• cümə, 19 Aprel, 05:35
  • Baku Bakı 18°C

Virtual sevgi varmı? - Polemika

25.05.15 05:48 6476
Virtual sevgi varmı? - Polemika
Mütəxəssislər hesab edir ki, əsl sevgi üçün zaman və məkan fərqi yoxdur. Mentalitetə zidd sayılsa da, dini inanclara əməl edilirsə, virtual sevgi haram sayılmır. Bu gün texnologiyaların, xüsusilə də “ağıllı telefonlar”ın” sürətli inkişafı həyatımızda bir çox şeyi asanlaşdırsa da, getdikcə onlardan asılı hala düşdüyümüzü de etiraf etməliyik. Sosial şəbəkələrdə tanış olduğumuz, lakin real həyatda tanımadığımız insanlarla ciddi münasibət bəzən sevgiyə çevrilir. Hətta cəmiyyətimizdə virtual sevgi yaşayıb ailə quranlara da rast gəlmək mümkündür. Məlumdur ki, virtual sevgi yaşlı nəslin nümayəndələri tərəfindən normal qarşılanmır. Bəs gənclər nə düşünür? Virtual sevgi varmı?
“Virtual münasibət sevgi deyil, bağlılıqdır”
Sevinc Babayeva, jurnalist
Sevinc virtual sevgiyə ciddi yanaşmır. O düşünür ki, insan görmədiyi, bilmədiyi, tanımadığı insanı sevə bilməz: “Bəzi insanlar virtual məkanda tanış olub, bir-birlərini görmədikləri halda dəli kimi sevdiklərini zənn edirlər. Amma mən düşünürəm ki, bu, sevgi yox, bağlılıqdır. Sevgi elə bir hissdir ki, təməli reallıq, səmimiyyət, güvən üzərində qurulur. Virtual münasibətlərdə biz hər gün tanımadığımız insanlarla söhbətləşə bilərik. Lakin bu, hansısa işlə, hadisə ilə bağlı ola bilər. Hətta belə münasibətlər uzun müddət də davam edə bilər. Amma bu, sevgi demək deyil”.
Həmsöhbətimiz düşünür ki, sevgi yaransa belə, bu, uzunmüddətli sevgi və səmimiyyətdən sonra ola bilər: “Virtualda sevgi yaşamaq üçün bu münasibətlər mütləq real tanışlığa çevrilməlidir. Çünki insan normal həyatda görmədiyi, bilmədiyi, tanımadığı insanı sevə bilməz. Bu, sevgi yox, sadəcə, simpatiyadır. Mən virtual sevgiyə ciddi yanaşmıram. Sevgi nə qədər mənəvi, daxildən gələn hiss olsa da, reallığa dayanır. Virtual həyatda real sevgi bəlkə də yüzdə bir ola bilər. Amma əsl sevgi gördükcə, tanıdıqca, hiss etdikcə formalaşır”.
“Əsas odur ki, gənclər hisslərini normal yaşayır”
Abid Rzayev, tələbə
Abid, Sevincdən fərqli olaraq, virtual sevginin mümkün ola biləcəyini düşünür və bu münasibətə normal yanaşır. Həmsöhbətimiz deyir ki, bir çoxları real həyatda yeni insanlarla tanış olarkən utanır və çəkinirlər, lakin virtual aləm onlara sevgilərini azad və sərbəst yaşamağa imkan verir: “Əvvəllər sevgini tərənnüm və ya bəyan etmək üçün vasitələr az idi. Sevgisini etiraf etməkdə çətinlik çəkən gənc isə daha qabarıq hisslərlə yaşayırdı. İndi isə vəziyyət tamamilə başqadır. Bu gün informasiya cəmiyyəti əsrində yaşayırıq. Dünyada milyonlarla mobil telefon və internet istifadəçisi var. Bütün bunlar sevgini tərənnüm etmək üçün texniki vasitələrdir. Əvvəlki dövrlərdən fərqli olaraq, indi tanışlıq üçün məkan çoxdur. Artıq təkcə real həyatda deyil, telefonda, virtual aləmdə - internetdə özünə dost-tanış tapmaq mümkündür. Zaman keçdikcə insanlar daha rahat olmağa başlayır, bunu insanların sosial şəbəkələri istifadə etməyə başladığı ilk dövrlə müəyyən zaman keçdikdən sonrakı dövr arasındakı fərqlə də aydın görmək olur. Təbii ki, insan özünü rahat hiss etdiyi yerdə xoşbəxt olduğu üçün müəyyən zaman sonra fikirləri üst-üstə düşdüyü şəxs ilə arasında yaxınlıq yarana bilir. Fərqi yoxdur, bu, virtual, yoxsa real həyatda baş verir. Əsas odur, gənclər hisslərini normal yaşaya bilirlər”.
Müsahibimiz düşünür ki, uzun müddət tanıdığımız insanla ciddi münasibət qurmaq valideyn məsləhəti ilə ailə qurmaqdan daha yaxşıdır: “Bəzən real həyatda valideynlərimizin təkidi ilə üzünü görmədiyimiz biri ilə ailə qurmaq məcburiyyətində qalırıq. Amma virtualda daha yaxından tanıyıb, uzun müddət danışdıqdan sonra münasibətləri reallığa aparıb sevgi yaşamaq mümkündür. İstər virtual olsun, istərsə də real, fərqi yoxdur, münasibətlər sağlam təməl üzərində qurulmalıdır”.
“Virtual tanışlıq olar, amma...”
Ülkər Həsənli, tələbə
Ülkər virtual sevgini normal hesab edir. O düşünür ki, səmimiyyət və güvən üzərində qurulan virtual tanışlıqlar real həyatda da uğurlu alına bilər: “Virtual sevginin nə dərəcədə ciddi olması virtual mədəniyyətdən asılıdır. Sevgi elə bir hissdir ki, zaman, məkan, real, virtual, fərq etmir. Bunun necə alınması bizim özümüzdən asılıdır. Bu günün nəbzini tutan sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib. Əlbəttə ki, hamımızın həyatında real həyatda tanımadığımız, lakin virtual münasibətimizin olduğu dostlar, tanışlar var. Məsələnin digər tərəfi də virtual sevgidir. Bizdə buna bir az yaxşı münasibət göstərilməsə də, əslində virtual sevgi yaxşı seçimdir. Səmimiyyət və güvən üzərində qurulan virtual tanışlıqlar real həyatda da uğurlu alına bilər. Çünki müasir gənclər ünsiyyət qurmaqda çox vaxt çətinlik çəkirlər. İnternet vasitəsilə tanışlıq əsasən real həyatda ünsiyyət qurmağa vaxtı və cəsarəti olmayanları öz imkanları ilə cəlb edir”.
Həmsöhbətimiz düşünür ki, əgər münasibət səviyyəlidirsə, virtualda olsa belə, ciddi sevgi yaşamaq mümkündür: “Təcrübə göstərir ki, internetdə ünsiyyət çox rahat keçir. Bu zaman insanlar komplekslərindən gizlənirlər. Çünki belə söhbət etmək daha asandır. Utancaqlıq hisslərindən azad olurlar. Belə ünsiyyət forması həm də bir növ boşluğu doldurur. Yəni insanlarda ünsiyyət tələbatı var və həmin boşluğu doldurmaq üçün internetə üz tuturlar. İnternetdə istənilən vaxt rahat ünsiyyət qurmaq olur. Virtual tanışlığa normal baxıram. Çünki əhatəni genişləndirirsən. Amma bir şərtlə ki, səviyyəsiz söhbətlər olmasın”.
Aygün ƏZİZ
Şəbnəm MEHDİZADƏ
banner

Oxşar Xəbərlər