AZE | RUS | ENG |

Vətəndaş olmağın çətinliyi

Vətəndaş olmağın çətinliyi
Sərdar Cəlaloğlu Ramiz Mehdiyevin məqaləsindən yazdı


Böyük Demokrat Cəlil Məmmədquluzadə Kefli İsgəndərin dili ilə deyirdi «Alim olmaq asandır, insan olmaq çətin». Bəlkə də, bundan da çətini “VƏTƏNDAŞ OLMAQDİR”. Xüsusən vətəndaş olmaq onda çətindir ki, yüz illər ərzində başqa bir xalqın əsarətində saxlanmış (biz isə iki yad xalqın rus-fars şovinizminin əsarətində saxlanmışıq) bir xalqın, ikiyə parçalanmış bir vətənin, mədəniyyəti oğurlanmış etnosun, dövlətçilik tarixi inkar olunan bir dövlətin vətəndaşı olasan. Vətəndaş olmaq dövlətin bir parçası olmaq, özünü dövlət kimi hiss etmək, xalqına, millətinə, tarixinə atılan daşın, çamurun özünə atıldığının fərqinə varmaq və ona laqeyd qalmamaqdır. Mən də, Azərbaycan müstəqillik əldə etdikdən sonra ardıcıl olaraq vətəndaş olmağa cəhd edirəm və bu zaman hansı çətinliklərlə üzləşdiyimin fərqindəyəm. Bəzən mənim ilk baxışdan əhəmiyyətsiz görünən fikirlərə və ya qeyri ciddi adamlara fikir bildirməyimə dostlarım və əqidədaşlarım irad bildirərkən onlara bir ispan qəhrəmani haqqında aşağıdakı misalı çəkirəm: «Öz dövrünün böyük ispan sərkərdələrindən biri İtaliyaya qonaq çağırılır. Xalq bu böyük sərkərdəni təntənə ilə qarşılayır küçədən keçən sərkərdənin başına gül ləçəkləri səpirlər. Birdən daş döşənmiş yolda qovun qabığı sərkərdənin ayağına ilişir və sərkərdə az qalır yıxılsın. Qəhrəman dərhal geri çəkilir, qılıncını çıxarıb qovun qabığını qılınclamağa başlayır. Bunu görən italyanlar gülüşürlər və sərkərdənin hərəkətinə bir məna verə bilmirlər və ona qorxaq kimi baxırlar. Sərkərdə bunu başa düşüb deyir “Mən məni yolumdan çəkindirən hər şeylə, o qovun qabığı olsa belə, mübarizə aparmasaydım indi siz məni bir qəhrəman kimi qarşılamazdınız». Mən, öz fikirlərinin, etdiyin hərəkətlərin başqaları tərəfindən təqdir olunmamağın və ya qiymətləndirilməməyin də acısını həmişə yaşayıram. Məhz bu məqaləni də bütün bunları nəzərə alaraq yazıram. Son vaxtlar mənim milli kodlaşdırma ilə bağlı açdığım ictimai müzakirələrdə özünü Boz Qurdçu, Türkçü, Turançı, Müsavatçı, Millətçi, Demokrat, Rəsulzadəçi, Elçibəyçi və s. adlandıran və ya guya müstəqillik tərəfdarı hesab edən, özünü dövlətçi kimi göstərənlərdən heç kimin iştirakını görmədim, iştirak edənlərin isə məhz sovet adamı və ya fars təəssübkeşi kimi, ən yaxşı halda isə yerlibazlığını və qohumbazlığını dövlətin və millətin taleyindən üstün tutduğunun şahidi oldum. Özümə məhrəm bildiyim dostlarımdan birinə ürəyimi ağrıdan bu vəziyyətdən gileylənərkən “Ramiz Mehdiyev Sizinlə eyni mövqedən Şah İsmayılı müdafiə edən məqalə yazıb” deyəndə əvvəl inanmadım, düşündüm zarafat edir. Amma onun ciddi danışdığını görüb Ramiz Mehdiyevin Şah İsmayıla həsr etdiyi məqaləsini təkrar-təkrar oxuduqdan sonra bu qənaətə gəldim ki R.Mehdiyev həqiqətən də tutduğu mövqedən çəkinmədən, üzərinə səlib yürüşü təşkil edilən bir zaman vaxt tapıb vətəndaş kimi vəzifəsini yerinə yetirməyi bacarmışdır. Bu, R.Mehdiyevin bu məqaləni yazılma səbəbi ilə bağlı yazdığı fikirlərindən bir da ha təsdiq olunur: «Mən bu məqaləni qəlbimin hökmü ilə yazmağa başladım. Ən əsası da ona görə ki, Azərbaycan türklərinin birləşməsində və Azərbaycan dövlətçiliyinin yaradılmasında ulu əcdadlarımızın tarixi rolu hələ də sona qədər öyrənilməmişdir». Milli kodlaşdırma nəyə görə bizim üçün həyati əhəmiyyət daşıyır? Mən bu barədə bir necə məqalədə öz fikirlərimi əsaslandırdığımdan burada R.Mehdiyevin fikirləri ilə bir daha məsələnin aktuallığına diqqət çəkmək istəyirəm. R.Mehdiyev öz məqaləsində tarixə qayıtmağın və idealların seçilməsinin əhəmiyyəti ilə bağlı yazır: «tarixin dərk olunmasında siyasət müəyyənedici rol oynayır… xalq öz tarixinin və tarixi yaddaşının vəhdətini hiss etdikdə onda özünə inam, mənəvi qüvvə yaranır…yalnız bu suallara cavab tapandan sonra insan öz cəmiyyəti üçün “nə etməli” olduğunu qərara alır… özünü dərk edən fərd ona tarixi obyektiv qiymətləndirmək imkanı verən dəyərlərlə zənginləşir... öz keçmişi ilə həmrəyliyin yoxluğu inkişaf etmiş mənlik şüurunun olmamasına və deməli, milli mənafe və dəyərlərin başa düşülməməsinə bərabərdir və s». Bütün bu fikirlərin altından qətiyyətlə imza atıram və həqiqətən də tariximizin müstəqil dövlətçilik siyasətinə uyğun yenidən dəyərləndirilməsini bugünkü vəzifələrin həlli və dövlətçilikdə buraxılan qüsurların aradan qaldırılmasında misilsiz əhəmiyyətə malik olduğunu bir daha qeyd edirəm. Mən də eyni ilə öz qəlbimin hökmü ilə, məhz həmin məqalənin təsiri altında, bu məqaləni yazmağı özümə borc bildim. Böyük şərq filosofu Kindi demişdir: «Həqiqətin hardan - uzaq və yad ellərdən gəlməsindən, hətta düşmənlərinizdən gəlməsindən asılı olmayaraq, onu qəbul edin». Mən də, ən azından Kindi kimi düşündüyümdən, əks siyasi cəbhədə dayandığım və çox vaxt «düşmən cəbhələr» təşkil etdiyimiz R.Mehdiyevdən gələn həqiqəti qəbul etməyə bilmərəm. Bilirəm ki, R.Mehdiyev haqqında xoş söz demək indi onun əleyhinə aparılan total kompaniya fövqündə nə deməkdir. Amma əgər R.Mehdiyev tutduğu rəsmi mövqeyə baxmayaraq öz milləti və xalqı üçün gərəkli olan belə bir mövqe sərgiləmişsə, mən də bəzi dost müxalif qəzetlərdə boğazından yuxarı vətənpərvərlərin mənim haqımda nə yazacaqlarını qabaqcadan bilə-bilə, onları gözardı edərək onun xidmətlərini qeyd etməyi özümə borc bildim. Məqalədən göründüyü kimi, əslində mənim milli kodlaşdırma ilə bağlı qaldırdığım problemə yeganə öz münasibətini sərgiləyən alim-siyasətçi də məhz R.Mehdiyevdir. Düzdür o məqaləsində mənim milli kodlaşdırma ilə bağlı niyyətimi şübhə altına alır, amma buna baxmayaraq, problemin düzgün həlli ilə bağlı ciddi şəkildə öz töhfəsini verir. R. Mehdiyev bu məqaləsində milli kodlaşdırma ilə bağlı qaldırdığım və iki aydan artıq ictimai müzakirəyə çıxardığım problemə çox aydın və dəqiq mövqe bildirmişdir. R.Mehdiyev yazır: «milli kodu» dəyişməyi təklif edərkən keçmişimizlə bağlı hər şeyi inkar etməyə aludə olmamalıyıq, əks halda “çirkli su ilə bərabər körpəni də tullamış” olarıq». R.Mehdiyev bəlkə özü də fərqində olmadan, yaddaşının dərinliklərində saxlanmış Leninin “Köhnəni dağıtmadan, yenini qurmağa doğru” və “kapitalizm sosializmə hamilədir, o sağlam uşaqla birgə hər cür zir-zibil də doğacaq, biz o uşagı zibildən ayırıb götürməyi bacarmalıyıq” fikirlərinə istinad edir. Amma burda heç bir qəbahət yoxdur. Həqiqətən də mən də bu fikirdəyəm ki, keçmişi dəyərləndirərkən millətin yenidən kodlaşdirilmasında ifrata varmaq olmaz. İnkarçılıqla heç nə yaratmaq olmaz. Bəri başdan deyim ki Şah İsmayıla həsr olunmuş məqalədə R.Mehdiyev milli tarixçiliyimizə dartışılması belə mümkün olmayan, çox aydın və dəqiq yeni elmi metodologiya təqdim etmişdir. Yalnız bu metodoloji yanaşma ilə biz, Azərbaycan türkləri, öz tariximizi düzgün anlaya bilərik. Bu metodun novatorluğu və orijinallığı nədən ibarətdir? Bizim tariximizə iki baxış-şimalda rus baxışı, cənubda fars baxışı mövcuddur. Bunun sübutu kimi Babəkin Azərbaycan xalqının qəhrəmani elan edənin, 1941-ci ilə rus alim Yampolovsknin olduğunu və Azərbaycan alimlərinin məhz ondan sonra onun kimi Babəkə yanaşdığını demək kifayət edər. Adətən bizim alimlər bir məqalədə yalnız fars müəlliflərinin əleyhinə yazanda özləri istəmədən də Azərbaycan tarixinə rus baxışını, əksinə rus-sovet alimlərinin əleyhinə çıxanda fars baxışının tərəfdarı vəziyyətinə düşürlər. Ramiz Mehdiyev bundan fərli olaraq eyni zamanda, paralel olaraq fars və rus məktəblərinin yetirmələrinə cavab verməklə əslində tariximizə milli baxışın klassik nümunəsini ortaya qoyur. (Haşiyə çıxım ki mən tarixə milli baxış konsepsiyası hazırlamışam və yaxınlarda onu xalqın müzakirəsinə təqdim edəcəyəm). İkincisi, ilk baxışdan əhəmiyyətsiz görünən fikirlərə və məşhur olmayan şəxslərə cavab verməkdir. Azərbaycan tarixinin saxtalaşdırılması texnologiyası məhz buna hesablanaraq həyata keçirilmişdir. Əvvəlcə əhəmiyyətsiz və avtoritet hesab edilməyən biri bir məqalə yazmış sonra avtoritet hesab edilən böyük titullu bir alim öz fikirlərini məhz həmin əhəmiyyətsiz məqalə əsərində inkişaf etdirərək sistem yaratmışdır. Vovenaraqin dediyi kimi “ardıcıl deyilən yalandan sistem yaratmaq olar, amma aradabir deyilən həqiqətdən yox”. R.Mehdiyev bu məqaləsində məhz elə yazarlarla diskussiyaya girir ki heç bir mövqeyi olmayan bəzi «alimlər» bunu özlərinə yaraşdırmazlar. R.Mehdiyev bəlkə də düşünülmüş şəkildə bir tərəfdən rus şovinizminin yetişdirməsi olan elmlər doktoru F.Əlkbərli adlı yazara, digər tərəfdən fars şovinizmin yetişdirməsi olan Gəncalp adlı yazarla diskusiya aparır elə bu diskussiyada hər iki müəllifi eyni metodla çavablandırmaqla özü «vahid azərbaycançılıq» mövqeyini ortaya qoyur. Mən, səmimi şəkildə bu metodu böyük ustalıq, elmi tapıntı kimi dəyərləndirirəm. R.Mehdiyev tariximizə rus sovet baxışının nümayəndəsi F.Ələkbərovun Şah İsmayilla bağlı “Zerkalo” qəzetində çap edilmiş fikirləri haqqında yazır: «F.Ələkbərlinin fikrincə, Şah İsmayıl Azərbaycan tarixində ən mühüm və eyni zamanda, heç də birmənalı olmayan simalardandır. Müəllifin bu sözləri göstərir ki, o, Şah İsmayılın tərcümeyi-halında onun böyüklüyünü heçə endirə biləcək səhifələr axtarmağı qərara almışdır. Şah İsmayılın hakimiyyətində mənfi cəhətlər axtarmaq ona yalnız və yalnız qara yaxmaqla məşğul olanların dəyirmanına su tökməyə oxşayır.” Bu günə qədər mövcud olan «Azərbaycan tarix» elmi məhz tariximizə böyüklüyümüzü heçə yendirmək və mənfi cəhətlər axtarmağın üzərində bərqərar olduğundan, xalqımızın tarixini, milli kimliyini saxtalaşdırmağa müvəffəq olmuşdur. Hamıya məlumdur ki, bu dəyirmanı işlədən ruslar və farslar olmuşdur və onlar öz məktəblərində sapı bizdən olan su tökənlər yetişdirməyə müvəffəq olmuşlar. Əslən Azərbaycanın cənubundan olan və fars tarixşünaslığının yetirməsi olan Güntayın Şah İsmayil haqqında yazdığı kitabdakı boşboğazlıqlar haqqında Ramiz Mehdiyev yazır: «Güntay Gəncalpın 2012-ci ildə Bakıda “Qanun” nəşriyyatında nəşr edilən “Səfəvilər” kitabı çoxlu suallar və etirazlar doğurur. 272 səhifəlik bu kitab ayrı-ayrı müəlliflər tərəfindən Səfəvilər sülaləsinin, o cümlədən İsmayıl Səfəvinin Mərkəzləşdirilmiş Azərbaycan Dövləti yaradılması uğrunda mübarizədə tarixi rolunu və onların bioqrafiyası ilə bağlı məlumatları necə təhrif etməyə çalışdıqlarını göstərən bir nümunədir». Səbəb çox aydındır. Həm farslar, həm də ruslar Azərbaycan dövlətinin mərkəzləşməsini özləri üçün böyük təhdid bildiklərindən bu istiqamətdə iş görən hər kəsi o cümlədən bizim böyük şah babalarımıza qara yaxmadan keçinə bilməzdilər. Bizim öz tariximizə öz milli baxışımız haqqında isə Ramiz Mehdiyev yazır: «Azərbaycanlıların şüurunda isə Şah İsmayıl Azərbaycan torpaqlarını birləşdirmiş, Mərkəzləşdirilmiş Azərbaycan Dövlətini yaratmış şəxsiyyətdir». Əslində Şah İsmayılın kimliyi onun tarixi rolu haqqında yazdığı məqalədə R.Mehdiyev heç bir rəsmi vəzifəsi olmayan alimlərin qorxudan danışmadığı və hətta bir çox müxalif liderlərin “siyasi uzaqgörənlik edərək” danışmadığı bir çox milli və dövlətçilik məsələlərinə Şah İsmayılın nümunəsində çox dəqiq, aydın və birmənalı şərh etmişdir. R.Mehdiyev məqaləsində Şah İsmayılla milli kod kimi yanaşır və bu kodun müəyyənləşməsinə əsas verən keyfiyyətləri çox dəqiq ifadə edir. O yazır: «Yuxarıda deyildiyi kimi, xalqımızın tarixində əsrlər boyu bütöv bir ölkənin, vahid məkanda yaşayan, eyni dildə danışan və ümumi dəyərlərə şərik olan yüzlərlə nəsli və milyonlarla insanı həyata səsləyən ideyanı təcəssüm etdirən şəxsiyyətlər çox olmuşdur. Bu korifeylərin mənəvi və praktik irsi bəzən ölkəmiz və xalqımız üçün yolgöstərən ulduz olmuşdur.” Mən də bu fikirdəyəm ki, yeni milli kodlar “xalqımızın tarixində əsrlər boyu bütöv bir ölkənin, vahid məkanda yaşayan, eyni dildə danışan və ümumi dəyərlərə şərik olan yüzlərlə nəsli və milyonlarla insanı həyata səsləyən ideyanı təcəssüm etdirən şəxsiyyətlərin” sırasından seçməliyik hansı ki Şah İsmayıl bu sıranın başında duran birinci şəxsiyyətdir. R.Mehdiyev bu məqaləsində çox açiq şəkildə Azərbaycan türklərinin birliyi məsələsini bir daha gündəmə gətirir və bu ideyanın reallaşmasında Şah İsmayılı təqdir edir. O yazır: «Azərbaycan türklərinin birləşməsində və Azərbaycan dövlətçiliyinin yaradılmasında ulu əcdadlarımızın tarixi rolu hələ də sona qədər öyrənilməmişdir». R.Mehdiyev bəzilərinin dövlətçilik tariximizin H.Əliyevdən, Elçibəydən, Rəsulzadədən başlanması ilə bağlı fikirlərini alt üst edərək Azərbaycan türkünün milli dövlətçilik tarixinin məhz Şah İsmayıldan başlandığını elmi şəkildə ortalığa qoyur. R.Mehdiyev öz məqaləsində həm də tarixə baxış problemini qaldırır və bu zaman Şah İsmayılın tarixi funksiyası ilə müasir dövrün tələbləri arasında analogiya aparır: «Dövlət müstəqilliyi əldə etmiş millət, vətəndaşlarımız öz tarixi keçmişi haqqında mötəbər məlumatlara malik olmağa sadəcə borcludurlar, bu, yeni nəsilləri tərbiyə etmək üçün nümunə sayılan əsl milli obrazlara müraciət etmək üçün əsas verərdi. Lakin bunun üçün milli tariximizin sovet ideologiyasının təzyiqi altında itirilmiş səhifələrinin bərpa edilməsi çox vacibdir.” Haqlı sözə nə deyəsən. Bu, təkcə alim mövqeyi deyil, hər şeydən öncə, bir çox alimdə və siyasətçidə çatışmayan vətəndaş mövqeyidir. Dövlət-mərkəzləşdirilmiş hakimiyyət deməkdir. Dövlətlərin təşəkkülündə mərkəzləşdirmənin önəmi politalogiya elmində birmənalı etiraf edilən həqiqətdir. Mərkəzləşdirilmiş hakimiyyət olmadan dövlət yaratmaq olmaz. R.Mehdiyev bu məqamı məqaləsində düzgün tapıb. Vaxtı ilə Şah Qacarın mərkəzləşdirmə istiqamətində apardığı mübarizəni xalqa işğal kimi təqdim edən S.Vurğundan fərqli olaraq R.Mehdiyev Şah İsmayılın Şirvanşahlara,( həm də Qacarın Qarabağa) yürüşlərinin mahiyyətinə işıq salır. O yazır: «Səfəvilər hərəkatının mərkəzləşdirilmiş Azərbaycan Dövləti yaradılması uğrunda strategiyasının məqsədi və əsas məzmunu arxa plana keçirilir. Bu müəlliflər orta əsrlərdə tərtib edilmiş şübhəli xarakterli bəzi mənbələrdən istifadə edir, həmin mənbələrin hansı dövrdə, nə vaxt və kim tərəfindən yazılmasının, onları yazanların hansı dünyagörüşünə xidmət etməsinin və hansı siyasi hərəkatın tərəfdarları olmasının mahiyyətinə dərindən varmırlar.” Bəli, Şah İsmayıl Azərbaycan Türk Dövlətinin yaradılması naminə mərkəzləşdirmə istiqamətində səy göstərmiş və nəticədə 400 ildən artıq bu bölgədə söz sahibi olan nəhəng Azərbaycan Türk İmperiyası yaratmağa nail olmuşdur. R.Mehdiyev Şah İsmayılı nə üçün müdafiə edir? Əslində bu gün qarşımızda duran istənilən problem həlletməyə cəhd etdikdə ilk növbədə dövlətçilik ənənələrinin yetərsizliyi, dövlətçilik tariximizdə varislik problemi ilə üzləşirik. Bunun üçün fars-rus cütlüyünün qırıb-dağıtmağa çalışdığı dövlətçilik zəncirimiz bərpa olunmalı, bugünkü dövlətimizin əsasları Şah İsmayıl tərəfindən əsası qoyulmuş mərkəzləşdirilmiş Azərbaycan Türk Səfəvi dövlətində axtarılmalıdır hansı ki R.Mehdiyev haqlı olaraq belə edir. O yazır: «Orta əsrlərdə xalqımızın dövlətçilik tarixində Səfəvilər imperiyası onun rəhbərliyi altında ən yüksək mərhələ kimi əvvəlki və sonrakı Azərbaycan dövlətləri zəncirində yalnız bir halqa olmuşdur. Bu siyasi qurumlar bir-birini əvəz etməklə və çoxəsrlik Azərbaycan dövlətçiliyinin əsasını formalaşdırmaqla Azərbaycan türk tayfalarını birləşdirmiş, dövlət quruculuğu ənənələrini, idarəçilik vərdişlərini, qonşu xalqlar haqqında bilikləri və informasiyanı, onlarla ünsiyyət mexanizmlərini, hakimiyyətin çox vaxt atadan oğula verilməsi təcrübəsini növbəti nəsillərə ötürmüşlər”. Tarixi şəxsiyyətlərə tarixi baxış bu günün vəzifələrini reallaşdırmaq məqsədi güdür. R.Mehdiyevin “Səfəvilərin əsas məqsədi Azərbaycan torpaqlarını birləşdirmək olmuşdur” fikri müasir dövrdə Azərbaycan dövlətinin və xalqının strategiyasına aydınlıq gətirir. Azərbaycan dövlətinin və xalqının strategiyası məhz Azərbaycanın itirilmiş torpaqları -Gürcüstan, Ermənistan, Rusiya Federasiyası, İran, Əfqanıstan, İraq və s. ölkələrin siyasi sərhədlərinə salınmış torpaqlarımız yenidən bir milli dövlət sərhədlərində birləşdirməkdən ibarət olmalıdır. R.Mehdiyev rəsmi mövqeyinə və vaxtı ilə Konstitusiyadan türk sözünü çıxaran bir siyasi qütbün nümayəndəsi olmasına baxmayaraq, öz vətəndaş mövqeyini çox aydın və qəti şəkildə-türkcü kimi ortalığa qoyur və Şah İsmayıl hər şeydən öncə bir türk kimi, türk olaraq müdafiə edir. O yazır: «Səfəvilər sülaləsinin türk mənşəyi haqqında V.V.Bartoldun fikri ən mötəbər fikir olaraq qalır və tarixi mənbələrin yeni məlumatları ilə təsdiqlənir. İsmayıl Səfəvi öz vəzifəsini siyasi mərkəzi Azərbaycanda olmaqla yeni qüdrətli imperiya yaratmaqda görürdü. Onun məqsədi Azərbaycan türklərinin hakim mövqeyinin bütün səviyyələrdə öz təsdiqini tapdığı və mümkün olan bütün formalarda təzahür etdiyi ilk mərkəzləşdirilmiş dövlət yaratmaqdan ibarət idi”. R.Mehdiyevin məqaləsindəki digər konseptual yenilik - siyasətçi sənətkar dilemmasına yeni yanaşma tərzindən ibarətdir. Tariximizə rus baxışı mümkün olduqda tarixi şəxsiyyətlərimizi yadımızdan çıxarmaq, mümkün olmadıqda onların missiyasını kiçiltməkdən ibarət olub. Sovet dönəmində biz Şah İsmaylı Xətai - şair Xətai kimi tanımışıq. Onun öz doğma ana dilində yazdığı şerlər sanki ona qarşı, onun siyasi kimliyinin danılması üçün bəhanə olmuşdur. Mən ilk dəfə R.Mehdiyevin məqaləsində Şah İsmayılla şair Xətainin vəhdətini gördüm. Və haqlı olaraq şair Xətainin Şah İsmayıla xidmət etdiyi fikrini ilk dəfə ondan eşitdim. R.Mehdiyev yazır: «Şah İsmayıl fenomeninin ən mühüm əlaməti ondan ibarətdir ki, poeziya, yaradıcılıq dövlət başçısı üçün əyləncə, ikinci dərəcəli məşğuliyyət deyildi, əksinə, siyasi ideyaları daha təsirli, inandırıcı şəkildə təbliğ etmək, öz ideallarını, məqsəd və vəzifələrini yaymaq və izah etmək üsulu idi». Halbuki sovet baxışında Xətai poeziyası Şah İsmayılı öz arxasında gizlətmiş, onun obrazına yalnız əyləncəyə meyl edən siyasi xarakter geydirilmişdir. Haşiyə çıxım ki rəsm əsərləri çəkdiyinə görə ingilislər Çorcilə, almanlar Hitlerə, türklər Kənan Evrenə rəssam libası, şair olduqlarına görə Əfqanlar ilk Prezidentləri Nur Məhəmməd Tərəqqiyə, anqolalılar ilk prezidentləri Avqostino Netoya, Türklər Sultan Fatehə, Ecevitə, Dəmirələ, sovetlər Ali Sovetin sədri olmuş Lukyanova şairlik donu biçməmişlər. Əksinə onları yalnız siyasi lider kimi təqdim etmiş yaradıcılıqlarını isə onların böyük siyasətçiliklərinə təsdiq kimi dəyərləndirmişlər. Amma Azərbaycan tarixinə gəldikdə Şah İsmayıl, Cahan Şah, Qazi Bürahəddin dönüb şair olublar. Çünki uzun illər “şair xalq” təlqinindən sonra xalq yalnız şer qoşanları sevə bilmişdir… (nə yaxşı ki Şah babalarımız Ağa Məhəmməd Qacar və Nadir Əfşar şer yazmayıb, yoxsa onlar da Azərbaycan ədəbiyyatının solğun səhifələrindən bizə məlum olardılar). Milləti özündən iyrəndirməyə paralel, xalqı özü ilə fəxr etməyə sövq etmək milli oyanışın əsas üsullarındandır və bu zaman həqiqi tarixi işlər görmüş şəxsiyyətlər örnək ola bilər. R.Mehdiyev ikinci yolu seçir və məqaləsində yazır: «Bir sıra tarixçilər haqlı olaraq, Azərbaycanın və azərbaycanlıların bütün orta əsrlər dövründə ən güclü etnosiyasi amil kimi tarix səhnəsinə çıxmasını Səfəvilər dövlətinin mövcud olduğu mərhələyə aid edirlər. Azərbaycan türklərinin Yaxın və Orta Şərqdə gedən siyasi proseslərə təsiri o dərəcədə hissedilən idi ki, bunu hətta ən bədbin meyilli tədqiqatçılar belə inkar edə bilməmişlər.” M.Hadinin öz tarixinə Çar Rusiyasının düşməncəsinə yanaşıldığına görə “yox imzası millətimin millətlər içində” deyə alışıb yanması föqündə, R. Mehdiyev bunun əksinə yazır” Şah İsmayılın obrazı təbiətin Azərbaycan xalqına necə böyük mənəvi və fiziki potensial bəxş etməsinin nümunəsi olmuşdur və olacaqdır. Biz əcdadlarımızın böyük əməlləri ilə yalnız fəxr etməklə kifayətlənməməliyik, həm də bu keyfiyyətləri itirməmək, həyatda onların bizə yol yoldaşı olması üçün əməli fəaliyyət göstərməliyik. Bunu xüsusilə yaşlı nəsli əvəz edəcək gənclər yadda saxlamalıdırlar. Heç şübhəsiz, öz tarixi keçmişi kimi möhkəm bünövrəyə arxalanmayan xalqın gələcəyi ola bilməz. Xalqın keçmiş tarixinin məşhur obrazları, bu tarixdə böyük şəxsiyyətlərin quruculuq rolu milli “Mən”in təsdiqlənməsində mühüm amildir.” Şah İsmayılla bağlı ikinci mühüm məsələ onun şiəliyə münasibətidir. Əgər rusbaşlı alimlər bir tərəfdən xürrəmi təriqətinin başında duran Babəki xalqımıza qəhrəman kimi sırıyırlarsa, digər tərəfdən xürrəmilikdən yüz dəfə rasional əsasa malik şiəliyi dövlət ideologiyası səviyyəsinə qaldırdığına görə onu təriqətçilikdə ittiham edirlər. Onların qeyri səmimiliyi Nadir Şaha münasibətdən də görünür hansı ki Şah İsmayıldan sonra şiə ideologiyasını türküçülüklə birləşdirməyə cəhd etməsinə baxmayaraq heç bir Azərbaycan alimi onun tarixini heç olmasa Məşədi İbad kimi yarısına qədər oxumağa cəhd etməmişdir Farsbaşlar isə əksinə Şah İsmayılın siyasi və milli kimliyinə məhəl qoymadan yalnız onun təriqətçiliyini şişirdir, böyük dövlət və siyasi xadimimizdən kiçik molla, şiə təəssübkeşi obrazı yaradırlar. R.Mehdiyev yenə də özünün təklif etdiyi tarixə milli baxış metodu ilə bu məsələyə yanaşır. O yazır: «Orta əsrlər tarixinə aid bəzi əsərlərdə siyasi tarix məsələlərinə dini hərəkatlar prizmasından baxılır, yəni bütün ictimai-siyasi proseslərə siyasi-dini mənada yanaşılır. Halbuki dini münaqişələr və müharibələr deyilən hadisələrin tarixi göstərir ki, onların arxasında siyasi maraqlar və məqsədlər gizlənir. Yəni, bu müharibələr mahiyyət etibarilə siyasi məqsədlərin nəticəsidir. Tarixi proseslərin şərhinə dini mövqedən yanaşma tədqiqatçılara bu proseslərin həqiqi xarakterini açıb göstərməyə imkan vermir. Görünür, gündəlik hadisələrin arxasında strateji məqsədi görməyi heç də hər kəs bacarmır. Tarixi şəxsiyyətlərin siyasi fəaliyyətinin motivləri yalnız elmilik prinsiplərinə və metodlarına riayət edildikdə, konkret siyasi proseslərin bütün tərkib hissələri və dövrün meyilləri nəzərə alındıqda obyektiv şəkildə açıla bilər”. Doğurdanda 400 ildən artıq duruş gətirmiş Azərbaycan Türk İmperiyasının tarixinə nəzər saldıqda əsasi Şah İsmayıl tərəfindən qoyulmuş imperiyanın ideologiyalaşdırılmasının sonralar millətçilik istiqamətdə inkişaf etdiyini görəndə R.Mehdiyevin bu fikirlərinə haqq qazandırmamaq mümkün deyil. Bəli ,Səfəvilərdən sonra hakimiyyətə gəlmiş Nadir şah Azərbaycan Türk İmperiyanı yeni dünya düzəninə uyğun saxlamaq naminə əsasi Şah İsmayıl tərəfindən qoyulmuş dövlət idealogiyasını inkişaf etdirərək dini-milli ideoloji müstəviyə keçirməyə cəhd etmişdir. Onun sonradan öldürülməsinə əsas vermiş, türk sultanlarına islamın beş məzhəbinin - bir şiə, dörd sünni məzhəbinin saxlanması və digər məzhəblərin ləğv edilməsi ilə bağlı təklifi məhz bununla bağlı idi. Əfşarlardan sonra meydana çıxmış Qacarlar isə daha da irəli getmiş Ağa Məhəmməd Şah Qacar tərəfindən “türklər elə birləşməlidir ki bir daha farslar hakimiyyətə gəlməsin… yalnız atası yox anası da türk olan şahzadə vəlihəd ola bilər” qanunlarını verməsi imperiyanın köhnə ideologiyasının artıq türkçülük mehvərinə gətirilmə cəhdindən xəbər verir ki, bu da Şah İsmayılın dövlətçilik strategiyasının məntiqi sonluğu idi. Əslində Şah İsmayılın şiəlik ideologiyası əsasında İmperiya yaratması dünya tarixinin fenomenal hadisəsi olmuşdur. Ona kimi və ondan sonra heç bir imperiya ideologiyaya əsaslanmamış, yalnız 400 ildən sonra yeni dövrdə Lenin kommunizm ideologiyası əsasında sovet İmperiyasını, Hitler milli sosializm ideologiyasına əsaslanan alman imperiyası yaratmağa cəhd etmişdir. Bu isə Şah İsmayılın Lenindən və Hitlerdən strategiya baxımından nə qədər uzaq görən və böyük siyasətçi olduğunu göstərir. Məhz bu uzaqgörənliyinə görə Karl Marks onu “14 ildə 14 dövlət fəth etmiş, şərqin ən böyük dövlət xadimi “kimi təqdim etmişdir. Bəli Şah İsmaylı, Şah Nadiri, Şah Qacarı tanımadan, sevmədən onların tarixi funksiyasını yeni dövrdə yerinə yetirmədən kimsə özünü Azərbaycan vətəndaşı hesab edə bilməz. R.Mehdiyevin məqaləsinin leytmotivi də məhz bundan ibarətdir. Sərdar Cəlaloğlu

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311