• cümə axşamı, 28 mart, 22:58
  • Baku Bakı 13°C

“Vicdan”

07.08.15 09:21 2316
“Vicdan”
Müharibə başlayanda Luici adlı birindən könüllü olaraq cəbhəyə yollanıb-yollanmayacağını soruşurlar. Luicini o qədər tərifləyib, şanını ucaltmışdılar ki, təbii ki, gedəcəyini dedi. Könüllülərə silah paylanan mərkəzə yollanan Luici silahı əlinə alar-almaz: “Elə bu dəqiqə gedib Albert adlanan iti gəbərdəcəyəm”- dedi.
Təbii ki, ilk eşitdiyi sual: “Albert kimdir?”- olur.
“O, düşməndir” – Luici cavab verir: “O, mənim düşmənimdir”. Ətrafdakılar Luiciyə müharibənin onun anladığından çox fərqli olduğunu, müəyyən cəhətləri olan düşmənləri öldürməli olduğunu, qarşısına keçən hər kəsi düşməni təyin edib, öldürə bilməyəcəyini izah etməyə çalışırlar.
“Hə, indi bu nədir ki?” – Luici səbirsizcə soruşur: “Siz məni axmaq yerinə qoymusunuz? Bu Albert eyni ilə sizin dediyiniz kimi adamdır, düşməndir yəni, onlardandır. Mən o qrupa qarşı müharibə elan etdiyinizi, savaşacağınızı eşidəndə, mən də qoşulacağam dedim, beləcə, Alberti öldürücəyimi düşündüm, ona görə gəldim. Mən o Alberti yaxşı tanıyıram – o, saxtakarın yekəsidir. Mənə xəyanət etdi, heç nəyə görə məni satdı, bir qadına görə rəzil olmağıma, özümü təhqir olunmuş hiss etməyimə səbəb oldu. Nəysə, bu köhnə məsələdir. Əgər inanmırsınızsa, hər şeyi danışa bilərəm. Özü də lap əvvəldən”.
Heç kimin Luicininin hekayəsini dinləmək həvəsi yox idi. Heç kim danışmasını istəmədi.
“Madam ki, belədir, deməli, sizə hər şey aydındır” – Luici qısa fasilədən sonra davam etdi: “İndi mənə Albertin harada olduğunu deyin, gedib onunla üzbəüz savaşacağam”. Silahdaşları Albertin yerini bilmədiklərini dedilər.
Luici bu cavaba qane olmadı: “Eyb etməz. Onun yerini bilən birini taparam yəqin ki. Axır-əvvəl onu tapacağam”. Silahdaşları yenə ona bunun qadağan olduğunu, müharibəyə qoşulanların komandirlərin əmr etdiyi yerlərdə döyüşməli olduğunu, orada göstərilən düşmən kimdirsə, yalnız onunla savaşa və onu öldürə biləcəyini başa salmağa çalışdılar. Amma bəlli idi ki, bunlar Alberti tanımırlar.
“Bax, qulaq asın, deyəsən, mən sizə bütün hekayəni danışmalı olacağam” – deyə Luici öz iddiasında doğru olduğunu sübut etməyə çalışdı: “Çünki bu adam həqiqətən saxtakardır və ona qarşı savaşmaq ən müqəddəs işdir, siz onun kimilərə müharibə elan etməklə çox düzgün addım atmısınız”. Luici hiss etməsə də, ətrafdakıların səbr kasası daşırdı, çünki hamı onun bu sərsəm fikirdən daşınmasını və elə hey danışmaq istədiyi hekayəni beynindən silməsini istəyirdi. Luici isə sözdən, məsləhətdən anlamırdı: “Mən çox üzr istəyirəm, sizin üçün bu və ya digər düşməni öldürməyimin elə də ciddi bir fərqi olmaya bilər. Amma mən Alberti və ya onunla əlaqəsi olmayan bir adam öldürsəm, çox pis olaram, öldürə bilmərəm”.
Nəhayət, hamı Luicinin bu sərsəm iddiasına sərt cavablar verdi. Silahdaşlarından biri uzun bir nitq söyləyərək, ona müharibənin əslində nə olduğunu, şərtlərinin necə olduğunu izah etməyə başladı və Luicini başa salmağa müvəffəq oldu. Aldığı cavabdan mütəəssir olan qəhrəman: “Əgər bu iş belədirsə, onda mən bu işdə yoxam” – dedi. Hərə bir tərəfdən: “Varsan, artıq qərarından dönmək üçün gecdir” – deyə bağırırdı. “İrəli marş, bir-iki, bir-iki” – ilk komanda səsləri eşidildi. Təbii ki, Luici müharibəyə yollanmalı oldu. Hamının şərəf savaşı apardığı bu yerdə Luici özünü çox bədbəxt hiss edirdi. Durmadan adam öldürürdü, haçansa qarşısına Albert və ya yaxınlarından kiminsə çıxacağı ümidi ilə yaşayırdı. Öldürdüyü düşmənlər üçün ona durmadan medallar verir, təltif edir, təşəkkür edirdilər, lakin heç nə onu xoşbəxt etmirdi. Beynində bircə fikirlə dolaşırdı: “Alberti öldürə bilməsəm, bütün bu insanları boş yerə öldürmüş olacağam”.
Artıq ona verilən medallar gümüşdən, qızıldan idi. Lakin Luici ona verilən qızılları yox, başqa şeyi düşünürdü: “Bu gün bu qədər düşmən öldürdüm, sabah da bu qədər öldürsəm, yavaş-yavaş sayları azalacaq və sıra mütləq Albertə gələcək”. Amma Luici Alberti tapıb öldürməmiş düşmən ölkə təslim oldu. Boş yerə o qədər insanın həyatına son qoyduğu üçün özünü hər gün daha çox pis hiss etməyə başlamışdı. Ölkələr arasında sülh elan edildikdən sonra ona verilən bütün medalları və pulla dolu zərfləri çantasına yığıb, düşmən ölkəyə yollandı. Ölkənin dörd bir yanını gəzərək, bütün pullarını və qızıllarını müharibədə ailə başçılarını itirmiş insanlara payladı.
Və nəhayət, bu səyahətlərdən birində Albertlə qarşılaşdı. “Yaxşı” –dedi Luici: “Gec olmağından bir zərər yoxdur, axır ki, bu it öləcək”. Luici elə oradaca Alberti öldürdü. Təbii ki, Luici həbs olundu. Məhkəmədə nə qədər vicdanının səsini dinlədiyini, Albertin ölməli olduğunu desə də, buna əhəmiyyət verən olmadı. Qəsdən adam öldürmüş Luici cinayətkar kimi edam olundu.
banner

Oxşar Xəbərlər