• cümə, 29 Mart, 09:51
  • Baku Bakı 5°C

Övlada nə qədər sevgi verərsənsə, o qədər də alarsan – Ailə

23.02.15 06:14 2373
Övlada nə qədər sevgi verərsənsə, o qədər də alarsan – Ailə
Sədaqət Qəhrəmanova: “Dövlət işlərimdə olduğu kimi, ev işlərimdə də öz vəzifəmi həmişə özüm yerinə yetirirəm”
Azərbaycan cəmiyyətində ailənin nə qədər müqəddəs, əziz olduğu danılmazdır. Amma təəssüflər olsun ki, bu dəyərlər getdikcə aşınmaya məruz qalır. Nəticədə hər gün televiziya ekranlarından xoşagəlməz xəbərlər eşidirik. Müsahibimiz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ilə bu barədə söhbətləşdik...
- Sədaqət xanım, ailə dəyərələrindən çox danışırıq. Azərbaycan ailə dəyərləri hansılardır?

- Hər bir millətin özünəməxsus ailə dəyərləri var. Azərbaycan ailəsi çox müqəddəsdir və cəmiyyətimizin, dövlətimizin özülünü təşkil edir. Çünki dövlətimiz hər birimizin kiçik ailəsindən ibarətdir. Ailə dəyərlərimizdə ədəb-ərkan, mədəniyyət birinci yerdə gəlir. Ədəb-ərkan olmayan yerdə heç bir anlaşmadan, anlaşma olmayan yerdə isə ailədən söhbət gedə bilməz. Böyüyə ehtiram, kiçiyə dəstək, yol göstərmək - bunlar hamısı bizim milli dəyərlərimizdir. Valideynlərin hər ikisinin övladla bağlı məsuliyyət daşıması da bizim dəyərlərimizə daxildir. Cəmiyyətimizdəki bütün problemlərin kökü ata-ananın övladına görə məsuliyyət daşımamasından, onu özbaşına buraxmasından başlayır. Bu gün kiminsə kimisə öldürdüyü, zorakılıq etdiyi, oğurluğa əl atdığı və s. haqda informasiyalar eşidirik. Bu problemlər və ümumiyyətlə, cəmiyyətimizdə nə qədər problem varsa, hamısı dəyərlərimizin yaddan çıxmasının nəticəsidir. Ailə ehtiram, inam və sevgi üzərində qurulmalıdır. Əgər bunlar yoxdursa, ailənin gələcəyi şübhə altında qalır.
- Sizcə, Azərbaycan ailə dəyərləri modernləşən dünyada yavaş-yavaş yox olmağa doğru getmir ki? Çoxları dəyərlərimizin Avropa ailə dəyərlərinə məğlub olduğunu deyir. Siz necə düşünürsünüz?

- Cəmiyyət inkişaf etdikcə, dəyişikliklər olur. Biz dünya dövlətləri ilə əlaqədəyik, onların təcrübəsini öyrənirik. Əgər Avropa dəyərləri Azərbaycan ailəsinə daxil olursa, onlara diqqətlə yanaşmaq və müəyyənləşdirmək lazımdır ki, bu dəyərlərdən yaxşılıq gəlir ya pislik. Heç kim deyə bilməz ki, Avropa ailə dəyərləri həddən artıq pisdir. Azərbaycanda olduğu kimi, digər ölkələrdə də həm mənfi, həm də müsbət proseslər gedir. Cəmiyyətimizdə mənfi proseslərin getməsi bunların heç də Avropadan gələn dəyərlər olduğu demək deyil.
- Azərbaycanda boşanmaların çoxalmasını Avropanın təsiri kimi qiymətləndirənlər də var...

- Əgər ailədə ədəb-ərkan olmursa, inam itirsə, nəticədə ailə dağılırsa, bunu Avropaya bağlaya bilmərik. Hər bir cəmiyyətdə olduğu kimi, bizim cəmiyyətdə də boşanmalar olur. Ailəni müxtəlif xasiyyətli iki insan yaradır. Əgər iki tərəf anlaşa bilmirsə, qadının hər çətinliyə dözüb oturmasının tərəfdarı olmaq düzgün deyil. Qadın qohum-əqrəbanı, qonşuları, cəmiyyəti nəzərə alaraq, ya da uşaqların xatirinə hər şeyə göz yumub oturursa, bunu zorakılıq hesab edirik. Əslində zorakılıq mühitində ən böyük əziyyət çəkən uşaqlar olur. Bu gün bir cəmiyyətdə cinayət törədən, müəyyən xoşagəlməz hərəkətlər edənlər məhz zorakı mühitdə formalaşanlardır. O ailədə ki sevgi, məhəbbət, ehtiram yoxdur, orada böyüyən uşaq da cəmiyyətdə xoşagəlməz hallara imza atacaq.
- Təəssüfedici haldır ki, cinayət törədənlərin çoxu həm də dağılmış ailələrdə böyüyən uşaqlar olur...

- Çünki Azərbaycanda boşanma proseduru, Avropa ailələrindən fərqli olaraq, normal getmir. Avropada boşanmağa hazırlaşan əksər ailələrdə hər iki tərəf anlaşaraq normal ayrılır və ayrılandan sonra dünyaya gətirdikləri övladlarına analıq və atalıq borcunu yerinə yetirməyə davam edirlər. Çox vaxt oz övladlarını bir dost kimi birgə böyüdürlər. Amma bizdə boşanma zamanı iki nəsil çox vaxt düşmənə çevrilir. Qadın məkrindən övladını ərinə göstərmir, yaxud ər ondan güclü çıxıb uşağı alır və uşağı anasına göstərmir. Əslində bu, bizim ailə dəyərlərimizdən uzaq olan bir haldır. Lakin buna Avropa dəyərləri də demək olmaz. Cəmiyyət dəyişdikcə insanın psixologiyasına, həyat tərzinə sirayət edən müəyyən amillər yaranır ki, onların təsiri altında bu gün Azərbaycan cəmiyyətində mənfi hallar baş verir.
- Belə başa düşdüm ki, cəmiyyətimizdə ailə dəyərlərinin aşınmasına Avropadan gələn ənənələrin heç bir təsiri olmadığıını düşünürsünüz...

- Düşünürəm ki, bu gün cəmiyyətimizdə, ailələrimizdə baş verən mənfi halların hamısını Avropa ilə, dünyanın hər hansı bir ölkəsilə əlaqələndirməməliyik. Cəmiyyətimiz dəyişdikcə həyata baxış da dəyişir. Avropa millətlərinin də özlərinə uyğun ailə dəyərləri, yüksək mədəniyyəti, ailə daxilində ədəb-ərkanı var. Buna görə də Avropadan bizim cəmiyyətimizə mənfi halların keçdiyini demək düz olmaz. Mən soruşmaq istəyirəm, nə üçün Avropanın müsbət dəyərlərini deyil, mənfi dəyərlərini götürməliyik?
- Bir-birini sevən iki şəxs evlənməyə qərar verir. Yaxud oğlan və qızın ailə qurmaq yaşı çatdığı üçün onlar evlənirlər. Amma əslində çox vaxt tərəflər evliliyə, xüsusilə dünyaya uşaq gətirməyə hazır olmurlar. Evlənmək xatirinə evlənən gənclərimizə nə deyərdiniz?

- Bir quş dünyaya balasını gətirməmişdən əvvəl mütləq özünə yuva qurur, sonra həmin yuvada yumurtalarını qoyur və balalarını dünyaya gətirir. Amma şüurlu insan nə edir? Gələcəyini düşünmədən dünyaya hətta bir deyil, bir neçə uşaq gətirir. Bu gün bizim Komitəyə 5-6, bəzən 8 uşağı olan evsiz-eşiksiz ailələr müraciət edirlər. Hər bir insan ailə qurmamışdan əvvəl ailənin yükünü daşımağa nə dərəcədə hazır olduğunu bilməlidir. Yəni iki insanın birləşməsi ailə qurmaq xatirinə olmamalıdır. Tərəflər fikirləşməlidir ki, öz üzərinə götürdüyü bu məsuliyyətin öhdəsindən gələ biləcək, ya yox. Dünyaya uşaq gətirmək çox məsuliyyətli məsələdir. Hər bir valideyn dünyaya arzuolunan övlad gətirməlidir. Bəzən valideyn məsuliyyətsizliyindən dünyaya gələn uşaqlar çox gərgin şəraitdə yaşayırlar. Əgər bu gün övlad böyütməyə, onu cəmiyyətə təqdim etməyə hazır deyilsənsə, işin, sənətin, evin yoxdursa və sən dünyaya uşaq gətirirsənsə, onun gələcəyini sual altına salmış olursan. Bu, insafsızlıqdır, insanlıqdan kənardır. Bəzən gənclər bir-birlərini sevir və mütləq evlənmək istəyirlər. Problem deyil, evlənsinlər. Amma bu, o demək deyil ki, evlənən kimi mütləq dünyaya uşaq gətirməlidirlər. Azərbaycanda səhv hesab etdiyim bir ənənə var, kimsə ailə qurandan bir-iki ay keçən kimi, onun uşağının olub-olmadığını xəbər alırlar. Bu, düzgün yanaşma deyil. 19 -20 yaşlı gəncdən, ilk növbədə, dünyaya uşaq gətirməyə hazır olub-olmadığını soruşmaq lazımdır. Bu gün ailələrdə yaranan problem dediyim məsələlərə düzgün yanaşmanın olmamasından baş verir. Ailə qurmaq böyük bir məsuliyyətdir.
- Çox vaxt deyirlər ki, ailənin möhkəm olması, yumruq kimi birləşməsi daha çox qadından asılıdır. Siz nə düşünürsünüz?

- Bəli, əsasən qadından asılıdır. Ailə quranda oğlan qızı istəyir, razılığı, son qərarı verən isə qız olur. Deməli, qız razılığını verəndə, ailənin aparıcı qüvvəsi kimi, nə dərəcədə duruş gətirə biləcəyini düşünməlidir. Çünki dünyaya uşağı gətirən də, onu tərbiyə edib boya-başa çatdıran da, adət-ənənələrimizə uyğun olaraq ev işlərini görən də qadındır.
- Kişilərin ev işlərində xanımlarına yardım etməsini necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, bu gün qadının və kişinin vəzifələrini ayırmamalıyıq. Bu gün biz ötən əsrlərdən fərqli cəmiyyətdə yaşayırıq. Keçmişdə kişi körpəsini uşaq arabasına qoyub gəzməyə aparsaydı, buna yaxşı baxmazdılar. Çünki evin xanımı heç bir yerdə işləmirdi və işi-gücü ev işlərini görməkdən, uşağa baxmaqdan ibarət idi. Bu gün isə vəziyyət dəyişib. Adətən ailə başçılarının hər ikisi çalışır. Əgər ailə başçılarının hər ikisi işləyirsə, demək, onlar ailəni bərabər idarə etməlidirlər. Kimin birinci, kimin ikinci olmasından söhbət getməməlidir. Burada insanlıqdan, bir-birinə hörmətdən danışa bilərik. Əgər kişi və qadın səhər işə tələsirsə, təbii ki, biri uşağı geyindirməli, digəri süfrəni hazırlamalıdır. Tərəflərin bir-birinə dəstək verməsində ayıb heç nə yoxdur. Ev işlərində bölgü aparmaq düzgün deyil. Hər kəs bacardığını etməlidir. Hər iki tərəf işdən gələndən sonra kişinin ayağını ayağının üzərinə qoyub İnternetə girməsi və ya televerilişlərə baxması, qadınınsa onun qulluğunda durması qadına qarşı təkcə hörmətsizlik deyil, həm də insafsızlıqdır. Bu məsələlər insanlıq ölçüsü ilə qiymətləndirilməlidir. Kişi xanımını da başa düşməlidir. Şənbə-bazar qadın evdə olanda onsuz da bütün ev işlərini özü görür. Biz Azərbaycan qadınları “çömçəmizi” heç kimə vermirik. O “çömçə” qadının öz əlindədir, yəni xörəyi də özümüz bişirir, onu süfrəyə də özümüz veririk.
Əslində oğlanları da biz tərbiyə edirik. Adətən qız övladlarımızdan qardaşına çay verməsini, paltarını ütüləməsini, ayaqqabılarını təmizləməsini tələb edirik. Belə olmamalıdır. Biz onlara qarşılıqlı olaraq bir-birinə ehtiram göstərmələrini aşılamalıyıq ki, gələcəkdə oğlan övladlarımız ailə quranda xanımlarına əl tutsunlar.
- Sədaqət xanım, özünü-sözünü bilən dörd övladınız var və eşitdiyimizə görə, onlara çox gözəl tərbiyə vermisiniz. Buna necə nail olmusunuz?

- Onları sevgi ilə böyütmüşəm. Hələ indiyə qədər onlara nəinki əl, heç səsimi də qaldırmamışam. İşim çox gərgin olub. Ailə quranda da rəhbər vəzifədə işləyirdim, ondan sonra da dövlət işlərində, rəhbər vəzifələrdə çalışmışam. Heç zaman evimdə bir kimsənin köməyindən istifadə etməmişəm. Bəzən bunu mənə irad tuturlar. Amma mən ev işlərimi heç kəsə həvalə etmərəm, dövlət işlərimdə olduğu kimi, ev işlərimdə də öz vəzifəmi həmişə özüm yerinə yetirirəm. Bir vacib məsələyə də toxunmaq istəyirəm. Uşağın üstünə qışqırmaq və ya onu döymək ən azı onun aqressiv bir insan kimi yetişməsinə səbəb olur. Ancaq övladına nə qədər çox sevgi verərsənsə, ondan bir o qədər sevgi alarsan və övladların vasitəsilə o sevgini cəmiyyətə ötürə bilərsən. Buna görə də həmişə deyirəm ki, qadınların qəlbi sevgiylə dolu olmalıdır. Bu isə kişilərdən çox asılıdır. Kişilər öz xanımları ilə nə qədər ədəb-ərkanla davranar, onlara hörmət, ehtiram, sevgiylə yanaşarlarsa, qadın da, ana da onu öz övladları ilə paylaşacaq. Münasibətlərdə ən vacib olan isə insanlıqdır. İki tərəfin münasibətləri insanlıq və məhəbbət üzərində qurulmalıdır.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər