• cümə, 19 Aprel, 13:45
  • Baku Bakı 25°C

“Vətəni təmənnasız sevməyi öyrənmişik”

21.12.16 14:00 4059
“Vətəni təmənnasız sevməyi öyrənmişik”
Dekabrın 19-da "İrəli” İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib və Mirhəsən Seyidov yenidən təşkilatın sədri seçilib. Srağagün keçirilən konfrans, təşkilatın fəaliyyəti, gördüyü və görəcəyi işlər, həmçinin digər məsələlərlə bağlı "Kaspi”nin suallarını "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov cavablandırır.

- Mirhəsən bəy, Sizi "İrəli” İctimai Birliyinin dünən keçirilən V hesabat-seçki konfransı, həmçinin yenidən Birliyin sədri seçilməyiniz münasibətilə təbrik edirəm. Elə ilk sualım da bu konfransla bağlı olacaq. "İrəli”nin V hesabat-seçki konfransı necə keçdi?
- Bu il "İrəli” İctimai Birliyinin fəaliyyətdə olmasının 8-ci ili tamam olur. Azərbaycanın hər zaman şücaət göstərən gənclərinin cəbhə xəttində olduğunu çox yaxşı bilirik. Bu səbəbdən 8 illiyimizdə aprel döyüşlərində gənclərin şücaəti nəticəsində əldə edilmiş Lələtəpə yüksəkliyində 100 nəfərə yaxın gəncimizlə xüsusi görüşümüz oldu. Onlarla tortumuzu kəsdik. Onlarla vətənpərvərlik ruhunun qaldırılması, gənclər siyasəti və hərbi-vətənpərvərlik məsələləri haqqında müzakirələrimiz oldu. Mədəni əyləncəli proqramda onlarla birgə rəqs etdik. Əsgər yeməyindən yedik. Düşünürəm ki bu, uzun müddət gənclərin yadından çıxmayacaq. Bakıda keçirilən konfransımızda isə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının təmsilçiləri iştirak etdilər. 2014-2016-cı illərdəki fəaliyyətimizə dair xüsusi olaraq hazırlanmış videoçarx nümayiş etdirildi. İctimai Birliyin baş katibi qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış etdi. Hesabat məruzəsi səsə qoyularaq təsdiqləndikdən sonra təşkilatın İdarə Heyətinin tərkibinə səsvermə keçirildi. Gənclərin etimadı sayəsində yenidən sədr seçildim. Qəzetinizin mənə yaratdığı bu imkandan istifadə edərək, bütün gənclərə, üzvlərə dərin minnətdarlığımı bildirirəm.

- Təşkilatın 2014-2016-cı illərdəki fəaliyyətini necə qiymətləndirirsiniz?
- Ötən müddətdə gənclərinin ictimai, siyasi, iqtisadi, ekoloji, mədəni və digər sahələrdə fəallıqlarının artırılması məqsədilə 15 geniş miqyaslı layihə, o cümlədən "Mənim gənclər təşkilatım”, "Şəxsi inkişaf”, "Münaqişə tərəfi Azərbaycan”, "Xaricdən milli baxış”, "Region gənclərinin əməkdaşlıq forumu”, "Multikultural dəyərlərin təbliği”, "Azərbaycan gəncliyinə dəstək” və sair layihələr həyata keçirilib. Həmin tədbirlərdə, ümumilikdə iki mindən çox gənc iştirak edib. "İrəli”nin "Bakı-2015” birinci Avropa Oyunlarına dəstək məqsədilə təşkil etdiyi kampaniyaya on minlərlə gənc qoşulub. Bununla yanaşı, "İrəli” İctimai Birliyi 1700-dək gənci əhatə edən 18 layihəni dəstəkləyib. İctimai Birliyin radiosu olan "İradio” qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq, gənclərin sevimlisinə çevrilib. Son iki ildə "İrəli” İctimai Birliyi yeni üzvlərin cəlb olunmasını genişləndirmək üçün onlayn qeydiyyat sistemini daha da təkmilləşdirib. İki ildə 6000-dən çox gəncin müraciətinə baxılıb və ümumilikdə 3854 nəfərin üzvlüyü təsdiq edilib. Bu müddətdə ümumilikdə dörd təcrübə proqramı həyata keçirilib, dövlət qurumları və gənclər təşkilatları ilə səmərəli əməkdaşlıq davam etdirilib. Hazırda "İrəli” İctimai Birliyi 25-i yerli olmaqla, 38 qurumla tərəfdaşlıq edir.
- Sizcə, "İrəli” Azərbaycan gəncliyinin həyatında hansı rol oynayır?
- "İrəli” təşkilatı hər zaman dövlət gənclər siyasətinin, cənab Prezidentin apardığı müstəqil siyasətin yanında olmağa çalışır. Bütün həyata keçirdiyi layihələr, proqramlar, təşəbbüslər hamısı məhz bu istiqamətdə olur. "İrəli” bir çox brendləri yaradaraq, gənclərin intellektual səviyyələrinin daha da inkişafına, təhsilli, savadlı gəncliyin yetişməsinə, SAY adı altında müxtəlif bölgələrdə gənclərin dostlaşmasına nail olub. Təşkilat olaraq gənclərin hər zaman yanında olmağa çalışmışıq. Tərəfimizdən həyata keçirilən 15 geniş tərkibli layihədən əlavə, son 2 il ərzində 20-dən çox gəncin ideyasının reallaşdırılmasına dəstək olmuşuq. Bunun içərisində mədəni, ekoloji, idman, təhsil, sosial layihələr də yer alıb. Statistikaya baxsaq, rahatlıqla demək olar ki, gənclərin təşəbbüsü nəticəsində tərəfimizdən dəstəklənmiş layihələrin iştirakçısı kimi 2000-dən çox bizimlə olub.

- Fəaliyyətiniz müddətində hansısa çətinliklərlə üzləşirsinizmi? Birlik sədri olaraq bu çətinliklərin, problemlərin həllini nədə görürsünüz?
- İstənilən sahədə çətinliklər olur. Gənclərlə iş həddindən artıq çətindir. Lakin nəzərə alınmalıdır ki, biz bir şeyi bacaracağımıza inanaraq addım atmalıyıq. Təşkilat son 2 ildə 2 dəfə mərkəzi qərargahını dəyişib. Bilirsiniz katiblik və digər icra strukturlarının da dəyişilməsi zəruridir. Belə ki, təşkilatın 2 ildə 70-dən çox gənci mərkəzi qərargahda təcrübə proqramında iştirak edib. Bu proses də bizim üçün dayanıqlılıq meyarını daha da gücləndirməyə səbəb olub. Artıq "İrəli”nin oturuşmuş bir komandası var. Hansı ki, bü gün istənilən tapşırığın, ən çətin və geniş əhatəli layihənin icrasına hazırdır. Azərbaycanda keçirilən böyük tədbirlərə ev sahibliyi etdiyimiz zamanlarda da bu komanda böyük işlər görülməsinə nail ola bilib. Çətinliklərimiz də çox olub. Bəzən diqqətdən kənarda qalmışıq. İstədiyimiz dəstəyi ala bilməmişik. Layihələrimizin icrasında bir çox əngəllərlə qarşılaşmışıq. Amma bizlər bu Vətəni təmənnasız sevməyi öyrənmişik, heç bir əngəl bizi yolumuzdan döndərə bilməyib.

- Gələcəklə bağlı hansı planlarınız, layihələriniz var?
- "İrəli” İctimai Birliyinin fəaliyyəti regionlarımızı və paytaxt gənclərini əhatə edir. İndiyə qədər bölgələrimizdə xeyli sayda layihə həyata keçirilib və keçirilməsi planlaşdırılan daha geniş tərkibli, kreativ, gənclərin tələblərinə cavab verən layihələr də gözlənilir. Artıq layihə formatından çıxıb proqram statusu alan layihələrimizin 2017-ci ildə də davamı gözlənilir. Düşünürəm ki, təşkilatın icra strukturlarında genişlənmə və dəyişiklik olacaq. Eyni zamanda, bu il İslam Həmrəyliyi Oyunlarına geniş hazırlıqlar gedir. Bizlər üçün vacib sayılan xüsusi günlərimizin tədbirlər planı daha da genişləcək. "İrəli” "Xocalıya Ədalət” kampaniyasının tərəfdaş təşkilatıdır. Bu məsələ ilə bağlı da geniş tədbirlər planının reallaşdırılması gözlənilir.

- Son olaraq, Azərbaycan gəncliyinə sözünüz nədən ibarətdir?
- Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik qüvvədir. Gənclərə verilən dəstək həm də ölkənin güclü və firavan gələcəyinə edilən yatırımdır.Azərbaycanda gənclər dövlətin diqqət və qayğısını hər zaman öz üzərlərində hiss edib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir.Azərbaycan gəncliyi bu gün cənab Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşməli, azərbaycançılıq ideologiyasına sahib çıxmalı və həqiqətlərimizin tanıdılmasına çalışmalıdır. Yaxın zamanda gənclərimizlə birgə Şuşada, Xankəndində görüşməyi arzulayır və hər bir gəncimizi layiqli vətəndaş olmağı arzu edirəm.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər