə meyllidirlər. Övladlarım hər iki valideyninə hörmət edir və çox
istəyirlər.
- Sizcə, valideyn
övladlarının həyatına nə qədər qarışmalıdır və siz bir valideyn kimi, onların
həyatına gələcəkdə müdaxilə edəcəksinizmi?
- Bizdən əvvəl də valideynlərimizin övladlarının
tərbiyəsi, onların dost mühiti, çevrəsi, təhsili, həyatında və ümumiyyətlə cəmiyyətdə
bir şəxsiyyət kimi formalaşmasında müstəsna xidmətləri olub. Yəni onları
mükəmməl biri kimi yetişdirmək üçün müdaxilə ediblər. Mən özüm də övladam və bu
günə kimi mənim valideynlərim bir insan kimi formalaşmağımda, cəmiyyətdə özümə
yer tapmağımda, özümü təsdiqləməyimdə böyük rol oynayıblar. Onların
məsləhətlərinə hər zaman ehtiyacım olub. Mən də övladlarıma daim məsləhətlər
verirəm. Məncə, belə münasibətlər və bu nüanslar bizim ailə təməlimizi daha da
möhkəmləndirir.
- Bəs siz özünüz
necə uşaq olmusunuz? Uşaqlıq illərinizi necə xatırlayırsınız?
- Ailədə ilk övlad olduğuma görə çox ərköyün
və dəcəl olmuşam. Bütün qız uşaqları gəlinciklə oynadığı halda, mən bu
oyuncaqlara meyl göstərmirdim. Daha çox həyətdə topla oynamağı üstün tuturdum.
Fərqli xarakterə sahib idim və bu da mənim uşaqlığıma təsir edirdi. Uşaqlıq
xatirələrim çoxdur...
Bir dəfə həyətdə uşaqlarla oynayarkən küçəyə çıxıb,
qoca nənənin ağır yüklə gəldiyini gördüm və ona kömək məqsədi ilə əlindəki
səbətini alıb evinə kimi apardım. Bu zaman heç fikirləşmirdim ki, anam məni
axtara bilər. Heç fərqinə belə varmamışam və evə gec getmişəm. Evə qayıtdıqdan
sonra anam məni çox danladı. Həyətdə məni görmədiyinə görə narahat olan anam
məni axtarmışdı. Mən də uşaq idim və ağlaya-ağlaya ona başa salmaq istədim ki,
bütün uşaqlar qoca insanlara kömək etməlidirlər, mən də bir qoca nənəyə kömək
etmişdim. Anam gözləri dolaraq, başımı sığallayıb bağrına basmışdı. Bu hadisə
heç vaxt yadımdan çıxmır.

- Övladlarınızın
hansı xaraktercə sizə daha çox oxşayır?
- Nədənsə onların heç birinin xasiyyəti mənə oxşamayıb.
Məndən fərqli olaraq, daha sakit və daha
təmkinlidirlər. Mən elə deyildim.
- Bu gün uşaqların
tərbiyəsində valideynlər müxtəlif cəza vasitələrindən istifadə edirlər. Bəs siz
hansı cəza növlərindən istifadə edirsiniz? Sizcə, döymək tərbiyə üsuludurmu?
- Artıq XXI əsrdə, sivil cəmiyyətdə yaşayırıq.
Uşağı döymək heç də tərbiyə üsulu deyil. Döyməklə o uşaqda ancaq instinkt
olaraq qorxu hissini aşılaya bilərlər. Mənə görə, uşağı nə qədər döysən, bir o
qədər sırtılır. Mənə gəlincə isə, uşaq yaşlarımda valideynlərim heç vaxt mənə
əl qaldırmayıblar. Ən çox da dünyasını dəyişən atamın bir baxışı mənə kifayət
edirdi. Mənə hər şeyi izah etməyə çalışıblar və mənim yanlış düşündüyüm şeyləri
danışaraq başa salıblar.
- Sizcə, Nərmin
Həsənova yaxşı anadır, yoxsa daha yaxşı övlad?
- Mən övladlarımın həm anası, həm də dostuyam. Onların
həyatlarında önəmli yer tuturam. "Mənim övladımdır və onları mən böyüdürəm”
yanaşması ilə deyil, onlara bir fərd olaraq yanaşıram. Yəni ailədə qərarlar
verəndə, onların da fikirlərini öyrənirəm. Hətta onu da qeyd edim ki, mən öz işlərimlə
bağlı da onlardan məsləhət alıram. Bir övlad kimi necə olduğumu mənim deməyim
doğru deyil. Bu haqda valideynlərim danışa bilər, amma ailədə böyük uşaq
olduğum üçün daim böyüklərimin qayğısına qalıram və həmişə onlara həyatda dayaq
olmağa çalışıram. Mən də övladlarımın gələcəkdə valideynlərinə möhkəm dayaq
olmalarını arzu edirəm. Bütün övladların atalı-analı böyümələrini və xoşbəxt
olmalarını istəyirəm. Çünki xoşbəxt insan çevrəsindəkiləri də xoşbəxt etməyə
qadirdir.
Xəyalə Rəis
Digər xəbərlər