• şənbə, 20 Aprel, 01:55
  • Baku Bakı 15°C

Vətən uzaqda deyil

09.10.18 09:07 1152
Vətən uzaqda deyil
Azərbaycanda dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi diaspor sahəsinə hər zaman xüsusi diqqət ayrılıb, bu istiqamətdə mühüm qərarlar qəbul edilib, dövlət səviyyəsində məqsədyönlü addımlar atılıb. Ümummilli lider Heydər Əliyev diaspor fəaliyyətini həm dövlət quruculuğunun, həm də xarici siyasətin mühüm tərkib hissəsi hesab etdiyindən, siyasi fəaliyyətinin bütün dövrlərində Azərbaycan diasporunun təşkilatlanmasına əhəmiyyətli zəmin formalaşdırıb. Məhz, ulu öndərin ölkənin müstəqilliyi üçün uzaq hədəflərə hesablanan siyasi dünyagörüşü, diaspor quruculuğunun təməl prinsiplərinin yaranmasına və sonradan təşkilatlanaraq vacib bir özül olaraq formalaşmasına şərait yaradıb. Ümummilli liderin Azərbaycanın gələcəyi naminə düşünüb, siyasi gündəmə gətirdiyi azərbaycançılıq strategiyası isə bugünkü Azərbaycan diasporunun ana sütunu və klassik fəaliyyət əsasnaməsidir. Bir sözlə, Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşımızın vahid bir amal ətrafında birləşdirilməsi istiqamətində indiyədək əldə olunmuş bütün nailiyyətlər məhz bu məqsədyönlü fəaliyyətin nəticəsidir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, onun müəyyənləşdirdiyi ümummilli inkişaf proqramını uğurla həyata keçirən Prezidenti İlham Əliyev də diaspor məsələlərinə diqqətini artıraraq, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, onların vahid ideya ətrafında birləşdirilməsi siyasətini müvəffəqiyyətlə davam etdirib. Dövlət başçısı dünya azərbaycanlılarına etdiyi müraciətlərdə, soydaşlarımızın milli maraqlarımız ətrafında sıx birləşməsinin zəruriliyini vurğulayaraq, bu sahədə mühüm addımlar atılmasının vacibliyini bildirib.
Məhz, bu zərurətdən irəli gələrək, bu gün Azərbaycan diasporunun formalaşdırılaraq kompleks şəkildə inkişafına nail olunması üçün, ölkədə diaspor siyasətini həyata keçirən Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısında yeni tələblər qoyulub və yeni inkişaf mərhələsinə keçid üçün müasir dünyanın siyasi, iqtisadi, texniki durumuna uyğun fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Bir məsələni qeyd etmək lazımdır ki, informasiya əsri adlandırılan XXI əsrdə İKT-nin yaxından iştirakı olmadan hər hansı sahədə uğur əldə etmək qeyri-mümkündür. Yaşadığımız dövrdə hadisələrin intensivliyi, informasiyaların yayılma sürəti, artıq işıq sürəti ilə müqayisə edilməkdədir. Eyni zamanda, İKT-nin inkişafı müasir dünyanı vahid bir orqanizmə çevirərək, sərhədləri formallaşdırmışdır. Artıq, yerləşdiyimiz məkandan asılı olmayaraq, bir neçə düyməyə sıxmaqla, dünyanın istənilən yerində baş verən proseslərə qoşula və izləyə bilərik. Belə bir şəraitdə bütün sahələrdə İKT-nin geniş tətbiqi qaçılmaz bir prosesdir və davamlı uğurların təminatçısıdır desək, yanılmarıq.
Diasporla İş üzrə Dövlət Komitəsinin uğurları da, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, xaricdə yaşayan soydaşlarımızın arasında birliyi təmin etmək, Azərbaycanın xarici ölkələrdə daha yaxşı təmsil olunmasına, dilimizin, milli-mədəni irsimizin qorunması və təbliğinə nail olmaq kimi göstəricilərlə dəyərləndirilə bilər. Bu mənada, xaricdə yaşayan soydaşlarımızın üzə çıxarılması, onların fəaliyyətlərinin təbliği, ölkəmizdə və yaşadıqları ölkələrdə tanıdılması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə, Dövlət Komitəsi tərəfindən ardıcıl addımlar atılır, çoxsaylı layihələr həyata keçirilir. Məsələn, bu layihələrdən biri olan "Tanıyaq və tanıdaq” layihəsi çərçivəsində, xaricdə yaşayan, müəyyən uğurları ilə seçilən onlarla soydaşımızın fəaliyyəti kiçik videolarla ictimaiyyətə təqdim edilib, sosial şəbəkələr üzərindən yayımlanıb.
Dövlət Komitəsinin bu istiqamətdə reallaşdırdığı mühüm layihələrdən biri də "Diaspor TV”-nin fəaliyyətə başlamasıdır. Komitənin saytında internet üzərindən yayımlanan "Diaspor TV”-nin məqsədi dünya azərbaycanlılarını vahid müstəvidə birləşdirmək, onlar üçün yeni müzakirə platforması yaratmaq, beynəlxalq səviyyədə kifayət qədər uğur qazanmış soydaşlarımızı tanıtmaq, eləcə də, dünya ictimaiyyətini Azərbaycan mədəniyyəti, siyasəti, tarixi və dövlətçiliyi haqqında məlumatlandırmaqdır.
"Diaspor” telekanalında xarici ölkələrdəki diaspor təşkilatlarının rəhbərləri, ziyalılar, Azərbaycanın dostu olan digər xalqların nümayəndələri ilə müsahibə və reportajlar müxtəlif rubrikalarda çeşidlənir. Artıq "Azərbaycan dilində danışan xaricilər” rubrikasının ilk buraxılışı təqdim edilib. Rubrikanınilk qonağı alman alimi, tanınmış nəsimişünas Mixael Hess (Michael Hess) olub.
Eyni məqsədlə Dövlət Komitəsinin İctimai Televiziya ilə birgə layihəsi olan "Vətən uzaqda deyil” ixtisaslaşmış diaspor proqramının da ilk buraxılışı yayımlanıb. Yayımı izlədikdə, aydın olur ki, Dövlət Komitəsinin diaspor siyasətini təmin edən Yol Xəritəsi, "Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsi və digər maraqlı mövzular, məhz bu proqram vasitəsilə milyonlarla insanın məlumatlandırılmasına imkan verib, verilişdə yerli gənclərlə diaspor gənclərinin debatının təşkil olunması böyük maraqla qarşılanıb və təqdir olunub. Yeni yazılan və verilişdə də uğurla səsləndirilən diaspor himni dünya azərbaycanlılarını birləşməyə, vətəninə yaxın olmağa çağırıb. Ümumilikdə, "Diaspor TV”-nin fəaliyyətə başladığı qısa zamanda ictimaiyyət tərəfindən alqışlarla qarşılanması, xüsusilə diaspor təşkilatları və xaricdə yaşayan soydaşlarımız tərəfindən çox böyük maraq və minnətdarlıq hissi ilə yüksək qiymətləndirilməsi, gələcək uğurların ilk işartıları kimi qəbul edilə bilər.
Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyinin diaspor sahəsindəki çətinliklərin, mövcud problemlərin açıq və şəffaf şəkildə müzakirə edilməsinə önəm verməsini, ictimai platformalarda müzakirələrin əhəmiyyətinə lüzum görməsini, ayrı-ayrı ölkələrdə Koordinasiya Şuralarının yaradılması ilə soydaşlarımızın birliyinə nail olunmasını, diaspor təşkilatlarına, elektron və sosial mediada işini gücləndirmək məqsədilə İKT sahəsin­də tam ödənişsiz texniki dəstək verilməsini, o cümlədən "Diaspor TV”-nin uğurla qarşılanmasını diaspor fəaliyyətində yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirmək olar. Dövlət Komitəsinin əldə etdiyi uğurlar bir nümunə olaraq göstərir ki, çətin problemlərin həlli, məhz informasiya siyasətinin düzgün qurulmasından başlayır.
banner

Oxşar Xəbərlər