• cümə axşamı, 25 aprel, 09:15
  • Baku Bakı 14°C

Vətənpərvərlər və satqınlar

17.09.16 14:44 1944
Vətənpərvərlər və satqınlar


Bu həqiqəti hamımız bilirik. Deyirik. Faktlar göstəririk. Cəmiyyət də bunu qəbul edir. Amma indi başqa dönəmdir. Özləri də etiraf etməyə başlayıblar.
Biz deyirik ki, iqtidarı tənqid edən bəzi siyasi partiyaların rəhbərləri və funksionerləri ittiham hədəfinə çevirdikləri məmurlardan həm şəxsi insani xüsusiyyətlərinə, həm də milli təfəkkürlərinə görə çox keyfiyyətsiz və təhlükəli insanlardır. Qərbdən 5-10 manat pul qoparmaq üçün kiminlə istəsəniz sövdələşməyə getməyə hazırdırlar. Necə ki 2000-ci illərin əvvəllərində Əbülfəz Elçibəy, İsa Qəmbər, Rəsul Quliyev və digərləri Helsinki Komissiyasının xüsusi dinləmələrində ermənipərəst konqresmenlərin Azərbaycana qarşı ittihamlarını alqışlarla qarşılayırdılar. Necə ki, Milli Şuranın 11 sentyabr mitinqi ərəfəsində AXCP və Müsavat rəhbərlərinin ABŞ, Böyük Britaniya və Fransa səfirliklərinin qapılarında növbəyə düzüldüklərini gördük. Necə ki, 11 sentyabr mitinqində Əli Kərimli və ətrafına toplaşanlar iqtidarı o ki var linçlədilər, amma bir kəlmə də olsun ermənilər və onların havadarları haqqında söz demədilər. Çünki pulu onlara verənlərin sifarişi də ermənilərlə deyil, iqtidarla bağlıdır.
Biz deyirik ki, insan hüquqlarının müdafiəsi adı altında fəaliyyət göstərən QHT şəbəkəsi Azərbaycan dövlətinin əsaslarını dağıtmağa çalışır, xalqla, millətlə düşmənçilik edirlər. Onlar kosmopolit, bu millətin varlığını sevməyən, onun uğurlarını gözü götürməyən insanlardır, bəlkə özlərini heç azərbaycanlı da saymırlar. Onlar aldıqları pul müqabilində "erməni” kəlməsini səsləndirməkdən belə qorxurlar. Məcbur qalıb danışanda da...
Baxın, REAL hərəkatının rəhbərlərindən olan Erkin Qədirli 3 il əvvəl Facebook səhifəsində belə bir status paylaşmışdı: "Ermənistan prezidenti Serj Sarkisyana siçan zəhəri verib öldürmək lazımdır”. Bloqqer Əli Novruzov isə həmin cümləni ingilis dilinə tərcümə edib paylaşmışdı. Bundan sonra düz iki il Qərb səfirliklərinin qapısı Erkin Qədirlinin üzünə bağlandı. Ona viza verməkdən belə imtina olundu. Bəs Erkin Qədirli bundan sonra nə etdi? Əli Novuzovu "donosçu” adlandırdı. Heyrət!!
Erkin Qədirli Ermənistan prezidenti ilə bağlı məlum ifadəsinin acısını bu gün də yaşayır. Özü Facebook səhifəsində etiraf edir ki, bu fikrinə görə sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında Azərbaycanla bağlı dinləmələrə dəvətdən imtina olundu. Hələ bu bir yana qalsın, heç video əlaqə vasitəsilə hazırladığı məruzəsini səsləndirməyə də imkan vermədilər. Acıqlanıb həmin məruzəni də Facebookda paylaşdı.
Həmişə düşünürdüm ki, nəyə görə Xədicə İsmayıl, Emin Milli, Emin Hüseynov, Leyla Yunus və digər "qərbpərəstlər” xaricdə keçirilən tədbirdə Azərbaycanı yıxıb-sürüyürlər, amma bir kəlmə də olsun Ermənistan, Dağlıq Qarabağ problemi haqqında danışmırlar. Təsəvvür edin ki, Strasburqda, Varşavada, Vyanada və s. Avropa mərkəzlərində keçirilən tədbirlərdə Azərbaycan nümayəndə heyəti iki cəbhədə vuruşmağa məcbur olur: ermənilərlə və bu ünsürlərə. Bəzi hallarda, ermənilər heç danışmır, çünki bunların "yaradlıcılığı” kifayət edir. Başa düşə bilmirsən ki, erməni bunların hansıdır...
Biz deyirik ki, ermənilərə qarşı hücum diplomatiyasını gücləndirməliyik. Amma necə? Axı istənilən tədbirdə bu ünsürlər öz dövlətlərini ittiham hədəfinə çevirir, hakimiyyət nümayəndələri, Azərbaycanı sevən və səmimi qəlbdən ona bağlı olan tədbir iştirakçıları da ermənilərlə bağlı fikirlərini bir kənara qoyub onların ittihamlarını cavablandırmaq məcburiyyətində qalırlar. Yəni faktiki olaraq ermənilər və onların arxasında duranlar Azərbaycanın daxilindəki bu satqın və xəyanətkar şəbəkə vasitəsilə hücum diplomatiyasını neytrallaşdırırlar. Bundan sonra həmin QHT-lərin, siyasətçilərin arxasında erməni lobbisinin və maliyyəsinin dayanmadığını necə düşünəsən?
15 sentyabrda ABŞ Konqresində Azərbaycanın eybəcər karikaturasını çəkən Xədicə İsmayıl, Türkel Kərimli Qarabağ separatçılarının başçısı, əli yüzlərlə azərbaycanlının qanına batmış Bako Saakyanın oğlu, Amerika Erməniləri Milli Konqresinin fəalı Armen Saakyanın orada olmasından və İblis mimikası ilə baş verənlərdən necə ləzzət aldığını görmürdülər? Ötən il Konqresdə keçirilən oxşar tədbirdə iştirak edən milli ünsürlərimiz qondarma, separatşı "DQR-in ABŞ üzrə "nümayəndəliyinin rəhbərinin” zalda oturub necə kürsüyə yayxanmasından xəbərsiziydilər? Nəyə görə bircə kəlmə bu yaramazların tədbirdə iştirakına etiraz etmədilər?
Deməli, bunlar hər şeyi bilə-bilə, şüurlu şəkildə edirlər. Bəziləri öz Vətənləri ilə düşmənçiliyi əqidə, həyat yolu hesab edir, bəziləri də pula satılırlar. Bir Allah bilir ki, erməni milyarderləri hər il müxtəlif beynəlxalq QHT-lər vasitəsilə onlara nə qədər qrant verirlər. Nəticə də xərci tamamilə ödəyir. Belə demək mümkündürsə, problem az qanla həll olunur.
Bəli, pul hamıya lazımdır – yaşamaq üçün, ailəni dolandırmaq üçün, gözükölgəli olmamaq üçün... Amma Vətəni satmaq bahasına özünə gün-güzaran qurmaq, Leyla Yunus kimi Türkiyədə, Almaniyada mülk almaq... Vətənpərvərlər də, satqınlar da tarixdə qalır. Amma hərə öz yerində...
Rufik İsmayılov
banner

Oxşar Xəbərlər