• cümə, 29 Mart, 10:57
  • Baku Bakı 5°C

Vətənə vurğun ömrün səhifələri

24.10.17 12:30 4517
Vətənə vurğun ömrün səhifələri
Hər ömür bir kitabdır, deyirlər. Fəqət, hər kitab oxunaqlı olmur. Kitab var, oxuyanda cəhd edirsən ki, sonuna çatıb canını qurtarasan. Kitab da var, ayrıla bilmirsən, qəhrəmanın yaşantılarını onunla birgə izləyirsən...
Bir kitabla tanış oldum – İmran Əbilov "Vətənə vurğun: Ömürdən səhifələr”. Redaktoru pedaqogika üzrə fəlsəfə doktoru, Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Şahrza Ağayev. Ş. Ağayevin "Müdrik insan” başlıqlı yazısı diqqətimi çəkdi: "Alovlu vətənpərvər İmran Əbilovda xalq sevgisi, torpaq eşqi, Vətən istəyi çox böyükdür”.
Bioqrafik kitabı müəllif, Azərbaycanın ilk poliqrafçı alimi Şəddat Cəfərova avtoqrafla bağışlamışdı. Kitabı birnəfəsə oxudum. Maraqlı bir müsahiblə həmsöhbət olduğuma, ləyaqətli bir ömrü izlədiyimə sevindim. Həqiqi mənada vətənə vurğun ömürdən səhifələr... Gəlin, birlikdə vərəqləyək...
Atasının vəsiyyətinə görə...
İmran Əbilov 1935-ci il, oktyabrın 23-də Masallı rayonunun Mahmudavar kəndində dünyaya göz açıb. Müharibə dövrünün bütün uşaqları kimi zamanın ağrı-acılarını yaşayıb. Yeddillik təhsildən sonra Lənkəran Pedaqoji Texnikumunda təhsil alıb. Təyinatla Masallının Boradigah kəndində müəllim işləyib. 1954-1959-cu illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunda oxuyub, oranı fərqlənmə diplomu ilə bitirib. Masallı rayonunun Həsənli kəndində - "Şən həyat” kolxozunda baş zootexnik kimi fəaliyyətə başlayıb. 1960-1962-ci illərdə Masallı rayon Partiya Komitəsində təlimatçı, Masallı rayon Komsomol Komitəsində birinci katib, həmin ilin mart ayından Azərbaycan LKGİ MK-nın təşkilatçısı, 1963-1969-cu illərdə Masallı rayon Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi işləyib. Masallı və Yardımlı rayonlarının tabe olduqları bu idarənin rəisliyi o dövrdə hər hansı rayonun birinci katibinin vəzifə səlahiyyətində idi. 1969-cu ilin iyun ayınd Kənd Təsərrüfatı nazirinin müavini təyin olunub. 1991-ci ilə kimi bu vəzifədə çalışıb. Sonra Dövlət Aqrar-Sənaye Komitəsinin sədr müavini, 1991-ci ildən "Azərquşsənaye” Dövlət Şirkətində vitse-prezident kimi fəaliyyət göstərib. 1997-ci ildən Nazirlər Kabinetinin Aqrar-Sənaye şöbəsində baş məsləhətçi işləyib. 2011-ci ildən dövlət qulluğu təqaüdçüsüdür.
Sadalanan bu rəqəmlər arasında vətən, insanpərvərlik naminə o qədər unudulmaz anlar var ki, bir yazıya sığmaz. İmran Əbilov o xoşbəxtlərdəndir ki, ömrün müdriklik zirvəsindən fəxarətlə boylanır geriyə. 82 illik ömrünün sevincli anlarını da yaşadır yaddaşında, nisgilli anlarını da. Uşaqlıq illərinin nisgilini ürəyində gəzdirsə də, sonrakı illərin uğurları rahatlıq gətirir qəlbinə. Uğurlu günlərini atasının görə bilməməsinə təəssüflənir. II Dünya müharibəsinin ağır illərində atası Rəşid Əbilov öz kəndlərində kolxoz sədri işləyib. 1943-cü ildə Bədəlan kəndinə sovet sədri təyin edilir. Bədəlan kənd sovetliyinə 8 kənd, 6 kolxoz daxil idi. 1945-ci ildə yenə Mahmudavara kolxoz sədri göndərilir. Qarşısına şərt qoyulur – ya dağılmış kəndi qaldırmalı, ya da partbileti təhvil verməli... Əyninin kostyumunu, ev əşyalarını satıb Astaradan, Lənkərandan çəltik toxumu, işlək heyvan, Biləsuvardan buğda toxumu alır. Qısa müddətdə kolxozun göstəriciləri qalxır, adamların güzəranı düzəlir. Lakin qəlbiqaraların, dargözlərin paxıllığı başlayır. İntriqaların kökü rayon mərkəzindən gəlir. Rayona, kolxoza yoxlamalar, komissiyalar göndərilir. Bütün bunlara mərdliklə sinə gərsə də, Rəşid Əbilovun ürəyi sarsıntılara tab gətirmir. Həyata keçirəcəyi arzular, görəcəyi işlər yarımçıq qalır. 1961-ci ildə dünyasını dəyişir.
Oğlanları – Şirvan və İmran Əbilov qardaşları atalarının yarımçıq arzularını onun istəyindən də artıq həyata keçiriblər. Və atalarının vəsiyyətinə görə, heç kimlə kin, ədavət saxlamayıblar. Yaxşı əməlləri, cəmiyyətdəki nüfuzlu mövqeləri ilə onları "cəzalandırıblar”.
Səməd Vurğuna yazılan məktub və gələn cavab
İmran müəllimlə şəxsən tanış olanda illərin dostu kimi görüşdük. "Ömür kitabı”ndan çox şey əxz etmişdim. Danışdıqca yaddaşında canlandırdığı işıqlı simaları olduğu kimi təqdim etməyə çalışır. Yüksək kürsülərdə olsa da, ləyaqətli övlad, təmkinli ər, qayğıkeş ata, əsl vətəndaş, vicdanlı məmur ömrü yaşayır. Lap cavanlığından şeirə üz tutub. Sözə, sənətə vurğunluq onu söz, sənət nəhəngləri ilə birləşdirib.
Pedaqoji Texnikumda oxuduğu illərdə "Komsomol yolu” qəzetinin redaktoru olur. Sevimli müəllimi "Ülvi” təxəllüslü Qüdrət Xəlilov tələbələrə hər zaman ruh verir. Əlaçı, istedadlı tələbə İmrana isə xüsusi diqqət göstərir. Günlərin birində Qüdrət müəllim İmrana Səməd Vurğuna məktub yazmağı tapşırır. İmran böyük şairə məktub yazır və divar qəzetlərinə nəsihət və tövsiyələrini yazmasını xahiş edir. Amma inanmır ki, nəinki Azərbaycanda sevilən, Sovetlər İttifaqında tanınan şair ona cavab yazmağa vaxt tapa. Lakin dahilər hər zaman böyük insani xüsusiyyətləri ilə yaşayırlar tarixdə. Bir də eşidir ki, texnikumun direktoru onu axtarır. Xalq şairi Azərbaycan Yazıçılar İttifaqının xüsusi zərfi ilə tələbəyə cavab göndərir. Zərfdə iki məktub olur – birinci məktub şəxsən İmrana, ikincisi divar qəzetinə. Xalq şairinin məktubları nəinki İmranın, texnikumun tarixində hadisəyə çevrilir. Bu hadisə yerli qəzetdə də işıqlandırılır. İmran üçün ikinci unudulmaz hal o idi ki, məktubu Səməd Vurğun onun doğum günündə - 23 oktyabr 1952-ci ildə imzalamışdı... 1955-ci ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunda oxuyarkən tələbələrin görüşündə Səməd Vurğunla şəxsən tanış olur. Tələbə yoldaşlarına şairlə məktublaşmasını qürurla söyləyir (həmin məktub Səməd Vurğunun ev muzeyində qorunur – S.Ə.). Tələbələrlə görüşə Səməd Vurğunla yanaşı, bütün türk dünyasının sevimli şairi Nazim Hikmət də gəlibmiş. Görüşdə şairin yaradıcılığı haqqında İmran Əbilov məruzə edir və "Oğlum Mehmete” adlı şeirini söyləyir. Yaradıcılığı haqqında ətraflı məruzə və şeirdən mütəəssir olan Nazim Hikmət İmranı bağrına basıb öpür.
Poeziya nəhəngi Rəsul Rza, ədəbi tənqidin atası sayılan Mehdi Hüseynlə Qızılağac Dövlət Qoruğunda quş, balıq ovladıqlarını xoş xatirələrlə anır. Məşhur simalardan İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Vəli Axundov, Maqsud Əlizadə, İmamverdi Əbilov, İsmayıl Dağıstanlı, Habil Əliyevlə ömürlərinin sonuna kimi dostluq münasibətində olub.
Deyirsən mən nazir müavini Əbilovu tanımıram?
İmran Əbilov yaddaşının ən işıqlı simaları arasında dahi şəxsiyyət Heydər Əliyevi yaşadır. 1969-cu ildən başlayan görüşlərini ən kiçik incəliklərinə kimi qələmə alıb: "1969-cu ilin iyununda nazir müavini kimi fəaliyyətə başlayandan bir ay sonra Heydər Əliyev hakimiyyətə gəldi. Sonrakı fəaliyyətimin əsas hissəsi bu dahi şəxsiyyətin rəhbərliyi altında oldu. Yaxşı bilirdik ki, H.Əliyevlə hər hansı bir məsələ haqqında danışmaq üçün ciddi hazırlaşmaq lazımdır. İlk kəlmələrindən bilirdi ki, işin içindəsən, ya yox. Danışanda hər sözünə diqqət yetirməli idin. Lakin müsahibinə elə şərait yaradırdı, adam özünü sərbəst hiss edir, fikrini tam bildirirdi... Yaddaşı haqqında isə əfsanələr danışmaq olar. 1979-cu ilin yayında Bərdədə kənd təsərrüfatı işçilərinin zona müşavirəsi keçirilməli idi. Nazir Məmməd Əsgərov Heydər Əliyevin Bərdəyə gedəcəyini, Kirov adına sovxozun fermasına baxacağını söylədi və mənim orda hazırlıq işlərinə başlamağımı tapşırdı. Bir gün əvvəl fermada olub hazırlıq işləri gördük. Ertəsi gün respublika rəhbəri əlaqədar nazir və katiblərlə fermaya gəldi. Hamımız ağ xalatda Heydər Əliyevi qarşıladıq. Bərdənin raykom katibi Rüstəm Səfərəliyev məni respublika başçısına təqdim edərək – nazir müavinidir – dedi. Heydər Əliyev Səfərəliyev tərəfə döndü və bir qədər acıqla dedi: "Deyirsən mən nazir müavini Əbilovu tanımıram?” Heydər Əliyev 1982-ci ilin mart ayında heyvandarlıq üzrə plenum keçirməli idi. Biz buna çox ciddi hazırlaşırdıq. Həmin dövrdə mən onunla kabinetində iki dəfə şəxsən görüşdüm. O, bütün sahələrdə olduğu kimi sanki heyvandarlıq üzrə də akademik idi. Bütün incəlikləri soruşdu və axırda dedi ki, heyvandarlıq adi sahə deyil, böyük bir elm sahəsidir.”
Böyük qardaşı Şirvan Əbilov da Ulu Öndərin sadiq silahdaşlarındandır. Yeni Azərbaycan Partiyasının Masallı şöbəsinin yaranmasında xüsusi səyi olanlardandır. Bu gün hər iki qardaş özünü Heydər Əliyev dövrünün yetirməsi hesab edir. Azərbaycan dövlətçiliyinə, cənab prezident İlham Əliyev işinə sədaqətli olduqlarını hər sahədə nümayiş etdirirlər.
Dosta sədaqət xarakterinin dəyişməz cizgilərindəndir
İmran Əbilov kitabın "Görkəmli şəxsiyyət” bölümündə bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə haqqında fikirlərini bölüşür: "Lənkəranın kiçik Cil kəndində dünyaya göz açan bu insan bilməzdi ki, sonralar öz dövrünün ən böyük din xadimi olacaq. Cil kəndini əsrarəngiz edən Sexəlifə ocağı öz əzəməti ilə cənub bölgəsində məşhurdur. Adam ordan keçəndə sirlər dünyasına düşür, qəlbini saf hisslər bürüyür. Lənkəran Pedaqoji Texnikumunda oxuyarkən o yolu piyada keçər, ocağın həyətində bitən əzəmətli ağaclara uzaqdan baxar və Allaha dualar edərdim... Deyirlər, bir nəfər şöhrətin ardınca qaçır, əldən-ayaqdan düşür, lakin onu tuta bilmir. Bir nəfər isə şöhrətdən qaçır, şöhrət onu qovur. Nəhayət, şöhrət o adamı tutur və bir daha buraxmır. Deyərdim ki, bu şəxs Şeyxin özüdür. Şöhrət əsl sahibi kimi onu tapıb.”
İmran müəllim uşaqlığından din, iman sahibidir. Allah sevgisi onu ömrünün müdrik çağında Məkkədə müqəddəslərlə qovuşdurub. Müqəddəs yerləri ömür-gün yoldaşı Gülsara xanımla, övladları Azər, Vüsal və Ülkərlə birgə ziyarət edib.
"Vətənə vurğun ömürdən səhifələr”dən başqa nüanslar da əldə etdim. Dünya ölkələrində İmran Əbilov dəfələrlə Azərbaycanın təmsilçisi olub. Təkcə kənd təsərrüfatı mütəxəssisi kimi deyil, bir vətəndaş, bir ziyalı olaraq öz simasında Azərbaycan haqqında fikir formalaşdırıb. Hindistanda SSRİ-dən gedən nümayəndə heyətinə başçılıq edib.
Misirdə keçirilən Ümumdünya Camışçılıq Konqresinə SSRİ Kənd Təsərrüfatı Nazirliyinin razılığı ilə Sovet İttifaqından yalnız İmran Əbilovun iştirakı məsləhət görülür. Çünki camışçılıq əsasən Azərbaycanda idi. Konqresə qədər Qahirədə Azərbaycan xalqının qonaqpərvərliyini, süfrə mədəniyyətini nümayiş etdirir. Məruzəsi ilə bütün dünya alimlərini razı salır. Suallara ətraflı cavablar verir. Konqresdən sonra dünyanın 5 görkəmli aliminə, o cümlədən, İmran Əbilova Misir Elmlər Akademiyasının Fəxri Diplomu və medal verilir. Bolqarıstanda keçirilən Beynəlxalq Camışçılıq Konqresindəki məruzələri dünya alimlərinin diqqətini cəlb edir. Konqresin Daimi Komitəsinin üzvü seçilir. Sonrakı tədbirlərdə SSRİ Damazlıq Şurasının üzvü, zebuçuluq üzrə Damazlıq Şurasının həmsədri seçilir.
İsveç görüşləri də unudulmazdır. Xalq şairi Nəbi Xəzri, xalq artisti Emin Sabitoğlu, yazıçı-dramaturq, professor Aqşin Babyev, ADU-nun (BDU) rektoru, professor Faiq Bağırzadə, Sosialist Əməyi Qəhrəmanı Boran Quliyevlə keçirdiyi işgüzar səfərlər yaddaşında əziz xatirə kimi yaşayır.
Erkən gəncliyindən özünü vətənpərvər ziyalı kimi formalaşdıran İmran Əbilovun taleyinə Qarabağ müharibəsinin iştirakçısı olmaq da düşüb. 1991-ci ildə - hadisələrin qızğın vaxtında azərbaycanlılar yaşayan kəndlərdə, kolxoz və sovxozlarda müşavirə keçirilir. Müşavirədə görülmüş və görüləcək işlər barədə Əbilovun hesabatı dinlənilir. Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə, Ağdam və Xocalıda üzləşdiyi ağlasığmaz erməni vəhşiliklərini unuda bilmir. Dəfələrlə özü də ölümlə üzləşib. Görünür, Tanrının nəzəri üzərində imiş... Azərbaycan bayrağının Qarabağda dalğalanacağı günü gözləyir və o günə ümidlidir.
Respublikanın Əməkdar Kənd Təsərrüfatı işçisi, Əmək və Qarabağ müharibəsi veteranı İmran Əbilov ömrünün ahıl çağını yaşasa da, yenə fəaliyyətdədir. Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvüdür. Heç bir dövlət qulluğunda işləməsə də, İmran müəllimlə görüşmək mənə o qədər də asan olmadı. Hər dəfə zəngləşəndə tədbirdə olduğunu söylədi. Dostlarına bu gün də sədaqətlidir və onları həyatda qazandığı ən böyük nemətlərdən biri hesab edir. Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Şuranın tanınmış ağsaqqalları, xalq və dövlət qarşısında böyük xidmətləri olan Allahşükür Paşazadə, Arif Paşayev, Sudeyif İmamverdiyev, Teymur Bünyadov, Yaqub Mahmudov, Vasim Məmmədəliyev, Akif Rəfiyev, Xoşbəxt Yusifzadə, Adilə Namazova, Əhliman Əmiraslanov, Qəzənfər Paşayev və başqa dəyərli ziyalılarla bir sırada olması ilə qürur duyur. Dosta sədaqət xarakterinin dəyişməz cizgilərindəndir.
Vaxtını əsasən Pirşağadakı bağında keçirir. Ömür-gün yoldaşı Gülsara xanımla bu il toylarının 55 illiyini qeyd edəcəklər.
İmran müəllim Gülsara xanımla dörd övlad böyüdüb. Ülkər, Azər, Sevinc, Vüsal – cəmiyyətdə layiqli nüfuz sahibidirlər. Onlardan törəyənlər də ailəyə yalnız başucalığı gətirirlər.
Bir insan ömrünü vərəqlədim. Ömrün bəzi məqamlarını qələmə alıb yazıya gətirdim. İmran Əbilovdan yazmaq üçün yalnız "ömür kitabı” kifayət etmir. Özü ilə ünsiyyətdə olanda dahi bir insanı kəşf etmiş olursan. İki-üç görüşümüzdə bunun şahidi oldum.
Yenidən görüşənədək, İmran müəllim!
Sevda Əlibəyli
banner

Oxşar Xəbərlər