• cümə, 19 Aprel, 06:37
  • Baku Bakı 13°C

Vətənimin bir parçası

18.02.17 12:30 2420
Vətənimin bir parçası
Hər dəfə Rəhilə ilə görüşəndə yadıma yazıçı Salam Qədirzadənin "Kəndimizdə bir gözəl var” əsəri düşür. Əlbəttə, ən çox da Rəhiləyə görə yox, onun anası, sevimli Səmaya xanıma görə. Nədənsə, mənə elə gəlirdi ki, Səmayə ana tayı-bərabəri olmayan gözəllər gözəlidir. Bu, təkcə onun zahiri yaraşığı ilə deyil, xasiyyətinin mülayimliyi, mehribanlığı, həssaslığı ilə ölçüyə gəlirdi. Ananın bütün məziyyətləri sanki nöqtəsinə kimi Rəhiləyə keçib. Onun kimi yanağan, onun kimi alicənab. Mən Səmaya xalanı çox istəyirdim. Onu heç kəslə müqayisə də edə bilmərəm. Amma hərdən Rəhilə məni elə çaşdırır ki, anası kimi mərd, etibarlı, təəssübkeş, geniş dünyagörüşlü, zamanın qeylü-qallarından xəbərdar, səmimi, hamı ilə isti münasibət saxlaya bilən. Fərqləri də var… Səmaya xanım bir müddət İrəvan su idarəsinin Sisian (Qarakilsə) şöbəsində mühəndis işləmişdi, Rəhilə isə texnika elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Çalışdığı elmi müəssisə və ali məktəblərin də sırası genişdir.
İnformasiya texnologiyaları sahəsinin bilicilərindən biridir
Rəhilə Abdullayeva Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonunun Urud kəndində, ziyalı ailəsində anadan olub. Hələ orta məktəbdə ikən dərslərini çox yaxşı oxuyar, təfəkkürünə, nəzakətli davranışına görə çoxundan seçilərdi. Uşaqlıqdan riyaziyyata böyük maraq və həvəs göstərirdi. İki ali məktəbi Politexnik İnstitutunun elektronika , Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültələrini bitirib. İlk əmək fəaliyyətinə 1969-cu ildə, tələbə ikən Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda laborant vəzifəsindən başlayıb. İş bioqrafiyası və elmi fəaliyyəti çox maraqlıdır. Sadəcə, onların adlarını çəkməklə Rəhilə Abdullayevanın elm yollarındakı mövqeyi və yeri aydın görünər. 1971-ci ildən İnformasiya Telekommunikasiya Elmi Mərkəzində (indiki İnformasiya Texnologiyaları İnstitutu) böyük mühəndis, aparıcı mühəndis, qrup rəhbəri, şöbə müdiri vəzifələrində çalışıb. 1992-ci ildən 1994-cü ilədək Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyası) və Türkiyədə - Ankara Universitetində müəllim kimi fəaliyyət göstərib. 1998-ci ildən Respublika Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır: aparıcı məsləhətçi, böyük məsləhətçi, və s. Rəhilə Abdullayevaya "Dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsi də verilmişdir. Elmi araşdırmalar da aparmağı unutmayan Rəhilə Abdullayeva 2001-ci ildə "İnformasiya sistemlərinin adaptivliyinin layihə modelləri” mövzusunda dissertasiya müdafiə edərək, texnika elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi adına layiq görülmüşdür. Bir alim kimi fəaliyyəti Azərbaycanın sərhədlərindən kənarda da müxtəlif ünvanlarda rəğbətlə qarşılanıb. Bir çox beynəlxalq və respublika elmi konfranslarında (Rusiya, Türkiyə, İngiltərə və s. ölkələrdə) iştirak edib. Onun məruzələri Höte adına Alman Mərkəzinin, Rusiya Federasiyasının Təhsil Nazirliyinin və Yeni İnformasiya Texnologiyaları üzrə YUNESKO İnstitutunun 2000-ci ildə Moskvada keçirilmiş konfransın plenar iclasında dinlənilmişdir. Elmi maraq dairəsinin genişliyi hər zaman ona uğur gətirmişdir. İnformasiya texnologiyaları sahəsinin bilicilərindən və bacarıqlı mütəxəssislərindən biridir. İnformatika ilə bağlı olan elm istiqamətlərində öz bilgilərindən məharətlə istifadə edir. 2003-cü ilin yayında o, müəlliflər qrupu sırasında Xəzər dənizinin ekologiyası üzrə məruzənin hazırlanmasında iştirak etmişdir. Məruzə ABŞ-ın Ekologiya üzrə Beynəlxalq Fənlərarası Assosiasiyası tərəfindən bəyənilmiş və Londonda keçirilən Beynəlxalq Ekoloji Konfransa təqdim edilmişdir Konfransın təşkilat komitəsi tərəfindən seçilmiş 30 ən yaxşı məruzələr sırasında assosiasiyanın antologiyasında çap edilmişdir.
Alim-pedaqoq kimi də xidmətləri çoxdur
Fəxr ediləsi, qürur duyulası bir faktdır ki, azərbaycanlı xanım alim məhz dəqiq elmlər sahəsində 50-yə yaxın elmi məqalənin və bir çox dərs vəsaitinin, monoqrafiyaların, lüğətin həmmüəllifidir. Dərin elmi təfəkkürün və tədqiqatın bəhrəsi olan bu kitablardan "Sistem proqramlaşdırmanın əsasları”, "Fərdi kompyüterlərin proqram təminatı (iki hissə),” "Adaptiv informasiya sistemlərinin layihələşdirilməsi”, "İnformatika”, "Adaptiv radiolektronika” üzrə İngiliscə-rusca-azərbaycanca terminoloji lüğəti və s. göstərmək olar. Bir alim-pedaqoq kimi də xidmətləri çoxdur. Bir sıra ali məktəblərdə elmi kadrların, mütəxəssislərin hazırlanmasında böyük əmək sərf edib. Bu gün də sevdiyi sənətlə həvəslə məşğuldur. Bütün bu yazdıqlarım Rəhilə xanımın elmi fəaliyyətinin ayrı-ayrı səhifələridir. Əslində ağır zəhmətdən, gərgin iş rejimindən, təzad dolu dünyanın rənglərindən, çətinliklərindən, münasibət və qayğılarından keçən alim ömrünün günlərini vərəqləmək çox çətindir. Çünki bu günlərin hər birindən elə ağırlıqlar asılıb ki… Bəzən də dərk edə bilmədiyin həqiqətlər az qala adamın əl-qolunu bağlayır. Mən Rəhilə xanımı uşaqlıqdan tanıdığıma görə, onun arzularına, ürəyinə yaxşı bələdəm. Rəhilə xanım mənim üçün doğulduğum kəndin ən əziz parçası deməkdir. Bütün bunlardan sonra… O həm də mənim sevimli müəllimim olmuş Abdulla Abdullayevin qızıdır. Ailədə dörd bacı, üç qardaş olublar. Hamısı da ali təhsillidir. İstərdim ki, yazımın əvvəlində onun anasından danışmışdım. İndi də atasından söz açım.
Bunların heç biri onu Urud qədər yandırmadı
Abdula Abdullayev urudluların çoxuna dərs deyib. Bizə botanika, zoologiya fənlərini öyrədirdi. Bəzən əmək və idman dərslərini də ona həvalə edirdilər. Son dərəcədə səmimi və mehriban adam olduğundan istənilən şagirdin qəlbinə yol tapa bilirdi. Təbiətən səxavətli və mərd adam kimi tanınan Abdulla müəllimin xətrini kəndimizdə hamı istəyirdi. 1988-ci ildə ermənilər tərəfindən Uruddan zorla çıxarılan Abdulla müəllim bu əzablara davam gətirmədi. Elə Bakıda da haqq dünyasına qovuşdu. Ömrü boyu işi-peşəsi insanlara yaxşılıq etməkdən ibarət olan sevimli müəllimimiz doğma Urudundan, onun pərən-pərən düşmüş sakinlərindən nigaran, sinəsi vətən dağlı getdi. Bəzən həyat insanı elə ağır sınaqlara çəkir ki… Rəhilə Abdullayeva da həmişə belə çətin məqamlarla üz-üzə qalıb. Amma nə yaxşı ki, zərif ürəyində ən ağır möhnətlərə, itkilərə belə dözüm, dəyanət cücərdə bilib. Gözləri dolu, qəlbi yuxa olsa da, başını dik tutmağı bacarıb… Əyilməyib. Özünə yaraşan ömür-gün dostu var idi Rəhilə xanımın. Əli Əliyev vaxtı ilə Bakı Dövlət Universitetinin dosenti, Ankara Universitetinin professor idi. Təəssüf ki, bu qoşa ömrün xoşbəxtliyi uzun sürmədi. Ağlagəlməz qəza nəticəsində faciəli surətdə həlak olan Əli Əliyev çox sevdiyi bu zərif xanımı ömrün dolaylarında tək qoydu. Rəhilə taleyin bu amansızlığı qarşısında öz təmkinini, məğrurluğunu itirməyərək, balalarını ləyaqətlə böyütdü. İlkini-qızı Səbinə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, Türkiyədə - Ankarada Qazi Universitetinin magistratura və doktoranturasını bitirmişdir. Oğlu Bəxtiyar Əliyev də iki ali təhsillidir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri vəzifəsində işləyir. Sonbeşik - Aygün BDU-nun hüquq fakültəsinin həm bakalavr, həm də magistraturasını fərqlənmə diploma ilə bitirib. Hazırda AMEA-nın dissertantıdır. Hüquqşünas qızımız Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.Gözəl ailə başçısı, sevimli ana, nənə, sədaqətli dost, cəfakeş bacı, fədakar alim olan Rəhilə Abdullayeva hər şeydən öncə, əsl vətəndaşdır. Doğma kəndimiz əlimizdən gedəndən sonra onunla tez-tez görüşür, bir sarı simin üstündə köklənirik. Bir-birimizə nə qədər təskinlik versək də , çox vaxt özümüzü ağlamaqdan saxlaya bilmirik. " Həyatın çox amansızlığını gördüm. Ömür-gün dostumu itirdim, valideynlərim dünyalarını dəyişdi, qardaşım Sahibin qəfil ölümü… Neçə qohumun əbədi həsrəti ilə üzbəüz dayandım, amma ay Flora, bunların heç biri məni Urud qədər yandırmadı”deyərək, dərindən ah çəkən Rəhilənin nəmli gözləri dəfələrlə qəlbimin başına od salıb. Heç vaxt da bu sözünün üstündən başqa bir ifadə işlətməyə taqətim çatmayıb. Hərdən mənə elə gəlir ki, ikimiz də ayaq üstə qurumuşuq, ruhumuz içimizdən uçub gedir. Ehey, hardasan doğma kənd?!
Bəzən də kövrəlməmək üçün özümüz qəsdən mövzunu dəyişib ordan-burdan danışırıq. Amma bir də ayılırıq ki, ya mən onun anasından söz açıram, ya da o mənim anamdan danışır. Elə bu yazını da qələmə alanda, məqsədim alim bacımın elm yollarındakı uğurlarından, pedaqoji fəaliyyətindən danışmaq idi. Bu yöndən söhbətə başlasam da, içimdəki dərd məni gör hara apardı?! Bütün yaraların sağaldığı, qaysaq tutduğu məqamlar var, tək vətən itkisindən başqa. Bələkdə gələnlərin indi 30 yaşı var. Biz də qocalırıq. Vətənsizlik dərdi isə təp-təzə qalıb. O yurda dönmək, o kəndə varmaq ən böyük arzumuzdur. Sənə də, özümə də, bütün dərd ortaqlarımıza da bu bəladan qurtulmağı diləyirəm.
Belə, əziz Rəhilə Abdullayeva, əslində sənin ad günündür! Bu kövrək notlardan sonra səni bağrıma sıxaraq təbrik edirəm. Məmməd Araz deyirdi ki, kövrəklik olmayan yerdə heyrət, heyrət olmayan yerdə isə kəşf yoxdur. Mən sənə həmişə heyrətlənmişəm. Qoy bu yazım da vətənsevər oxucuların qəlbində sənin kəşf olunmağına vasitəçi olsun! Sən bütün zirvələrdə dayanmağa layiqsən! Addımların möhkəm, ürəyin təpərli, təfəkkürün yerində, qələmin əlində, arzuların da çin olsun! Sən mənim üçün vətənimin bir parçasısan. Bu əzizliyin isə heç vaxt sərhədi yoxdur, biləsən!
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər