• cümə, 29 Mart, 13:51
  • Baku Bakı 14°C

Vətəndaş təhsili: problemlər, vəzifələr

15.02.17 13:30 4155
Vətəndaş təhsili:  problemlər, vəzifələr
Vətəndaş təhsili və tərbiyəsi şəxsiyyətin baza mədəniyyətinin məzmununda xüsusi yer tutur. Şəxsiyyətə məxsus bir sıra mənəvi keyfiyyətlərin və hüquqi normaların formalaşdırılması onların müasir tələblər səviyyəsində, dərindən və hərtərəfli aparılmasından çox asılıdır. Vətəndaş tərbiyəsi nəzəriyyəsinin əsasları hələ XIX əsrdə alman pedaqoqu G.Kerşenşteyner tərəfindən işlənilmişdir. Lakin onun mahiyyəti və məzmunu ona bugünkü yanaşma, müasir baxışla ziddiyyət təşkil edir. G.Kerşenşteyner qeyd edirdi ki, vətəndaş tərbiyəsi uşaqları dövlətə sözsüz itaətə alışdırmaqdan ibarətdir. Belə bir tərbiyə isə xalq məktəbləri vasitəsilə həyata keçirilməlidir. Kerşenşteyner xalq məktəblərinin quruluşu, oradakı işin məzmunu və yollarını da işləyib hazırlamışdır.
Vətəndaş tərbiyəsi vətəndaş təhsili ilə sıx surətdə bağlıdır
Vətəndaş tərbiyəsi problemi sonralar, xüsusən XIX əsrdə rus pedaqogikasında da müəyyən yer almışdır. Rus ədib və maarifçilərindən A.N.Radişşev, N.Q.Çernışevski, N.A.Dobrolyubov, A.İ.Gertsen və b. bu sahədə mühüm fikirlər söyləmiş, əsərlərində onun məqsəd və vəzifələrini göstərmişlər.
Azərbaycan mütəfəkkirlərinin, xüsusən XIX-XX əsr maarifçi-pedaqoqların əsərlərində də bu problem bu və digər aspektlərdən işıqlandırılmış, ona münasibət bildirilmişdir. Azərbaycan xalqının milli özünüdərk, özünütəsdiq və müasir mədəniyyətə yiyələnməsi yolunda mübarizə aparan M.F.Axundzadə, insan şəxsiyyətini, mənəvi inkişafı, şəxsiyyətin formalaşması, şəxsi ləyaqət hissinə malik olmağı insanın ən mühüm mənəvi sərvəti olduğunu dönə - dönə qeyd edən A.Bakıxanov, xalqın maariflənməsi yolunda xüsusi xidmətləri olan milli mətbuatımızın banisi H.Zərdabi ana dilimizdə ilk dərsliyin müəllifi, azərbaycanlı müəllimlərin hazırlanmasında misilsiz xidmətləri olan A.O.Çernyayevski, milli musiqimizin banisi, ilk "Hesab məsələləri” dərsliyinin müəllifi Ü.Hacıbəyli, Azərbaycanda maarifin, məktəbin, təhsilin inkişafında əvəzsiz xidmətlər göstərən Qori Müəllimlər Seminariyasının ilk məzunları F.Köçərli, S.Vəlibəyov, R.Əfəndiyev, N.Nərimanov, C.Məmmədquluzadə, M.Mahmudbəyov və onlarca başqaları, ana dilimizdə ilk məktəblərin yaradıcıları S.Ə.Şirvani, M.M.Nəvvab, M.T.Sidqi, M.İ.Qasir və bu gün adlarını böyük hörmət və ehtiramla çəkdiyimiz yüzlərlə ziyalılarımız təkcə yazdıqları əsərlərində deyil, öz şəxsiyyətləri ilə də əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, nəsillərə nümunə ola bilən şəxslər və şəxsiyyətlər olmuşlar. Bütün həyatını vətənimizin tərəqqisinə, xalqımıza, onun xoşbəxt gələcəyinə həsr etmiş əsl vətəndaş və böyük şəxsiyyət, xalqımızın Ümummilli Lideri, Böyük Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti bu gün gənc nəslin formalaşmasında, eyni zamanda vətəndaşlıq tərbiyəsində ən gözəl nümunə və örnəkdir.
Vətəndaş tərbiyəsinin məqsədi insanda cəmiyyətin mənəvi ideyalarının və vətənə münasibət hissinin formalaşdırılmasıdır.
Vətəndaş tərbiyəsi vətəndaş təhsili ilə sıx surətdə bağlıdır. Bunlar bir-birinə təsir göstərməklə yanaşı, həm də biri digərinin nəticəsi kimi də özünü göstərir. Lakin respublikamızda vətəndaşlıq tərbiyəsi haqqında professor Əjdər Ağayev, Hamlet İlyasov və digər bir sıra pedaqoqlar tərəfindən müəyyən tədqiqatlar aparılsa da, nədənsə vətəndaş təhsili probleminə az toxunulmuşdur.
Bir məqsəd, üç istiqamət
Təhsil geniş fenomendir. O, sistem kimi, dəyər kimi, pedaqoji proses kimi, nəticə kimi və sosial-mənəvi inkişaf prosesi kimi bir sıra çoxaspektli funksiyaları yerinə yetirir. Təhsil həm də vətənimizin gələcəyi üçün heç nə ilə müqayisə olunmayan yaxşı sərmayədir. O, nə qədər məzmunlu, yaxşı, sağlam və müasir dövrün tələblərinə uyğun olarsa, vətənimizin gələcəyi də bir o qədər uğurlu olar.Respublikamızda təhsilin qarşısında duran əsas məqsəd göstərilən funksiyaları düzgün dəyərləndirə bilmək və onları reallaşdırmaq baxımından demokratik əsaslar üzərində qurulmuş təhsil formalaşdırmaqdan ibarətdir. Bu məqsəd "Təhsil Haqqında Azərbaycan Respublikasının Qanunu”nda üç istiqamətdə təsbit olunmuşdur:
1) Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqlarına və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
2) milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran nəzəri və praktiki biliklərə yiyələnən müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadr hazırlamaq;
3) sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
Göründüyü kimi, vətəndaş yetişdirmək Azərbaycan təhsilinin prioritet məqsədlərindən biri kimi dünən də, bu gün də, gələcəkdə də təhsilimizin istiqamət götürdüyü strateji hədəflərdəndir. Deməli, gənc nəslə vətəndaş təhsili verilməlidir.
Vətəndaş təhsili hər bir şəxsin qarşısında bir sıra vəzifələr qoyur
Bəs vətəndaş təhsili nədir, onun mahiyyəti və məzmununa nələr daxildir? Vətəndaş təhsili dövlətə sözsüz itaətə alışdırmaq, şəxsi azadlığı məhdudlaşdırmaq, milli mənsubiyyətin unutdurulması, milli dəyərin "əridilərək” yox olması, dini dəyərlərdən uzaqlaşdırmaq deyildir. Vətəndaş təhsilinin məqsədi Azərbaycançılıq ideyalarına sadiq, vətənə bağlılıq, vətənsevərlik ruhunda verilən təhsildir. Azərbaycan vətəndaşı formalaşdırmağa istiqamətlənən təhsildir. Milli özünüdərkə, kimliyini dərk etməyə, onu inkişaf etdirməyə yönələn təhsildir. Eyni zamanda Azərbaycanın tarixinə, milli ənənələrinə, soy- kökə hörmət və ehtiramın tərbiyə edilməsinə geniş imkan yaratmaqla, vətəndaş formalaşdırmaq məqsədini həyata keçirən təhsildir. Hər bir Azərbaycan vətəndaşının təhsil alma hüququna dövlət təminatı vardır. "Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nda göstərildiyi kimi, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənsubiyyətindən, sağlamlıq imkanlarından asılı olmayaraq hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.
Göründüyü kimi, dövlətimiz digər sahələrdə olduğu kimi, təhsil sahəsində də milliyyət, din, sosial mənsubiyyət, daxil olduğu sosial qrup və digər cəhətlərə görə vətəndaşlar arasında heç bir ayrı-seçkilik qoymur və bu sahədə hamının bərabərhüquqlu olduğunu qəbul edir. Bu da onu göstərir ki, vətəndaş təhsili eyni zamanda hər bir vətəndaşın qarşısında bir sıra vəzifələr qoyur və onların yerinə yetirilməsi vətəndaşlardan tələb olunur. Bunlar, Respublikamızın Konstitusiyasına və qanunlarına əməl etmək, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləmək, vətənə sədaqətli olmaq, öz vəzifələrini layiqincə yerinə yetirməyə məsuliyyət daşımaq, respublikamızın dövlət rəmzlərinə, bayrağına, gerbinə və himninə hörmət etmək, vətəni müdafiə etmək və hərbi xidmət keçmək, tarix və mədəniyyət abidələrini qorumaq, ətraf mühiti qorumaq, Respublika Konstitusiyasına və qanunlarına zidd vəzifələrin icrasına məcbur etməmək, Konstitusiya və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və vəzifələrin yerinə yetirilməməsi zamanı məsuliyyət daşımaqdan ibarətdir. Bunlar həm də vətəndaş təhsilinin hər bir vətəndaşa aşıladığı keyfiyyətlərin məzmun və mahiyyətini təşkil edir.
Vətəndaş təhsili təfəkkürə əsaslanan təhsildir
ABŞ-ın 35-ci prezidenti Con Kennedi demişdir: "Vətənin sənin üçün nə edə biləcəyini soruşma, vətənin üçün sənin nə edə biləcəyini özündən soruş”. Bəli, hər bir azərbaycanlı, Azərbaycan vətəndaşı özünü daim belə bir suala cavab verməyə borclu hesab etməlidir ki, bir vətəndaş kimi Vətən üçün nə etmişəm? Və bu suala özünün fəaliyyəti ilə cavab verməyə çalışmalıdır. Vətəndaş təhsili vətəndaş şüurunun, hüquqi və mədəni davranış normalarının, milli və ümumbəşəri mədəniyyətin, ölkəmizin nailiyyətləri haqqında biliklərin formalaşmasını özündə birləşdirən sistemli təhsildir. Vətənimizin tarixini, coğrafiyasını, iqtisadiyyatını, ədəbiyyatını, incəsənətini, bir sözlə özünü öyrədən təhsildir. Məktəblə ailənin hər birinin uşaqlara verməli olduğu təhsildir.
Bu yol ailədən, uşaq bağçasından, məktəbdən başlanğıc götürür, getdikcə formalaşaraq dərinləşir, genişlənir. İstər ailə, istərsə də məktəb təhsil və tərbiyə prosesinin imkanlarından geniş istifadə etməklə, bu istiqamətdə çox işlər görməlidirlər. Cəmiyyət o zaman əsl demokratik cəmiyyət olur ki, o, kütlə, toplum formasından, fəal, yetkin insanların yaşadığı və fəaliyyət göstərdiyi cəmiyyətə keçir. Hüquqlar qorunur, qarşıda duran vəzifələr yüksək səviyyədə yerinə yetirilir. Bu prosesdə millətin, xalqın təhsil səviyyəsi heç də az rol oynamır. "Təhsil millətin gələcəyidir” - Ulu Öndərin uzaqgörənliklə söylədiyi bu fikir müasir dünyamızda inkişaf etmiş bir çox ölkələrin tərəqqisində təhsilin mühüm rol oynadığına bariz nümunə və sübutdur.
Mountaiq yazırdı: "Təhsil almış bir xalqı bir istiqamətə yönəltmək asan, sürükləmək çətindir, idarə etmək asan, qul etmək qeyri-mümkündür”
Vətəndaş təhsilinin məzmununda şagirdlərə vətəndaşlığın mahiyyət və məzmunu haqqında biliklər aşılamaq və düzgün təsəvvürlər formalaşdırmaq vardır. Şagirdlərə dərk etdirmək lazımdır ki, "Vətəndaşlıq şəxsin siyasi və hüquqi cəhətdən konkret dövlətə mənsubiyyətdir. Dövlət və onun hakimiyyəti altında olan şəxs arasında qarşılıqlı münasibətdir. Dövlət vətəndaşlara hüquqlar verir, onu xaricdə müdafiə edir, öz himayəsinə götürür. Öz növbəsində vətəndaş dövlətin qanunlarına və digər göstərişlərinə sözsüz əməl edir və dövlət tərəfindən müəyyən edilmiş vəzifələri yerinə yetirir. Bu hüquq və vəzifələrin məcmusu vətəndaşların siyasi-hüquqi statusudur və bu status onu xarici vətəndaşlardan və vətəndaşlığı olmayan şəxslərdən fərqləndirir (Hüquq ensiklopedik lüğəti).
Vətəndaş təhsili təfəkkürə əsaslanan təhsildir, bilavasitə təfəkkürün, məntiqi, tənqidi və yaradıcı təfəkkürün inkişafına yönələn təhsildir. Bu təhsil şagirdlərə əsl vətəndaşın necə, hansı keyfiyyətə və göstəricilərə malik olmasını öyrətməli və onlarda bu keyfiyyətləri aşılamalıdır. Məntiqi təfəkkürün inkişafına yönələn vətəndaş təhsili gənc nəsildə hadisə və proseslər arasında məntiqi əlaqəni görməyə, cəmiyyətdə baş verənlərin səbəb və nəticə əlaqələrini bilməyə səbəb olduğundan məktəbdə aparılan təlim prosesində bu cəhətə xüsusi diqqət yetirilməsi vacibdir. Yaradıcı təfəkkürün inkişafına səbəb ola biləcək məzmunda aparılan vətəndaş təhsili uşaqların yaradıcılıq potensialını üzə çıxarmaq, onları inkişaf etdirmək məqsədi daşıdığında təhsil prosesində bu cəhətə də diqqət artırılmalıdır. Bunların reallaşdırılmasında məktəblərimizdə yaradıcı, novator, həmişə yaradıcılıq axtarışlarında olan müəllimlərin tətbiq etdikləri interaktiv təlim metodları geniş imkanlara malikdir.
Belə dərslərdə şagirdlərin fəallıq göstərməsi onların gələcək həyatda da fəal, baş verən hadisə və proseslərə biganə qalmayan, üzərinə düşən vəzifələri yerinə yetirməyə maraqlı olan, öz ölkəsinin hüquqi vətəndaşı olan şəxsiyyətlər formalaşmasına zəmin və inam yaradır. Bütün bunlara hazırda məktəblərimizdə tədris edilən ümumtəhsil fənləri müəyyən qədər imkan versə də, təklif edərdik ki, müasir ümumtəhsil məktəblərimizdə "Vətəndaş təhsili” adlı yeni bir fənn tədris olunsun. Bu, şagirdlərin bir vətəndaş kimi formalaşmasına daha yaxından kömək etmiş olardı. Vətəndaş təhsilinin mahiyyəti, məqsədi, vəzifələri və məzmunu olduğu kimi, onun nə ilə nəticələnməsi də vardır. Fikrimizcə, onun əsas nəticəsi bundan ibarətdir ki, zamanından və kimliyindən asılı olmayaraq, hər bir azərbaycanlı Ulu Öndər H.Əliyevin "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlamını qürurla, fəxrlə deyə bilsin və azərbaycanlı olduğundan fərəh duysun.
Müseyib İlyasov,
Pedaqogika üzrə elmlər doktoru, professor,ADPU-nun kafedra müdiri
banner

Oxşar Xəbərlər