• cümə, 26 Aprel, 10:55
  • Baku Bakı 12°C

Viruslu hepatit hökm deyil

22.11.17 17:12 3405
Viruslu hepatit hökm deyil
Noyabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində "İctimai nəzarət mexanizmləri vasitəsilə viruslu hepatitlərlə effektiv mübarizə yollarının müzakirəsi" layihəsi çərçivəsində "Viruslu hepatit hökm deyil" adlı tədbir keçirilib. Tədbiri giriş sözləri ilə açan "İnkişafa Doğru Qadın Təşəbbüsü" İctimai Birliyinin sədri Ziba Nəbiyeva qonaqları salamlayaraq bəzi məqamları qeyd etdi: "Gələn qonaqları salamlayır və burada iştirak edən hər kəsə öz təşəkkürümü bildirirəm. Bildiyiniz kimi prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı və 2014-cü ildə qüvvəyə minən İctimai İştirakçılıq haqqında Qanun vətəndaş cəmiyyətləri üçün böyük əhəmiyyətə malikdir. Bu qanun cəmiyyətdə bizi narahat edən bir çox məsələləri ictimai nəzarət mexanizmləri vasitəsilə təhlil etmək və vətəndaş cəmiyyəti mövqeyindən çıxış edərək təklif və tövsiyələr vermək imkanı yaratdı. Vətəndaş cəmiyyətinin bir üzvü və "İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Olaraq ictimai nəzarət mexanizmləri vasitəsilə hepatitlərlə mübarizə layihəsini həyata keçirdik.

"İctimai nəzarət mexanizmləri vasitəsilə viruslu hepatitlərlə effektiv mübarizə yollarının müzakirəsi” layihəsi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir. Qeyd edim ki, layihənin icrası sentyabr, oktyabr və noyabr aylarını əhatə edir. Bu layihə təklifi ilə Şuraya müraciətimiz müəyyən məqamlarla bağlı idi ki, onlardan bir neçəsini sizin diqqətinizə çatdırmaq istəyirəm. Bu gün hepatit B və hepatit C dünya səhiyyəsi üçün çox böyük əhəmiyyət kəsb edən və həll olunması vacib olan bir problemdir. Hepatit B və hepatit C qlobal şəkildə yayılan viruslar sırasında yer alıb. Bu viruslara yoluxan insanların sayı dünya əhalisinin 10 faizə yaxın hissəsini təşkil edir. Statistikaya əsasən, 328 milyon insan xroniki hepatit B və xroniki hepatit C virusuna yoluxub. 2015-ci ildə viruslu hepatitlərdən 1 milyon 340 min insan dünyasını dəyişib. Həmin ildə 1 milyon 750 min nəfərdə yeni hepatit C-yə yoluxma qeydə alınıb. Bu xəstəliyin geniş şəkildə yayılması dünya birliyi qarşısında ciddi sosial problemlər yaradıb. Artıq 2013-cü ildən başlayaraq Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri son 25 ildə xroniki hepatit B və C virusundan ölənlərin sayının 2 dəfə artdığını və bunun nəticəsində vurulan zərərin QİÇS və malyariya kimi sosial əhəmiyyətli xəstəliklərin vurduğu zərərlə eyni səviyyəyə çatdığını qeyd edirlər. Hazırda bu problemlə mübarizədə bütün qüvvələr səfərbər edilib. Bunun nəticəsidir ki, 2016-cı ildə Ümumdünya Səhiyyə Assambleyası özünün 69-cu sessiyasında viruslu hepatitlər üzrə qlobal strategiya fəaliyyət proqramını tərtib edib. Strategiyanın əsas məqsədi virusa yeni yoluxanların sayının 2030-cu ilə qədər 90 faiz, ölüm hallarının isə 65 faiz azaldılmasıdır”.
QHT sədri qeyd etdi ki, qlobal strategiya proqramında dərc olunan hədəflərə nail olmaq üçün vətəndaş cəmiyyətlərinin fəaliyyəti yüksək qiymətləndirilir: "Belə ki, məhz onların səyləri nəticəsində aktual məsələlərin həllinə diqqət yönəldilib və vacib qərarlar qəbul edilib. Biz də vətəndaş cəmiyyətinin bir üzvü kimi icra etdiyimiz layihə ilə qlobal strategiya fəaliyyət planının və dövlətimizin yoluxucu xəstəliklərlə mübarizədə sosialyönümlü siyasətinə dəstək olaraq, viruslu hepatitlərlə mübarizəyə öz töhfəmizi verməyə çalışırıq”.
ZibaNəbiyevavurğuladı ki, Azərbaycan Respublikası 1993-cü ildən Ümumdünya Səhiyyə Təşkilatının üzvüdür və ölkəmizdə viruslu hepatitlərin müayinə və müalicəsi, bu xəstəlikdən qorunma istiqamətində xeyli əhəmiyyətli addımlar atılıb: "Belə ki, 2000-ci illərin əvvəllərində dövlət proqramı çərçivəsində yeni doğulan körpələrdə hepatit B üçün peyvəndin vurulması nəticəsində, uşaqlar arasında xəstəlik 2,2 dəfə azalıb. Həmçinin 2011-ci ildən Nazirlər Kabinetinin qərarı ilə B və C hepatitləri yoluxucu xəstəliklər siyahısına daxil edilib. 2014-cü ildə isə Səhiyyə Nazirliyinin əmrinə əsasən, hepatit B və C xəstəliyinə yoluxan şəxslərin diaqnozunun müəyyən edilməsi, onların qeydiyyatının aparılması və dərman preparatları ilə təmin edilməsi, müalicəsinin təkmilləşdirilməsi məqsədi ilə xüsusi komissiya yaradılıb. İcra etdiyimiz layihə çərçivəsində Səhiyyə Nazirliyinin B və C viruslu hepatitlərin diaqnostikası və müalicəsinin təşkili üzrə komissiyanın fəaliyyəti ilə yaxından tanış olduq. Komissiyanın 3 illik fəaliyyəti ilə bağlı ətraflı məlumatları, səhiyyə nazirliyinin bu xəstəliyin profilaktikası ilə bağlı gördüyü işləri, statistik göstəricilərin analizini və ölkəmizdə viruslu hepatitlərlə effektiv mübarizə yollarını əks etdirən analitik hesabat hazırladıq. Həmçinin, layihə çərçivəsində 60000 nəfərdən çox sosial şəbəkə üzvləri arasında geniş maarifləndirmə işləri aparıldı. Layihə sonu keçirdiyimiz bu tədbirdə isə viruslu hepatitlərlə effektiv mübarizə yolu kimi nikahdan əvvəl icbari tibbi müayinə siyahısına Hepatit B və Hepatit C daxil edilməsi və bu xəstəliyin müalicəsində 90% sağalma nəticələri verən yeni müalicə metodlarının tədricən dövlət proqramı çərçivəsində tətbiq edilən müalicə sxemlərinə daxil edilməsi təklifi ictimai müzakirə olundu”.
Daha sonra tədbirdə Azərbaycan Respublikası Milli MəclisiAparatının sosial qanunvericilik şöbəsinin müdiri, professor Adilə Abbasova çıxış etdi. O bildirdi ki, belə bir layihənin həyata keçirilməsi çox mühümdür: "Bu haqda danışmaq, müzakirələr aparmaq çox vacibdir. Bu gün bu xəstəlikdən əziyyət çəkən xeyli sayda insan var. Onların bir hissəsi hətta bunu bilmir. Azərbaycanda da bu məsələ daima diqqət mərkəzində saxlanılır. Belə layihələrə dövlətimiz həmişə dəstək olub. Bu barədə qanun da qəbul edilib. Hazırda 2018-ci ilin dövlət büdcəsi müzakirə edilir. Büdcə formalaşdırılarkən belə məqamlara xüsusi diqqət ayrılır. Prezidentin imzaladığı fərman və sərəncamlar, qəbul edilən qanunlar bu qayğının bir göstəricisi hesab oluna bilər”.
Daha sonra tədbir müzakirə və çıxışlarla davam etdirildi.

Şəbnəm Mehdizadə





banner

Oxşar Xəbərlər