• cümə, 19 Aprel, 00:19
  • Baku Bakı 18°C

Vətəndən güc alıb, vətəni gücləndirən soydaşlarımız - Fotolar

30.11.16 15:19 1628
Vətəndən güc alıb, vətəni gücləndirən soydaşlarımız - Fotolar
Azərbaycan mədəniyyəti, dili, mətbəxi, musiqisi, incəsənəti dünyanın harasında varsa, orada vətənimizin kiçik bir hissəsi yaşayır. Əgər insan öz torpağını, doğulduğu ölkəni sevirsə, ona cani-könüldən bağlıdırsa, hara gedirsə-getsin, hər yerdə Azərbaycanın bir parçasını özünün timsalında nümayiş etdirəcək. Burada mühüm olan bir məqam da vətəni sevməklə yanaşı, bu sevgini əməllərlə sübuta yetirməkdir.

Ölkəmizin inkişafı, dünyada tanıdılması istiqamətində dövlət səviyyəsində görülən işlər, atılan addımlar göz önündədir. Bir ölkəni dünyanın istənilən yerində tanıtmaq üçün onun incəsənətinin, mədəniyyətinin üzərinə böyük yük düşür. Bu mənada, qəlbləri vətən eşqi, yurd həsrəti ilə döyünən, dünyanın müxtəlif ölkələrində milli musiqimizi, incəsənətimizi təbliğ edən soydaşlarımızdan danışmaq istəyirik. Onlar yaşadıqları ölkədə kiçik Azərbaycan yaradır, vətəni qəlblərində sevməklə yanaşı, fəaliyyətlərində də təbliğ edirlər. Dünyanın müxtəlif ölkələrində yaşayan həmin incəsənət nümayəndələrindən bir neçəsini axtarıb-tapdıq, Azərbaycanla bağlı etdiklərini xəbər aldıq.


Uzun müddətdir ki, Parisdə yaşayan azərbaycanlı vokal ifaçısı Təranə Allahverdiyeva-Monbarbü bizimlə söhbətində bildirdi ki, sənətlə, musiqi ilə qurulan əlaqə çox güclü olur. Çünki musiqi sərhəd tanımır və birbaşa olaraq insanların ürəyinə toxunur: "Siyasət elə bir şeydir ki, hər kəs öz ölkəsinin və ölkəsinin dostlarının tərəfini saxlayır. Ancaq musiqi ürəkdən-ürəyə olan bir əlaqədir və ona görə də hər zaman onun təsiri güclü olur. Bundan istifadə edərək konsertlərimdə ölkəm haqqında geniş məlumat verirəm. 20 faiz torpaqlarımızın işğal olunduğunu fransızların nəzərinə çatdırdıram. Bəzən olur ki, fransızlar sonradan mənə yaxınlaşır və deyirlər ki, sizin konsertdən sonra gedib Azərbaycan haqqında maraqlandıq. Sən demə, sizdə 9 iqlim qurşağı var imiş, ölkəniz təbiətin bütün zənginlikləri ilə təmin olunub və s.”


Əslən qarabağlı olan Təranə xanım "Paris Təranə, Paris Baku” ləqəbi ilə Fransanın müxtəlif bölgələrində konsert proqramları ilə çıxışlar edir. Deyir ki, o, iki ölkə arasında bir növ mədəni körpü rolunu oynayır. Bunu özü üçün böyük bir missiya hesab edir. Fransada ermənilərin çoxluq təşkil etdiyini deyən müsahibimiz onlarla mübarizə aparmağın heç də asan olmadığını vurğuladı: "Hərə öz sənəti ilə problemlər barədə danışsa, sözünü deməyi bacarsa, dünya səsimizi eşidər. Ermənilərin uşaqlıqdan beyinlərinə yeridiblər ki, "türk sənin düşmənindir”, "Qarabağ bizimkidir”, "türklər bizim torpaqlarımızı zəbt edib” və s. Onlar böhtan atmaq, yalanlarla yaşamağa artıq öyrəşiblər. Yalançı soyqırımları quraşdırıb, onu fransızlara başqa cür təqdim edirlər. Bəzən fransızlar mənə deyir ki, biz elə bilirdik, siz işğalçı xalqsınız. Mən danışandan sonra deyirlər ki, sən demə, ermənilər sizə hücum edib, torpaqlarınızı əlinizdən alıb. Fransızların əksəriyyəti 20 faiz torpağımızın işğalda olmasından, bir milyon qaçqınımızdan xəbərsizdir. Burada erməni lobbisi çox güclüdür. Onlar artıq bir neçə nəsildir ki, Fransada yaşayırlar. Deputatların arasında, televiziyada, jurnalistikada erməni mənşəli fransızlar çoxdur. Bilirsiniz ki, jurnalistlər dördüncü hakimiyyətdir. Onların da tərkibində erməni mənşəlilər olduğuna görə, məsələ daha da qəlizləşir. Fransızların əksər ifaçıları da erməni mənşəlidir. Ancaq biz də boş oturmuruq və fəaliyyətimiz yavaş-yavaş da olsa, öz nəticəsini göstərir. Əsas odur ki, ermənilərin yalanlarından fərqli olaraq, həqiqət bizim yanımızdadır”.


Norveçdə yaşayan və orta məktəbdə musiqi pedaqoqu olaraq çalışan həmyerlimiz Aygün Səfərli Acar isə Oslo şəhərində türk xanımlardan ibarət xora bədii rəhbərlik edir. O, xor qrupu ilə mütəmadi olaraq konsert proqramları təşkil edir. "Alaturka” türk qadın xoru Oslo musiqi mədəniyyətində az da olsa tanınır. Onu da qeyd edək ki, həmin xor qrupu Norveç xorlar birliyinin üzvü olmaqla yanaşı, orada türk klassik musiqisini ifa edən yeganə musiqi qrupudur.

Norveçdə mədəni tədbirlərdə mütəmadi şəkildə iştirak edən Aygün xanım deyir ki, Norveçdəki diasporumuz "Azərbaycan evi”nin timsalında Vətənimizi uzaq Norveçdə tanıtmaq üçün bir sıra tədbirlərə imza atır. Bu fəaliyyətlər sırasında 20 Yanvar və Xocalı faciələri qurbanlarını anma mərasimlərini, Novruz şənliklərini, eləcə də Azərbaycan musiqisinin təbliği məqsədini güdən konsert və digər tədbirləri qeyd etmək olar.

Müsahibimiz deyir ki, Azərbaycan incəsənəti Osloda kifayət qədər tanınır və oradakı diasporumuz bunun üçün əlindən gələni əsirgəmir: "Bakıdan gələn musiqi qrupları Oslo Universitetində yüksək səviyyəli tədbirlərlə yanaşı, Oslo xalq festivallarında da fəal iştirak ediblər. Bu tədbirlərdə Azərbaycan musiqisi çox gözəl səviyyədə tərənnüm və təbliğ edilib”. Norveçdə Azərbaycan musiqilərini təbliğ edən ifaçımız deyir ki, norveçlilər çox mədənidirlər, gözəl musiqini qiymətləndirirlər. Ona görə də azərbaycanlılara gözəl münasibət bəsləyirlər.


2008-ci ildən Yaponiyada yaşayan klassik musiqi ifaçımız Gülnara Azuma Səfərova ilə də mövzumuzla bağlı söhbət etdik. O, Yaponiyada Azərbaycan mədəniyyəti haqqında musiqi leksiyaları təşkilatçısıdır. "Ongakuno-ie Musigi Evi” adlı bir qrup yaradıb və ona rəhbərlik edir. Yaponiyada Azərbaycan musiqisini təbliğ edən yeganə musiqiçimiz bizimlə söhbətində təəssüf hissi ilə qeyd etdi ki, Yaponiyada mədəniyyətimiz haqqında çox az məlumatlıdırlar: "Son illər ölkəmizə yaponlar tərəfindən böyük maraq yaranıb. Çox təəssüf ki, mən burada Azərbaycan musiqisini təbliğ edən yeganə musiqiçiyəm. Yapon musiqiçilər bizim musiqimizə, incəsənətimizə marağı olanları öz konsertlərinə əlavə edirlər. Mən də bir azərbaycanlı olaraq onlara əlimdən gələn hər bir köməkliyi edirəm. Belə ki, milli musiqilərimizə marağı olan yapon dostlarıma bizim məşhur milli alətlərimizi hədiyyə edir, orkestr rəhbərlərinə əsərlərimizin notlarını tapmaqda kömək edirəm”.

Müsahibimiz deyir ki, Yaponiyadakı Azərbaycan səfirliyi onların davamlı olaraq təşkil etdikləri tədbirlərə gəlir və dəstək olmağa çalışır: "Yaponiyada təzəlikcə bizim diasporumuz yaradılıb və aktiv fəaliyyətə başlayıb. Hələ ki, Yaponiyada bizim mədəniyyətimizin tanıdılması mənim və yapon dostlarımızın şəxsi təşəbbüsü ilə reallaşır. Başqa sözlə, bunların hamısı bizim öz vəsaitlərimizin hesabına həyata keçirilir. Azərbaycan mədəniyyətinin Yaponiyada tanıdılması istiqamətində bir addım da bu yaxınlarda atıldı. Belə ki, bu payız Tokioda mənim ilk CD albomum işıq üzü gördü. Əslində mən klassik piano ifaçısı olsam da, bizim milli musiqimizi təbliğ etmək məqsədilə klassik deyil, milli musiqilərimizdən ibarət disk hazırladım. Çox maraqlı bir albom alınıb. Albomu noyabrın 1-də Tokioda təqdim etdik. Həmin təqdimatda səfirlik də qonaq qismində iştirak etdi. Bu albom yapon və Azərbaycan musiqisi tarixində yeni bir musiqi körpüsüdür”.


Müsahibimizin sözlərinə görə, maliyyə çətinlikləri olduğu üçün adətən musiqiçilərimiz Yaponiyaya getmirlər: "Biz Azərbaycan musiqisini Yaponiyada tanıtmağa davam etmək fikrindəyik. Hazırda Tokioda yerləşən Türk Mədəniyyət Mərkəzi ilə danışıqları aparıram ki, "Azərbaycan milli mahnıları” qrup dərsi yaradılsın, bu dərslərdə yaponlar bizim mahnılarımızı öyrənsinlər və ifa etsinlər”.

Qardaş ölkə Türkiyəni hər nə qədər öz ölkəmizdən ayırmasaq da, Azərbaycanın daha yaxından tanıdılması, qardaşlıq bağlarının gücləndirilməsi baxımından orada da təbliğat fəaliyyəti böyük önəm daşıyır. Hazırda Türkiyədə xeyli Azərbaycan sənətçiləri yaşayır və fəaliyyətlərini orada davam etdirirlər. Onların bir çoxu sənət fəaliyyətlərində, mətbuata verdikləri müsahibələrdə Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğ olunması xəttini əsas götürürlər. Elə məşhur türkiyəli müğənnilərin repertuarlarına tez-tez Azərbaycan musiqilərini əlavə etmələri də çox əhəmiyyətlidir. Bütün bunları nəzərə alıb, Türkiyə və Azərbaycan arasında mədəni körpü rolunu oynayan, fəaliyyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qiymətləndirilənəməkdar artist Məlahət Abbasova ilə danışdıq.


Məlahət xanım deyir ki, hər il çalışdığı teatrda bir Azərbaycan əsəri səhnələşdirir. İlk səhnələşdirdikləri - Bəxtiyar Vahabzadənin "İkinci səs” əsəri olub: "O əsəri də mən tərcümə etdim. Türkiyədə türk kitabxanasına gedəndə, müraciət etdim ki, hansısa bir Azərbaycan əsərini mənə versinlər. Təəssüflər olsun ki, türk dilində bir dənə də olsun Azərbaycan əsəri yox idi. Türkiyənin indiki prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələdə bizə çox kömək etdi. Demək olar ki, o indiyə kimi heç bir tamaşada iştirak etməyib. Bəxtiyar Vahabzadənin "İkinci səs” tamaşasını izləmək üçün isə böyük bir tort alıb, teatra gəlmişdi. Teatr müdirinin də bundan xəbəri yox idi. Mənə söylədilər ki, tamaşanı beş dəqiqə gec başlayaq, səbəb isə baş nazirin teatrımıza gəlməsidir. «İkinci səs» həm də mənim həmin teatrda ilk rejissorluq işim idi. O, Bəxtiyar Vahabzadəni çox sevir. Tamaşa bitdikdən sonra kulisə keçdi və bütün yaradıcı heyəti təbrik etdi. Yaradıcı heyətlə bərabər çay süfrəsinə əyləşdi. Mənə söylədi ki, "sən iki ölkə arasında mədəniyyət körpüsü rolunu oynayırsan. Sənə verdiyim ilk vəzifə isə iki ölkə arasında mədəniyyət elçisi olacaq. Bunun üçün əlimdən gələn bütün köməkliyi göstərəcəm”. Həmin gündən etibarən mənim ikitərəfli fəaliyyətlərim başladı və hələ uzun müddət davam edəcək...”
Dünyanın müxtəlif coğrafiyalarında yaşayan dörd soydaşımızın Azərbaycanın tanıdılması, mədəniyyətimizin təbliği istiqamətində gördükləri işi bir yazıda əks etdirməyə çalışdıq. Əlbəttə, belə nümunələr onlarla, yüzlərlədir. Müsahiblərimizin fikirlərindən də aydın olduğu kimi, vətən ərazi baxımından sərhəddə bitirsə, daha böyük mənada həm də sərhəddən dünyanın hər tərəfinə doğru başlanır. Harada yaşamağından asılı olmayaraq, ürəyi vətənlə döyünən hər bir azərbaycanlı ölkəmizlə bağlı ədalətsizliklərin aradan qaldırılması, həqiqətlərin yayılması naminə əlindən gələni etməlidir. Biz çoxuq. Yetər ki, hər birimiz bir işin qulpundan yapışaq!
Xəyalə Rəis

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi üçün nəzərdə tutulmuşdur.

banner

Oxşar Xəbərlər