• şənbə, 20 Aprel, 00:56
  • Baku Bakı 15°C

Vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur

08.02.14 10:53 1617
Vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur
Partiya funksionerlərinin fikrincə, Prezident İlham Əliyev öz çıxışında radikal müxalifətə və onlara dəstək verən qüvvələrə açıq mesaj göndərib
Heydər Əliyev Mərkəzində regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda Prezident İlham Əliyev bir sıra məsələlərə diqqət çəkib. Ölkə başçısı Azərbaycanın dünya miqyasında böyük hörmətə malik olan bir dövlət olduğunu, BMT-nin Təhlükəsizlik Şurasına üzv seçildiyini, dünya birliyinin üçdə iki hissəsi tərəfindən dəstəkləndiyini vurğulayıb. Prezident İlham Əliyev xaricdən olan bəzi təzyiqləri də diqqətə çatdırıb və bildirib ki, bu təzyiqlər heç bir səmərə vermir. Onun fikrincə, bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir: “Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə, xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi”.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin vitse-spikeri Bahar Muradova ölkə daxili qüvvələrlə bağlı söylədiyi fikirlərə münasibət bildirərək deyib ki, Prezident İlham Əliyev Azərbaycandakı mövcud müxalifətin fəaliyyətini hər zaman olduğu kimi bu dəfə də çox dəqiq, düzgün ifadə edib. Onun sözlərinə görə, bu fikirlər özünü müxalifət adlandıran bütün dairələrə deyil, fəaliyyətində hər mənada Azərbaycanı qaralamaq məqsədi dayanan dairələrə yönlənib: “Özlərinə ölkədən kənarda dayaq axtaran, xalqdan heç bir sosial dayağı olmayan bir qrup siyasətbazların mövqeyi bəllidir. Onlar öz siyasi ambisyalarını reallaşdırmaq üçün ölkənin milli maraqlarını bizi istəməyən xarici qurumlara belə qurban verməyə hazırdılar. Bunun bariz nümunəsi ölkəmizdə keçirilən son prezident seçkilərində özünü göstərdi. Seçkilər ərəfəsində Azərbaycandakı vəziyyəti gərginləşdirmək üçün bütün vasitələri səfərbər etmişdilər. Buna baxmayaraq, iflasa uğradılar. Bu günə qədər heç bir güc mərkəzi ölkəmizdə istədiklərini reallaşdıra bilməyiblər. Azərbaycan günbəgün güclənir, möhkəmlənir, vətəndaşlarımızın həyat səviyyəsi yaxşılaşdırılır. İqtisadi imkanların genişlənməsi onun imicinin beynəlxalq arenada artmasına, möhkəmlənməsinə xidmət edir. Azərbaycan dünya siyasətinin aparıcı fiqurlarından birinə çevrilib. Bu baxımdan, heç bir qüvvə Azərbaycanda sabitliyi pozmağa cəhd edə bilməz”.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı dövlət başçısı İlham Əliyevin öz çıxışında Azərbaycanı hərtərəfli əks etdirdiyini, ölkənin siyasi mənzərəsini olduqca dəqiqliklə, bütün incəlikləri ilə ortalığa qoyduğunu söyləyib. Parlamentari də təsdiqləyib ki, Azərbaycanda müxalifətin bir qismi, xüsusən də radikal müxalifət hər zaman ölkəmizə qarşı antiazərbaycan kampaniyasının tərkib hissəsi, iştirakçısı olub: “Bir qədər keçmişə nəzər salsaq, “Eurovision-2012” ərəfəsində Azərbaycan əleyhinə hansı təbliğatın aparıldığını müşahidə edə bilərik. Radikal müxalifət bütün antiazərbaycan koalisiyalarla birləşmişdi. Sonrakı proseslərin hər birində də Azərbaycana qarşı antimilli mövqedə dayandılar. Son prezident seçkilərində isə radikal müxalifət Azərbaycanın dövlət suverenliyini məhdudlaşdıran, ərazi bütövlüyünü şübhə altına salan Milli Şurada bir yerə toplaşdılar. Bu günə kimi mövcud olmuş belə faktları çox sadalamaq olar. Dövlət başçısı İlham Əliyev də bu, eləcə də bizim hələ bilmədiyimiz daha dəqiq faktlara söykənərək radikal müxalifətin anatomiyasını bütün mahiyyəti ilə ortalığa qoydu. Doğrudan da onlar Azərbaycan xalqına deyil, öz ambisiyalarını reallaşdırmaq üçün xarici qüvvələrə xidmət edirlər. Bu xidmət müqabilində isə radikal müxalifətə ayrı-ayrı dövlətlər, həmçinin Azərbaycanın uğurlarını həzm etməyən, bəlli siyasi güclərə bağlı donor təşkilatlar müxtəlif forma və vasitələrlə maliyyə yardımları edirlər. Beləliklə onlar burada həm də öz bizneslərini qurmuş olurlar. Ona görə də nə qədər ki, Azərbaycan bu antimilli radikal müxalifətdən xilas olmayıb, ölkədə normal, konstruktiv, reallığı olduğu kimi qiymətləndirən müxalifətin olması problem olaraq qalacaqdır”.
Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev isə qeyd edib ki, Prezident İlham Əliyevin son müşavirədə söylədiyi faktlar, daha doğrusu, mesajlar konkret ünvanlara yönəlib. Partiya sədri deyib ki, bu ünvan Azərbaycanın radikal müxalifəti və onlara dəstək verən xarici qüvvələrdir: “Həqiqətən də onlar hər dəfə ölkəmizdə beynəlxalq səviyyəli tədbirlər keçiriləndə, həmçinin seçki marafonu olanda fəallaşırlar. Lakin qaraguruhla, ağa qara deməklə, antimilli fəaliyyətlə, sonda özləri məğlub duruma düşürlər. Onlar 2000-ci ildən başlayaraq bəzi beynəlxalq təşkilatlarla, Azərbaycan xalqının iradəsinə zidd gedən xarici qüvvələrlə əməkdaşlığa başlayıblar. 2005-ci ildən etibarən onların bu əməkdaşlıqları, həmçinin ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Rino Harnişin təşkilatçılığı ilə görəcəkləri işlər, eyni zamanda hakim komandanın tərkibində yer alan bəzi adamların dövlət çevrilişinə dəstək vermələri ifşa olundu. 2008-ci ilin prezident seçkilərində isə radikal müxalifət boykot qərarı verməklə, Azərbaycan xalqının iradəsinə hörmətsizlik etməklə, seçkinin nəticələrinin beynəlxalq aləm tərəfindən tanınmamasına çalışdı. Bunun da sifarişi bəlli ünvanlardan gəlmişdi. Lakin xalq onlara etimad göstərmədi və nəticədə özlərini seçki prosesindən sadəcə təcrid etdilər. 2010-cu ilin parlament seçkilərində də eyni ssenari üzrə hərəkət edib fiaskoya uğradılar. Onların son antimilli fəaliyyəti isə 2013-cü ilin prezident seçkilərində oldu. Kinorejissor Rüstəm İbrahimbəyovun ortaya atılması, Milli Şuranın yaradılması əvvəlki xəttin yeni formada davamı idi. Radikal müxalifət bu dəfə də Rusiya faktından istifadə etməyə çalışdı. Lakin seçkilərin nəticəsi, Azərbaycan xalqının yekdilliklə Prezident İlham Əliyevi dəstəkləməsi onları - xarici ölkələrə işləyən “beşinci kalon” nümayəndələrini bu dəfə də məyus etdi. Azərbaycan xalqı, müasir Azərbaycan vətəndaşı reallığı olduğu kimi görməyi, qiymətləndirməyi bacarır. Ona görə də radikal müxalifətə, xarici qüvvələrin buradakı təxribatçılarına dəstək vermir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər