• cümə, 29 Mart, 12:24
  • Baku Bakı 14°C

“Övladlarıma təbiəti sevdirməyə çalışıram” - Mənim balam

28.02.20 12:32 4628
“Övladlarıma təbiəti sevdirməyə çalışıram” - Mənim balam
Elşad Məmmədli: Uşaq daim arxayın olsa ki arxasında atası var, öz ayaqları üzərində dayanmağa, özünü yetişdirməyə can atmayacaq
Həyatının ən gözəl çağında ata kimi müqəddəs bir missiya daşıyıcısına çevrilib. Ata olduqdan sonra həyata baxış bucağının dəyişdiyini deyir. Oğlunun 15, qızlarının 13 və 3 yaşları var. Həyatına onların hər birinin xüsusi bir dad qatdığını deyən müsahibim, kiçik qızına nəvə kimi baxdığını, onun həyata gəlişi ilə 12 ildən sonra evlərinə xüsusi şənlik gətirdiyini bildirir.
"Mənim balam” rubrikasının qonağı "Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədlidir.
- Ata olduqdan sonra həyatınızda nələr dəyişdi?
- Çox gənc – 25 yaşda ata olmuşam. Bu yaş gəncliyin ən çılğın dövrüdür. Ata olduqdan sonra sanki bir günün içində özümü gənc, çılğın biri deyil, üzərində böyük məsuliyyət daşıyan bir insan kimi hiss etdim. O zamana qədər üsyankar, dalaşqan olan Elşadla ata olan Elşad arasında qısa müddətdə böyük fərq yarandı. Övlad sahibi olmaq böyük məsuliyyətdir. Bəzən deyirlər ki, ana olmaq daha məsuliyyətlidir, ancaq mən bu məsələdə elə də ciddi bir fərq görmürəm. Mənə görə, valideynlərin hər ikisi bu məsuliyyəti bərabər daşıyır, bəzən, hətta atanın yükü ananın yükündən daha ağır olur. Çünki ana uşağın evdə qayğısını çəkirsə, məsuliyyətli, normal ata da bütövlükdə evin, ailənin - həm ananın, həm də uşaqların qayğısına qalır.
- Bu fikriniz feminist xanımlarımızın heç də xoşuna gəlməyəcək.
- Azərbaycanda gerçək feminist qadın yoxdur axı. Özünə feminist deyən qadınlar, məsələn, restorana gedəndə hesabı kişilərə ödədirlər. Feminizmin əsasında isə kişinin gəlirindən istifadə etməmək dayanır. Bəlkə də haradasa səmimi bir feminist var, ancaq bunlar tək-tük ola bilər, mən özüm isə tanımıram. Əlbəttə, yalnız öz gəlirləri ilə yaşayan xanımlar var, amma onlar da qətiyyən feminist deyil, sadəcə, həyatı bu cürdür və ya belə rahatdır. İstənilən halda Azərbaycan qadınları obyektivdirlər. Onlar da təsdiqləyər ki, heç də atalar analardan az məsuliyyət daşımırlar.
- Övladlarınızla daha çox siz zaman keçirirsiniz, yoxsa anaları?
- Əlbəttə ki, uşaqların anaları daha çox onlarla zaman keçirir. Bir şəxsin yetişməsində, formalaşmasında ananın rolu 80 faiz təşkil edir. Mən maddi və mənəvi dayaq ola bilərəm, bütün məsuliyyəti öz üzərimə də götürə bilərəm, ancaq bu faiz göstəricini heç nə dəyişə bilməz. Bizdə tipik ata səhər işə gedir, axşam evə gəlib maksimum bir saat uşaqlarla zaman keçirə bilir, bir də istirahət günlərində gəzməyə gedirlər. Bu nüans isə onların tərbiyəsində ana faktorunu daha çox artırır. Bəzən sosial şəbəkələrdə hər hansı oğlanı, kişini pis əməlinin üstündə tənqid edəndə deyirəm ki, bir az da bunun səbəbini qadınlarda axtaraq. Çünki onu ata deyil, əsasən ana tərbiyə edib. Ona görə də hər zaman deyirəm ki, qadınlarımız təhsilli, savadlı, geniş dünyagörüşlü olmalıdır, çünki övladların, bütövlükdə cəmiyyətin tərbiyəedici subyekti onlardır.

- Oğul atadan görüb-götürər. Oğul övladının kişi kimi yetişməsi üçün ata tərbiyəsi görməsi mütləqdir. Qadın zərif məxluqdur, onun güclü kişi yetişdirməsi reallıqdan uzaqdır.
- Bu fikirlə o qədər də razı deyiləm. Genetik kodlar, şəxsin özünün dərketmə anlayışı mövcuddur. Ana özü də başa düşür ki, oğlanı qız kimi deyil, oğlan kimi tərbiyə etməlidir. Bəzən deyirlər ki, oğlan uşağını ata tərbiyə etdikdə, o, gələcəkdə daha möhkəm xarakterli olur. Mən bu fikirlə razı deyiləm. Yüzlərlə atasız böyüyən cəsur, mərd oğlanlar görmüşük. Hansı ki, onlar ata tərbiyəsi görmüş bir çox uşaqlardan daha çox dəyanətli, kişi xarakterinə sahib olurlar.
- Ancaq ata dəstəyi ilə böyüyən uşaqlar daha ürəkli olur. Bir gün bir ata oğlunun əlini çiyninə qoyur və ondan soruşur: "Sən yıxarsan, ya mən?”. Oğul özünə əminliklə "mən” deyir. Bu hadisə bir neçə dəfə təkrarlanır. Bir gün ata oğlunun qarşısında durub, sualı yenidən təkrarlayır. Bu dəfə isə oğul deyir ki, "güləşsək, sən məni yıxarsan”. Ata səbəbini soruşanda, bildirir ki, sən o sualı bundan əvvəl verəndə, əlin mənim kürəyimdə idi, özümü onda daha güclü hiss edirdim.
- Təbii. Övladlarıma deyirəm ki, hər zaman məni arxanızda hiss edin, biri sizə hər hansı narahatlıq yaradanda, mənə zəng edin, güvənin, mənimlə məsləhətləşin. Heç bir çətinlikdən qorxmayın. Nə qədər ki mən varam, gücüm çatan, hətta çatmayan hər şeyi sizin üçün etməyə hazıram. Övladlarıma bunu təlqin etsəm də, hazırki reallıqlar çərçivəsində hesab edirəm ki, bu heç də təkmil, ideal variant deyil. Kimsə həyatda heç nədən sığortalanmayıb. Hər an başımıza bir iş gələ bilər. Uşaqlar arxayın olsa ki onların arxasında atası var, məsuliyyət hiss etməyəcəklər. Və öz ayaqları üzərində dayanmağa, özünü yetişdirməyə can atmayacaqlar. Günlərin birində ata həyatını itirsə, o uşaq həmin vəziyyətdə özünü əlsiz-ayaqsız kimi hiss edəcək. Sanki dənizin ortasında yelkənsiz bir gəmi olacaq.

Övladlarımıza arxa-dayaq olduğumuzu bildirməklə yanaşı, həm də onlara həyatın qaydalarını izah etməliyik. Bizim onlardan ötrü hər şey edəcəyimizi bilən uşaq özünü gələcəyə hazırlaya bilməz, iradəli və möhkəm olmağa gücü yetməz. Bu gün 40-45 yaşında insanlar ailəsində yaşanan adi xırda bir problemə görə valideynlərinə zəng edirlər. Əvvəlki nəsil səndən ötrü nə qədər çalışmalıdır? Rusiyada belə, öz ayaqları üzərində dayanmağı öyrənsin deyə, 18 yaşından sonra uşaqları sərbəst buraxırlar.
- Ancaq indiki cəmiyyətdə uşaqları sərbəst, özbaşına buraxmaq çox təhlükəlidir. Siz böyüdüyünüz dönəmdə bu qədər hadisələr yaşanmırdı. Misal üçün, oğlan uşaqlarında qadınlaşma və onun kimi vərdişlər bu səviyyədə deyildi.
- Kim deyir, yox idi? Sadəcə, sovet dövrü idi, hər kəs özünü, hətta statistik nəticələri belə gizlədirdi. Heç cəmiyyət də bugünkündən yaxşı deyildi.

- Ən azından sosial şəbəkə deyilən işıq surəti ilə yayılan və böyük kütləyə çata bilən bir vasitə yox idi. Bu gün sosial şəbəkə vasitəsi ilə cinsini dəyişən insanlar böyük bir iş görmüş kimi lüks həyatlarını reklam etmirdilər və bu da gənclərin psixologiyasına təsir göstərmirdi.
- Bizim uşaq olduğumuz dönəmlərdə də belə insanlar var idi. Tanıdığımız məhəllə uşaqları var idi, bilirdik ki, onların problemləri var. İndi sadəcə, informasiyanı gizlətmək mümkün deyil və bu tip insanlar onu gizlətməyə ehtiyac da duymurlar. Hətta bununla fəxr edənlər də var. Bu gün o cür tiplərə Avropada – elələrinə azadlıq verilmiş cəmiyyətlərdə də sərt reaksiyalar göstərilir. Bizdə elə bir fikir formalaşıb ki, Avropa onların hüquqlarını tanıyıbsa, cəmiyyət onları bağrına basır. Ancaq qətiyyən elə deyil. Sadəcə, onları döymürlər, incitmirlər, cəzalandırmırlar, amma onlarla təmasda olmur, yaxşı münasibət də qurmurlar.
- Döymək, cəzalandırmaqdan sözü düşmüşkən, biz daha çox valideynləri tərəfindən döyülərək böyüyən nəsil olmuşuq. Tərbiyə metodikanızda dədə-baba üsulundan nə qədər faydalanmısınız?
- Həyatımda uşaq yaşlarımda 2-3 dəfə döyülmüşəm. Bunun mənim tərbiyəmin formalaşmasına müsbət təsir göstərdiyini düşünmürəm. Məncə, onu sadə sözlə də izah etsəydilər, başa düşərdim. Bəzən də, o dövr üçün tərbiyə metodu olaraq bu üsulu seçdiklərinə görə haqlı hesab edirəm. Ancaq mənə görə, uşağı döymək qeyri-insani rəftardır.
- Bəs siz bir valideyn olaraq cəza metodu kimi nədən istifadə edirsiniz?
- Övladlarıma çox bağlıyam, onlar da həmçinin mənə bağlıdırlar. Dərslərini oxumayanda və ya xoşagəlməyən hərəkət etdikdə, onları danışdırmıram və küsürəm. Bu onlara psixoloji təsir edir. Ən çox konfliktimiz dərs oxumaq üstündə olur. Təxminən gəlirimin yarısını onların təhsilinə sərf edirəm. O zaman uşaqlara deyirəm ki, siz mənim etimadımı doğrultmursunuz, çəkdiyim əziyyəti qiymətləndirmirsiniz, buna görə sizdən inciyirəm. Artıq sabah onlar öz səhvlərini etiraf edirlər, düzəldirlər. Övladlarımla nə vaxtsa aşırı rəftar etdiyimi xatırlamıram.

- Balıq həvəskarısınız. Övladlarınızla balıq tutmağa gedirsinizmi?
- Çalışıram ki, övladlarıma təbiəti sevdirim. İnsan nə qədər təbiətə bağlı olsa, daha çox sağlam olar. Təbiəti sevmək, həm də özünü sevməyə gətirib çıxarır. Çalışıram ki, uşaqlar təbiətdə çox olsun. İstirahət vaxtı gedib mərkəz yerlərdə hoteldə qalmaqdansa, meşədə olan bir kotecə və bu kimi yerlərə daha çox üstünlük verirəm. Balıq tutmaq mənim uşaqlıq hobbimdir. Yaradıcı adam üçün ən gözəl istirahət vasitəsidir. 13-14 yaşımdan artıq sərbəst şəkildə balıq tutmağa gedirəm. Uşaqlığım Göyçayda keçib, evimizin yaxınlığından Göyçay çayı və Yuxarı Şirvan kanalı keçir, oradan balıq tuturdum. Balıq tutmaq beyin və ruh üçün çox yaxşı qidadır. Balığın özü də çox yaxşı qidadır. Çalışıram ki, hərdən balıq tutmağa uşaqlarla gedim. Oğlumla balıq tutmağa çox getsəm də, o, bu işi sevmir. Bir dəfə mənə dedi ki, sən futbolu sevmədiyin kimi, mən də balıq tutmağı sevmirəm. Təbii ki, hər kəsin maraq dairəsi fərqlidir. Uşaq gözünü açandan görür ki, mən balıq tuturam. Bəzən balığı tutma anını həyəcanla danışıram, videoya çəkib gətirib ona göstərirəm. Görürəm ki, ona ciddi reaksiya vermir. Mən futbolu sevmədiyim halda, o, futbolu sevir. Ancaq halbuki mən evdə oturub futbola baxmamışam.
- Sevməkdən söz düşmüşkən, bəzən yarızarafat deyirlər ki, hər bir ananın övladında sevmədiyi tərəf ata tərəfidir. Siz bu deyimlə razısınız?
- Uşaqlarımızın elə bir hərəkəti yoxdur ki, onu kiməsə oxşadaq. Uşağın bir yanlışı varsa da, onu ələ salmaq əvəzinə, başa salmışıq ki, bu, doğru deyil. Onu kiməsə oxşatmaq kimi adətimiz yoxdur. "Ata tərəfi”, "ana tərəfi” kimi ayrı-seçkilik salmaq bizə xas deyil. Biz heç vaxt belə bənzətmələr etməmişik.
- Sizə görə ideal ailə modeli nədir?
- Mənə görə, dünyada ideal heç nə yoxdur. İdeal anlayışı nisbidir. Kənardakı şəxslərin ideal saydıqları mənə adi və sıradan gələ bilər. Bu, insanın yaşayış tərzini çətinləşdirən amillərdir. İdeal deyil, nümunəvi ailə modelindən danışsaq, daha doğru olar.

- Nümunəvi ailə modeli dedikdə, nəyi nəzərdə tutursunuz?
- Bir ailə yaxşı övlad yetişdirə bilirsə, demək o, nümunəvi ailədir. Biz o qədər ailələr görürük ki, bəzən kənardan həsəd belə aparırıq. Ancaq bir gün görürük ki, bu ailədən çox nadürüst, tərbiyəsində ciddi problem olan, rüşvətxor, qeyri-insani hərəkətlərə malik uşaqlar çıxıb. Düşünürsən ki, axı bu, nümunəvi ailədən gəlib, necə olub ki, belə uşaq yetişib. Beləliklə, məlum olur ki, o ailə heç də nümunəvi deyilmiş.
- Sizcə, ailənin tənzimlənməsi kişidən, yoxsa qadından asılıdır? Bəzən deyirlər ki, qadının qurduğu ev daha möhkəm olur. Siz bu fikirlərlə nə qədər razısınız?
- Məsuliyyət tələb edən məsələlər bir nəfərin üzərinə atılmamalıdır. Əgər tərəflər hərəsi yaxasını bir kənara çəksə ki, bu, ananın, yaxud atanın işidir, onda heç də yaxşı nəticə əldə etmək olmaz. Hər kəs ailə üçün bacardığını, lazım bildiyini etsə, daha yaxşı olar. Mən ailədə nəyi bacarıramsa, doğru hesab edirəmsə, onu edirəm. Ailənin xoşbəxt olması üçün kimin bacardığı nə varsa, onu etməlidir. Misal üçün, əgər mən evdə hər hansı bir işi görməyi bacarıramsa və yoldaşımın səhhətində bir problem varsa, oturub deməli deyiləm ki, məsələn, bir stəkan çay süzüb gətirmək onun işidir, mən bunu etməməliyəm.

- Bu gün gənc ailələrə nəzər yetirdikdə, onların 1, ən çoxu 2 uşaqla kifayətləndiyinin şahidi oluruq. Artıq çoxuşaqlılıq sıradan çıxaraq yerini azuşaqlı ailələrə verir. Sizcə, məsələnin kökündə nə dayanır?
- Bu günün gəncləri daha ağıllıdırlar (gülür). Əgər hansısa ailə yeddi-səkkiz uşaq dünyaya gətirib onların təhsilinə, adi məişət qayğılarına əl tuta, onları istədiyi şəkildə yetişdirə bilməyəcəksə, o uşaqları dünyaya gətirib bədbəxt etməyin adı yoxdur. Bəzən deyirlər ki, Allah doğulan uşağın ruzisini ondan qabaq verir. Axı Allah insana özünü idarə etmək üçün ağıl da verib. Allah bütün insanları, hər şeyi özü idarə edəcəksə, niyə insana ağıl verirdi?
Valideynlər düşünür ki, bugünkü iş qrafiki və maddi imkanları 1, ya 2 uşağa baxmağa kifayət edir. Üçüncü, dördüncü uşaq olduqda, özünün də həyatı pozulacaq, o uşaqlara istədiyi həyatı yaşamalarında kömək edə bilməyəcəklər. Bu baxımdan uşaqların ailələrdə sayının azalmasını təbii qarşılayıram. Ancaq bu heç də yaxşı hal deyil. Bu gün bir çox ölkələr 3-4-cü uşaqlara xüsusi qaydada maliyyə dəstəyi ayırır. Misal üçün, Rusiyada 4-cü uşağa dövlət rəhbərliyi səviyyəsində mükafat və müavinət verilir. Bu həm də dövlətin vətəndaşına ilk gündən dəstəyi anlamını ifadə edir. Bu gün uşaqpulunun bərpası ilə bağlı müzakirələr aparılır. Burada uşaqpulu anlayışı formal olaraq deyilir. Söhbət demoqrafik göstəriciləri həll etmək üçün kompleks tədbirlərdən gedir. Yəqin ki, yaxın aylarda bu məsələ də öz həllini tapacaq. Uşaqların qayğılarına kömək etmək sağlam cəmiyyətin yaranmasında böyük bir stimuldur.
Xəyalə Rəis



banner

Oxşar Xəbərlər