• çərşənbə, 24 Aprel, 08:05
  • Baku Bakı 13°C

Övladına ana südü ver ki, qanı da olsun

05.09.18 09:00 1752
Övladına ana südü ver ki, qanı da olsun
Azərbaycanda ilk dəfə anemiya (qanazlığı) diaqnozu qeydə alınmış xəstə uşaqların sayı artır. Trend-in statistik göstəricilərə istinadən verdiyi məlumata görə, 2011-ci ildə Azərbaycanda ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək xəstə uşaqların sayı 20 425 nəfər olduğu halda, 2014-cü ildə bu rəqəm 24 769, 2015-ci ildə isə 28 018, 2016-cı ildə 28 948, 2017-ci ildə 29167 nəfər olub. Əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı da çoxalıb. 2012-ci ildə əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı 845,2 nəfər, 2015-ci ildə isə 1087,7 nəfər, 2016-cı ildə 1114, 2017-ci ildə 1117,0 nəfər olub.İlk olaraq qeyd edək ki, anemiya qanda hemoqlobin və eritrositlərin sayının azalması ilə xarakterizə olunan hemotoloji sindromdur. Anemiya diaqnozu qoyulan uşaqların 40%-i 3 yaşa qədər, 30%-i yeniyetməlik dövründə, qalan hissəsi müxtəlif yaşlarda müşahidə olunur. Maraqlıdır, bu xəstəliyin yaranma səbəbləri, simptomları, müalicə üsulu nələrdir? Mövzu ilə bağlı Pediatr Lalə M. Eyvazqızı ilə həmsöhbət olduq.
- Uşaqlarda anemiyanın yaranma səbəbləri nələrdir və hansı növləri müşahidə olunur?
- Uşaqlarda anemiya xəstəliyinin yaranma səbəbi və növləri müxtəlifdir. İlk olaraq onu qeyd edim ki, qanyaranma prosesinin pozulması ilə baş verən anemiyanın özünün bir neçə növü var. Bura dəmirdefisitli, meqaloblast (B12-defisitli və folturşusu defisitli anemiya), irsi və qazanılma diseritropoetik, irsi və qazanılma hipoplastik və aplastik anemiya daxildir. Bundan başqa kəskin və xroniki qanaxma nəticəsində yaranan- posthemorragik, irsi və qazanılma hemolitik, yəni eritrositlərin parçalanmasının sürətlənməsi nəticəsində yaranan anemiya növləri mövcuddur. Ən çox yayılanı dəmirdefisitli anemiyadır. Bunun səbəbi isə yeni doğulan uşaqlarda ana südünün verilməməyi və süni qidalardan istifadənin üstünlük təşkil etməsidir. Həmçinin dəmir sərfinin düzgün olmamağı, bağırsaq funksiyalarının pozulması, lazımsız vitaminlərin dozadan artıq qəbul olunması uşaqlarda dəmirdefisitli anemiyanın yaranmasına səbəb olur.
- Anemiyanın yaranmasına təsir edən hansı faktorlar var?
- Təsiredici faktorları üç qrupa bölmək olar. İlk qrup bətndaxili faktorlardır. Belə ki, anadan dölə dəmirin ötürülməsi və depolanması daha çox 28-32-ci həftələrdə baş verir. Ananın özündə qanazlığı, fetoplasentar çatışmazlıq, vaxtından əvvəl düşük təhlükəsi, hestozlar, plasentanın vaxtından əvvəl qopması, qanaxmalar, ananın infeksion xəstəlikləri, yarımçıqdoğulma bu qəbildən olan əsas təsir faktorlarıdır. İkinci qrupa doğuş vaxtı qanaxmaların olması, göbək qalığından qanaxma və onun vaxtında bağlanmamağı, mamalıq alətlərin travmatik təsiri daxildir. Digəri isə doğuşdan sonra təsir edən faktorlardır. Bunlara isə bir yaşa qədər uşaqlarda eynitipli qidalanma, ana südündə dəmir çatışmazlığı, süni qidalanmaya erkən keçmə, inək və keçi südündən istifadə, əlavə qidaların rasiona gec daxil edilməsi aiddir.
- Hazırkı statistika isə ürəkaçan deyil. Rəqəmlərdən də görünür ki, anemiya xəstələrinin sayı artıb. Müşahidələrinizə əsasən deyə bilərsinizmi artımın səbəbi nədir?
- Bəli, razıyam, son zamanlar anemiya xəstələrin sayı artıb. Xüsusilə də yeni doğulan uşaqlarda daha çox müşahidə edilir. Bunun səbəbi isə xanımlarımızın hamilə vaxtı düzgün qidalanmamağıdır. Hamiləlik dövründə düzgün qidalanmaq, sağlamlığa xüsusi fikir vermək növbəti mərhələdə uşağın səhhətinə çox böyük təsir göstərir.
- Bununla bağlı məsləhətiniz nədir?
- İlk olaraq hamilə xanımlar yediklərinə, içdiklərinə fikir versinlər, təmiz havada çox gəzsinlər. Daim həkim nəzarətində olsunlar, ən əsası, qanın ümumi analizini versinlər. Mədə-bağırsağın funksionallığını bilmək üçün nəcisdən analizin götürülməsi məsləhət görülür. Daha sonra qanın rezusunu müəyyənləşdirmək lazımdır. Çünki qanı mənfi rezuslu olan anaların uşaqlarına anemiyanın irsi keçməsi riski yüksəkdir.
- Xəstəliyin simptomları nələrdir?
- Yeni doğulan uşaqların çox əsəbi olmaları, iştahanın azalması, yuxu sisteminin pozulması, bununla paralel, 7 ayından sonra saç və dırnaqların tökülməsi, dişlərini qıcaması, aqressiv olması, 1 yaşdan yuxarı olanlarda isə yaddaşsızlıq, beyin-qan dövranın pozulması, gözdə zəiflik, mədə bağırsaq sistemində yaranan problemlər bu xəstəliyin göstəricisi ola bilər. Həmçinin, anemiyası olan uşaqların dərisi və selikli qişası solğun, quru olur.
- Bəs, xəstəliyin diaqnostikası necə aparılır?
- Diaqnostika laborator müayinələr əsasında aparılır. Qanın ümumi analizi verilir, tərkibində hemoqlabinin, eritrositlərin miqdarı yoxlanılır. Bundan başqa, qanda zərdab dəmiri, ferritin, bilirubin fraksiyaları təyin olunur. Lazım gələrsə sümük iliyinin punksiyası aparılmalıdır. Klinik əlamətlər və müəyyən göstərişlərə əsasən mədə-bağırsaq sisteminin müayinəsi, qarın boşluğu USM-i aparıla bilər.
- Müalicəsi üçün nələr edilir?
- Söhbətimiz zamanı anemiyanın bir neçə növü olduğunu qeyd etdim. Və müalicə üsulu da növlərindən asılı olaraq dəyişir. Yəni dəmirdifsitlinin öz müalicəsi, B12-yə bağlı olan anemiyanın fərqli müalicəsi var. Dəmirdefisitli anemiyalarda ilk olaraq pəhrizə diqqət edilməsi məsləhət görülür. Yeni doğulmuş uşaqların 7 ayına qədər ana südü ilə qidalanmasını mütləq şəkildə tövsiyə edirik. Yaxşı olar ki, əlavə qidaların verilməsindən, artıq dozada polivitaminlərin qəbulundan çəkinsinlər. Ən əsası, həkim məsləhəti olmadan dərman qəbul edilməsin. Bunu da qeyd edim ki, ilk 6 ayına qədər uşaqlar müəyyən yoxlanışdan keçməlidir. Belə ki, qanın və nəcisin ümumi analizini götürürük. Analizin nəticələrinə uyğun probiyotiklər təyin edirik ki, dəmirin sorulması yaxşı olsun. Bir məsələni də vurğulayım ki, D vitamini və kalsi preparatı ilə dəmiri birlikdə vermək düzgün deyil. İlk olaraq bağırsaqların fəaliyyətini normallaşdırırıq, daha sonra kalsi çatışmırsa, onu veririk, ən sonda dəmir preparatlarının qəbulu məsləhət görüləndir. Bu, bəzi uşaqlarda sirop, bəzilərində isə yaşına uyğun olaraq iyneksiya halında aparılır.
- Hansı halda qan köçürülməsi üsulundan istifadə olunur?
- Bəzi müayinə və analizlər aparıldıqdan sonra onların nəticələrinə uyğun olaraq qərar veririk ki, hematoloqa yönləndirək, yoxsa biz müalicə edək. Əgər uşağın qanı normadan çox aşağı olarsa, dərhal hematoloqa istiqamətləndiririk. Bəzən biz-pediatrlar da qan köçürməsi edirik, amma hematoloqların etməsi daha məsləhətlidir.
- Bəs, anemiya xəstələrinin qidalanması necə olmalıdır?
- Təbii ki, ilk 6 ayına qədər ana südü mütləqdir. Amma 7-ci ayından ana südü ilə paralel olaraq, əlavə qidaların istifadəsi mümkündür. Misal üçün, qaynadılmış ət suyunda hazırlanmış püreləri vermək olar. Həmçinin, dəmirlə zəngin olan qırmızı alma, kök, çuğundur kimi qidaların qəbulu məsləhət görülür.
Günel Azadə
banner

Oxşar Xəbərlər