• cümə, 29 Mart, 06:24
  • Baku Bakı 5°C

Vətəndaş, sahibkar, həm də dövlət üçün faydalı

23.09.16 13:08 1118
Vətəndaş, sahibkar, həm də dövlət üçün faydalı
Prezident İlham Əliyev ölkəmizdə istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən, ən azı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) fəaliyyət göstərən internet portalının yaradılması nəzərdə tutulur.

Həmin portalda istehsal fəaliyyəti üzrə (hər bir mal növü, onun istehsalçısı, hüquqi ünvanı, əlaqə vasitələri, habelə istehsalçı qrupları, istehsal imkanları, tərəfdaşlar və s.) istifadəsi sadə olan axtarış sistemi yaradılacaq. Eyni zamandainformasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə istehsalçılarla informasiya mübadiləsinin elektron şəkildə və daha operativ qaydada təşkil olunması, habelə istehsalçılar tərəfindən məlumatların portala daxil edilməsi və yenilənməsi məqsədi ilə portalda "elektron kabinet” bölməsi də olacaq. Malların istehsalçıları tərəfindən məlumatların portalda yerləşdirilməsi üçün mütəmadi olaraq təbliğat-təşviqat tədbirləri də həyata keçiriləcək.

Millət vəkili Vahid Əhmədov "Kaspi”yə açıqlamasında bildirdi ki, malların vahid məlumat bazasının yaradılması həm adi vətəndaşlar, həm sahibkarlar, həm də dövlət üçün önəmlidir: "Bazaya daxil olmaqla ölkəmizdə hansı məhsulların istehsal edildiyini, daxili bazarda hansı məhsulların istifadə edildiyini, hansıların ixrac olunduğunu öyrənə biləcəyik. Sahibkarlar üçün bu məlumatlar çox vacibdir. Onlar ölkədə hansı məhsulların istehsal edildiyi haqda məlumatlı olmaqla, biznes planlarını, gələcək fəaliyyətlərini quracaqlar. Bu bazanın yaradılmasında biz hələ gecikmişik. Əhali elektron bazaya daxil olmaqla ölkəmizdə istehsal olunan məhsulların qiyməti ilə də tanış olacaq, xarici istehsalla müqayisə edəcək”.

V.Əhmədov deyir ki, bu baza investisiyanın cəlb edilməsinə, ən əsası, doğru istiqamətə yönəldilməsinə kömək edəcək: "Həm daxili sahibkarlar, həm xarici şirkətlər artıq ölkəmizlə istehsalla bağlı məlumatlı olacaqlar. İnvestisiya yatırılacaq sahələri seçərkən bu məlumat bazasından yararlanacaqlar. Elə sahələrə investisiya yatıracaqlar ki, orda məhsul istehsalına ehtiyac olsun”.

İqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, vahid məlumat bazasının yaradılması iki prioritet istiqamətdə dəstək olacaq. Onlardan biri yerli istehsalın təşviq edilməsi və yerli istehsal edilən məhsulların satılmasına yardım edilməsidir: "Bir müddət öncə ölkə başçısının digər sərəncamı ilə dövlət müəssisə və təşkilatları tərəfindən idxalın 2018-ci il yanvarın 1-dək dayandırılması ilə bağlı sənəd imzalandı. Sənədin imzalanmasında məqsəd yerli istehsalı təşviq etmək və valyutanın ölkədə qalmasına nail olmaqdan ibarət idi. Məlumat bazasının yaradılması dövlət müəssisə və təşkilatları tərəfindən yerli istehsal olunan məhsulların alınmasına imkan yaradacaq. Məsələn, dövlət müəssisə və təşkilatı sifariş vermək istəyirsə, artıq sifariş verəcəyi məhsul üzrə məlumatları bazadan ala biləcək. Hansı şirkətin nə qədər istehsal etməsi, hansı qiymətə təklif etməsi, hansı keyfiyyət standartlarına malik olması və s. Bu, imkan verəcək ki, artıq dövlət müəssisə və təşkilatları, eləcə də özəl şirkətlər sifarişlərini yerli istehsalçılara versinlər. Çünki aparılan tədqiqatlar da göstərirdi ki, bir sıra hallarda, xüsusən sifarişlərin verilməsi və yerli məhsul istehsal edən şirkətlərin tapılması ilə bağlı çətinliklər var idi, məlumatlar vahid bazada deyildi, sistemsiz şəkildə paylaşılırdı, internet portalı yox idi. Amma bu yeni portal problemi tamamən aradan qaldıracaq. Bu yerli istehsalın stimullaşdırılması baxımından olduqca vacibdir. Güman olunur ki, bu birbaşa yerli məhsulların realizasiyasına, yəni satılmasına imkan yaradacaq”.

V.Bayramov bildirdi ki, vahid bazanın yaradılmasının digər üstünlüyü ixracın stimullaşdırılmasıdır: "Çünki ixracla məşğul olan sahibkarlar məlumat bazasının əldə edilməsi, işlənməsində çətinlik çəkirdilər. Nəticədə, istehsal olunan, bəzi hallarda daxili bazarda bol olan məhsulları tapıb ixrac etməkdə çətinliklə üzləşirdilər. Yeni sistem ixracın stimullaşdırılmasına imkan verəcək. Məlumatların əldə edilməsi sahibkarlar tərəfindən müəssisələrin tapılması və ixracın təşkil edilməsinə nail olmağa imkan verəcək”.

İqtisadçının sözlərinə görə, əksər sahələr üzrə ölkəmizdə məhsul istehsal edilir. Bəzi sahələr üzrə səbətdən artıq məhsul istehsal edilir, bəzilərində az. Amma hansı sahədə nə qədər məhsul istehsal edilməsindən asılı olmayaraq, bütün məlumatların vahid sistemdə toplanması işi aparılacaq.

V.Bayramov deyir ki, vahid portal təcrübəsi inkişaf etmiş ölkələrdə var. İqtisadçı vahid portalla yanaşı, xüsusilə aqrar məhsulların ixrac səhifəsinin yaradılmasını təklif edir: "İxrac edən sahibkarlar, fermerlər üçün xarici ixrac portalının yaradılması məqsədəuyğundur. Məhsul istehsal edib xaricə göndərmək istəyən sahibkar da həmin məhsulun bazarının hara olmasını, hansı ölkələrə məhsul göndərilməsinin rentabelli olduğunu biləcək”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər