• şənbə, 20 Aprel, 15:13
  • Baku Bakı 23°C

“Vətənin müdafiəçisi olmaq bizim üçün şərəfdir”

04.02.15 06:10 1270
“Vətənin müdafiəçisi olmaq bizim üçün şərəfdir”
Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas tərkib hissəsi kimi gənclərə xüsusi diqqət ayrıldığı hamıya məlumdur. Dövlətin reallaşdırdığı gənclər siyasəti hər zaman yenilənməsi və daha geniş spektri əhatə etməsi ilə diqqət çəkir. Bu istiqamətdə görülən işlərin davamı kimi prezident növbəti dəfə gənclər siyasəti ilə bağlı sərəncam imzalayıb və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı təsdiq edib.
Bunun ardınca isə elm, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində fərqlənən gənclərə Prezident mükafatları verilməsi barədə sərəncam imzalanıb. Gənclər belə qərarları onlara göstərilən diqqət və qayğının təzahürü hesab edir, dünyanın heç bir yerində gənc nəslə bu cür önəm verilmədiyini bildirirlər.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı sədrinin müavini Nərgiz Xələf bizimlə söhbətində dedi ki, faktiki olaraq, ölkədə həyata keçirilən siyasətin ən uğurlu qollarından biri də gənclər siyasətidir: “Hesab edirəm ki, hazırda gənclər siyasəti ən uğurlu, ən perspektivli dövrünü yaşayır. Nə xoş bizə ki, belə bir dövrdə yaşayırıq. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət prezident tərəfindən uğurla davam və inkişaf etdirilir. 2011-2015-ci illəri əhatə edən gənclər siyasəti bizim daha da inkişafımıza hesablanmış uğurlu proqram idi. Nəticə olaraq əldə olunan müsbət dəyişikliklər bunun təsdiqidir. Sevindirici haldır ki, gənclər siyasəti bununla yekunlaşmadı. Bildiyiniz kimi, bu yaxınlarda cənab prezident tərəfindən yeni sərəncam imzalandı və o, daha uzunmüddətlidir. 2015-2025-ci illəri əhatə edən proqram bizim üçün əsl bayram hədiyyəsi oldu. Digərlərindən fərqli olaraq, sonuncunun 10 il üçün nəzərdə tutulması bizə ayrılan diqqətin kifayət qədər çox olduğunu göstərir. Ulu öndərin dediyi kimi, Azərbaycanın gənc nəslinin üzərinə böyük məsuliyyət düşür”.
N.Xələfin fikrincə, ölkəmiz inkişaf etdikcə, dünyada öz yerini tutduqca, bu məsuliyyət daha da artır: “Biz üzərimizə düşən vəzifə ilə, artan məsuliyyətimizlə fəxr edir, qürur duyuruq. Düşünürəm ki, Azərbaycan gənci olaraq, zəngin dəyərlərimizin müdafiəsində fəal olmalıyıq. Bunun üçün mütləq şəkildə intellektimizi yüksəltməliyik. Təbii ki, üzərimizə düşən vəzifəni icra etmək, vətənin müdafiəçisi olmaq bizim üçün xoşdur və şərəfdir. Dövlətçilik yolunda əlimizdən gələni əsirgəməməli, durmadan çalışmalıyıq. İntellektimizi möhkəmlətməli, dünyagörüşümüzü artırmalıyıq. Qlobal dünyaya daha geniş aspektdən baxmalıyıq. Amma bu o demək deyil ki, kosmopolit düşüncələrə uyub zəngin dəyərlərimizdən imtina etməli və ya yan keçməliyik. Hər zaman söyləyirəm ki, Azərbaycan gəncləri olaraq, bu modelə layiq olmalıyıq. Tariximizə, mədəniyyətimizə sahib çıxaraq ölkəmizin əhəmiyyətini dünya dövlətləri arasında yüksəltməliyik. Bu ölkədə gənclər üçün hər şey edilir. Elə bayramımızın təsis olunması ölkə gəncliyinə verilən dəyərin göstəricisidir. Bilirsiniz ki, həmin gün il ərzində aktiv olan gənclərə prezident tərəfindən təqaüd ayrıldı. Bunun özü də gənclər üçün böyük motivasiyadır. Faktiki olaraq, gənclərə meydan verilir, onlar üçün çox böyük arena açılır. Bizə qalan bu şəraitdən maksimum yararlanaraq həm özümüzə, həm də dövlətimizə fayda verməkdir”.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov da ölkədə gənclər üçün mümkün ola biləcək bütün şəraitin yaradıldığını dedi: “Ölkədə hər zaman gənclərlə bağlı layihələr həyata keçirilir, proqramlar qəbul olunursa, deməli, dövlət gəncləri unutmur. Danılmaz reallıqdır ki, Azərbaycan gəncliyi dövlət tərəfindən ən yüksək səviyyədə qayğı və dəstək görür. Dövlət özü də hər zaman gənclərin onlar üçün vacib təbəqə olduğunu bildirir. Gənclərlə bağlı dövlət siyasətinin qəbul olunması və həyata keçirilməsi zamanı gənclər təşkilatları tərəf kimi iştirak edir. Bu, çox sevindiricidir. Mənim rəhbərlik etdiyim QHT bir neçə beynəlxalq gənclər platformalarının üzvüdür. Ünsiyyətdə olduğumuz müxtəlif ölkələrin gənclər təşkilatları rəhbərləri deyirlər ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir modeldir. Bu siyasət nəinki qonşu dövlətlər, digər dünya ölkələri tərəfindən də model olaraq qəbul olunur. Əminəm ki, son imzalanan strategiya da nümunəyə çevriləcək”.
İ.Orucov sözügedən strategiyanın yeni bir mərhələnin başlanğıcı olacağını düşünür: “Bu o deməkdir ki, qarşıdakı 10 il ərzində də gənclərlə iş dövlət üçün prioritet mövzu olacaq. Təəssüf ki, müstəqilliyin ilk illərində Azərbaycanda gənclərlə iş üzrə pərakəndəlik var idi. Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra yaratdığı nizam-intizam pərakəndəliyin aradan qalxmasına, düşünülmüş siyasətin həyata keçirilməsinə səbəb oldu. Məncə, gənclər siyasəti artıq bəhrəsini verib. Çünki hazırda ulu öndərin arzuladığı kimi yeni gənc nəsil formalaşıb. Onlar intellektual, dünyagörüşlü, vətənpərvər, milli hisslərə malik olan gənclərdir. Ulu öndər məhz bunu arzulayırdı. Ən əsası isə, dünyada baş verən qlobal proseslərdən xəbərdar olan, onları dərk edən, analiz etməyi bacaran gənc nəslimiz var. Azərbaycan gənci dünyada baş verə biləcək hadisələrə biliyi və məntiqi ilə hazırdır. Əminəm ki, bu strategiya da əvvəlkilər kimi uğurla icra olunacaq. Gənclərin mükafatlandırılmasına gəlincə isə, bunun böyük stimul olduğunu deyə bilərəm. Elə başa düşülməsin ki, uğurlu gənclərimiz bu siyahı ilə məhdudlaşır və sayları 6 nəfərdir. Nailiyyəti olan gənclərimiz kifayət qədərdir. Ona görə də düşünürəm ki, bu mükafat daha çox simvolik xarakter daşıyır”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər