• şənbə, 20 Aprel, 05:34
  • Baku Bakı 15°C

Virtual tamaşalar niyə real tamaşaçı toplaya bilmir?

10.04.20 18:42 2363
Virtual tamaşalar niyə real tamaşaçı toplaya bilmir?
Mütəxəssislərin fikrincə, teatrların sosial şəbəkələrdəki fəaliyyəti yaxşı təşkil olunmasa, əks effekt verə bilər

Karantin günlərində insanların evdə qalması və günlərini ev şəraitində səmərəli keçirməsi üçün dövlət və özəl sektor əllərindən gələni edir. Bu xüsusda teatrlarımızın fəaliyyəti təqdirəlayiqdir. Belə ki, onlar koronavirus pandemiyasına qarşı elan edilmiş xüsusi karantin günlərində əvvəlcədən müəyyən edilmiş repertuar əsasında virtual tamaşalar nümayiş etdirirlər. Paytaxt və bölgə teatrları "Evdə qal, özünü və yaxınlarını qoru”, "Biz birlikdə güclüyük” şüarları ilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək göstərirlər. Amma bir neçə həftədir ki, teatrlarımızın "Facebook" səhifəsində tamaşalar nümayiş olunsa da, onların izləyiciləri yetəri qədər deyil.
Tamaşaların izləyici sayı 30-40 nəfər təşkil edir. Onların yarısı da elə teatrların öz işçiləridir. Üstəlik, izləyici sayı tamaşanın ortaları və sonlarına yaxın azalmağa doğru gedir. Belə olduğu halda, ortaya sual çıxır: doğurdanmı, bu gün teatrlarımızın normal izləyici sayı elə 5-10 nəfərdən ibarətdir? Yoxsa virtual tamaşaların nümayişi bizdə ilk olduğu üçün say bu qədər azdır?
Hazırda dünyada online şəkildə Netflix kimi şirkətlər fəaliyyət göstərir. Bunlar ödənişli olsalar da, izləyici sayı kifayət qədərdir. Virtual tamaşa isə bizim üçün bir ilkdir. Düşdüyü vəziyyətə uyğun olaraq virtual tamaşa nümayiş etdirən teatrlarımız üçün bu sistem yenidir. Baxmayaraq ki, dünya teatr aləmi yeni metodikadan uzun müddət əvvəl istifadə etməyə başlayıb.
Bəs görəsən virtual tamaşaçıların sayının artması üçün nə etməliyik?
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, YUĞ Dövlət Teatrının ədəbi hissə müdiri Elçin Cəfərov deyir ki, koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində sosial izolyasiya işlərinin həyata keçirildiyi, kütləvi tədbirlərin, konsertlərin və tamaşaların ləğv edildiyi zamanda teatrlarımızın "Evdə qal” çağırışına qoşularaq, "Evdə qal, teatrsız qalma” adlı layihəyə başlaması müsbət haldır: "Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Akademik Musiqili Teatr, YUĞ Dövlət Teatrı, İrəvan, Lənkəran, Şəki, Mingəçevir, Ağdam, Gəncə teatrları bu təşəbbüsə qoşularaq, virtual repertuar tərtib etdilər, tamaşaların internet resurslarında yayımına başladılar. Bunu çox gözəl təşəbbüs hesab edirəm və bu işin həyata keçməsində zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm. Bu təşəbbüs, eyni zamanda, teatrlarımızın bir sıra problemlərini aşkarladı. Əvvəla, bəlli oldu ki, teatrlarımız belə vəziyyətə hazırlıqsızdır. Teatrların İKT imkanlarından faydalanması da ürəkaçan səviyyədə deyil. Tamaşaların onlayn nümayişinin təşkilində buraxılan səhvlər göstərdi ki, bu məsələni, müəssisənin hər hansı "texnikadan bir az başı çıxan” əməkdaşına həvalə etməklə iş bitmir. Hər teatrda konkret olaraq, bu sahə üzrə işləyən səriştəli kadrlara ehtiyac var. Bizimkilər isə hələ onlayn tamaşa ilə tamaşanın onlayn, yaxud oflayn nümayişini, tamaşanın video yazısının sosial şəbəkə hesablarında yerləşdirilməsini fərqləndirə bilmirlər. Bunun onlayn teatrla heç bir əlaqəsi yoxdur. Onlayn teatr tamam başqa bir məsələdir. Bunun üçün teatrlar məxsusi çəkiliş və yayım avadanlıqları ilə təchiz edilməli, tamaşa oynanılan zaman canlı şəkildə internet resurslarında yayımlanmalıdır. O səviyyəyə çatmağımıza hələ çox var, ona görə də gəlin, "hop” deməyə tələsməyək".
Teatrşünas ortaya çıxan daha bir problemin tamaşaların videoçəkilişi ilə bağlı olduğunu bildirdi: "Tamaşaların əksəriyyəti peşəkarlar tərəfindən və peşəkar kameralara çəkilməyib. Tək kamera ilə, ümumi planlı həvəskar çəkilişlər ancaq teatrın arxivində saxlanılmaq üçün yararlıdır. Belə videoyazıların ictimailəşdirilməsi və sosial şəbəkələrdə tamaşaçılara təqdim olunması bədii məhsulun keyfiyyətini 80-90 faiz aşağı salır. Bu addım ətraflı şəkildə düşünülərək atılmasa, əks effekt verər, tamaşaçı teatra tərəf gəlməkdənsə, ondan daha da incik düşə bilər. Və ən nəhayət, bilirəm ki, bu fikrim bəzi həmkarlarımızın xoşuna gəlməyəcək, amma həqiqət onların xətrindən daha əziz olduğu üçün deməliyəm ki, son hadisələr lakmus kağızı kimi teatrlarımızın çox ciddi tamaşaçı problemi olduğunu üzə çıxardı. Ayrı vaxt tamaşaçı problemindən söz açarkən teatr rəsmiləri (və qeyri-rəsmiləri) "bizim teatrda tamaşaçı problemi yoxdur” kimi optimist mövqedən çıxış edərək, opponentlərini susdurmağa çalışırlar. Ancaq "nəlbəkidə fırtına yaratmaqla” və gözə kül üfürərək kağız üzərində "tamaşaçı planını” doldurmaqla problem həll olunmur. Bax, o tamaşaların baxış sayı var ha, onlar bizim əsl tamaşaçılarımızın sayıdır. Zorla teatra gətirilən, zala doldurulan tamaşaçıların, xahiş-minnət, hədiyyə-hörmətlə müəssisələrə satılan biletlərin yox. Teatrlarımızın sosial şəbəkələrdə nümayiş etdirdiyi tamaşaların baxış sayı, orta hesabla 50-70 arasında dəyişir. Reach (paylaşımın göstərildiyi istifadəçilərin sayı), reaksiya (like, dislike, emoji, şərh, paylaşım və s.) və "post engagement”lə (paylaşımın ünsiyyət, yaxud cəlb olunma dərəcəsi) ilə bağlı da eyni vəziyyət müşahidə olunur.
Internet World Stats-ın məlumatına görə, 2020-ci ildə Azərbaycanda aktiv internet istifadəçilərinin sayı 7,9 milyona çatıb ki, bu da 79-80 faiz deməkdir. Ölkədə istifadə olunan internetin 39%-i kompüter və noutbuk vasitəsilə, 59%-i mobil telefon vasitəsilə, qalan hissəsi isəplanşet və digər cihazlar vasitəsilə istifadə edilib. Bu isə o deməkdir ki, tamaşalara baxış sayının əhalinin kompüterləşməməsi və internetləşməməsi ilə əlaqəsi yoxdur.
Təbii ki, burada çağdaş Azərbaycan teatrının bir-biri ilə bağlı iki fundamental problemi ortaya çıxır: tamaşaçı problemi və PR. Tamaşaların videolarını sosial şəbəkələrdə yerləşdirməklə, linkləri "bayram təbrikləri” kimi dostluqda olan insanlara göndərməklə iş aşmır. Mütləq teatrın həm real, həm də virtual məkandakı fəaliyyəti - facebook yayımları, youtube premyeraları sosial şəbəkələrdə reklam olunmalıdır. Sosial media marketinqi kiçik büdcə ilə böyük auditoriyaya tanınmağınıza və yeni tamaşaçılar cəlb etməyinizə lömək ola bilər. "Ads menecer”lə peşəkar şəkildə işləyə bilmək, SEO, CTR, CPC və ROİ kimi metrikalara nəzarət etmək, hədəf kütləsini dəqiq seçmək və lazımi məqamlarda dəyişikliklər etmək üçün SMM sahəsində təcrübəli kadr olmalıdır. Bu iş üçün müəyyən maliyyə vəsaitinin ayrılması və peşəkarların cəlb olunması vacibdir".
E.Cəfərov kütləvi informasiya vasitələrinin də teatrın təbliği işinə daha həssas yanaşmalı olduğunu bildirdi: "Televiziyalarda "tamaşayla teatr sözünü ayırd edə bilməyən” adamların teatr haqqında veriliş hazırlaması sənətin təbliğinə xidmət etmir. Yaxud 60-cı illərin ədası, köhnəlmiş televiziya estetikası, çəkiliş və montaj üsuları, bir sözlə, arxaik yanaşma tərzi ilə guya ki, teatrı təbliğ edən proqramlara baxanda mən küsürəm teatrdan, o ki qala sıravi tamaşaçı. Elə bilməyin ki, yaxamı kənara çəkirəm. Bu problemlər elə mənim çalışdığım YUĞ Dövət Teatrına da aiddir. YUĞ-da aprel ayı üçün virtual nümayişi nəzərdə tutulan tamaşaların repertuarı müəyyənləşdirilib. Bu ay ərzində həftədə 2 dəfə teatrın facebook və youtube sosial hesablarında tamaşaların videoları paylaşılacaq. Həftədə bir dəfə isə arxiv tamaşaları, tamaşalardan parçalar və teatrın fəaliyyətinə həsr olunmuş televiziya verilişləri, süjetlər, reportajlar və videoçarxlar izləyicilərə təqdim olunacaq. Bu günə qədər paylaşılan tamaşalara 100-ə yaxın baxış olub ki, bu da çox aşağı göstəricidir".

İT üzrə mütəxəssis Şaiq Muradov bildirdi ki, o, tamaşaların virtual nümayişindən xəbərsizdir: "Əgər mən virtual tamaşaların mövcudluğunu sizdən eşidirəmsə, bu o deməkdir ki, tamaşaçılar bundan xəbərsizdir. İndi karantin günlərində hər kəs evdədir və öz maraq dairələrinə uyğun maraqlı filmlər axtarırlar. Bu baxımdan reklamın təsiri böyükdür. Burda əsas məsələ məlumatlı olmaqdır. Mən də hamı kimi karantin günlərində evdə qalıram, boş zamanım olanda maraqlı filmlər axtarıram. Belə günlərdə Netflix və digər müəyyən operatorlarla birlikdə işləyən online tv-lərə baxıram".

Teatrların bu şəkildə işləməsi ilə bağlı PR-ın vacibliyini vurğulayan ekspert bu təşəbbüsü kifayət qədər izləyiciyə çatdırmağın zəruriliyindən danışdı: "Bunun reklama ehtiyacı var. Teatrların o qədər imkanının olub-olmaması isə başqa bir mövzudur. Biz çölə çıxmadığımız üçün teatrın önündən keçəndə, onun afişasını görə bilmirik. Tamaşaçıların da heç bir təsəvvürü yoxdur ki, teatrlarımız öz repertuarını online şəkildə təqdim edə bilər. Əslində, imkan tapıb teatra gedə bilməyən insanlar üçün bu, əlverişli fürsətdir".
İT mütəxəssisi deyir ki, teatrların "Facebook" səhifələrində izləyici sayı az olduğu üçün çox az insanın virtual tamaşalardan xəbəri olur: "Hər kəs evindən oturub hər hansı tamaşanı izləmək istəyər. Ancaq əsas məsələ məlumatlı olmaqdır. Biz teatrın sosial şəbəkədəki səhifələrini izləmədiyimiz üçün bunlardan xəbərsizik. Onların məlumatlarını almaqdansa, çalışırıq ki, ümumi səhifələri izləyək. Bütün filmləri izləmək üçün ayrı-ayrı səhifələrə daxil olmağa nə zamanımız, nə də səbrimiz çatır. Bunun üçün xüsusi səhifələr var. Teatrların sosial şəbəkədəki səhifələrini o zaman izləyirik ki, həftə sonları tamaşa izləmək üçün həmin teatrın repertuarı ilə tanış olmaq istəyirik. Kinoteatrların səhifələrini izləmirəm, bilirəm ki, karantin günlərində kinoteatrlar və teatrlar bağlıdır".

Şaiq Muradov bu işdə reklamın faydalarından da danışdı: "Rusiyada Böyük Teatr öz arxivini online şəkildə nümayiş etdirir. Misal üçün, mənim bundan xəbərim var, çünki internetdə kifayət qədər reklam olunmuşdu. Virtual tamaşalara da reklam vasitəsilə daha çox izləyici cəlb etmək mümkündür".

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər