AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Virtual məktəb”də qeydiyyatda problem yaranıb

“Virtual məktəb”də qeydiyyatda problem yaranıb

Cəmiyyət
03 Aprel 2020, 12:21 973
Ötən gündən Azərbaycanda "Virtual məktəb” layihəsinə start verilib. Nazirlik bütün şagirdləri və onların valideynlərini aprelin 2-dən başlayaraq virtual.edu.az onlayn portalında qeydiyyatdan keçməyə dəvət edib. Qeydiyyatdan keçmək üçün saytda təlimatlar da yerləşdirilib. Belə ki, hər bir şagird sayta daxil olmalı, şəxsiyyət vəsiqəsinin fin kodunu, doğum tarixini, özünün və ya valideyninin email adresini müvafiq xanalarda qeyd etməli, qeydiyyatını təsdiqləməli idi. Lakin dünən günorta saatlarından etibarən həm sayta girişdə, həm də qeydiyyatda problemlər yaşanıb. Qeydiyyat üçün davamlı cəhdlər uğursuz alınıb. Saytda yaşanan problemlə bağlı Təhsil Nazirliyindən "Kaspi” qəzetinə bildirilib ki, "Virtual Məktəb” layihəsi dayandırılmayıb və saytda qeydiyyat davam etdiriləcək. Sadəcə aprelin 2-də virtual.edu.az onlayn portalı üzərindən "Virtual Məktəb”də 35 mindən çox şagird qeydiyyatdan keçib. Hazırda qrupların komplektləşdirilməsi prosesi gedir. Bu proses yekunlaşdırıldıqdan sonra növbəti qeydiyyat mərhələsinə başlanılacaq.
 
 

Xatırladaq ki, "Virtual məktəb” layihəsinin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir. Sözügedən layihə Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. "Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün şagirdlər "AppStore” və "Google Play” marketlərindən "Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələri ilə portalda qeydiyyatdan keçə bilərlər. Hər bir şagird "Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcək. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunacaq. "Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Eyni zamanda  şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün "Chat” funksiyasından istifadə edə biləcəklər.
 
 

Onu da əlavə edək ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə martın 11-dən  "Mədəniyyət” və "ARB Günəş”  kanallarında ölkənin ümumi təhsil müəssisələrinin şagirdləri üçün teledərslərin yayımına başlanılıb. Teledərslər bütün sinifləri və əksər fənləri əhatə etməklə həm Azərbaycan, həm də rus bölmələri üçün əvvəlcədən elan edilmiş cədvələ uyğun olaraq təqdim edilir. Teledərslər həmçinin həftədə bir dəfə canlı yayımlanır ki, bu da  fənn müəllimlərinin şagirdlərin bu və ya digər mövzular üzrə suallarını birbaşa olaraq çəkiliş studiyasından cavablandırmasına və zəruri olan əlavə izahatları verməsinə imkan yaradır. Teledərslərin bütün ölkə ərazisinə yayımlanan televiziya kanalları vasitəsilə nümayiş etdirilməsində əsas məqsəd tədrisdə yaranmış fasilə zamanı hər bir şagird üçün əlçatanlığı təmin etməkdir. Bununla yanaşı, şagirdlər teledərsləri və hər bir fənn üzrə əlavə video materialları Təhsil Nazirliyinin www.video.edu.az elektron portalında onlara uyğun olan vaxtda da izləmək imkanına malikdirlər.
 
Alpər TURAN