• şənbə, 20 Aprel, 17:26
  • Baku Bakı 23°C

Vətənin hürriyyət şairi

21.04.20 10:00 1257
Vətənin hürriyyət şairi
O, elə yandı ki, külü də qalmadı
Romantik ədəbi məktəbin nümayəndəsi olan Məhəmməd Hadi haqqında oxuyarkən Ömər Xəyyamın
"Mənsiz də dünyanın işi keçərmiş...
Əcaba, nə üçün cahana gəldim!”
misralarını xatırlayıram. Bəlkə ona görə ki, arzularının gercəkliyinə yalnız xəyallarında qovuşaraq "xoşbəxt” olan, "ömrü boyu rəzalətdə yaşayan” şair, onsuz da bu dünyada "hər yoxluqla barışmışdı”. Onun nə xoş arzularla başlanan səhərləri, nə də gecələr başını salacaq isti bir yuvası, sığal cəkəcək, dərdinə məlhəm, şərik olacaq bir həmdəmi olmasa da, amma bu adi bir ömür də deyildi. Bu xoş duyğularla, çılğınlıqla dolu, məsləkinə vurğun, aydın düşüncəli, ədəbiyyatına, poeziyasına, fədakarcasına minnətsiz xidmət edən söz, sənət fədaisinin ömrü idi. Bu ömür nə qədər ağrı-acılarla, çətinliklərlə üz-üzə qalsa da, həyatda sınmadan, usanmadan mübarizə apardı və öz sarsılmaz amalı uğrunda ömrünü başa vurdu. Odur ki, bu gün "Şərq romantizmini yaradanlardan biri”, Vətən və millətin şəhid şairi olan Məhəmməd Hadinin hər çür ehtiramla yad edilməyə haqqı var.
Uzun illər Şura hökuməti M.Hadini "burjua yazarı”, "ziddiyyətli-təzadlı şəxs”, "türkçü-turançı yazar” adlandıraraq, onu tənqid, təhqir etməkdən belə çəkinmədi. Əslində, bu "qiymətləndirmə” meyarı o zaman təkcə M.Hadiyə deyil, vətənpərvərliyi, turançılığı, türkçülüyü, azadlığı tərənnüm edən bütün romantiklərin yaradıcılığına şamil idi. Onların yaradıcılığında romantika yox, "siyasi lirika” axtarılırdı.
M.Hadi yaradıcılığına və şəxsiyyətinə "sosialist realizmi”nin ölçü və tələbləri ilə yanaşılmış, sovet dövründəki bütün millət fədailəri kimi, dövrün ideoloji, siyasi burulğanına düşüb unudulmuş, siyasi-sosioloji, ədəbi-tarixi istiqamətdə araşdırılmış və yaxud da "ardıcıl bir məfkurəyə malik olmayan sərxoş” kimi damğalar vurularaq unutdurulmağa çalışılmışdır.
20-ci yüzilliyin mətbuatı çox zəngin, rəngarəng olsa da, ədəbi məktəb səviyyəsinə yalnız "Molla Nəsrəddin” və "Füyuzat” yüksələ bildi. Bir tərəfdə Mirzə Cəlil, Sabir və onların məslək dostları, digər tərəfdə isə Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Hüseyn Cavid yetişərək xalqı milli oyanışa səsləyərək, Azərbaycan ədəbi mühitində yeni forma, məzmun və mövzu yaratmış oldular. Onu da vurğulamaq yerinə düşərdi ki, hər iki ədəbi məktəbin nümayəndələrindən sona qədər onun ideyalarına sadiq qalanlar da oldu, qalmayanlar da. Məsələn, Abbas Səhhət, Abdulla Şaiq, Səməd Mənsur sovet dövründə romantizimdən realizmə meyilləndilər. Azərbaycan ədəbi mühitində sona kimi bu cəryanın ideyalarına sadiq qalan iki böyük filosof şairimiz H.Cavid və M.Hadi oldu.
M.Hadinin həyatı ilə tanış olarkən ədəbiyyatşünas alim, yazıçı-publisist Rafael Hüseynovun "Vaxtdan uca” əsəri yadıma düşdü. Görünür, M.Hadi dünyaya gələndə Tanrının "xoş vaxtına düşməyib ki, Hadiyə xoş-baxt yazmayıb”. Xoşbəxtlik deyilən nemətin dadını nə erkən daddı, nə də ahıllığında. Heç ahıllığı olmadı ki, cəmi-cümlətanı 40 illik "ömür”. Bu qırx ildə bircə gün də xoşbəxt olmayan Hadi, bu dünyada nə ev-eşik, nə də oğul-uşaq sahibi oldu. Dünyada hər çürə məşəqqət yaşadı. Yetim qalıd, ev-eşiyi dağıldı, qapılara düşdü, sürgün edildi, müharibə gördü. Amma amalından dönmədi. "İnsanların tarixi faciələri” adlı fəlsəfi poemasını yazanda da mübarizələrlə yaşanan həyat yolunu qələmə aldı.
Bütün həyatı boyunca yazıb-yaradan, arzularını qələmi ilə dilləndirən romantik şair real həyatın acıları ilə barışmayaraq daim səadət sorağına çıxdı. Öz daxili aləmində azad həyatı sevən, istibdad buxovlarında yaşamağı bacarmayan, mühitinə sığmayan M.Hadi, həm yaradıcılığında, həm də şəxsi həyatında bir amalı –vətənin səadəti amalını hayqırdı. Elə bu səbəbdən "Mərd lazımdır ki, hifz etsin hüquqi-milləti!” -söyləyən şairi "vətən və millət şairi” adlandırır hadişünaslar.
Əslində Hadi romantik və realist qələm yoldaşlarının əksəriyyəti kimi "bir parça çörəyi daşdan çıxaran”, yoxsul bir ailədə dünyaya gəlməyib. O, 1879-cu ildə Şamaxının sayılan-secilən tacirlərindən olan Əbdülsəlim kişinin ailəsində anadan olub. Əsil adı Ağa Məhəmməd olan, gəncliyində özünə "Hadi” (ərəbcə- doğru yol göstərən) təxəllüsünü seçib. 9 yaşına kimi hər çür naz-nemətin icində böyüyən Hadinin atası qəfil rəhmətə gedir. Elə Hadinin qara günlərinin bünövrəsi də həmin günlərdə qoyulur. Az geçmir, anası Hadini və iki qızı Əsma və Sahabı ataraq qonşu Suluq kəndində yaşayan varlı bir tacirə ərə gedir. Uşaqlar qalır ata nənələri Teyyibə xanımın himayəsində. Teyyibə xanım Hadini əvvəlcə məhəllə məktəbinə, Molla Səmədin yanına qoyur. Burada bir il təhsil aldıqdan sonra nənəsi onu Şamaxıda Molla Abbasın məktəbinə göndərir. Bu məktəb şair Abbas Səhhətin atasının məktəbi olub və tədqiqatçıların fikrincə, həmin məktəb bəzi yeni üsulları ilə o zamankı molla məktəblərindən qismən fərqlənirdi. Hadi burada nisbətən daha mükəmməl təhsil alır.
M.Hadi ata-babasından onlara qalan ev-eşiyi də 1902-ci ildə itirir və bir daha sığınacağı isti yuvası olmur. 1902-ci ildə şaxtalı, boranlı bir qış geçəsi Şamaxıda dəhşətli zəlzələ baş verir, şəhər yerlə-yeksan olur. Sağ qalan adamlar çöllərə düşür, yurdunu tərk etməyə vadar olurlar. Hadi də bu sərgərdan adamlar arasında idi və üz tuturlar Kürdəmirə. Hadi burada müəllimliklə məşğul olmağa başlayır. Təbiətən minnət götürməyən, məhdud yaşamağı bacarmayan Hadini çətin gün-güzaran sıxırdı. Bu mənəvi iztirablar içində çətin bir vəziyyətə düşən və mühitinə sığa bilməyən Hadi, hisslərini şeirlə bildirməyə başlayır.
Beləliklə, gələcəkdə Azərbaycan romantizminin ən istedadlı nümayəndəsi olan filosof şair Məhəmməd Hadi ilk mətbu çıxışını 1905-ci ildə "Həyat” qəzetinin 109-cu sayında edir. Sonra "Təkamül”, "Yoldaş” qəzetlərində şeirləri ilə çap olunan Hadi, oxucularının diqqətini cəlb edir. Bu xəbər həmin illərdə Həştərxanda yaşayan qohumu Mustafa Lütfiyə çatır. Mustafa Lütfi Hadinin bibisinin qaynı idi və Şamaxıda yaşayarkən Teyyibə xanım rəhmətə getdikdən sonra bir necə il Hadini öz evində saxlamışdı. Lütfi Həştərxanda yaşayanda "Bürhani-tərəqqi” adlı qəzet nəşr edirdi və elə ona görə də Hadini yanına çağırır. 1905-ci ildə Hadi Həştərxana gedir və burada mətbuatda çalışır.
M.Hadinin "Həyat” qəzetində çap olunan şeirləri və ilk "Bəyani-həqiqət” sərlövhəli publisistik məqaləsi (24 iyul 1905-ci il) Əli bəy Hüseynzadənin diqqətini cəlb edir və xoşuna gəlir. Odur ki, 1906-cı ildə "Füyuzat”ı açarkən M.Hadini Bakıya dəvət edir. Hadi tərəddüd etmədən Bakıya gəlir və "Füyuzat”da işə başlayır. "Füyuzat”da Əli bəydən sonra daha çox çap olunan da M.Hadi olub. Digər yazarlardan fərqli olaraq, jurnalın ilk sayından son sayına kimi (yalnız 26 iyul, 7 avqust, 24 oktyabr 1907-ci il tarixli sayları istisna olmaqla) müntəzəm surətdə publisistik məqalələri və şeirləri ilə çap olunub. Jurnalın ətrafına dövrünün bir çox istedadlı qələm sahibləri cəm olsa da, müəlliflər arasında Əli bəyə məsləkcə ən yaxın, doğma olanı Hadi idi. "Füyuzat”ın tədqiqatçısı O.Bayramlı haqlı olaraq yazırdı: "Füyuzat” Azərbaycan romantizminin Məhəmməd Hadi kimi qüdrətli sənətkarının yetişməsində əvəzsiz xidmət göstərmişdi və onun buradakı faliyyəti yaradıcılığının ən parlaq səhifəsidir”. "Füyuzat”da arzularını, amalını əks etdirən şair onun tez bir zamanda bağlanmasını kədərlə qarşılayır. Lakin o, mətbu aləmindən uzaqlaşmır. "Həqiqət”, "Taza həyat”, "İttifaq”, "Səda” və başqa qəzet və jurnallarla əməkdaşlıq edir. Burada da şeirləri ilə yanaşı publisistik məqalələri çap olunur.
M.Hadi publisistik məqalələrində mətbuat, şəxsiyyət azadlığını müdafiə etmək, tərəqqi və mədəni inkişafı dəstəkləməklə yanaşı, müqəddəs dinimizin də təbliğini məsləhət bilirdi. Ona görə də sovet dövründə onu "köhnə, idealist görüşlərindən yaxa qurtara bilməyən, ziddiyyətli yaradıcılığa malik qələm əhli” adlandırırdılar. "Maarif ruhi-vicdandır, maarif cani-imkandır” -söyləyən Hadi həyatda bütün gözəlliklərə, azadlığa, tərəqqiyə sahib olmaq üçün əvvəlcə maarifə yiyələnməyi tövsiyə edir. "Elmdir adəmə ən şanlı şərəf” -deyərək, o dövrdə təhsildən uzaq qalan qızları, fiziki qüsuru olan uşaqların da təhsilə cəlb edilməsini arzulayırdı. "Almaniyada darülməlulin” ("Füyuzat” jur. 26 noyabr 1906-cı il, N-3) sərlövhəli məqaləsində dünyanın inkişaf etmiş ölkələrinin maarif, elm təcrübəsindən bəhrələnməyi məsləhət görürdü.
M.Hadinin istər publisistik məqalələrində, istər şeirlərində coşqunluq hissi ümumi məzmunda olsa da, əsas hürriyyətpərvərlik, vətənpərvərlik hissidir. Çünki Hadi vətənini arzuladığı kimi, azad görmək istəyirdi. Dünyanın qabaqcıl, azad xalqlarını alqışlayan şair mütərəqqi hərəkata meyl edərək öz xalqını mübarizəyə səsləyirdi. Bütün varlığ ilə azad, müstəqil bir qələm əhli olan Hadinin yaradıcılığında hürriyyətpərvərlik ideyası ən mühüm yerlərdən birini tuturdu. "Hürriyyət” sözü şairin dilinin əzbəri idi. Elə şeri yoxdur ki, ya müstəqim, ya dolayı şəkildə hürriyyətdən bəhs etməmiş olsun. Hürriyyət onun gözündə hər şeydir”. Şair "Ah kimsəsiz vətən” şeirində bunu üsyankarcasına bəyan edirdi. Doğrudur,M.Hadi romantik idi. Amma bu romantikada elmi təfəkkürlə poetik təxəyyül birləşir. Odur ki, Hadinin romantizm irsinin ruhuna, ovqatına hopmuş azadlıq həm hissdir, həm mövzu, həm də ideya. Şair bunların vəhdətində "hürriyyət” obrazı yaratmış və bütün ömrü boyu "Gözəldir, pakdır, iffətlidir fərdanə hürriyyət!”- deyə azadlıq carçısına çevrilmişdi.
Yuxarıda qeyd etdiyimiz kimi, Sovet dönəmində təkcə M.Hadinin yox, bütün romantiklərin yaradıcılığına yasaq qoyulub. Xüsusən də sovetləşmənin qızğın cağında. 1947-ci ildə "Ədəbiyyat” qəzetinə redaktorluq edən Cəfər Cəfərov "Səni kim unudar” sərlövhəli bir məqalə dərc edir. Poetik yanğı ilə oxucunu vəcdə gətirən bu məqalə istedadlı filosof şair M.Hadiyə həsr edilmişdi. Məqalə hakim dairələrin hiddətinə səbəb olur, ruspərəst məmurların "burjua ideoloqu və millətçi” adlandırdıqları M.Hadi yaradıcılığına isti münasibət gənc redaktora çox ağır başa gəlir. Partiyalı mətbuatda, Mərkəzi Komitənin iclaslarında C.Cəfərov məzəmmət və qınaq hədəfinə dönür, rəhbərliyin göstərişilə tezliklə redaksiyadan uzaqlaşdırılır. Uzun müddət işsiz qalan C.Cəfərov üçün bu, hələ çox yüngül cəza idi.
Türkiyədə "Gənc türklər” cəmiyyəti ilə sıx əlaqə saxlayan M.Hadini 1913-cü ildə Osmanlı hökuməti şübhəli şəxs kimi həbs edərək Saloniki şəhərinə sürgün edir. Burada yunanlar onu türk casusu hesab edərək öldürmək istəyirlər. Bu zaman bir yunan keşişi onu himayəsinə alaraq xilas edir. 1914-cü ildə Hadi çox çətinliklə Bakıya qayıdır. Sürgün həyatı, açlıq, ağır iztirablar məğrur şairi sarsıdır. Qocaman yazıçımız Manaf Süleymanlının yazdığına görə, Hadi o zaman bir müddət ruhi xəstəxanada yatır.
M.Hadinin Bakıya qayıtmasını dostu A.Şaiq xatirələrində belə yazırdı: "Hadinin gəldiyini bilmirdim. Bir gün kücədən kecərkən üst-başı kirli, halı pərişan bir şəxs əlimdən tutdu. Əvvəlcə tanımadım. Çünki tanılanacaq halda deyildi. O, titrək bir səslə "Şaiq, məni tanımadın?”- deyə soruşdu. Səsindən və gözlərinin rəngindən Hadi olduğunu tanıdım. Qucaqlayıb bağrıma basdım”.
A.Şaiqin xatirələrindən belə bəli olur ki, o, Hadini oradan birbaşa öz evinə gətirir və bir necə gün qonaq saxlayır. Bir gün Şaiq dərsdə olarkən Hadi evdə heç kimə bir söz demədən çıxıb gedir. Dostu onu bir müddət axtarır. Xəbər tutur ki, tanış bir həkim dostu onu müalicə etmək üçün xəstəxanaya yerləşdirib. Hadi xəstəxanada yatanda artıq Birinci Dünya müharibəsi başlamışdı. O, sağalıb çıxanda, 1915-ci ildə könüllü olaraq Qafqaz ordusuna yazılır. Cəbhə, döyüş həyatı onsuz da bədbin olan şairi daha da bədbin edir. Şeirlərində, məktublarında bu hiss bütünlüklə özünü büruzə verir. 1918-ci il. M.Hadi cəbhədən Şamaxıya qayıdır. Bu qaydışa heç kimin sevinməməsi və ən yaxın dostu Abbas Səhhətin ölüm xəbəri onu daha da tənhalaşdırır. Şair Gəncəyə, bacısı Sahab xanımın yanına gəlir. Bu zaman Gəncədə, Bakıda baş verən siyasi hadisələr onun da diqqətindən yayınmır. Şair həmin ilin payızında Bakıya gəlir və yenidən mətbuatla sıx əlaqə yaradır. "Əsgərlərimizə-könüllülərimizə”, Məfkureyi-aliyəmiz”, "Şühədayi-hürriyyətimizin əhvalinə ithaf” kimi şeirlərində əldə edilən milli azadlığın qorunub saxlanması tövsiyyə edilir.
1920-ci ilin may ayı. Gəncədə bolşeviklərin əleyhinə qaldırılan üsyanda Hadi də yaxından iştirak edir və bolşeviklərin qurbanı olur. Mollanəsrəddinçi Əli Nəzmi i1945-ci ildə bu haqda belə yazırdı: "Hadi 1920-ci ilin may ayında Gəncədə soyuqdəymədən vəfat etmiş və orada da dəfn olunmuşdu”. Unutmayaq ki, Ə.Nazim bu sətirləri sovet hökumətinin qılıncının dalı da, qabağı da kəsən bir dövrdə yazıb. Ona görə də, təbii ki, Gəncə üsyanında bolşevik atlarının ayaqları altında vəhşicəsinə həlak olan Hadinin ölümünü belə qələmə verməli idilər.
"İşıq düşüncələr ilə işıqlanar millət” söyləyən Hadi, öz yaradıcılığı ilə xalqının azadlığı, tərəqqisi, sadəti yoluna işıq sala bilsə də, özü amansız dünyanın, soyuqqanlı, tamahkar insanların qurbanı oldu. Fikrət Sadıq demiş: "O elə yandı ki, külü də qalmadı...”. Zaman, məkan sübut etdi ki, "İdrakı olanlar məni sonra qanacaqdır”- söyləyən Hadi nə qədər haqlı imiş.
Qərənfil Dünyaminqızı
banner

Oxşar Xəbərlər