• cümə axşamı, 28 mart, 20:12
  • Baku Bakı 13°C

“Vətəndaşa demək olmaz ki, filan yerin ağrıyanda həkim çağır...”

08.09.16 14:33 1091
“Vətəndaşa demək olmaz ki, filan yerin ağrıyanda həkim çağır...”
"Bu gün Azərbaycanda təcili yardımın pullu olması real deyil. Hazırda təcili yardımın bütün xərcləri dövlət hesabına təmin olunur. Bizim tərəfimizdən hər hansı rəsmi təklif hazırlanaraq dövlət qurumlarına təqdim edilməyib. Təcili yardıma əsassız daxil olan müraciətlərlə bağlı səsləndirilən fikirlər, sadəcə, şifahi formada edilən təkliflərdir. Bununla bağlı qanun qəbul edilməsə, onların icrası mümkünsüzdür”.

Bu sözləriAPA-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev təcili tibbi yardımın pullu olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.R.Nağıyev xatırladıb ki, stansiya dövlət büdcəsindən maliyyələşən müəssisədir. Onun sözlərinə görə, təcili yardımdan sui-istifadə edən vətəndaş bilməlidir ki, dövlət büdcəsinə ziyan vurur: "Çünki hər bir çağırış dövlət tərəfindən qiymətləndirilir. Təcili yardım xidməti büdcədən istər sığortalı təbabət, istərsə də digər formada pulsuzdur. Bu gün əsassız müraciətlər Bakı şəhəri üzrə çağırışların 60%-ni təşkil edir. Müraciətlərin cəmi 40%-i təcili yardıma aid olan çağırışlardır. Vətəndaş bilməlidir ki, əgər təcili yardımdan sui-istifadə edirsə, buna görə məsuliyyət daşımalıdır. Büdcədən təcili yardıma ayrılan vəsait qanunauyğun şəkildə, bərabər qaydada xərclənməlidir. Əsassız çağırışların ucbatından digər daha önəmli çağırışları icra edə bilmirik. Ağır xəstələr olur ki, nəticədə onlara gecikmə ilə yardım göstərilir. Vətəndaş gecə yata bilmir və ya qızdırması 37-dən bir az qalxan kimi (təcili yardım qızdırma 38-ə qalxana qədər heç bir müdaxilə etməməlidir) təcili yardım çağırır”.

Baş həkim qeyd edib ki, vətəndaş əsassız müraciət etdiyi halda buna görə məsuliyyət daşıyır. Digər ölkələrdə olduğu kimi, ayrılan xərcin həmin vətəndaşın özü tərəfindən ödənməli olduğunu söyləyən R.Nağıyev bildirib ki, əsassız müraciət digər vacib və daha ağır xəstələrə zərər verə, bu da ölümlə nəticələnə bilər.

Bəs görəsən əsassız təcili tibbi yardım çağırışları tez-tezmi olur? Ümumiyyətlə, bunun qarşısını necə almaq olar? Yaxud belə hallar qanunla necə tənzimlənməlidir?

Professor Adil Qeybulla hesab edir ki, yalançı çağırışlar insanların mədəniyyətinin aşağı olması və şıltaqlığından qaynaqlanır: "Belə əsassız təcili tibbi yardım çağırışı edən insan düşünməlidir ki, təcili tibbi yardımın hər hansısa bir ünvana getməsi üçün müəyyən məsrəf tələb olunur. Bu, həm də sistemin işini pozmuş olur. Çünki həqiqətən təcili yardıma ehtiyacı olan şəxs bəzən onlara görə gözləməli olur. Bu kimi hallar sovet dövründə də tez-tez baş verirdi. Ona görə də çalışmaq lazımdır ki, əsassız təcili tibbi yardım çağırışı edən şəxslər cəzalandırılsın. Lakin mən inanmıram ki, gələn zənglərin böyük əksəriyyəti əsassız olsun. Fikrimcə, bu kimi faktlar zənglərin çox cüzi bir faizini təşkil edir. Adətən zənglərin əksəriyyəti insanların ehtiyacından irəli gəlir. Xeyli sayda adam var ki, həqiqətən də xəstədirlər, köməyə ehtiyacları var və tək qalırlar. Onların tibbi yardıma ehtiyacı olur”.
A.Qeybullanın sözlərinə görə, bu, insanın sosial mədəniyyətinə bağlı olan bir məsələdir: "Bu yaxınlarda havanın temperaturunun yüksək olması ilə bağlı Bakı şəhərində çox adamın səhhətində problemlər yarandı. Qan təzyiqi, şəkər xəstəliyi olan, həmçinin meteohəssas insanların həqiqətən də belə tibbi yardıma ehtiyacı oldu. Əslində çağırışların nə dərəcədə əsaslı və əsassız olmasına qərar vermək bir qədər çətindir. Bəzən elə məsələlərə görə çağırışlar olur ki, xəstə onları evdəkilərin yardımı ilə də edə bilər. Məsələn, qan təzyiqinin ölçülməsi, temperaturun yoxlanılması və s. Elə insan da var ki, hətta evində şəkər aparatının olmasına baxmayaraq, təcili tibbi yardım çağırtdırıb şəkərini ölçdürür. Təəssüflər olsun ki, belə faktlar həqiqətən də var. Təcili tibbi yardımın həkimlərinə də hörmət qoyulmalıdır ki, onlar da boş yerə əziyyət çəkməsinlər”.

A.Qeybulla bildirdi ki, problemin qarşısının alınmasının müxtəlif üsulları var: "İndi hər yerdə rəqəmsal sistem fəaliyyət göstərir. Gələn bütün zənglər qeydiyyata alınır. Əgər yalançı çağırış varsa, onun üstünə düşmək və lazım olarsa, həmin şəxsi müvafiq qaydada cəzalandırmaq olar. İnanmıram ki, başqa ölkələrdə belə əsassız çağırışların sayı çox olsun. Çünki bir çox ölkələrdə səhiyyə sistemi çox effektli fəaliyyət göstərdiyinə görə belə zənglərə də ehtiyac qalmır”.

Hüquqşünas Müzəffər Baxışov məsələnin hüquqi aspektindən söz açdı. Belə ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində xüsusi maddə var: "İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə əsasən bilə-bilə, yalandan yanğından mühafizə, polis orqanları və təcili tibbi yardım və digər ixtisaslaşdırılmış xidmətlərin çağırılmasına görə 100 manat məbləğində cərimə nəzərdə tutulub”.

M.Baxışovun sözlərinə görə, gələcəkdə belə halların sayı artarsa, inzibati məsuliyyət də nəzərdə tutula bilər: "Çünki bu kimi çağırışlara görə tibbi personal həm vaxt, həm benzin sərf edir. Bu nöqteyi-nəzərdən götürdükdə həmin təşkilata böyük maddi və mənəvi ziyan dəyir. Əgər gələcəkdə belə halların sayı artarsa, insanlar bundan kütləvi şəkildə istifadə edərlərsə, buna görə ən azı inzibati məsuliyyət nəzərdə tutulmalıdır ki, belə neqativ halların qarşısı alınsın”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Musa Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, əsassız təcili tibbi yardım çağırışları dünyanın bütün ölkələrində olduğu kimi bizdə də var: "Çağırışın nə qədər əsaslı olub-olmamasını vətəndaş müəyyən edə bilmir. Bunu tibbi xidmət personalı müəyyən edir. Hər kəsin fərqli xarakteri, psixologiyası var. Bəzən kimsə uşağının qızdırması qalxan kimi qorxuya düşür və təcili tibbi yardım çağırır. Eləsi də var ki, emosiyalarına sahib çıxa bilməyib təcili yardım çağırır. Əvvəlcə müəyyənləşdirmək lazımdır ki, əsaslı çağırış nədir. Digər tərəfdən, çağırışların sayının artması poliklinika xidmətlərinin keyfiyyətinin aşağı olmasından xəbər verir. Əgər poliklinika xidməti yaxşı işləyirsə, orada sahə həkimi ilə vətəndaş arasında mütəmadi əlaqə varsa, təcili yardıma çox az hallarda ehtiyac olur. Bu zaman təcili yardım çağırışı yalnız o halda olur ki, təcili həkim müdaxiləsinə ehtiyac var. Təəssüf ki, son vaxtlar vətəndaşlar nəinki öz sahə həkiminin telefon nömrəsini, hətta adını və soyadını belə bilmir. Bu mənada bu kimi problemlər kompleks şəkildə həll olunmadıqda başqa bir tərəfdən digər problemlər ortaya çıxa bilir”.

Millət vəkili qanunvericiliklə bağlı bəzi məsələlərə də aydınlıq gətirdi: "Hər kəs bilməlidir ki, Azərbaycan dövlətinin vətəndaşının bütün tibbi xərcləri dövlət hesabına ödənilir. İlk növbədə də təcili tibbi yardım xərcləri. Təcili tibbi yardım pullu ola bilməz və heç zaman da olmayacaq. O ki qaldı əsassız təcili tibbi yardım çağırışlarının artması məsələsinə, bununla bağlı monitorinq təşkil olunmalıdır. Çağırışların hansı dərəcədə əsaslı və əsassız olmasını müəyyən etmək olar. Ümumiyyətlə, sovet dövründə də, indi də, həmçinin dünyanın bir çox ölkəsində də çağırışların 10 faizi həkim zərurəti olmayan çağırışlardır. Ancaq bunu vətəndaş özü müəyyən edə bilməz ki, burada həkimə ehtiyac var, ya yox. Bu elə bir məsələdir ki, qanunla tənzimlənə bilməz. Vətəndaşa demək olmaz ki, filan yerin ağrıyanda həkim çağır, filan yerin ağrıyanda yox. Bu, səhiyyə maarifinin artırılması ilə və ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması ilə tənzimlənən bir məsələdir”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər