• çərşənbə, 17 Aprel, 02:53
  • Baku Bakı 14°C

Vitse-spiker: “Həmsədrlər ortaya vahid mövqe qoya bilmir”

18.05.15 13:53 773
Vitse-spiker: “Həmsədrlər ortaya vahid mövqe qoya bilmir”
“ATƏT-in Minsk Qrupunun fəaliyyətinə qiymət vermək üçün nəticəyə baxmaq lazımdır. Danışıqlar prosesindəki məqamları çıxmaq şərtilə, irəliyə doğru heç bir addım atılmayıb”.
APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
B. Muradova bildirib ki, müharibəni nisbi sülh əvəz etsə də, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ciddi bir addım ortada yoxdur: “Ona görə də biz haqlı olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini daim tənqid edirik. Bununla yanaşı, şəxsən mən düşünürəm ki, həmsədrlərin müəyyən imkanları var ki, prosesi irəliyə aparsınlar. Amma onların özünə bəlli olan, çox zaman bizə də bəlli olan bu və ya digər səbəblərdən prosesi irəli aparmaq istəmirlər. Bu ölkələrin çox geniş imkanları var ki, qarşı tərəfi münaqişənin həlli üçün ciddi addımlara məcbur etsinlər. Biz faktiki bunu görmürük, ona görə də hər kəs ATƏT-in Minsk Qrupu barədə ciddi tənqidlər səsləndirir”.
B. Muradova ATƏT-in Minsk Qrupunun həmsədrlər formatının dəyişdirilməsi barədə təkliflərə də toxunub: “Bir çox hallarda mən formatın dəyişməsinin məsələyə təsir göstərməyəcəyini söyləmişəm və indi də bu fikrimdə qalıram. Amma Ukrayna hadisələrindən sonra dəyişən indiki beynəlxalq düzəndə müəyyən addımların atılması bir az nikbin fikirlər söyləməyə əsas verir. Şəxsən Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti olaraq təklif irəli sürmüşük ki, Türkiyə və Almaniya həmsədrliyə daxil edilsin, beşlikdən ibarət Sədrlər Şurası yaradılsın. Almaniya Avropa İttifaqının təmsilçisi, Türkiyə region ölkəsi və hər iki ölkə ilə bağlılığı olan dövlət kimi töhfə verə bilərlər. Düşünürəm ki, həmsədrlər formatında belə bir dəyişiklik olarsa, bu, müəyyən mənada prosesi sürətləndirə bilər. Amma bir məsələ də var ki, BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü – ABŞ, Fransa və Rusiya Minsk Qrupunun həmsədrliyində təmsil olunur. Həmsədrlər bəyanatlarda ümumi rəy söyləsələr də, əməldə vahid mövqe ortaya qoya bilmirlər. Bəzi hallarda birinin aktivliyi digərinin passivliyi, yaxud işə dolayı maneçiliyi ilə rastlaşır. Hətta beşlər bir yerdə olsa belə, yenə də üçlüyün münasibətləri məsələdə dominant rol oynayacaq. İstənilən halda ABŞ, Rusiya və Fransanın vahid iradəsindən çox şey asılıdır. Əgər onlar doğrudan da dünyadakı mövcud düzənlə bağlı beynəlxalq hüququn prinsiplərinin, ölkələrin ərazi bütövlüyünün vacibliyini bir daha vurğulayaraq irəliyə addım atmaq istəsələr, üçlükdə də məsələni həll edə bilərlər. Amma hər halda onları hər hansı addımlar atmağa vadar etmək üçün iki ölkənin ora daxil edilməsini məqsədəuyğun sayıram”.
banner

Oxşar Xəbərlər