• çərşənbə axşamı, 23 aprel, 11:38
  • Baku Bakı 20°C

Vətəni pula satanlar...

31.07.15 10:35 2737
Vətəni pula satanlar...
Mirzə Sakit “Azərbaycan saatı” verilişinin qardaşı Qənimət Zahid və ətrafındakılar üçün qazanc mənbəyi olduğunu bildirib
Azərbaycan Xalq Cəbhəsi Partiyasındakı (AXCP) idarəetmə üsulu, partiya sədri Əli Kərimlinin diktator kimi davranması, əks fikrə, sərbəst düşüncəyə qarşı dözümsüz olması, müstəqil davranışına görə hətta yaxın ətrafını da şantaj etdirməsi və sair barədə dəfələrlə yazmışıq. Təkcə son aylarda bu partiya daxilində baş verən hadisələri nəzərdən keçirsək, təhlil etsək, görərik ki, söylədiklərimiz sadəcə, yazı xatirinə sözdən ibarət deyil. Misal üçün, Ə.Kərimlinin şantaj və hədələrindən canını qurtarmaq üçün, onun radikal siyasi xəttinə etiraz əlaməti olaraq, partiya sədrinin müavinləri Razi Nurullayev, Əbülfəz Qurbanlı, bunlardan əvvəl isə Asəf Quliyev, Fuad Mustafayev təşkilatla yollarını ayırıblar. Bununla yanaşı, AXCP Ali Məclisinin üzvləri İslam Mahmudov, Elçin Rüstəmli, şöbə müdiri Şahin Həsənov, Ə.Kərimlinin müşaviri, Qarabağ qazisi, Füzuli rayonunun sabiq icra başçısı Şakir Abbasov, Akif İslamzadə, partiyanın Sabunçu, Sumqayıt, Nəsimi şöbələrinin üzvləri Teymur Kərim, Məsmalı Qasımzadə, Namiq Əhmədli, Ülkər Kazımova və başqaları da partiyadakı gərgin idarəçilik mühitindən bezərək, istefa veriblər. İllərini siyasətə qurban verənlər, buna görə də müxalifətdə az-çox nüfuz sahibi olanlar da AXCP sədrinin və yaxın ətrafının sözünün üstünə söz dediyinə görə Nərimanov şöbəsinin təşkilati məsələlər üzrə şöbə müdiri Ağaşirin Tanrıverdioğlu kimi partiyadan qovulublar. Sonradan həmin adamlara “satqın”, “xəyanətkar”, ən yaxşı halda “partiyanın siyasi xəttinə zidd fəaliyyət göstərən” damğası vurulub. AXCP-dən qovulan və istefa verən narazı müxalifətçilər isə mediaya açıqlamalarında bunun əksini deyərək bildiriblər ki, diktatorlara xas davranışına görə Ə.Kərimlinin ətrafı zaman keçdikcə daha da seyrələcək.
Bu günlərdə Ə.Kərimli və bilavasitə onun nəzarəti altında olan, hətta demək olar ki, AXCP sədrinin “baş redaktorluq” etdiyi “Azadlıq” qəzeti ilə əlaqəli daha bir hadisə baş verib. Radikal müxalifət liderinin siyasi xəttini internet üzərindən təbliğ edən, Azərbaycan reallıqları barədə dünyada qeyri-obyektiv rəy formalaşdıran, bununla da xalqın və dövlətin milli maraqlarına zərbə vuran, “Azadlıq” qəzetinin ölkədən qaçan baş redaktoru Qənimət Zahid tərəfindən idarə olunan “Azərbaycan saatı” verilişi barədə sözügedən mətbu orqanın sabiq yazarı, AXCP-dən istefa vermiş Mirzə Sakitin ifşaedici müraciəti yayılıb. Q.Zahidin doğma qardaşı tərəfindən hazırlanan və “Yeni Müsavat” qəzetində dərc edilən müraciətdə satirik şair öz qohum-əqrəbasının həbs olunma səbəblərindən danışıb. O, son vaxtlar qohumlarının həbs olunmalarına görə “Azərbaycan saatı” verilişini, yəni Q.Zahidi təqsirli bilib. Fikrini bir qədər açıqlamaq üçün Mirzə Sakit sözügedən verilişin mahiyyəti haqqında da məlumat verib. Deyib ki, bu verilişin yaradıcıları və aparıcıları Avropa ölkələrində mühacirətdə yaşayan insanlardır və həmin insanları mübarizənin hansı formada daha effektiv, nailiyyətli olması qəti maraqlandırmır. Onun sözlərinə görə, “Azərbaycan saatı”nı yaradanların və aparıcılarının əsas məqsədlərindən biri ilk növbədə həmin verilişin layihəsi əsasında maliyyə əldə etməkdən ibarətdir.
Vaxtilə AXCP-dən istefa verən satirik şair müraciətində keçmiş partiyadaşlarının əks fikrə qarşı dözümsüzlüyünü də diqqətə çatdırıb. Bildirib ki, iyulun 28-də Musavat.com-da onun kürəkəninin müsahibəsi dərc olunandan sonra cəbhəçilərin təhqirlərinə məruz qalıb: “Həmin müsahibədə kürəkənim öz qardaşının və o biri qohumlarının həbsi ilə bağlı öz fikirlərini bildirib. Müsahibədə o, “Azərbaycan saatı” verilişini aparanları ittiham edib. Bu gün isə cəbhə qaragüruhçuları qarğa-quzğun kimi üstümüzə tökülüşürlər. Bu qarğa-quzğunlar israrla bildirirlər ki, həmin müsahibəni kürəkənim yox, məhz mən vermişəm, guya mənim dəst-xəttimdir. Məni tanıyanlar gözəl bilirlər ki, heç kimin adından söz yazmıram, yazdıqlarımı da istər hakimiyyətə qarşı, istər müxalifətə qarşı öz adımla yazıram. Nə sifariş qəbul edirəm, nə də sifariş verirəm. Həmin adamların əksəriyyəti sifarişlə hərəkət etdiklərinə görə, sifarişlə yazdıqlarına görə elə düşünürlər ki, hamı sifarişlə yazır. Bəzi əbləh adamların da mənim haqqımda sosial şəbəkələrdə sərsəmləmələrinə qətiyyən əhəmiyyət vermirəm. Onların nə düşünməsi də məni qətiyyən maraqlandırmır, çünki əbləhlərin düşüncələri də əbləh düşüncə olacaq. O müsahibənin altında bir sürü (mən belələrinə sürü deyirəm) insanlar tökülüşüblər kürəkənimi orda təhqir edirlər, halbuki adam öz fikrini deyib və düz də deyib”.
Mirzə Sakit hər bir vətəndaşın müstəqil şəkildə istənilən mətbu orqana müsahibə vermək hüququnun olduğunu da xatırladıb. Deyib ki, həbs olunan insanlar haqqında onun da qohum olaraq söz demək, münasibət bildirmək haqqı var. Satirik şair “Azadlıq” qəzetinin ona belə bir haqqı tanımadığını bildirib: “Çox istərdim ki, bu həbslər haqda fikirlərimi özünü demokratik, müstəqil qəzet hesab edən “Azadlıq” qəzetində dərc etdirəm. Amma təəssüflər olsun ki, o qəzet bir mülkədarın əmlakı olduğu üçün orda mənim nəinki yazım, hətta adım da belə yazıla bilməz. O zaman mən neyləməliyəm? “Yeni Müsavat” qəzetində yazımı dərc etdirən kimi deyirlər ki, sən Prezidentdən medal almış adamın qəzetində yazı dərc etdirirsən. Ay yoldaşlar, bəs sizin “Azadlıq” qəzeti də bir zamanlar iki dəfə deputatlıq mandatı almış adamın qəzeti deyilmi?”
Göründüyü kimi, radikal müxalifət daxilindəki qeyri-səmimi münasibət Mirzə Sakiti də doğma qardaşı Q.Zahidə, dolayısı ilə AXCP-yə qarşı çıxmağa vadar edib. Satirik şair kimi tanınan bu adamın kimliyi hər kəsə yaxşı məlumdur. Hər zaman hakimiyyətə qarşı çıxışları ilə tanınan Mirzə Sakit indi də Belçikada mühacirət həyatı yaşamaqdadır. Bununla belə, artıq o da Q.Zahidin hazırladığı “Azərbaycan saatı”nın Azərbaycanın maraqlarına uyğun gəlmədiyini, həqiqətləri təhrif etdiyini, ölkənin inkişafına hesablanmadığını, bir qrup xarici dairələrin əlində alət olduğunu anlayıb. O, müraciətində açıq şəkildə göstərib ki, “Azərbaycan saatı” Q.Zahid və onun ətrafındakı 1-2 nəfər üçün qazanc mənbəyidir. Bununla o, “Azadlıq” qəzetinin baş redaktoru Q.Zahidi və ətrafındakıları Vətəni pula satmaqda ittiham edib.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər