Virtual aləmi real aləm kimi qəbul edən uşaqlar
"Uşağımı
tətil günlərində kompüterin olmadığı kəndə - nənəsinin yanına göndərə bilmirəm.
O, saatlarla internetdə oynayır!” Valideynlərin əksəriyyəti, xüsusən tətil
günlərində qarşılaşdıqları problemin həllində çətinlik çəkirlər. Onlar gününü
saatlarla televizorun və ya kompüterin qarşısında keçirən uşaqları alışdıqları
aləmdən qopara bilmirlər. Elə bu günlərdə ”Kaspersky Lab” şirkətinin uşaqların Yeni
il bayramı tətilində asudə vaxtlarını necə keçirmələri ilə bağlı mətbuatda yer
alan araşdırması da valideynlərin gileyi
ilə üst-üstə düşür. Şirkətin araşdırmasına görə, Azərbaycanda uşaqlar aktiv
olaraq vaxtlarını internetdə musiqiyə qulaq asaraq və kino və videoçarxlara
baxaraq keçiriblər. Şirkətin anonim statistikasına əsasən, dekabrın sonunda –
yanvarın əvvəlində Azərbaycanda multimedia məzmunlu saytların payına, uşaqların
internetdəki bütün fəallıqlarının 46%-i düşüb. Axtarış sorğularının qəti lideri
"YouTube” olaraq qalıb. Striminq xidmətlərindən isə gənc istifadəçilər
"Spotify” və "Netflix”ə üstünlük veriblər. Böyüyən nəslin
internet-kommunikasiyalarına olan marağı da dəyişməz olaraq, yüksək qalır. Belə
ki, sosial şəbəkələrin və messencerlərin uşaqların ümumi şəbəkədə
aktivliyindəki payı 23% təşkil edib. Gənc istifadəçilər arasında ən populyar
sosial şəbəkə "Facebook” üstünlük təşkil edir. Həmçinin uşaqlar şəbəkədə
multimedia əyləncələri və kompüter oyunlarına da çox vaxt ayırıblar. Şirkətin mütəxəssislərinin
hesablamalarına görə, həmin müddət ərzində Azərbaycanda uşaqların şəbəkədəki
aktivliyində bu kateqoriyanın payı təxminən 10% təşkil edib.
Bir qədər az, lakin nəzərəçarpacaq dərəcədə
fəallıqla, uşaqlar onlayn alış-verişlə məşğul olublar – elektron ticarət
saytlarının payına uşaqların internetdə aktivliklərinin 5%-i düşüb. Axtarış
sorğuları onu da göstərib ki, hesabat dövründə uşaqlar internetdə elektronika
dükanlarını və universal alış-veriş saytlarını da vaxt ayırıblar. Bununla
yanaşı, uşaqlar Tap.az pulsuz elanlar saytını da fəal olaraq sorğulayıblar.
İngilis dilində daxil edilən axtarış sorğuları arasında isə "Amazon” və "eBay”
kimi nəhəng onlayn-riteylerlər lider mövqedə olub. Qış tətili ərzində uşaqlar
tərəfindən arzuolunmaz saytlara, əsasən də pornoqrafiya məzmunlu resurslara
6%-lik daxilolma cəhdi də qeydə alınıb. Gənc istifadəçilərin daxil olduqları
saytların yalnız 4%-i xəbər saytları olub.
"Kaspersky
Lab” şirkətinin məzmun analizi üzrə eksperti Anna Larkinadeyib: "Müasir uşaqlar özlərini internetdə təbii və sərbəst hiss edirlər – bu,
onlar üçün real aləm kimi gerçəkdir. Bu səbəbdən onların şəbəkədə çox vaxt
keçirmələri və istədiklərini etmələri heç də təəccüblü deyil – ünsiyyət qurmaq,
musiqiyə qulaq asmaq, alış-veriş etmək. Buna görə, valideynlər və ya digər
böyüklər, məsələn, müəllimlər, uşaqları internetdə müxtəlif təhlükələrdən
müdafiəyə diqqətlə yanaşmalıdırlar. Lakin yalnız müdafiə həllinin
quraşdırılması ilə problemi aradan qaldırmaq mümkün deyil. Əlbəttə,
texnologiyalar uşağı bir çox kibertəhdiddən müdafiə edəcək. Amma uşaqlara
internetdə təhlükəsiz davranmağı, təhlükələri müəyyənləşdirməyi və onlardan yan
keçməyi öyrətmək olduqca vacibdir. Uşaqların internetdə nəyin axtardıqlarını və
onların hansı məzmunla rastlaşdığını dərk etmək, bu məsələdə kömək edəcək”.
Məlumatlar "Kaspersky Lab”ın uşaqların
onlayn-təhlükəsizliyi üçün proqram təminatının müdafiə komponentlərinin anonim
statistikasına əsaslanır. Azərbaycan üzrə təqdim olunmuş bütün göstəricilər
2018-ci ilin dekabrın 22-dən 2019-cu ilin yanvarın 4-dək əldə edilib.
Təəssüf ki, şirkətin araşdırmaları bugünkü
gerçəkliyi dolğunluqla əks etdirir. Bütün yaş qrupları üzrə məktəblilər tətil
günlərində boşluqdan əziyyət çəkirlər. Razılaşaq ki, müxtəlif səbəblərdən, ailələrin
hamısı öz övladlarının məşğuliyyətini təmin etməyə hazır deyil. Kimsə övladını xaricə
və ya ölkə daxilinə səyahətə çıxara bilərsə, bir başqasının bəzən zooparka
bilet almağa maddi imkanı çatmır.
Üstəlik, uşaqların təhsil aldığı nə təhsil müəssisəsinin, nə də vətəndaş
cəmiyyətinin uşaqlara yönəlik proqramları yoxdur. Dörd divarın arasına sığınan
uşaqlar, nəticədə virtual aləmin aludəçisinə çevrilir, istədikləri dünyanı
orada axtarırlar. Valideynlərin isə onları virtual aləmdən qoparma üçün
apardığı mübarizə isə yalnız bundan sonra başlayır. Belədə valideyn həmçinin
uşağının "bəs nə ilə məşğul olum?” haqlı sualı ilə üz-üzə qalır.
Ekspertlərin, məktəblilərin asudə vaxtlarının necə
keçirilməsi üçün hazır planları olmasa da, tövsiyələri yox deyil. Onlar məktəbliləri,
xüsusən tətil günlərində internetdən qoparmaq üçün valideynlərə övladları ilə
daha çox vaxt keçirməyi, onları nəzarətsiz qoymamağı, uşaqları üçün
məşğuliyyətlər tapmağı tövsiyə edirlər.
"Bizdə imkanlar o qədər də
çox deyil”
Təhsil üzrə ekspert Asif
Cahangirov hesab edir ki, uşaqların tətil günlərində müəllimlər, onlar üçün
hansısa məşğuliyyətlər düşünməlidirlər. Məsələn, şagirdlərin tətil günlərində
boş qalmamaları, inkişafları, asudə vaxtlarının təşkili üçün müəyyən tədbirlər
nəzərdə tutulmalıdır: "SSRİ dövründə tətillərlə bağlı hər bir məktəbin xüsusi
iş planı olurdu. Müxtəlif yaş qrupları üzrə həmin plan əsasında tədbirlər
həyata keçirilirdi. Dövlət bayramları istisna olmaqla, şagirdlərin tətili
günlərində müəllimlər işə çıxır və şagirdlər üçün proqramlar həyata
keçirirdilər. Bu proqramlar sırf şagirdlərin asudə vaxtlarının təşkilinə
hesablanırdı. Təəssüf ki, bütün bunlar sovet dövründə idi. İndi isə tətil
günlərində tədbirlər nadir hallarda həyata keçirilir. Çünki şagirdlərin asudə
vaxtlarının mənalı keçməsi üçün bizdə imkanlar o qədər də çox deyil”. Ekspert
sovet dövründə tətil günlərində məktəblilərin teatra, kinoya, muzeylərə,
zooparka, sirkə və s. əyləncə məkanların getdiklərini xatırlayır: "Təəssüf ki,
indi bu cür məkanlara uşaqlar üçün dəvətlər mütəmadi təşkil olunmur. Uşaq isə
yaşından asılı olmayaraq, başını qatmaq üçün vasitə axtarır”.
Gündəlik
rejimləri düzgün qurulsa
Psixoloqlar məsələyə münasibəti ünsiyyətlə əlaqələndirirlər. Belə ki,
əgər uşağın ünsiyyəti zəifdirsə, o, virtual aləmə meyl edir. Psixoloq Narınc Rüstəmovanın fikrincə,
uşaqların asudə vaxtının təşkili valideynlər üçün vacib mövzudur. Belə ki,
valideynlər tətil günlərində bu haqda ciddi düşünməlidirlər: "Məlumdur ki, dərs
günlərində valideyn bütün gününü uşağının yanında keçirə bilmir. Əgər biz bunu
onlardan tələb etsək, bu, utopiya olar. Ancaq tətil günlərində onların asudə
vaxtının səmərəli təşkili üçün valideyn öncə öz uşağının maraq dairəsini
müəyyənləşdirməli, onun yaşını nəzərə almalıdır. Yeniyetmə yaşlı uşaqlar asudə
vaxtlarını passiv şəkildə keçirməyi xoşlayırlar. Onlar valideynləri ilə o qədər
vaxt keçirməyi xoşlamırlar. Onların daha çox maraq dairələrində olan öz
yaşıdları ilə münasibətləridir. Onlar virtual aləmdə daha çox zaman keçirilər.
Azyaşlı uşaqlar isə daha çox valideynə ehtiyac duyurlar”.
Psixoloq hesab edir
ki, uşağın maraq dairəsinə uyğun olaraq müəyyən kurslar təşkil olunmalıdır: "Dərs
vaxtından asılı olub-olmayaraq, həmin kurslar davam edir. Bunlar şahmat
kursları, üzgüçülük və s. idman növləri ola bilər. Əgər uşaq kompüterə meyl
edirsə, o, futbolla və yaxud kompüterin incəlikləri ilə bağlı hər hansı axtarışlara
meyl etsə, yaxşı olar. Ancaq valideyn sanki uşağına oyuncaq alır, ancaq həmin
oyuncaqla necə oynamağı öyrətmir. Valideyn uşağı ilə zaman keçirməyi
bacarmalıdır. Əlbəttə, uşaq evdə bir oyuncaqla çox oynasa, bu da anormal
haldır. Valideynin onu özü ilə parka, hər hansı gəzinti yerinə aparması məsləhətdir.
Üstəlik, uşaqların yuxu və qidalanma rejiminə də riayət olunmalıdır. Uşaqların
asudə vaxtlarının təşkili üçün düşərgələrin olması da çox vacibdir”.
Psixoloq
hesab edir ki, valideyn övladı üçün doğru rejim qurmağı bacarmalıdır: "Əgər
uşaq boş qalırsa, təbii ki, sosial şəbəkəyə meyl edəcək. Xüsusən uşağın
ünsiyyəti zəifdirsə, o, daha çox sosial şəbəkələrdə gününü keçirəcək. Əgər uşaq
virtual aləmə qaçırsa, demək onun ünsiyyət problemi var. Valideyn məktəbdə
uşağının davranışı ilə maraqlanmalı, daim uşağının dostları, onların
valideynləri və müəllimləri ilə əlaqə saxlamalıdır. Valideyn uşağı ilə dost
olmağa çalışmalıdır. Hətta, uşağın maraq dairəsinə uyğun olaraq, psixoloq
yardımı da ala bilər. Uşaq asudə vaxtını özü də səmərəli bölə bilər”. Psixoloq
hesab edir ki, uşaqların yeniyetməlik dönəmində internetə, sosial şəbəkələrə
meyl etməsi təbiidir. Yəni buna tam məhdudiyyət qoymaq qeyri-mümkündür. "Yeniyetmə
internetdə musiqiyə qulaq asa, kinolara baxa bilər. Təbii ki, biz pornoqrafik
videoları nəzərdə tutmur və tövsiyə etmirik. Ancaq bu şəkildə uşaqların film
izləməsi və s. anormal hal deyil. Uşaq evdə qalıb nə etməlidir - ya televizora
baxacaq, ya da oyuncaqları ilə oynayacaq. Amma eyni şeylə məşğul olmaq da onu
bezdirir. Ona görə, uşaq daha çox çölə çıxmalıdır. O, valideyn nəzarəti altında
1-2 saat həyətdə zaman keçirməlidir. Hesab edirəm ki, uşaqların gündəlik
rejimləri düzgün qurulsa, onların lazımsız əyləncələrə zamanı qalmaz”.
Təbii ki, "rəqəmsal nəsl” və ya "dövrün tələbi” deyib yan keçə
bilmərik. Texnoloji biliklər,
məşğuliyyətlərlə yanaşı, böyüyən nəslin mənəvi tərbiyəsi ilə bağlı məsələ də düşünmək
tələb edir. Bu isə təkcə ölkə üçün vətəndaş yetişdirən valideynin deyil, həm də
təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin qayğısı olmalıdır. Həm də, təkcə
tətil günlərində deyil, bütün il boyu...
Təranə Məhərrəmova