“Vətəni təmənnasız sevməyi öyrənmişik”

Dekabrın 19-da "İrəli” İctimai Birliyinin V
hesabat-seçki konfransı keçirilib və Mirhəsən Seyidov yenidən təşkilatın sədri
seçilib. Srağagün keçirilən konfrans, təşkilatın fəaliyyəti, gördüyü və görəcəyi
işlər, həmçinin digər məsələlərlə bağlı "Kaspi”nin suallarını "İrəli"
İctimai Birliyinin sədri Mirhəsən Seyidov cavablandırır.
- Mirhəsən bəy,
Sizi "İrəli” İctimai Birliyinin dünən keçirilən V hesabat-seçki konfransı, həmçinin
yenidən Birliyin sədri seçilməyiniz münasibətilə təbrik edirəm. Elə ilk sualım
da bu konfransla bağlı olacaq. "İrəli”nin V hesabat-seçki konfransı necə keçdi?
- Bu il "İrəli” İctimai Birliyinin fəaliyyətdə
olmasının 8-ci ili tamam olur. Azərbaycanın hər zaman şücaət göstərən gənclərinin
cəbhə xəttində olduğunu çox yaxşı bilirik. Bu səbəbdən 8 illiyimizdə aprel
döyüşlərində gənclərin şücaəti nəticəsində əldə edilmiş Lələtəpə yüksəkliyində 100
nəfərə yaxın gəncimizlə xüsusi görüşümüz oldu. Onlarla tortumuzu kəsdik. Onlarla
vətənpərvərlik ruhunun qaldırılması, gənclər siyasəti və hərbi-vətənpərvərlik məsələləri
haqqında müzakirələrimiz oldu. Mədəni əyləncəli proqramda onlarla birgə rəqs
etdik. Əsgər yeməyindən yedik. Düşünürəm ki bu, uzun müddət gənclərin yadından
çıxmayacaq. Bakıda keçirilən konfransımızda isə dövlət və hökumət nümayəndələri, Milli Məclisin
deputatları, gənclər təşkilatlarının təmsilçiləri iştirak etdilər. 2014-2016-cı
illərdəki fəaliyyətimizə dair xüsusi olaraq hazırlanmış videoçarx nümayiş
etdirildi. İctimai Birliyin baş katibi qurumun fəaliyyətinə dair hesabat məruzəsi
ilə çıxış etdi. Hesabat məruzəsi səsə qoyularaq təsdiqləndikdən sonra təşkilatın
İdarə Heyətinin tərkibinə səsvermə keçirildi. Gənclərin etimadı sayəsində yenidən
sədr seçildim. Qəzetinizin mənə yaratdığı bu imkandan istifadə edərək, bütün gənclərə,
üzvlərə dərin minnətdarlığımı bildirirəm.

- Təşkilatın
2014-2016-cı illərdəki fəaliyyətini necə qiymətləndirirsiniz?
- Ötən müddətdə gənclərinin ictimai,
siyasi, iqtisadi, ekoloji, mədəni və digər sahələrdə fəallıqlarının artırılması
məqsədilə 15 geniş miqyaslı layihə, o cümlədən "Mənim gənclər təşkilatım”, "Şəxsi
inkişaf”, "Münaqişə tərəfi Azərbaycan”, "Xaricdən milli baxış”, "Region gənclərinin
əməkdaşlıq forumu”, "Multikultural dəyərlərin təbliği”, "Azərbaycan gəncliyinə
dəstək” və sair layihələr həyata keçirilib. Həmin tədbirlərdə, ümumilikdə iki
mindən çox gənc iştirak edib. "İrəli”nin "Bakı-2015” birinci Avropa
Oyunlarına dəstək məqsədilə təşkil etdiyi kampaniyaya on minlərlə gənc qoşulub.
Bununla yanaşı, "İrəli” İctimai Birliyi 1700-dək gənci əhatə edən 18 layihəni dəstəkləyib.
İctimai Birliyin radiosu olan "İradio” qısa müddətdə fəaliyyətə başlamasına
baxmayaraq, gənclərin sevimlisinə çevrilib. Son iki ildə "İrəli” İctimai
Birliyi yeni üzvlərin cəlb olunmasını genişləndirmək üçün onlayn qeydiyyat
sistemini daha da təkmilləşdirib. İki ildə 6000-dən çox gəncin müraciətinə
baxılıb və ümumilikdə 3854 nəfərin üzvlüyü təsdiq edilib. Bu müddətdə ümumilikdə
dörd təcrübə proqramı həyata keçirilib, dövlət qurumları və gənclər təşkilatları
ilə səmərəli əməkdaşlıq davam etdirilib. Hazırda "İrəli” İctimai Birliyi 25-i
yerli olmaqla, 38 qurumla tərəfdaşlıq edir.

- Sizcə, "İrəli”
Azərbaycan gəncliyinin həyatında hansı rol oynayır?
- "İrəli” təşkilatı hər zaman dövlət gənclər siyasətinin,
cənab Prezidentin apardığı müstəqil siyasətin yanında olmağa çalışır. Bütün həyata
keçirdiyi layihələr, proqramlar, təşəbbüslər hamısı məhz bu istiqamətdə olur. "İrəli”
bir çox brendləri yaradaraq, gənclərin intellektual səviyyələrinin daha da
inkişafına, təhsilli, savadlı gəncliyin yetişməsinə, SAY adı altında müxtəlif
bölgələrdə gənclərin dostlaşmasına nail olub. Təşkilat olaraq gənclərin hər zaman
yanında olmağa çalışmışıq. Tərəfimizdən həyata keçirilən 15 geniş tərkibli
layihədən əlavə, son 2 il ərzində 20-dən çox gəncin ideyasının reallaşdırılmasına
dəstək olmuşuq. Bunun içərisində mədəni, ekoloji, idman, təhsil, sosial layihələr
də yer alıb. Statistikaya baxsaq, rahatlıqla demək olar ki, gənclərin təşəbbüsü
nəticəsində tərəfimizdən dəstəklənmiş layihələrin iştirakçısı kimi 2000-dən çox
bizimlə olub.

- Fəaliyyətiniz
müddətində hansısa çətinliklərlə üzləşirsinizmi? Birlik sədri olaraq bu çətinliklərin,
problemlərin həllini nədə görürsünüz?
- İstənilən sahədə çətinliklər olur. Gənclərlə iş həddindən
artıq çətindir. Lakin nəzərə alınmalıdır ki, biz bir şeyi bacaracağımıza
inanaraq addım atmalıyıq. Təşkilat son 2 ildə 2 dəfə mərkəzi qərargahını dəyişib.
Bilirsiniz katiblik və digər icra strukturlarının da dəyişilməsi zəruridir. Belə
ki, təşkilatın 2 ildə 70-dən çox gənci mərkəzi qərargahda təcrübə proqramında
iştirak edib. Bu proses də bizim üçün dayanıqlılıq meyarını daha da gücləndirməyə
səbəb olub. Artıq "İrəli”nin oturuşmuş bir komandası var. Hansı ki, bü gün istənilən
tapşırığın, ən çətin və geniş əhatəli layihənin icrasına hazırdır. Azərbaycanda
keçirilən böyük tədbirlərə ev sahibliyi etdiyimiz zamanlarda da bu komanda böyük
işlər görülməsinə nail ola bilib. Çətinliklərimiz də çox olub. Bəzən diqqətdən
kənarda qalmışıq. İstədiyimiz dəstəyi ala bilməmişik. Layihələrimizin icrasında
bir çox əngəllərlə qarşılaşmışıq. Amma bizlər bu Vətəni təmənnasız sevməyi öyrənmişik,
heç bir əngəl bizi yolumuzdan döndərə bilməyib.
- Gələcəklə
bağlı hansı planlarınız, layihələriniz var?
- "İrəli” İctimai Birliyinin fəaliyyəti
regionlarımızı və paytaxt gənclərini əhatə edir. İndiyə qədər bölgələrimizdə
xeyli sayda layihə həyata keçirilib və keçirilməsi planlaşdırılan daha geniş tərkibli,
kreativ, gənclərin tələblərinə cavab verən layihələr də gözlənilir. Artıq layihə
formatından çıxıb proqram statusu alan layihələrimizin 2017-ci ildə də davamı
gözlənilir. Düşünürəm ki, təşkilatın icra strukturlarında genişlənmə və dəyişiklik
olacaq. Eyni zamanda, bu il İslam Həmrəyliyi Oyunlarına geniş hazırlıqlar
gedir. Bizlər üçün vacib sayılan xüsusi günlərimizin tədbirlər planı daha da
genişləcək. "İrəli” "Xocalıya Ədalət” kampaniyasının tərəfdaş təşkilatıdır. Bu
məsələ ilə bağlı da geniş tədbirlər planının reallaşdırılması gözlənilir.

- Son olaraq,
Azərbaycan gəncliyinə sözünüz nədən ibarətdir?
- Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni
həyatında mühüm rola malik qüvvədir. Gənclərə verilən dəstək həm də ölkənin
güclü və firavan gələcəyinə edilən yatırımdır.Azərbaycanda gənclər dövlətin
diqqət və qayğısını hər zaman öz üzərlərində hiss edib. Əsası Ulu öndər Heydər
Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin
fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə
çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir.Azərbaycan
gəncliyi bu gün cənab Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşməli,
azərbaycançılıq ideologiyasına sahib çıxmalı və həqiqətlərimizin tanıdılmasına
çalışmalıdır. Yaxın zamanda gənclərimizlə birgə Şuşada, Xankəndində görüşməyi
arzulayır və hər bir gəncimizi layiqli vətəndaş olmağı arzu edirəm.
Rufik
İSMAYILOV
