• şənbə, 20 Aprel, 00:27
  • Baku Bakı 15°C

“Virusla gec yoluxanlar ən şanslı insanlar olacaqlar”

02.07.20 16:30 750
“Virusla gec yoluxanlar ən şanslı insanlar olacaqlar”
Hüquq müdafiəçisi deyir ki, birinin hərəkət azadlığı digərinin yaşamaq hüququna təhdid yaradırsa, məhdudlaşdırıla bilər

COVİD-19 bütün dünyanı təhdid etməkdədir. Ölkə ərazisində də sərt karantin rejimi davam edir. 21 iyun tarixindən tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində gündəlik yoluxma hallarının sayında müəyyən qədər sabitləşmə müşahidə edilsə də, hələ də epidemioloji vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Danılmaz həqiqətdir ki, gündəlik yeni yoluxan xəstələrin sayı sağalanların sayından artıq olur, bu da öz növbəsində təcili tibbi yardımın operativliyinə mənfi təsir göstərir, səhiyyə müəssisələrinin işini bir qədər də ağırlaşdırır. Bunun üçün də nə qədər iqtisadi zərər etsək də, sərt karantin rejiminin daha da sərtləşməsi qaçılmaz olaraq qalır. Çünki ölkə başçısı İlham Əliyev də çıxışında bildirib ki, əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün ən mühüm və prioritet vəzifədir. Azərbaycan dövləti üçün heç bir səbəb əhalinin sağlamlığından öndə ola bilməz.
Hər gün yoluxma sayı ilə bağlı rastlaşdığımız rəqəmlərin azalmasını müşahidə etmək üçün hansı tədbirləri görməliyik?
Mütəxəssislər hesab edir ki, mövcud pozuntuların miqyasını azaltmaq və karantin rejimi dövründə daha təsirli nəticələr əldə etmək üçün iş yerlərində sayların azaldılması, növbəli və məsafəli iş rejiminin tətbiqi zəruridir. Vətəndaşlar xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadə etməməlidirlər. İctimai yerlərdə (ictimai nəqliyyat, supermarketlərin girişi və s.) müştərilərin hərarətinin ölçülməsi prosedurlarına və tibbi maskadan istifadəyə nəzarət daha da gücləndirilməlidir. Karantin rejiminin tələblərinin pozulması, məsuliyyətsiz davranış hallarına görə cərimə və digər sanksiyaların tətbiqi gücləndirilməlidir.
Lakin qaydalara riayət etməyənlər cərimə və sanksiyalarının tətbiqinin gücləndirilməsi ilə bağlı narazılıqlarını bildirirlər. Çünki qapalı yerlərdə maskasız gəzmək, virusun varlığını dərk etmək istəməmək, sosial məsafəni qorumamaq, qaydalara məsuliyyətsizcə yanaşmaq, hələ də qucaqlaşıb öpüşmək, öpüşərkən belə "qardaş, səndən gələn virus mənə heç nə etməz” kimi sözlərlə yoluxmaq və yoluxdurmaq istəyənlərə cərimələr və sərtləşmələr sərf etmir və "hüquq”larını tələb edirlər.

"Belə şəxslərə qarşı tolerant olmaq düzgün deyil”

Hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, karantin dövründə bir çox hüquqlar məhdudlaşdırıla bilər: "Bizim həm konstitusiyamızda, həm də tərəfdaş çıxdığımız beynəlxalq normalarda bu məsələ dəqiq göstərilib. Mülkü və siyasi hüquqlara dair Beynəlxalq Pakt, İnsan hüquqları və əsas azadlıqları müdafiəsi haqqında konvensiya buna icazə verir. Avropa Konvensiyasının 5-ci maddəsində yazılır ki, yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə insanların həbs edilməsi, onların azadlıq hüququnun pozulması demək deyil. Eyni zamanda, Mülkü və siyasi hüquqlar haqqında paktda, Azərbaycanın Konstitusiyasında, "İnsan hüquq və azadlıqlarının təmin olunmasına dair” Konstitusiya qanununda bunların hamısı əks olunub. Karantin dövründə kimisə hardansa məcburi çəkindirirlərsə, uzaqlaşdırırlarsa, heç kəs deməsin ki, bu, insan hüquqlarının pozulmasıdır. Bu, birmənalı məsələdir. İnsanların bir hissəsi psixoloji pozuntular keçirir, dözümsüz yanaşır. Amma burada məsələ odur ki, insanların özünün və ya başqa birinin sağlamlıq hüququna təhdid varsa, birinin hərəkət azaldığı digərinin yaşamaq hüququna təhdid yaradırsa, o, məhdudlaşdırıla və cəzalandırıla bilər. Məsələn, məlumat yayıldı ki, virusa yoluxmuş bir nəfər qəsdən insanları yoluxdurmaq üçün çölə çıxıb. Mütləq cinayət işi başlanmalıdır. Bu məsuliyyətsizliyin ağır nəticələri var. Bəlkə o insana görə, neçə nəfər ölüm təhlükəsi ilə üz-üzə qalacaq. Belə şəxslərə qarşı tolerant olmaq düzgün deyil”.
Xarici təcrübəyə gəldikdə isə həmsöhbətimiz deyir ki, Çində karantin qaydalarına əməl etməyənlər üçün ölüm cəzasına qədər cəza tədbirləri mövcuddur: "Xarici təcrübədə cərimələr, kimin qaydanı pozmasından asılı olmayaraq, güzəştsiz tətbiq olunurdu. İtaliyada karantinə əməl etməməklə bağlı böyük cərimə sistemi var. Çində karantin qaydalarına əməl etməyənlər üçün ölüm cəzasına qədər cəza tədbirləri mövcuddur. Cənubi Koreya koronavirus infeksiyası yayılandan dərhal sonra qanunvericiliyinə baxdı, cərimələri artırdı və bir ilə qədər həbs cəzasının tətbiqini, 8200 ABŞ dolları cəriməni müəyyənləşdirdi. Qonşu ölkə Rusiyada 80 min rubl və bir ilə qədər həbs cəzası nəzərdə tutulub. Ukraynada buna görə, yarım ildən 5 ilə qədər cəza müəyyənləşdirilib. Dünyada elə zamanlar olub ki, karantin tədbirlərinin yerinə yetirilməsi üçün silahlı qüvvələr prosesə cəlb edilib. Güc vasitəsi ilə insanları karantinə alıblar. Çünki karantin rejimi məqsədlərə xidmət etməlidir. Bu, milli təhlükəsizlik məsələsidir. Milli təhlükəsizlik məsələsində insan hüquqları, lazım gələrsə, ikinci plana keçir”.

"Çalışın, özünüzü, yaşlı və xəstə insanlarımızı qoruyun”

Hazırda Almaniyada həkim işləyən həmyerlimiz Uğur Ağamalıyev "Kaspi”yə açıqlamasında bildirdi ki, nəticələrin ağır olmaması üçün hər kəs sosial izolyasiya qadağalarına birmənalı əməl etməlidir. Həkim hesab edir ki, Covid-19 Almaniya ilə müqayisədə Azərbaycanda daha təhlükəlidir: "Almaniyada yaşlılar, əksər hallarda övladlarından ayrı, yalnız yaşayırlar. Azərbaycanda isə bunun əksidir, yaşlı insanlar övladları ilə birlikdə bir evdə yaşayırlar. Dolayısı ilə qadağaların yumşaldılması Almaniyada ikinci dalğaya gətirib çıxarmadı. Çünki yenidən işləməyə başlayan gənc və orta yaşlı qisim onsuz da çox hallarda xəstəliyi simptomsuz və ya yüngül keçirir. Ən önəmlisi odur ki, yaşlı valideynləri və ya digər yaxınları ilə çox az kontaktda olurlar. Ancaq Azərbaycanda uşaq, gənc və orta yaşlılar, yaşlılarla demək olar ki, daimi kontaktdadırlar. Bunun nəticəsində yaşlıların və ya müəyyən xəstəlikləri olanların virusla təması Almaniya ilə müqayisədə daha çox hallarda baş verə bilir. Ona görə, Almaniyada və ya başqa hansısa Avropa ölkəsində vəziyyət stabilləşdi deyə, bizdə də eyni tendensiyanın olacağına inanmaq doğru olmaz. Odur ki, çalışın, özünüzü və ən əsası, yaşlı və xəstə insanlarımızı qoruyun”.
Məşhur ürək cərrahı Məhmət Özün açıqlamalarına görə, insanlar bu virusa nə qədər gec yoluxsalar, o qədər çox sağalma şansları var. Həkimin koronovirusdan qorunmaq üçün məsləhətlərini nəzərinizə çatdırırıq: "Karantin qaydalarına ciddi şəkildə əməl edərək, özünüzü izolyasiya edin. Virusla gec yoluxanlar ən şanslı insanlar olacaqlar. Mümkün qədər gigiyena qaydalarına əməl edin, təmizlik çox əhəmiyyətlidir. Bol meyvə və tərəvəz yeyin. İmmunitetinizi gücləndirmək üçün sarımsaq, kefir, qatıq kimi qidaları istehlak edin”.
Aygun ƏZİZ
banner

Oxşar Xəbərlər