“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - Fotolar
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda
Avropa Standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində
jurnalistlər üçün Nabranda "Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və
onun tətbiqi” mövzusunda seminara start verilib.
Seminarın ilk günü GİZ-in əməkdaşı Şakir Səfərbəyov tədbir
iştirakçılarını salamlayıb, təlimin məqsədindən, gözlənilən nəticələrdən
danışıb.
Sonra Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin
sədri, vəkil Sahib Məmmədov vətəndaşlıq, beynəlxalq təcrübə, Azərbaycanda vətəndaşlıq,
vətəndaşlığın mahiyyəti, ikili vətəndaşlıq, çoxvətəndaşlılıq, vətəndaşlığa xitam
verilməsi, vətəndaşlıqdan məhrumetmə barədə geniş məlumat verib.
Bununla
yanaşı, o, yerli və beynəlxalq qanunvericiliyə istinad etməklə miqrasiyanın
mahiyyəti, miqrasiya proseslərinin hüquqi tənzimlənməsi, miqrasiya formaları,
miqrasiya prosesinin iştirakçıları, miqrasiya proseslərinin nəticələri, əmək
miqrasiyası və sairdən söhbət açıb.
Seminar qarşılıqlı fikir mübadiləsi şəraitində
keçib və jurnalistləri maraqlandıran suallar təlimçi tərəfindən ətraflı
cavablandırılıb.
Qeyd edək ki, iki gün davam edəcək seminarın növbəti günü vəkil S.Məmmədov
media nümayəndələrinə xarici dövlətdə iş təklifləri, bunun müsbət və mənfi nəticələri,
risklərin aradan qaldırılması, miqrasiya proseslərinə mane olan hüquqi normalar
və təcrübə mövzusunda məlumatlar verəcək.
Onu da əlavə edək ki, seminarda müxtəlif kütləvi informasiya vasitələrini
təmsil edən 20-yə yaxın jurnalist iştirak edir.
Alpər TURAN