AZE | RUS | ENG |


“Vicdanlı baxış qaçılmazdır”

“Vicdanlı baxış qaçılmazdır”
Mehriban Ələkbərzadə: “Rejissor kimi özünü təsdiq etmiş şəxs teatrlarda nəinki açılmış qucaqla qarşılanmır, hətta arzu edilmir”

Çoxdan idi ki, Azərbaycanın tanınmış teatr, kino və televiziya rejissoru, ssenarist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə ilə söhbət etmək niyyətində idim. Öz maraqlı rejissor yozumları ilə böyük tamaşaçı sevgisi qazanan müsahibimiz bizimlə söhbətində susqunluğundan danışdı. Onunla söhbət zamanı aydın oldu ki, susmuş vulkanın yenidən püskürəcəyi gün heç də uzaqda deyil. Tarix yazanlar unudulmur.

- Mehriban xanım, çoxdandır sizdən xəbər yoxdur. Haralardasınız, işləriniz necə gedir? Açığı bir qədər narahat olduq.
- Diqqətiniz üçün təşəkkür edirəm. Bir sıra işlərim var idi, onlarla məşğul oldum. Bir az da sağlamlığımla bağlı başım qarışıq oldu. Məhz bu və ya digər səbəblərdən yaradıcılıqla məşğul ola bilmədim. O ki, qaldı... daha başqa səbəblər...
Sonuncu işim iki il əvvəl Akademik Milli Dram Teatrında (AMDT) "Herostratı unudun” tamaşasına verdiyim quruluş idi. İndiki şərtlərlə, yəni ki ştatda deyil, müqavilə ilə işləyən rejissor üçün bu normal zamandır. O başqa məsələ ki, rejissor iki ildən bir deyil, hər il tamaşa hazırlamalıdır. Tamam başqa məsələ ki, bir-birinin ardı ilə hazırlanan və repertuarda qalmaq və nümayiş hüququnu 100 faiz qazanmış tamaşalarım - "Qatarın altına atılan qadın”, "Qatil”, "Əmir Teymur”, "Herostratı unudun”, - AMDT-nın repertuarından çıxarıldı. Bunları müzakirə etməkdən uzağam. İstəmirəm! Və bir də repertuardan çıxarılan tək mənim tamaşalarım deyildi təbii ki, başqa tamaşalar da var idi. Yəqin ki, bunu edənlərin bir səbəbi, bir məqsədi olub. Yəqin ki... Ancaq bu hansı məqsədə ya səbəbdən irəli gəlir... bax mən bundan xəbərsizəm.

- Tamaşalarınızı repertuardan çıxarmağın bir səbəbi olmalıdır axı.
- Əslində izahı mümkün ola bilən əsas və ya səbəb yoxdur. Mən artıq repertuarda oturan tamaşalardan bəhs edirəm. Məram-məqsəd isə ancaq özlərinə bəllidir, şəxsən mənə bəlli deyil. Bir rejissor olaraq əgər mənim tamaşalarım teatrın repertuarında yoxdursa demək ki, mən də yoxam. Bu da sizə mənim yox olma səbəbim! Ancaq neqativə köklənib oturmuram. Hazırda iki tamaşa üzərində çalışıram.

- Bu tamaşalar da Akademik Milli Dram Teatrında olacaq?
- ........ Hazırladığım tamaşalardan biri Gənc Tamaşaçılar Teatrında "Cəza” tamaşasıdır ki, artıq hazırdır. Bu mono-tamaşa sentyabrdan geniş tamaşaçı kütləsinə təqdim olunacaq. Digər bir tamaşa isə Musiqili Teatrında hazırladığım Əli Əmirliyə məxsus "Nuri Didə Ceyhun” əsəridir. 4 aydır bu əsər üzərində çalışıram. Tamaşanın məşqlərinə hələ indi başlayıram. Adətən gec qərar verən rejissorlardanam (gülürük).
O ki, qaldı sualınıza... Azdramanın səhnəsi mənə çox doğmadır. Çünki mən diplom tamaşamı da məhz o səhnədə nümayiş etdirmişəm. Və bu son iki ilə qədər də məhz orda çalışmışam. Açığını desəm bir qədər durğunluğum da bu teatrdan olan gözləntimlə bağlı idi. Gələcəkdə allah qoysa, yenə də orda tamaşa hazırlamaq imkanım olar. Yəqin ki...

- Sizə elə gəlmirmi son zamanlar teatrlarımızda hazırlanan tamaşaların sayı azalıb?
- Düzgün müşahidədir. Təbii ki, bir rejissor olaraq bu fakt məndən də yan keçməyib. Tamaşaların az hazırlanmasına birinci səbəb odur ki, teatrlar rejissorlara açıq deyil. Yəni artıq rejissor kimi özünü təsdiq etmiş şəxs teatrlarda nəinki açılmış qucaqla qarşılanmır. Hətta arzu edilmir. Daha sonra, teatrlarda olan repertuar siyasəti məsələsi və... tamaşaların hazırlanması, sifarişi üçün büdcədə pul yoxdur. Məhz bu səbəblərdən də tamaşalar hazırlanmır. Teatrlarımızda ən azı iki-üç il bundan əvvəlki o qaynayan mühit yoxdur. Əvvəllər teatrlarımızda bir-birinin ardınca tamaşalar hazırlanırdı. Yenə də bu baxımdan Musiqili Teatr bir qədər çox çalışır və aktivdir. Onlar teatr camesindəki durğunluğa rəğmən bir- birinin ardınca tamaşalar hazırlanması üçün müxtəlif rejissorları dəvət edirlər.

- Az öncə qeyd etdiniz ki, sağlamlığınızda bir qədər problem var idi. İndi özünüzü necə hiss edirsiniz?
- Mən bir il öncəki səhhətimdən bəhs etdim. Bu o qədər də ağır vəziyyət deyildi. Şükürlər olsun ki, indi yaxşıyam və indi hər şey qaydasındadır. Bundan sonra yenidən var gücümlə çalışmağa başlayacam.

- Azdramadan 4 tamaşanızı birdən repertuardan çıxarılması yəqin ki, bir rejissor kimi sizə psixoloji təsir edib. Bəlkə də sağlamlığınızdakı yaranan problemdə bunun da bir rolu var.
- Orda tək mənim tamaşalarım repertuardan çıxarılmadı. Mən tək deyiləm. Teatr, yeni bir novatorluğun deyim, ya yeni bir üslubunmu deyim axtarışındadır. Mənə görə, quruluş verdiyim nə "Qatar altına atılan qadın”, nə "Əmir Teymur " nə "Qatil”, nə də ki, "Herostratı unudun” tamaşaları yetərincə ömrünü yaşaya bilmədilər. Onların ömrü yarımçıq qaldı. Həmin tamaşaların da öz tamaşaçıları var idi. Misal üçün "Qatil” tamaşasına kassaya müraciət edilib, biletlər alınırdı. Bunu etiraf etmək lazımdır. Repertuarda olan tamaşaların 90 faizi təşkil olunduğu halda, "Qatil” tamaşasına bileti tamaşaçı öz istəyi ilə alırdı. "Herostratı unudun” isə ümumiyyətlə ömrünü yaşaya bilmədi. Avtomatik olaraq 4 tamaşanın ömrünün dayandırılması təbii ki, əsəb, stress yaratdı, mənim sağlamlığıma birbaşa təsir etdi. Daha sonra tamaşamda oynayan aktyorun teatrdan uzaqlaşdırması, tamaşanı bərpa etməyi mümkünsüz etdi. Rejissor tamaşa ilə yaşayır. Sən ömrünü-gününü həsr edirsən, dünyaya bir tamaşa gətirirsən, sonra da onu kimsə özünə bəlli olan istəkdən qoparıb atır. Təbii ki, insan öz işinə yüksək qiymət verə bilər. Təbii ki, bu zaman insan qeyri-obyektiv də ola bilər. Ancaq müəyyən göstəricilər var ki, burada vicdanlı baxış qaçılmazdır. Hər kəs nə və necə olduğunu gözəl bilir. Mən də işlərimə məsuliyyətlə qiymət verməyi bacaran şəxsəm.

- Mehriban xanım, teatr kütləni öz arxasınca aparmaq gücünə malik olan bir sənət növüdür. Bəs sizcə, bu gün teatr kütləni öz arxasınca aparır, yoxsa kütlə teatrı arxasınca aparır?
- Bu gün aqibət fərqlidir. Paradoksal odur ki, kütlə nə istəyirsə mədəniyyət çalışmanları da bu gün onu verir, teatra məhz istəniləni sifariş edir. Kütlə nəyə baxacaqsa təbii ki, o da hazırlanacaq. Bu məsələdə kassa böyük rol oynayır. Gərəkliyi ehtimal olunan, məqsədyönlü ya maarifçi, tərbiyəvi yaxud zövq aşılayacaq ideyalar yox, tələb olunan mətləb və mövzular əhəmiyyət daşıyır. Bu da mədəniyyət ideologiyası deyil. Bu bazar iqtisadiyyatıdır. Mədəniyyətdə bazar iqtisadiyyatını heç cür görmək istəmirəm. Amma reallıq budur. Tamaşaçı komediya istəyir. Tamaşaçı tarixi drama gəlmək istəmir. Ən yaxşı halda hansısa bir aktyorun xətrinə gedə bilər, ancaq bu da kütləvi deyil. Sadəcə janr etibarı ilə insanlar komediyaya üstünlük verirlər. Həmin kontekstdə komediya da bir janr olaraq deyil, əyləncə vasitəsi kimi adlandırırıq. Bu isə ciddi sənət ola bilmir. Hər teatrın repertuarında kassaya görə tamaşa olmalıdır. Ancaq bütün repertuarı bu məqsəd üstündə qurmaq düzgün deyil. Kütlənin ardınca gedəndə sənət artıq sənət meyarından çıxır. Deyirlər sənət xalq və sənət sənət üçündür. Mən həm də deyirəm ki... sənət allah üçündür. Hər bir insan özünü ifadə edir. Mən rejissoram, hazırladığım tamaşanın sosial mesajları ilə özümü ifadə edirəm. Hər bir normal düşünən insan isə sosial və ideoloji mesajla köklənməlidir. Bu cəmiyyət və biz dialoqudur. Əks halda... loru dildə desək "üç badam, bir qoz” məntiqindən kifayətlənən tamaşaçı bəsitlikdən gərək olunan keyfiyyətlərini də itirəcək. Teatr hansı xalq, toplum üçün lazımdır? Özünə və cəmiyyətinə kənardan baxmağı bacarana. İçində şəxsiyyəti ilə bərabər daha başqa dünyalara açılmaq istəyənə, cəmiyyətin məni ilə öz şəxsi mənini qarşı-qarşıya qoyan insan üçün. Ancaq bizim dediyimiz variantlarda bunlar alınmır.

- Müsahibələrinizin birində tarixi tamaşalara maraq olmadığını qeyd etmisiniz. Ancaq Türklərin çəkdikləri tarixi seriallar bizim tamaşaçılar tərəfindən sevilərək izlənilir. Sizcə buna səbəb nədir?
- Tamaşaları izləmək bu saat həvəsdən daha çox, təsadüfdəndir. Barmaqla sayılası tamaşalar var ki, izləyicilər həmin tamaşaya öz istəyi ilə bilet alıb gedirlər. Qalanları sadəcə satışı təşkil edilmiş tamaşalardır. Könüllü seçim kassadır. Misal üçün "Əmir Teymur”da, "Qatil” də mənim tamaşalarımdır. "Əmir Teymur” tamaşasına "Qatil”ə gəlinən qədər gəlmirdilər. H.Cavidin "Əmir Teymur” əsərində də daha çox türk dünyasının parçalanmasından bəhs edən və bir də niyə "Turanı belə itirdik” mətləbini açıqlayan tamaşa idi. Sosial mesajı çox ağır idi. Amma mütləq dərk edilməsi vacib idi.
İndi çəkilən seriallara baxın, seriallar kütləyə işləyən və tələb olunan ən vacib məsələdir. Türkiyədə çəkilən tarixi seriallara belə maraq və həvəs var. Bizim məmləkətdə 9 milyon, amma sadəcə İstanbulda 18 milyona yaxın əhali yaşayır. Hər halda nüfuz və miqyas da böyük rol oynayır. 9 milyonla 80 milyon arasında bu mənada müqayisə qüsurludur. Təbii ki, orda seçim fərqi və hər hansı say fərqi normaldır. Və...bizdə kinoteatrlarda filmlərin növbəsinə baxın, hansı filmlərdə çox növbə var? Fakt odur ki...sadəcə güləcək və "uğunub gedən” filmlərə maraq daha çoxdur. İnsanlar düşünmək istəmir. Bu da əksəriyyəti təşkil edir, 5-6 faiz deyil. Barmaq sayında olan ziyalılar çoxluq təşkil etmirlər. Onlar çox azdırlar. Bu insanlar bir yerdə deyillər. Tamaşa və teatr isə toplumu intellekti, özünü tərbiyəni təmin edir. Teatr film kimi deyil, sadəcə baxdım keçdim. Bu həm də fikrə, sosial mesaja əvvəldən hazırlıq tələb edən şeydir. Aktyor zəif oynaya bilər, ancaq sən oradakı sosial mesajı duyursansa yenə gedəcəksən. Bəyəm Avropada ya Rusiyada getdiyimiz tamaşaların hamısımı sənət əsəridir? Amma peşəkarlıqla verdiyi sosial mesajlar topluma çatır. Sosial mesajı götürə bilən tamaşaçı ovuca sığacaq barmaqlarımızın sayı qədərdir. Bax budur problem. Teatr bu gün ən böyük tənəzzül dövrünü yaşayan bir sənətdir. Çünki teatr kütləvilik yox, müəyyən düşüncə tərzi , intellekt tələb edən sənət növüdür. Şirin və yalan tələb edən şeylər çox rahat həzm olunur. Bunun üzərində ciddi iş aparmaq, teatr üçün çalışmaq, bu məqsədlərə yetişmək üçün işləmək, işləmək və yenə də işləmək lazımdır.

- Hər bir rejissorun həyatında səs küy salan bir işi olur. Geriyə baxanda sizi Mehriban Ələkbərova kimi tanıdan hansı işinizi misal gətirə bilərsiniz?
- Mən onu deyə bilmərəm. Bunu tamaşaçı deyə bilər. Mənim üçün tamaşalarımın hamısı doğmadır. Mən hətta ilk dəfədir ki, Azərbaycanda eyni teatrda eyni əsərə iki dəfə müraciət edən adamam. İdrakımı fikrə çevirmək, onu ifadə etmək ... onu sənətə çevirmək üçün bunu belə etmişəm. Tamaşalarımdan hansının məni daha çox mən edib, deyə bilmərəm... Mən onların hamısını sevmişəm. Hər dəfə bu hiss olur. Hər son iş sənə daha doğma görünür. Amma düşünürəm ki, məni ifadə edən son hazırlamadığım "Cəza” tamaşasıdır.


-Müsahibələrinizin birində demisiniz ki, "Televiziyada olduğum qədər kinoda cəsarətim yoxdur”. Sizcə bu fikrinizlə meydana dünən gələn, özünü kinorejissor hesab edənlərə yer vermirsinizmi?
- Onların sənətə aidiyyatları yoxdur. Mən böyük sənətdən danışıram. Mən Tarkovski, Spilberq, Tarantino, Kiyarüstəmi, Mel Gibson, Nuri Belge Ceylan və bu qəbildən olan rejissorların filmlərinə müvafiq olaraq demişəm. Bizdə hamı film çəkir. Bəzən deyirlər niyə cəhd etmirsən, deyirəm ki, edə bilmərəm. Mən cəhd etsəm onlardan biri olacağam. O sırada olmaq istəmirəm. Nə zamansa ara sakitləşər, ondan sonra düşünərəm. Bu gün meydan bir az başqadır.

- Bizim teatrlarımızda "18+” tamaşalar hazırlanmır. Bir neçə tamaşalar var ki, orada cüzi şəkildə açıq-saçıqlığa yer verilir. Amma dünya teatr prosesində belə tamaşalar normal şəkildə qarşılanır. Sizcə bizdə "18+” tamaşa hazırlanarsa necə qarşılanar?
- Bizdə konkret olaraq "18+” yoxdur. Bura Qafqazdır, türk kökənli insanlardır. Dinimiz islamdır. Mənin hazırladığım "Qatil” tamaşasında qısa açıq-saçıq elementlər var idisə də, ancaq o erotik tamaşa deyildi. Elementlər isə bütün yaş həddi üçün uyğun sayılmır. Mən belə deyərdim. Bəzilərinin 18+ deməsinə rəğmən. Mən eyni tamaşanı Kiprdə qoymuşdum. Orada heç açıq-saçıq, yəni sevgi səhnələrinə irad tutulmadı. Bizdə əzab çəkməyi qəbul edirlər, ancaq sevgi ya bəxtiyarlığı bağışlaya bilmirlər. Və mən bir rejissor olaraq vurğunu dediyiniz səhnələrdə görüntüyə deyil, məntiqə işləmişdim. Yəni bu yaranan sevginin, yaxınlığın əvvəldən yanlış olduğunu göstərmək üçün məhz o mizanlardan istifadə etmişdim. Amma anlayana! O sadəcə 18+ marağı üçün deyildi. İnsanın sevgisi ilə ehtirasının fərqi görünməli idi.
Bunlar hamısı düşünülmüşdü. Ona görə buna "18+” deyən adam tamaşanı anlamır. Səhnə əsəri başqa şeydir.

Xəyalə Rəis
 
 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6586
GBP 1 İngilis funt sterlinqi 2.2843
TRY 1 Türk lirəsi 0.4459
KWD 1 Küveyt dinarı 5.6297
SEK 1 İsveç kronu 0.2022
EUR 1 Avro 2.0116
CHF 1 İsveçrə frankı 1.7266
USD 1 ABŞ dolları 1.7001