Veteran jurnalist Oqtay Cəfərovun 85 illik yubileyi qeyd edilib
Azərbaycan Mətbuat Şurasında qocaman jurnalist Oqtay
Cəfərovla görüş keçirilib. MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov 85
illiyini qeyd edən veteran qələm sahibinin ölkə mətbuatının inkişafındakı
xidmətlərindən söz açıb. O bildirib ki, rəhbərlik etdiyi qurumun tərkibindəki
Ahıl Jurnalistlər Məclisinin Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə
yardımı ilə reallaşdırdığı «Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram
gələcək üçün təcrübə qaynağımızdır» layihəsi ömrünü-gününü peşəyə sərf edən
jurnalistlərin əməyinin dəyərləndirilməsi baxımından son dərəcə vacibdir.
O.Cəfərov da keçdiyi ömür yolu peşə müstəvisində yüksək qiymətləndirilməli olan
şəxslərdəndir. «Oqtay müəllim kimi insanlar daim diqqət mərkəzində
saxlanılmalıdır. Çünki onlar peşəni həqiqətən də seviblər, ucaldıblar, hər
zaman işlərinə, prinsiplərinə sadiq qalıblar. Eyni zamanda ziyalı kimi də
cəmiyyətə nümunə olmağı bacarıblar», - deyən Ə.Amaşov O.Cəfərova Mətbuat
Şurasının fəxri diplomunu təqdim edib.
Görüşdə çıxış edənlərdən MŞ-nin Ahıl Jurnalistlər
Məclisinin sədri Məzahir Süleymanzadə, «Xalq qəzeti»nin baş redaktor müavini,
əməkdar jurnalist Tahir Aydınoğlu, professor Tehman Əliyev, əməkdar mədəniyyət
işçisi Rafiq Salmanov yubilyarı peşəkar jurnalist, cəsarətli qələm sahibi kimi
səciyyələndiriblər. Onlar həmçinin O.Cəfərovun daim gənc jurnalistlərə dəstək
olduğunu xüsusi məqam kimi vurğulayıblar.
Veteran jurnalist Oqtay Cəfərov əməyinin
qiymətləndirilməsinə, barəsində söylənilən xoş sözlərə görə təşəkkürünü
bildirib.
Qeyd edək ki, Oqtay Cəfərov 1952-ci ildə Bakı Dövlət
Universitetinin jurnalistika şöbəsinin ikinci buraxılışının məzunu olub.
Jurnalist fəaliyyəti müddətində Göyçay rayonunda çıxan yerli qəzetin,
Sumqayıtın «Kimyaçı» qəzetinin, «İnşaatçı» qəzetinin, həmçinin «Müxbir»
jurnalının baş redaktoru olub. Ömrünün 60 ili mətbuatda keçib.