Övladınız sizinlə səyahət edirsə...
Rəna Osman: "Elə valideyn var ki, uşağı adi parka
aparmağa səbri çatmır”
Uşaqları
dünyaya gələndən sonra bir çox cütlüklər səyahətlərinə ara verirlər, "uşaqla səyahət
etmək mümkün deyil” deyirlər. Səyahət
bloggeri Rəna Osman isə bildirir ki, uşaqla səyahət etmək mümkündür, sadəcə
olaraq, burda bəzi məqamları diqqətdə saxlamaq lazımdır. Bəs o məqamlar
hansılardır?
R.Osman
deyir ki, uşaqla səyahət üçün valideynlər özlərini buna hazır hiss etməlidirlər:
"Həm psixoloji, həm maddi, həm də fiziki olaraq uşaqla səyahətə hazır olmaq
lazımdır. Və ilk olaraq uşaqla yola çıxmağı yoxlamaqda fayda var. Məsələn,
rayonlardan birinə səfər etsinlər, təcrübə kimi yoxlasınlar ki, bunu uzun yol
üçün edə bilərlər, yoxsa yox. Məsələn, bizim uşağımız 3 aylıq olanda, bir
rayona səfəri etdik. Bu, böyük təcrübə oldu. Nələri gözə alacağımızı bildik və
4 aylıq olanda bir yerdə artıq Dubaya səfər etmişdik”.
Bloggerin
sözlərinə görə, uşaq ayaq açıb yeriyənə qədər səyahətdə valideynlər üçün o qədər
də narahatlıq yaratmır: "Uşaq nə qədər balacadırsa, onunla gəzmək o qədər
rahatdır. Adətən, uşaq yeyir və yatır. Amma ayaq açıb yeriyəndə, təbi ki bir
yerdə dayanmayacaq, qaçacaq, gəzəcək. Yəni onun arxasınca gəzməli olursan”.
R.Osman
bildirdi ki, uşağınız sizinlə səyahət edirsə, mütləq birinci onun rahatlığını təmin
etməlisiniz: "Yemək istəyirsə, yemək verməlisən, yuxusu gəlirsə, yatmalıdır.
Əynini elə geyindirməlisən ki, komfortlu olsun. Bunlara riayət etsən, uşaqla səfər
elə də çətin olmur. Yəni uşaq rahat olanda, valideyni yolda çox incitmir”.
Uşaqla
edilən səyahət zamanı bəzi limitlərlə üzləşirsən. Blogger deyir ki, bu, istər-istəməz
olmalıdır: "Tək və ya böyük adamlarla səfərə gedəndə, piyada daha çox gəzə
bilirsən. Çünki onlarla problem olmur. Adi vaxtda iki saat piyada gedirsənsə,
uşaqla olanda artıq bir saat sonra uşaq üçün rahat olsun deyə, hansısa bir
minik vasitəsindən istifadə etməlisən. Çünki uşaq o qədər yolu piyada gedə bilməz.
Yaxud səyahətlərdə gecə əyləncələrini sevənlər uşaqla gedəndə, bu cəhətdən də
bir az özlərini limitləməlidirlər. Çünki uşağın yatmaq saatı var, məcbur qalıb,
onun rejiminə uyğunlaşmalısan. Düzdür, uşağı aparanlar da ola bilir, bir dəfə
biz də gecə aparmışdıq, amma yüksək səslə musiqi səsləndirilən yerlər uşaq üçün
zərərlidir, bunu etməmək daha məsləhətlidir. Uşaq gəzməyə başlayırsa, bilməlisən
ki, sən bu səfərdə dağa çıxa bilməyəcəksən. Biz Dubaya gedəndə safariyə gedə
bilmədik, 4 aylıq uşaq idi, onu apara bilməzdik. Onun əvəzində daha çox çimərlikdə
vaxt keçirdik, şəhəri gəzdik. Əsas gəzmək olsun. Ümumiyyətlə, uşaqla səyahət
edirsənsə, bilməlisən ki, tək deyilsən və tək səyahətindəki kimi olmayacaq”.
Bunlara
riayət etmək öz yerində, amma R.Osman onu da bildirdi ki, uşağı parkda gəzdirməyə
səbri olmayan adamlar üçün belə səfərlər çətin keçə bilər: "Valideyndən də çox
şey asılıdır. Elə valideyn var ki, uşağı adi parka aparmağa səbri çatmır. Bu
adamların uşaqla səfərə çıxması çətin olar. Balaca uşaq aparılırsa, yaxşı olar
ki, hər iki valideyn getsin. Çünki bir nəfər üçün balaca uşaqla səfər heç də
rahat olmaz. 5-6 yaşa çatıb, özü rahat gəzəndən sonra bir valideynlə də səyahət
edə bilər”.
Aygün Asimqızı