• cümə axşamı, 28 mart, 13:10
  • Baku Bakı 16°C

Vikipediyada “Coğrafiya ayı”nın yekunlarına həsr olunan tədbir keçirilib

16.11.17 17:00 1102
Vikipediyada “Coğrafiya ayı”nın yekunlarına həsr olunan tədbir keçirilib
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və AMEA Coğrafiya İnstitutu "Coğrafiya ayı”nın yekun nəticələri ilə bağlı "Vikipediyada mövzulu ay və mükafatlandırma” adlı birgə tədbir keçirib. MEK-in direktoru Leyla İmanova Coğrafiya İnstitutu ilə əməkdaşlığın nəticəsinin səmərəli olduğunu vurğulayaraq, vikipediya qrupunun fəaliyyətini yüksək qiymətləndirib.
O, vikipediyada Azərbaycan dilində məqalələrin kəmiyyət və keyfiyyət baxımından artmasını, ölkəmizin 57-ci pillədən 52-ə yüksəlməsini, kitabxanada AMEA- nın Coğrafiya İnstitutundan olan 17 nəfərə vikipediya təlimlərinin keçirilməsini görülən işlərin müsbət nəticəsi hesab edib: "Mərkəzi Elmi Kitabxananın vəzifələrindən biri informasiyanı idarəolunan, əlaqələndirilə bilən strateji resursa çevirməkdir. Bu səbəbdən 2015-ci ilin əvvəlində MEK sərbəst elektron resurslardan birincisi hesab olunan vikipediyanı öz maraq dairəsinə daxil etdi, bu istiqamətdə bir sıra fəaliyyətlər həyata keçirdi. Bu fəaliyyətlərin ictimaiyyətə bəlli olan hissəsi sistemli halda təlimlərin təşkil edilməsidir. MEK-də vikipediyada çalışmaq qaydaları ilə bağlı ölkə modeli hazırlandı və kitabxanada onun pilot layihəsi tətbiq edilməyə başlandı. Güman edirəm ki, bütün bunlarla biz viki icmanın daha mütəşəkkil şəkildə çalışmasına nail olduq”.
L.İmanova tədbir iştirakçılarını paraleldə Googla alternativ axtarış sistemləri və vikipediyaya alternativ ensiklopedik resurslarla işə səfərbər olunmağa, Azərbaycan elmini bu resurslarda da təmsil etməyə çağırdı.
AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov vikipediyanı elektron ensiklopedik bilik bazası olmaqla yanaşı, həm də bir təbliğat mənbəyi adlandırıb. Bu yöndə ana dilimizdə məzmunlu, orijinal faktlara əsaslanan məqalə sayının çoxalması üçün bütün institutun səfərbər olduğunu bildirib.
MEK-in Sərbəst elektron resurslarla iş şöbəsinin müdiri Elnur Hüseynov vikipediya təlimlərinin əhəmiyyətindən və bununla bağlı görülən işlərdən danışıb.
Qiymətləndirmə komissiyasının üzvü, aktiv istifadəçi Fəqan Orucov vikipediyada yerləşdirilən məqalələrin müqayisəli təhlilini verib və bu sahədə mövcud olan nöqsanları diqqətə çatdırıb.
AMEA-nın Coğrafiya İnstitutunun vikipediya qrupunun rəhbəri Aida Aslanova "Coğrafiya ayı”nda görülən işlər barədə hesabat verib. Qeyd edib ki, "Coğrafiya ayı" çərçivəsində 2666 məqalə yazılıb, 251 kateqoriya və 272 şəkil yüklənib.
MEK-in Təlimlər bölməsinin rəhbəri Günay Məmmədova ay ərzində vikipediyada işlənən mövzuların statistikasını açıqlayıb. Qeyd olunub ki, 2014-cü ildən "Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə vikipediya istifadəçilərinin müxtəlif mövzularla bağlı məqalələr üzərində birgə iş layihəsi olan mövzulu ay təşkil edilir. 2017-ci ildən Mərkəzi Elmi Kitabxana mövzulu aylar üzrə 5 tədbirdə daha fəal iştirak edib. Mövzulu aylar çərçivəsində Azərbaycan dilli vikipediyada 1782 məqalə və 10 kateqoriya yaradılıb, 658 məqalə isə redaktə olunub.
Tədbirdə AMEA Coğrafiya, Tarix institutlarının, həmçinin Tarix Müzeyinin əməkdaşlarına "Mövzulu ay” ərzində səmərəli çalışdıqlarına görə sertifikat və kitablar hədiyyə olunub.
I yerə Qiymətləndirmə Komissiyasının üzvü, aktiv istifadəçi Fəqan Orucov, II yerə Rəşid Nurməmmədov, III yerə Coğrafiya İnstitutunun əməkdaşı Aida Aslanova, IV yerə Həlimə Əhmədzadə layiq görülüblər. Dörd mövzulu ayın mükafatına isə AMEA Tarix İnstitutunun əməkdaşı Elnur Nəciyev layiq görülüb.
Qalibləriə MEK rəhbərliyi tərəfindən "Təşəkkürnamə” və kitabxananın oxucu kartı da verilib.
Sonda Kanadada keçirilən "Vikimaniya 2017” adlı beynəlxalq tədbirdə Azərbaycanı təmsil edən MEK-in Sərbəst elektron resurslar şöbəsinin Koordinasiya bölməsinin rəhbəri Nihat Vəlizadə tədbir haqqında və ümumlikdə vikipediya haqqında fikirlərini bölüşüb.
banner

Oxşar Xəbərlər