AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

VII qurultay YAP-ın həyatında dönüş nöqtəsi hesab edilə bilər

VII qurultay YAP-ın həyatında dönüş nöqtəsi hesab edilə bilər

Cəmiyyət
07 Mart 2021, 13:15 412
Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisədir. Partiyanın Sədri İlham Əliyev 2018-ci ildə keçirilən prezident seçkilərində parlaq qələbə qazandıqdan sonra ölkəmizdə genişmiqyaslı islahatlara start verdi. Bu islahatlar bütün sahələri, o cümlədən siyasi sferanı əhatə edir. Cəmiyyətimiz bu islahatların müsbət nəticələrini daim hiss etməkdədir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, Prezident İlham Əliyevin siyasətində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, sosial-iqtisadi sahədə genişmiqyaslı islahatlar, əhalinin rifah halının daha da yüksəldilməsi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin daha da gücləndirilməsi və s. amillər mühüm yer tutur. Artıq bu istiqamətdə böyük nailiyyətlər əldə olunub. Ən əsası 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Dövlətimizin başçısı, partiyanın Sədri İlham Əliyev söylədiyi kimi, Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin əsas səbəbi ölkədə və regionda yaranmış yeni reallıqlardır. Artıq bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən islahatlar siyasi partiyaların da fəaliyyətinə öz müsbət təsirini göstərir. Yeni Azərbaycan Partiyanın VII Qurultayının keçirilməsi və qurultayda yeni Nizamnamənin qəbul olunması, müəyyən yeniliklərin edilməsi, struktur dəyişikliyi siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirilə bilər.
Ölkəmizin qarşısında müəyyən hədəflər dayandığını və partiyanın bu prosesdə öz rolunu oynayacağını bildirən deputat deyib: "Ötən dövrdə beynəlxalq müstəvidə bir çox nailiyyətlər əldə etmişik. Belə ki, Azərbaycanın təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasətimiz bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Azərbaycanın tərəfdaşlarının sayı artdı, beynəlxalq aləmdə mövqeləri gücləndi.
İkinci Qarabağ müharibəsinin nəticələri isə bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Müharibəsinin nəticələri ölkəmizin yeni dövrə qədəm qoyması baxımından yeni imkanlar açıb. Eyni zamanda, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və bütün dinlərdən, mədəniyyətlərdən olan millətlərin nümayəndələri ölkəmizdə dinc, mehriban yanaşı formada yaşayırlar. Azərbaycanda milli həmrəyliyin möhkəmlənməsi, dostluq, mehriban münasibət mühitinin qorunub saxlanması istiqamətində işlərin daha da gücləndirməlməsinə töhfə verilmək üçün siyasi təşkilat olaraq Yeni Azərbaycan Partiyası bu məsələlərdə də öz fəaliyyət istiqamətlərini zamanın tələblərinə uyğun müəyyənləşdirməlidir”.
Deputat qeyd edib ki, YAP nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. VII qurultay Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi hesab edilə bilər. Bu isə ölkəmizin Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra yaranan yeni reallıqlardan irəli gəlir. "Partiyanın Sədri, Prezident İlham Əliyev qurultayda proqram xarakterli çıxış etdi. Möhtərəm Sədrimizin tövsiyə və tapşırıqları hər bir partiya üzvü üçün fəaliyyət proqramı kimi qəbul olunmalıdır. Partiyamızın üzvləri yeni mərhələdə ictimai-siyasi proseslərdə daha fəal iştirak etməli, ölkəmizin inkişafına, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq işlərinə öz töhfələrini verməlidir”, - deyə, S.Fətəliyeva vurğulayıb.