Övladları ilə 5 dildə danışan ailə - Ailə
Onların
ailə qurmağına nə dil, nə din, nə də millət fərqliliyi əngəl törədib. Düşünürlər
ki, sevginin dili, dini, milliyyəti olmur. Onlar üçün ən önəmli status insan
olmaq və bir-birlərinin gözlərinə baxdıqda, öz əkslərini görməkdir.
"Ailə”
rubrikamızın budəfəki qonaqları həmyerlimiz Gülnar Süleymanova və həyat yoldaşı,yəhudi Rudas Danieldir. Cütlüyümüz Macarıstanda yaşayır və 3 qız övladları var.
Gülnar dünyanın ən böyük şirkətlərindən biri olan Amerikanını GE (General
Electrik) şirkətində işləyir. Yoldaşı Rudas Daniel həm marketinq üzrə beynəlxalq
İBM şirkətində mütəxəssis, həm də Avropanın ən böyük sinaqoqu olan Dohany
sinaqoqunda "kantor” (dini və ilahi mahnılar oxuyan özəl yetişdirilmiş müğənni)
çalışır. Eyni zamanda da tenordur.
Sehrli Fəvvarənin "sürprizi”...
Yəhudi
ilə azərbaycanlını ilk dəfə "Linkedin” sosial şəbəkəsi birləşdirib. Belə ki,
Gülnar Danielin mesajını uzun müddət sonra cavablandırsa da, bu, onların
münasibətinə mane olmayıb: "Şirkətimizdə açıq pozisiya ilə bağlı elan
vermişdim. Yoldaşım da elanla maraqlandığı üçün mənə yazıb. Mesajını çox gec
gördüm, hətta 1-2 ay sonra cavab yazdım. Necə oldusa, yazışmağa başladıq. Məlum
oldu ki, əslində qonşuyuq. Beləliklə, münasibət başladı”.
Cütlüyümüzün
evlənmə təklifləri isə gözlənilən kimi olmayıb. Gülnar deyir ki, ikisi də
romantik olmadığı üçün bu təklif də gülməli tarixçə ilə yadda qalıb: "Biz
ikimiz də romantik deyilik. Daniel ilk dəfə romantik olmağa çalışaraq Barselona
səyahətimiz zamanı oranın məşhur "Sehirli Fəvvarə” adlı məkanında evlənmə təklifi
etməyi planlaşdırıb. Biz də ilk dəfə Barselonaya getmişdik və şəhər turuna
çıxmışdıq. 2 saatlıq yürüşdən sonra qaranlıq bir məkana çatdıq. Sən demə, o gün
romantik təklif üçün nəzərdə tutulan "Sehirli Fəvvarə” işləmirmiş. Amma plan
istədiyi kimi getməsə də, cibindən üzük çıxardı və "mənimlə evlənərsənmi?” dedi”.
"Qarşıma çıxan ilk azərbaycanlı idi”
Daniel
deyir ki, ailə qurarkən həyat yoldaşının əcnəbi olması onu narahat etməyib. Həmsöhbətimizin
sözlərinə görə, Gülnar, ilk qadındır ki, onun həm qəlbinə, həm də ruhuna
toxunub: "Gülnarla qarşılaşdığım ilk
vaxt başa düşdüm ki, tanrı bizi bir-birimiz üçün yaradıb. Doğrusu, mən məhz azərbaycanlı
xanımın axtarışında deyildim. O, mənim qarşıma çıxan və tanıdığım ilk azərbaycanlı
insan idi. Amma tanrının qismətindən qaçmaq olmur. Ona aşiq olmağımın ən böyük
səbəbi bir-birimizə olan dərin sevgimiz, həqiqi dostluğumuz və hörmətimizdir. Mənim
üçün ən önəmlisi qarşımdakı insanın milliyyəti deyil, onun insani özəllikləridir”.
Gülnarın
Danieli sevməyinin və ona bağlanmağının ən böyük səbəbi isə onun yanında özünü
sərbəst hiss etməsidir: "Həyat yoldaşımın yanında özümü dünyanın ən rahat və sərbəst
insanı hesab edirəm. Sözün əsl mənasında, onun yanında olduğum kimiyəm. Bu, ona
bağlanmağımın ən böyük səbəbidir”.
"Onsuz özümü tam insan kimi təsəvvür etmirəm”
Əcnəbi
ilə ailə qurmasına gəldikdə isə Gülnar deyir ki, Danielin yəhudi olması onun
üçün heç bir əngəl törətməyib: "Düzü, ailə qurarkən, heç nəyi götür-qoy etmədim.
Baxmayaraq ki, hər zaman milliyyətçi insan olmuşam, amma dil, yaxud din
ayrı-seçkiliyi etməmişəm. Mənim üçün bütün insanlar eyni haqla, bərabər şəkildə
dünyaya gəliblər. Hansı millətdən olmasından asılı olmayaraq, ən önəmli
statusumuz insan olmağımızdır. Ona görə də yəhudi olmağının mənim üçün heç bir əngəli
yox idi”.
Danielə
görə Gülnar ona hər gün motivasiya verən və dayanmadan işləyən mühərrik
kimidir: "Gülnar həyatıma girəndən sonra sanki məndə "həyatımda hər şey təbii və
bu şəkildə olmalıdır” hissini yaşatdı. O, mənim motivasiya mənbəyim, digər
yarımdır. Onsuz özümü tam bir insan olaraq təsəvvür edə bilmirəm. O, mənim
xarakterimi bir güzgü kimi özündə göstərir və mənim günbəgün daha yaxşı insan
olmağıma kömək edir. Həyatımda qarşılaşdığım demək olar ki, ən güclü və mübariz
qadındır”.
"Dialoq yolu ilə həll olunmayan problem yoxdur”
Ailədə
problemləri həll etmək məsələsinə gəldikdə isə Gülnar deyir ki, bunun ən yaxşı
yolu qarşılıqlı danışmaqdır: "Səs tonumuzu qaldırmadan, bir-birimizə hörmətsizlik
etmədən qarşılıqlı şəkildə danışırıq. O, öz düşüncəsini və səbəbini bildirir, mən
də eyni şəkildə. Çox vaxt elə olur ki, son nöqtədə ikimiz də eyni fikirdə
oluruq. Amma ümumiyyətlə, bir-birimizə qarşı heç vaxt səs tonumuzu
qaldırmamışıq. İkimiz də dünyagörüşlü, savadlı və müasir insanlarıq. Düşünürəm
ki, nəinki ailədə, dünyada da danışıqlar yolu ilə həll olunmayacaq heç bir
problem yoxdur”.
Daniel
isə deyir ki, sevgi o demək deyil ki, qadına məhdudiyyətlər qoyub, asıb-kəsəsən:
"Problemlərimizi həll etməyimizin ən böyük metodu bir-birimizlə dialoq şəklində
dil tapmağımızdır. Əslində, heç birimiz od olmur və heç vaxt partlamağa hazır
atom bombası kimi dayanmırıq. Sevgi o demək deyil ki, asıb-kəsib, qışqırıb məhdudiyyətlər
qoyasan. Bir-birimizi dinləməyə və hörmət cizgisini aşmamağa çalışırıq”.
"Hər xırda şey insanı xoşbəxt edə bilər”
Cütlüyümüzün
xoşbəxtlik anlayışları fərqlidir. Gülnar üçün xoşbəxtlik əlində olan sevginin dəyərini
bilməkdir: "Mövlananın da belə bir sözü var: ya olduğun kimi görün, ya da
göründüyün kimi ol. Qarşındakı insana hörmət edib, hörmət görürsən və dürüstsənsə,
bu dəyərləri də qoruyub saxlamağı bacarmalısan. Xoşbəxtlik əlində olan sevginin
dəyərini bilməkdir. Xoşbəxt olmaq üçün böyük sərvətlərə sahib olmaq lazım
deyil. Hər xırda şey insanı xoşbəxt edə bilər. Sadəcə, insanlar gözlərini buna
yumurlar. Mənim üçün xoşbəxtlik dünyada hər şeydən və hamıdan çox istədiyim
yoldaşımın olması, mənim arxamda dayanıb daim dəstək verməsidir”.
Danielə
görə xoşbəxtliyin düsturu çox bəsitdir: "Xoşbəxtliyin sirri sadəcə dürüstcə
sevmək və bir-birinizə həmişə dürüst olmaqdır”.
"Din bu nöqtədə maneə yarada bilmədi”
Daniel
heç vaxt bir yəhudi ilə yox, azərbaycanlı ilə ailə qurmaqdan peşmançılıq
duymayıb. Onun sözlərinə görə, ilk günlər din baxımından tərəddüd etsə də,
Gülnarı tanıdıqca fikirləri dəyişib : "Bir-birimizə qarşı atdığımız ilk addım
dürüst olmağımız və gəldiyimiz mədəniyyətə, kökə, soya hörmətlə
yanaşmağımızdır. Sadəcə, münasibətimizin ilk anında bir dəfə ona demişəm ki,
dinimizin buyurduğu kimi, ancaq yəhudi qadınla evlənə bilərəm. Həqiqətən də onu
hər hansı bir addıma, yaxud düşüncəyə sövq etmək kimi bir niyyətim olmayıb.
Çünki nə qədər güclü əqidəyə sahib olduğunu bildiyim üçün öz düşüncələrimi
qorxmadan, çəkinmədən onunla paylaşmaqdan qürur duyuram. Münasibətlərimiz elə
gücləndi ki, din bu nöqtədə maneə yarada bilmədi. Gülnar mənim həyatımın ən dəyərli
hədiyyəsidir”.
"Dünyanın ən xoşbəxt kişisi...”
Əcnəbi
yeznə sözlərinə belə davam edir: "Xoşbəxtliyin milliyyətlə heç bir əlaqəsi
yoxdur. Önəmli olan insan olaraq kim olmağındır. Məhdudiyyətlər sadəcə, dil
baxımından ola bilər. Bəzən elə bir məqam olur ki, bəzi sözləri bir-birimizə
izah etməkdə çətinlik çəkirik. Çünki istifadə etdiyimiz heç bir dil, bizim ana
dilimiz deyil. Məsələn, mən zarafat etməyi çox xoşlayıram. İroniyalı zarafatlar
olanda həmişə istəyirəm ki, Gülnara ingiliscə tərcümə edim, amma mümkün olmur.
Sonra da özümü pis hiss edirəm ki, zarafatı olduğu kimi izah edə bilmədim. Amma
önəmli olan odur ki, hər axşam başımı yastığa qoyanda gördüyüm son şey, hər səhər
də gözlərimi açanda gördüyüm ilk şey Gülnarın üzüdür və bu, məni dünyanın ən
xoşbəxt kişisi edir”.
"Anamla ortaq dilləri yoxdur”
Dil məhdudiyyətləri
Gülnarın ailəsinin də Daniellə ünsiyyət qurmasında problem yaradır: "Anam Aidə
xanımla Danielin çox gözəl münasibətləri var. Bəlkə də anam Danieli məndən çox
istəyir. Həyatımda gördüyüm ən gözəl yeznə-qaynana münasibətləri var. Amma
Daniel həmişə təəssüf edir ki, anamla ortaq dilləri yoxdur. Daniel az da olsa
azərbaycanca "qızım”, "yaxşı”, "sağ ol”, "nuş olsun”, "necəsən” və s kimi sözləri
bilir. Dil məhdudiyyətləri olsa da, bir çox məqamda bir-birlərini başa düşməyi
bacarırlar. Çox vaxt mən və böyük qızım tərcüməçilik edirik. Daniel həqiqətən
bir qadının başına gələcək ən gözəl şeydir. O qadın mən olduğum üçün özümü
dünyanın ən xoşbəxt qadını və anası hesab edirəm. Çünki yoldaşım və qızlarım
dünyada sahib olduğum ən dəyərli və ən gözəl varlıqlardır”.
Azərbaycan, türk, italyan...
"Kişinin
ürəyinə gedən yol mədəsindən keçir” deyirlər. İki fərqli millətin nümayəndəsinin
ailə qurması mətbəxə də müəyyən fərqliliklər gətirir. Bəs cütlüyümüzün mətbəxində
daha çox hansı ölkənin yeməkləri bişirilir?
Gülnar
deyir ki, mətbəxdə daha çox özü olduğu üçün hansı ölkənin yeməklərini bişirsə,
qəbul olunur: "Bəzən Daniel də mətbəxə girməyi xoşlayır. Amma o daha çox
şirniyyat bişirir. Mənim isə mətbəxdə ən çox müraciət etdiyim Azərbaycan, italyan,
türk, Hindistan və Tailand mətbəxləridir. Macarıstanda yaşamağımıza baxmayaraq,
macar mətbəxindən çox az istifadə edirik”.
"Qızlarımızın azad ruhlu böyüməsini istəyirik”
Uşaqların
tərbiyəsində cütlüyümüzün məqsədi təhsildən əlavə, onların ailədə dil biliklərini
inkişaf etdirməkdir. Gülnar deyir ki, uşaqlarla 4 dildə ünsiyyət qururlar: "Mən sərbəst 6 dildə danışıram, yoldaşım isə 4 dil
bilir. Qızlarımızın azad ruhlu böyüməsini, ailə dəyərlərini dərk etmələrini istəyirəm.
Ailə - nə olursa olsun, sorğusuz-sualsız, bir-birini qoruyub dəstək olmaqdır.
Bunu qızlarımıza da aşılayırıq. Çalışırıq ki, bir-birlərinə sahib çıxsınlar, əllərində
olan oyuncağı paylaşsınlar. Eyni zamanda da həyatdan nə istədiklərini bilsinlər.
Xəyallarına gedən yolda biz, valideyn kimi onların arxasında duracağıq”.
Daniel də
Gülnarın fikirlərini təsdiqləyir: "Nəzərə alsaq ki ikimiz də müxtəlif mədəniyyətlərdən
gəlirik, çox çətin vəziyyətdir. Məsələn, yoldaşım qızlarımızla həm azərbaycanca,
vhəm rusca danışır. Mən isə həm yəhudicə, həm də macarca danışıram. Amma ailəmizin
rəsmi dili ingiliscədir. Ən çox diqqət etdiyim cəhət odur ki, uşaqlarımızı tərbiyə
edərkən onların ən çox dünyagörüşlü olmalarını, özlərinə güvənmələrini, xəyallarının
arxasınca getmələrini, atdıqları addımın məsuliyyətini dərk etmələrini və güclü
olmalarını öyrətməkdir”.
El-aləm, qonum-qonşu nə deyər...
Sonda gənclərə
məsləhət verən cütlüyümüz deyir ki, xəyallarının ardınca getməkdən çəkinməsinlər:
"Hər kəsin şəxsi düşüncəsi olmalıdır. Əgər bir insan bir şeyi həqiqətən istəyirsə
və niyə istədiyini bilirsə, həyatda addım atmaqdan qorxmamalıdır. "El-aləm,
qonum-qonşu nə deyər” düşüncəsinə qapılmasınlar. Arzularınızın arxasınca getməkdən
çəkinməyin. Ömrünüzün hər anından zövq alın. Çünki bu, bizə həyatda verilən
yeganə şansdır. Çox insanlar görürük ki, evili, uşaqlıdırlar, amma xoşbəxt
deyillər. Yəni xoşbəxtlik sadəcə, evli olmaqda deyil, digər yarını tapa bilməkdədir.
Əgər bir kişi qadını olduğu kimi hər şeyi ilə qəbul edir və sahiblənirsə,
utanmadan hər şeyini bölüşüb paylaşa bilirsə, bir-birinizə yalan
danışmırsınızsa, bir-birinizin əlini tutduğunuzda ürəyiniz hələ də ilk gündəki
kimi çırpınırsa, demək ki, doğru yoldasınız”.
Aygün ƏZİZ