• cümə axşamı, 25 aprel, 08:52
  • Baku Bakı 14°C

Vətənpərvərlik tərbiyəsində ailə, məktəb və bədii ədəbiyyatın rolu

21.02.18 10:45 7184
Vətənpərvərlik tərbiyəsində ailə, məktəb və bədii ədəbiyyatın rolu
Gənclərin milli-mənlik şüurunun formalaşması və onların vətənpərvər ruhda böyüməsi müstəqil dövlət quruculuğu yolunu seçən ölkəmizin prioritet istiqamətlərindəndir. Elm və təhsil, idman, iqtisadi, siyasi, mədəni və s. sahələrdə gənclərin uğur qazanması, qloballaşan dünyanın tələblərinə cavab verən gəncliyin yetişdirilməsi həmçinin ölkəmizin tanıdılması istiqamətində atılan mühüm addımlardandır. Ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər bu istiqamətdə Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Bu mənada müstəqil dövlət quruculuğu yolunda artıq inkişaf xətti tutan ölkəmizin gənclərinin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür.
Vətənpərvərlik ruhunda tərbiyəyə ehtiyac
Gənclərin vətənpərvərlik ruhunda böyüməsi işinin mühüm istiqamətlərindən birini heç şübhəsiz, təhsil müəssisələrindəki təlim-tərbiyə işləri təşkil edir. Təhsilin bütün pillələrində, xüsusən də ümumtəhsil məktəblərində bu tərbiyə işinin həyata keçirilməsi üçün imkanlar genişdir. Təhsil ocaqlarında tədris olunan humanitar fənlər, xüsusən də ədəbiyyat, tarix, o cümlədən hərbi hazırlıq fənlərinin tədrisi təhsil alanları müvafiq biliklərlə təmin etməklə yanaşı, onların milli-mənlikşüurunu formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyəsinə müstəsna təsir göstərir.
Şuşa şəhər 1 nömrəli tam orta məktəbin Gənclərin hərbi çağırışadək hazırlığı müəllimi Kənan Əbdüləzimov hərbi hazırlıq dərslərində şagirdlərin vətənpərvər ruhda böyümələri üçün bütün mümkün vasitələrdən istifadə etdiyini deyir: "Şagirdlər işğal olunmuş torpaqlarımızı, sərhədlərimizi bilməli, şəhidlərimiz haqqında məlumatlı olmalı, milli qəhrəmanlarımızı tanımalıdırlar. Şagirdlərin mütəmadi olaraq müharibə veteranları ilə görüşlərini təşkil edirik. Şagirdləri hərbi hissələrə, muzeylərə, Bayraq meydanına apararaq onlara tariximiz, müstəqilliyimiz haqqında məlumat veririk. Şagirdlər tariximizi bilməlidirlər. Xüsusən indiki vaxtda şagirdlərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük ehtiyac var”. K.Əbdüləzimov deyir ki, dərs prosesində şagirdlərə vətənpərvərlik hissini aşılamaq üçün Azərbaycanın qədim tarixindən, sərkərdələrin taktikalarından, tarixi qəhrəmanlarımızın həyatından danışılır, əyani vasitələrdən istifadə olunur: "Şagirdlər tariximizi öyrənməsələr, gələcəkdə kim olduqlarını bilməzlər. Onların vətənpərvər ruhda böyümələri Vətənlərini sevmələri deməkdir. Bu işdə biz müəllimlərin üzərinə böyük vəzifə düşür”.
Nəsimi rayonundakı Texniki Humanitar Liseyin hərbi müəllimi, ehtiyatda olan mayor Rüfət Rəşidov dərslərin tədrisi prosesində gənclərə ölkəmizin müdafiə qüdrətini, ölkə konstitusiyası və onun qanunlarını, respublikanın silahlı qüvvələrinin tələblərindən irəli gələn qaydaları, eyni zamanda, hərbə hazırlıq səviyyəsində bilik və bacarıqları aşıladıqlarını bildirir: "Şagirdlər məktəblərdə keçirilən hərbi vətənpərvərlik mövzulu dərslərdə çox fəal iştirak edirlər. Onlara vaxtaşırı düşmən işğalında olan torpaqlarımız, ordumuzun qüdrəti, qaçqın və məcburi köçkünlərimiz, Qarabağın tarixi və s. haqqında məlumatlar veririk. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edərək ölkənin müdafiəsinə hazırlamaq bizim pedaqoq kimi borcumuzdur. Hər bir dərsin əvvəlində şagirdlərə işğal altında olan torpaqlarımız haqqında məlumatları xatırladıram. Onlar demək olar ki, bütün milli qəhrəmanlarımızı tanıyırlar”.
Ehtiyatda olan mayor şagirdlərin vətənpərvərlik ruhunun daha da möhkəmləndirilməsi üçün onların Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsi veteranları, o cümlədən ehtiyatda olan zabitlərlə görüşlərini təşkil etdiyini deyir: "Şagirdlər keçmişin, həmçinin yaxın tarixin qəhrəmanları ilə maraqlanırlar. Onlar özləri də internetdə axtarış edir, xalqımızın keçdiyi qəhrəmanlıq yolunu öyrənirlər. Veteran və zabitlərlə görüşlər onlara örnək olur. Gənclər qarşılarında müharibənin ağrı-acısını yaşayan, od-alovun içindən keçən qəhrəman insanları görəndə onlara bənzəmək istəyirlər. Bu cür görüşlər şagirdlərin Vətənə, doğma yurdlarına qarşı məhəbbətlərini artırır, onları vətənin müdafiəsinə hazırlayır. Əsas odur ki, onlar vətənpərvər ruhda tərbiyələnib daim özlərini vətənin əsgəri hesab edirlər».
Milli amil ön planda olmalıdır
Gənc nəslin vətənpərvərlik hissinin tərbiyəsi və milli-mənlik şüurunun formalaşmasının təkcə məktəbin vəzifəsi olmadığını deyənlər də çoxdur. Belə ki, uşaq ailədə böyüyür, evdə tərbiyə alır. Bu baxımdan, valideyn-məktəb tandemi onun tərbiyəsində mühüm rol oynamalıdır. Səbayel rayon 6 saylı tam orta məktəbin tarix müəllimi Elmin İmanov "Uşağın tərbiyəsi təkcə məktəbdən tələb olunmamalıdır. Uşaq ailədə böyüyür. Ailənin qoyduğu təməllər üzərində biz müəyyən amillərin inkişafını davam etdiririk” deyə bildirir: "Təəssüf ki, bir çox ailələrdə valideynlərin məlumatsızlığı, bəzən biganəliyi və ya iş şəraitlərinin ağırlığı övladlarına çox vaxt ayıra bilmələrinə mane olur. Digər tərəfdən, humanitar fənlərin mövqeyini, bu sahəyə daha yaxın olması ilə bağlı məsuliyyəti ön planda görürəm. Həmçinin, müəllim faktoru da əsasdır. Bir çox hallarda bizim müəllimlərimiz "Əgər mən öz fənnimi tədris etdimsə, vəzifəm bitdi”- deyə düşünürlər. Mənə elə gəlir ki, qüsur bundadır. Məgər digər fənləri tədris edənlər Azərbaycan müəllimləri deyillərmi? Şagirdlərin vətənpərvər ruhda tərbiyəsi təkcə tarix müəlliminin üzərinə düşən məsuliyyət deyil”.
E.İmanovun fikrincə, ixtisasından asılı olmayaraq müəllim hər bir şagird üçün nümunədir: "Mən demirəm ki, Babəki, Cavanşiri uşaqlara şablon formada əzbərlədək. Şagird müəllimə inanmalıdır, müəllim də onu inandırmağa bacarmalıdır. Müəllim şagirdə vətənpərvərlik sözünün yalnız çiynində silah, əynində hərbi forma cəbhədə vuruşmaq olmadığını bildirməlidir. Əgər mən müəlliməmsə, öz fənnimi tədris edib uşaqlarda bu milli ruhu aşılayıramsa, demək öz funksiyamı müəyyən qədər yerinə yetirirəm. Əgər bir idmançımız bayrağımızı hər hansı idman arenasında göylərə qaldırırsa, bu da vətənpərvərlikdir. Ona görə də buna kompleks yanaşılmalıdır. Mənə elə gəlir ki, hər bir müəllim 45 dəqiqəlik dərsin 10 dəqiqəsini buna ayırsa, yaxşı nəticə alınar. Təbii ki, sinifdə olanların hamısı həmin anda deyilən dərsi tam qavrayıb, kimyaçı, fizik və ya tarixçi olmurlar. Ancaq onların hər biri vətəndaş olur. Tərbiyə işində milli duyğular, milli amil ön planda olmalıdır. Ona görə də hər şeyi orta məktəbin üzərinə atmaqdansa, ailə də öz məsuliyyətini başa düşməlidir. Hər şey ailədən başlamalıdır. Məktəb isə möhkəm binanı bu təməlin üzərində ucaltmalıdır”.
Valideyn və müəllimlərin vəzifəsi
Milli vətənpərvərlik ruhunun daim gənclərimizə aşılanmalı olduğunu bildirən "ELM” Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyin rəhbəri, Bakı Dövlət Universitetinin müəllimi Səbuhi Abdullayev hesab edir ki, ölkəmizin gün-gündən möhkəmlənən iqtisadi qüdrəti, suverenlik və müstəqilliyimiz Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin qanı hesabına əldə edilib: "Torpaqlarımızın 20 faizinin işğal altında olması biz gəncləri daim narahat edir. Gənclərimizə elm, təhsil verməklə bərabər, onların milli ruhda böyüməsi, vətənə-millətə layiqli övlad olması üçün düzgün istiqamətdə təlim-tərbiyə etməliyik. Bu, təkcə valideynlərin deyil, həm də müəllimlərin vəzifəsidir”. Dövlətimizin gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində məqsədyönlü siyasət apardığını deyən S.Abdullayev ölkə gənclərinin bu siyasətə adekvat cavab verdiyini deyir: "Aprel döyüşlərində biz gənclərimizin Vətən uğrunda igidliklə döyüşdüklərinin və canlarından keçdiklərinin şahidi olduq. Biz öz övladlarımıza vətənin haradan başlandığını, onu necə qorumaq lazım olduğunu öyrətməliyik. Orta ümumtəhsil məktəblərində, eləcə də ali təhsil ocaqlarında müəllimlər gənclərin milli-mənlik şüurunun formalaşması, vətənpərvər ruhda böyümələri üçün xüsusi vaxt ayırmalıdırlar. Hesab edirəm ki, ölkəmizdə gedən məqsədyönlü siyasət həm gənclərimizin vətənpərvər ruhda böyüməsi, həm də işğalda olan torpaqlarımızın tezliklə azad olmasına gətirib çıxaracaq”.
Ədəbiyyatın vətənpərvərlik tərbiyəsi
Gənclərdə milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin formalaşmasına təsir edən amillər sırasında yazılan mahnılar, bədii və sənədli filmlər, incəsənət nümunələri ilə yanaşı bədii ədəbiyyatın da böyük təsiri var.
Yazıçı Seyran Səxavətin fikrincə, vətənpərvərlik hissinin, milli-mənlik şüurunun gənclərdə tərbiyə olunmasının xüsusən müharibə şəraitində olan bir ölkə üçün böyük əhəmiyyət daşıyır: "Ədəbiyyat bütün dövrlərdə insanların vətənpərvər ruhda böyüməsində, milli-mənlik şüurunun formalaşmasında böyük rol oynayıb. Biz bunun bariz nümunəsinə Böyük Vətən Müharibəsi mövzusunda yazılan əsərlərlə inanmışıq. Bu əsərlər o zaman sovet xalqlarında ruh yüksəkliyi yaradırdı. Sovet dövlətini müharibədən qalib çıxaran onun silah-sursatı ilə bərabər, insanlarının vətənpərvərliyi idi. Tankların üstünə «Stalin uğrunda”, "Vətən uğrunda» sözlərini yazırdılar. Bu, çox vacib məsələdir. O zaman bu ruh yüksəkliyinin yaranmasında ədəbiyyat, poeziya böyük rol oynayırdı. Səməd Vurğun, Məmməd Rahim, Süleyman Rüstəm müharibə haqqında, o cümlədən əsgərlərimizin igidliyindən bəhs edən şeirlər yazırdılar. Həm döyüş gedirdi, həm də döyüş haqda əsərlər yazılırdı. Faşizmlə həm silahla, həm də sözlə mübarizə aparılırdı. Ədəbiyyat adamları, incəsənət ustaları cəbhə və döyüş bölgələrində olur, əsgərlərin qarşısında çıxışlar edirdilər. Müharibədən sonra doğulanlar həmin dəhşətləri əsərlərdən, kinolardan öyrənirdilər. Bu hisslər onlara vətəni sevdirir, vətən uğrunda mübarizə aparmağa, döyüşməyə çağırırdı. Gənclərdə vətənpərvərlik hissinin tərbiyəsində ideologiya həmişə əsas xətt olub». S.Səxavət hazırda yazıçı və şairlərin bu ruha az kökləndiyini bildirir: "Azərbaycan xalqının başına gələn faciələr ədəbiyyatda – həm nəsrdə, həm də poeziyada ortaya çıxmalıdır ki, gənc nəsil həmin hadisələrdən xəbərdar olsun. Bu barədə bədii filmlər çəkilməlidir. Ümumiyyətlə ciddi təbliğat aparılmalıdır. Tariximizi bilmək gənclərimiz üçün çox vacibdir. Yazıçı və şairlər, tarixçilər bu amilə diqqətlə yanaşmalıdırlar. Müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər arasında təbliğ olunmasına böyük ehtiyac var. Bu işdə telekanalların da üzərinə mühüm vəzifə düşür”.
Vətənpərvərlik, azərbaycançılıq hisslərinə malik olan gənclər yetişdirmək cəmiyyətin bütün sahələrində təbliğ edilməli, hədəfə çevrilməlidir. Bu amal müstəqil quruculuq yolu seçən ölkəmizin daha da inkişaf etməsi, intellektual və vətənpərvər vətəndaşlara malik olması istiqamətində atılan mühüm addım olar.
Dayandur Tağıyev
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.
banner

Oxşar Xəbərlər