“Veysəloğlu” şirkətlər qrupu “Gələcək Qurmaq” üçün yola çıxdı
"Veysəloğlu” şirkətlər qrupu özünün Korporativ
Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində dəstək olduğu "Gələcəyini
Qur” layihəsinin iştirakçıları ilə görüşüb. Görüşdə seçim turunda fərqlənən və
yüksək nəticə göstərən 20 şagird (12 qız, 8 oğlan), eyni zamanda şirkət nümayəndələri
iştirak edib. Dəyirmi masa ətrafında toplaşan layihə iştirakçıları şirkət nümayəndələri
ilə gələcək hədəflərini və planlarını bölüşüblər. Tədbirin sonunda "Veysəloğlu”
şirkəti dəstək olduğu şagirdlərə hədiyyələr təqdim edib və xatirə fotosu çəkilib.
Qeyd edək ki, "Veysəloğlu” şirkətlər qrupu layihə çərçivəsində
Sabunçu rayonunda aztəminatlı ailələrdən olan, yüksək intellektual qabiliyyəti
və universitetdə oxumaq arzusu olan yerli orta məktəb şagirdlərinin hazırlıq kursları ilə təmin edilməsinə dəstək göstərir.
Xatırladaq ki, "Gələcəyini Qur” layihəsinin əsas məqsədi
aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda
uğur əldə etmələrinə dəstək və töhfə vermək və bununla Azərbaycan cəmiyyətinə
yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər
qazandırmaqdır. Layihəyə seçilmiş şagirdlər ölkənin aparıcı ali təhsil məktəblərinə
qəbul olmaları üçün 1 il ərzində xüsusi hazırlıq kurslarında bilik və bacarıq səviyyələrini
yüksəldəcəklər ki, bu yolda da "Veysəloğlu” şirkəti onlara dəstək göstərir.