• cümə, 26 Aprel, 19:29
  • Baku Bakı 22°C

Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı uğurlu siyasət

13.12.18 14:00 2194
Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı uğurlu siyasət
Azərbaycan müstəqillikdən sonrakı dövrdə bir çox sahələrdə ciddi irəliləyiş əldə etmiş və dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaqla yanaşı, həm də vətəndaş cəmiyyətinin qurulması istiqamətində bir sıra nailiyyətlər qazanmışdır. Ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Çünki güclü dövləti şərtləndirən amillərdən biri də güclü vətəndaş cəmiyyətinə sahib olmaqdır. Dövlətin vətəndaş cəmiyyəti təsisatlarını dəstəkləməsinə dair konkretmexanizmlər formalaşdırılıb, insan haqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə Milli Fəaliyyət Proqramı qəbul edilib, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi üçün qanunvericilik islahatları həyata keçirilib. Azərbaycanda vətəndaş cəmiyyətinin dəstəklənməsinə və inkişafına yönələn ən mühüm addımlardan biri vətəndaş cəmiyyətinin aparıcı elementlərindən olan Qeyri-Hökumət Təşkilatlarının xarici donorlardan asılılığının azaldılması və dövlətin bu təşkilatlar üçün əsas donora çevrilməsi üçün mexanizmin formalaşdırılmasıdır. Dövlət bu istiqamətdə ciddi addımlar atır. Həmin addımlardan biri də Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında fərmanın 2018-ci ilin 11 dekabrında imzalamasıdır. Dəyişikliyə əsasən, siyahıya aşağıdakı məzmunda 7-2-ci və 7-3-cü hissələr əlavə edilir: "7-2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 7-3. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi”dir”.

Fərmanın vətəndaş cəmiyyətinin inkişafına necə təsir edəcəyini, QHT-lərin fəaliyyətinin genişlənməsində nə kimi əhəmiyyəti olacağını öyrənməyə çalışdıq.
Ölkəmizin maraqları üçün işləmək imkanları
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlama verən Millət vəkili Zahid Oruc qeyd etdi ki, 90-cı illərdən sonra Azərbaycanda qrant haqqında qanunvericilik qəbul edildi və ondan sonra unikal situasiya ilə üz-üzə qaldıq: "Başa düşüləndir ki, mərkəzləşmiş idarəçilik sistemindən kənara çıxmaq, yalnız hökumət və dövlət orqanları ilə deyil, eləcə də, üçüncü sektorun vasitəsilə hüququ cəmiyyət formalaşdırmaq mühüm bir tələbdir. Yalnız belə şəraitdə siyasi azadlıqların miqyası geniş olur və keçmiş totalitar imperiyalardan qalan mirasın ortadan götürülməsinə şərait yaranır. Həmçinin vətəndaş birlikləri ilə hakimiyyət orqanları arasında çox yaxşı əməkdaşlıq formalaşır. Lakin çox təəssüf olsun ki, bir sıra hallarda Azərbaycanda sözügedən təşkilatların Qərb institutları vasitəsilə ələ keçirilməsi yaşandı. Bunların əksəriyyəti ətrafında kəşfiyyat proqramları tərtib olundu, sanki hamısını satın aldılar. Belə olan təqdirdə, biz həmin qurumların üzərindən dövlətin maraqlarının qorunmadığını gördük. Bir sıra hallarda həmin təşkilatları insan haqlarının istismarı ətrafında qərarlaşdıranlar, Azərbaycandan iqtisadi və siyasi bac tələb elədilər. Yəni çalışdılar ki, neft müqavilələrindən, başqa sərvətlərdən pay götürsünlər. Belə olan təqdirdə, dövlət çox uğurlu təlimlərlə, yanaşmalarla məsələyə müdaxilə etdi. Bu sahədə hüquqi münasibətləri qanuniləşdirdi, sanksiyalaşdırdı və dəqiq çərçivələr müəyyənləşdirdi. İlk növbədə qrantların alınması, onların təyinatı, yönləndirilməsi, ictimai nəzarətin təyin olunması istiqamətində dəqiq mexanizm formalaşdı. Həmçinin qeyri-hökumət təşkilatları üzrə xüsusi fond yaradıldı və bu, Azərbaycanda sözügedən fəaliyyətin dövlət tərəfindən maliyyələşməsini təmin etdi. Həmin sektorda yetərincə insanlar püxtələşdilər, formalaşdılar və xarici dediyimiz məxfi xidmət orqanlarının planlarından kənarda ölkəmizin maraqları üçün işləmək imkanlarını qazandılar”.
Qrant verən institutların, təşkilatların dairəsi genişləndirilirsə...
Z. Oruc bildirdi ki, beynəlxalq məkanda, o yerdə ki, dövlət adamları yoxdur, hətta bəzən media institutları, parlament hakimiyyəti ora gedə bilmir. Amma orada QHT sektorunun nümayəndələri çox uğurla millətimizin mənafeləri üçün çalışırlar, siyasi savaşlara qatılırlar: "Bu, artıq təcrübədə sınanmış, faydası görünən məsələdir. İndi də qrant verən institutların, təşkilatların dairəsi genişləndirilirsə, demək ki, Azərbaycan maksimum dərəcədə bu prosesi ölkənin sərhədləri içərisinə almağı qət edir. Əminəm ki, siyahıya əlavə edilən qurumlar şəffaf bir şəkildə proqramlarını təqdim edəcəklər. O layihələr özlüyündə cəmiyyət həyatının müxtəlif sektorlarını aydınlaşdırmağa, oradakı prosesləri öyrənməyə şərait yaradacaq və belə olan halda, qrant sistemi həqiqətən də Azərbaycan xalqının maraqlarına uyğun işləyəcək”.
QHT-lərin fəaliyyətinə böyük təkan verəcək
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, cənab Prezident ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, hüquqi normativ bazanın təkmilləşdirilməsi ilə bağlı hər zaman müvafiq qərarlar qəbul edib: "Prezidentin sonuncu fərmanı da bu istiqamətdə yeni imkanların yaradılmasına, addımların atılmasına, Qeyri Hökumət Təşkilatlarının fəaliyyətinə böyük təkan verəcək. Xüsusilə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu siyahıya əlavə edilməsi gözlənilən idi. Yəni elə məsələlər var ki, onlar daha çox ideolojidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və onun nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun QHT-lərlə işə cəlb olunması üçün yaradılan bu fürsəti yüksək qiymətləndirirəm. Çünki Azərbaycan multikultural, tolerant ölkədir. Milli-mənəvi dəyərlərin qorunması, saxlanması, inkişafı, gələcək nəslə çatdırılması istiqamətində hər zaman dövlət öz işini ortaya qoyub. Azərbaycan dövləti burada yaşayan xalqların, etnik qrupların nümayəndələrinə hər zaman hörmətlə yanaşıb”.
Ölkə başçısının vətəndaş cəmiyyətinə etibarı və inamı
Sədr deyir ki, bu kimi addımların atılması ölkə başçısının QHT-lərin inkişafı ilə bağlı siyasətinin göstəricisidir: "Bu məsələnin digər bir əhəmiyyəti ondan ibarətdir ki, son dövrlər xüsusilə də ərəb ölkələrində olan bütün inqilablar əsasən QHT-lər vasitəsilə həyata keçirilirdi. Bunların da arxasında donor qismində xarici fondlar dayanırdı. Təbii ki, bu situasiya Azərbaycanda da istisna deyildi. Ölkəmizdə fəaliyyət göstərən bir qrup QHT-lər vardı ki, məhz müəyyən xarici donorlardan qrant adı altında çirkli pulları Azərbaycana gətirirdilər. Amma indi ölkəmiz özü donor qismində çıxış edir. Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı öz mövqeyini ortaya qoyur, sifarişlərini həyata keçirmək üçün vətəndaş cəmiyyəti strukturlarından istifadə edir. Çünki bu zaman iş daha ucuz və keyfiyyətli başa gəlir. Dövlət bununla, eyni zamanda vətəndaş cəmiyyətinin inkişafına yardım göstərmiş olur. Bu kimi addımların atılması ölkə başçısının vətəndaş cəmiyyətinə etibarının və inamının, eyni zamanda QHT-lərin inkişafı ilə bağlı siyasətinin göstəricisidir. Düşünürəm ki, əlavə edilən hər iki dövlət qurumu onlar üçün yaradılan bu imkandan obyektiv şəkildə yararlanacaqlar. Bu addım QHT-lərin fəaliyyətinin genişlənməsində əhəmiyyətli rol oynayacaq”.
Vətəndaş cəmiyyəti institutlarına göstərilən etimad
"Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirdi ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması üçün dövlət mütəmadi olaraq addımlar atır: "Ötən dövrə nəzər salsaq, görərik ki, QHT-lərlə bağlı qanunvericilik bazası formalaşdırılıb və dövrün tələbindən irəli gələrək yeniliklər öz əksini tapır. Onu da qeyd edim ki, bu gün QHT-lər məhz dövlətin ayırdığı maliyyə dəstəyi ilə öz fəaliyyətlərini qurur, maarifləndirmə işinin təşkilinə töhfəsini verir. Dövlət başçısının sərəncamı və dəstəyi ilə yaradılan Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu gün vətəndaş cəmiyyətinin inkişafında böyük rol oynayır. Təşkilatlar mütəmadi olaraq Şuranın maliyyə dəstəyi ilə müxtəlif sahələri özündə ehtiva edən layihələrini həyata keçirirlər. Prezident İlham Əliyevin dekabrın 11-də imzaladığı Fərman vətəndaş cəmiyyəti institutlarına göstərilən etimadın nəticəsi kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, bundan sonra qeyri-hökumət təşkilatları daha səmərəli və effektiv şəkildə öz fəaliyyətlərini qura biləcəklər”.
"Yeni üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyliqeyd etdi ki, Azərbaycanda hər zaman milli mənəvi dəyərlərin qorunması və təbliği dövlətin prioritet istiqamətlərindən biri olub: "Mübaliğəsiz şəkildə deyə bilərəm ki, Azərbaycanda milli mənəvi dəyərlərin qorunmasının həqiqi təəssübkeşi Prezident İlham Əliyevdir. Məhz onun diqqət və qayğısının nəticəsidir ki, bu gün qeyri-hökumət təşkilatları da milli mənəvi dəyərlərin təbliği istiqamətində bir sıra layihələr həyata keçirirlər. Təbii ki, bu da dövlətin vətəndaş cəmiyyəti institutlarına yaratdığı şəraitdən irəli gəlir. Bu sahədə mövcud milli donorların olması isə xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin milli donor təşkilatlarının yaradılması istiqamətində atdığı addımlar isə hər kəsə bəllidir. Artıq belə milli donorlar yaradılıb və hətta müxtəlif zamanlarda onların siyahısı genişləndirilib. Dekabrın 11-də dövlət başçısı tərəfindən qrant verən təşkilatlar siyahısına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əlavə edilməsi haqqında Fərmanı isə Azərbaycan dövlətinin qeyri-hökumət təşkilatlarına qayğısının göstəricisi hesab etmək olar. Əminəm ki, dövlətimizin qeyri-hökumət təşkilatlarına yaratdığı bu imkandan hər bir təşkilat səmərəli istifadə edəcək”.
Son olaraq qeyd edək ki, bu gün ölkəmizdə 3000-dən çox QHT var. Bu QHT-lərin fəaliyyətində, ayrılan qrantların rolu böyükdür. Prezidentin fərmanı ilə vətəndaş cəmiyyətinə qrant ayıran qurumlara ikisi də əlavə olundu. Bu, milli donor institutunun fəaliyyətinin genişlənməsi və xarici qüvvələrdən asılılığın aradan qaldırılması istiqamətində atılan addımdır. Xüsusilə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu siyahıya əlavə edilməsi bir çox radikal dini qüvvələrin fəaliyyətinin qarşısını alacaq, milli mənəvi dəyərlərin təbliği istiqamətində planlı layihələr həyata keçirilməsinə şərait yaradacaq.
Günel Azadə
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi müsabiqəyə təqdim edilir

banner

Oxşar Xəbərlər