AZE | RUS | ENG |

Vətən uğrunda savaşmaq naminə...

Vətən uğrunda savaşmaq naminə...
Vətən sevgisiylə yaşayan və yaşadan qəhrəman


Vətən müqəddəsliyi öz millətini, yurdunu, elini, obasını sevən hər bir insan üçün əsas amal və arzudur. Son dövrlərin Qarabağ savaşı göstərdi ki, Azərbaycanın igid və cəsur oğulları, qeyrətli və ismətli qızları yetərincədir. Həm göz dağımız, həm də fəxarət yerimiz olan Şəhidlər Xiyabanı belə Vətən övladlarını öz ağuşuna almış, ölməzliyə qovuşdurmuş, şəhid ucalığına qaldırmışdır. Azərbaycan Respublikası suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətlərə görə İbad Hüseynov Ulu Öndərimiz Heydər Əliyevin diqqətindən kənarda qalmamışdı. 1994-cü il, 09 oktyabr tarixində “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdi.

Bəzən hekayə kimi görsənən real və qorxunc həyat həqiqətlərini dərk edərkən düşünürsən ki, gör nə qədər yaşayan şəhidlərimiz var. Bəli yaşayan Şəhidlər!

Bu gün hansı diqqət, hansı qayğı, hansı yüksək maddiyyat bu insanların ağrısını- sızıltısını, itirdikləri sağlamlıqlarını qaytara bilər ki?! Başlarında atəş səslərinin əks sədası, yatanda da fikirlərindən çıxarda bilmədikləri, dost, yoldaşlarının parçalanmış meyidləri, kəsilmiş başları onlar üçün qorxunc yuxulara çevrilir. Bu gerçək və amansız həyat yaşamı onların ürəyində buzlaşmış “dağa” çevrilərək hər gün zərrə-zərrə əridir onları.
Bu şəhidlik deyilmi? Pəhləvan cüssəli, daş ürəkli görsənən amma, gözlərindəki hiss olunmayan iztirabları, nazilmiş, kövrəkləşmiş ürəkləri, cilovlaya bilmədikləri əsəbləri, rahat həyat yaşamını şüurlu şəkildə qəbul etməmələri, daxili dünyalarındakı özləri üçün düşünərək yaratdıqları laqeydlik Şəhidlik deyilmi!

Torpağının tozunu, suyunu belə heç nəyə dəyişməyən, əsgərlik xidmətindən belə içindəki özünəməxsus vətən təəssübkeşliyini, sevgisini göstərən anasının ağarmış tək-tük saclarını zarafatyana, dartaraq səni qocalmağa qoymaram deyən, gözlərində gizlətməyə çalışdığı kədəri, həyata, zamanın gərdişinə olan qısqanclığını belə gizlətməyən İbad Hüseynov yaşayan Şəhid deyilmi?

Gözlərinin qabağında neçə-neçə döyüşçü yoldaşlarının həyatla-ölüm arasında çarpışdığı anları, neçə-neçə günahsız insanların ölümünü görmüş, öz adını belə şəhidlərin adı siyahısına yazmış İbad Hüseynov.

Yəqin Tanrının ona bəxş etdiyi qorxmazlıq, cəsarət, sədaqət, hiss olunmayan kövrəklik əbəs yerə deyilmiş.

İçindəki mərdlik, dönməzlik, kişilik, həqiqətsevərlik görünür Tanrının belə xoşuna gəlib.
Döyüşdə göstərdiyi Qəhrəmanlıq kimi ailədə də göstərdiyi qayğıkeşlik, diqqət itirilmiş sağlamlığına baxmayaraq hər kəsin ümid yerinə çevrilməsi, qeyri-adiliyi, həssaslığı, yüksək intusiyası, möcüzə sayəsində sağ qalması Tanrının İbada olan lütfüdür.

Yaxşı övlad, yaxşı dost, yaxşı qardaş, yaxşı əsgər, yaxşı döyüşçü, yaxşı kəşfiyyatçı və nəhayət üç övlad atası. Taleyinə müharibə, qəhrəmanlıq yazılmasaydı , istənilən sahədə lider olardı. Çünki çeviklik, məqsədyönlülük, əqidə sahibidir İbad Hüseynov. Tanrı da əqidə sahiblərini sevir.
Ölümə gedən yoldan geri dönən, Bakı şəhərində Muğanlı adında “dayanacaq” düşünən yalnız İbad Hüseynov ola bilərdi.
Aylarla xəstəxanalar, həkimlər…. Yaşamağa, qalmağa nəinki ev, sığınacaq üçün heç “dayanacaq”da yox idi… yurdsuz-yuvasız qalan köçkünlər səpələndi bölgələrə…
Dağ havasının, meşə sərinliyinin gözəlliyini əvəzolunmazlığını, aranda kölgə tapmayanda, havasızlıqdan boğulanda daha çox hiss olunur…

Amma çoxları xəbərsizdir ki, bu “dayanacaq” o biri dayanacaqlardan deyil…
Bu dayanacaq ölüm yuxusundan ayılanların, vətən həsrətindən xəstə düşüb dünyasını dəyişənlərin, pəhləvan cüssəli oğlunun ölümünə dözə bilməyib, keyimiş bədənini var gücü ilə döyəcləyərək zamansız dünyasını dəyişən Kifayət ananın, kənd, torpaq havasına öyrəşib dünyasını qarmaqarışıq, havasız Bakı şəhərində dəyişən Möhsüm dayının son dayanacağı olub….
Yəqin ki İbad üçün Qarabağa sülh, ya da hərb fərqi yoxdur, gedən yol bu dayanacaqdan başlanacaq…
Bu gün Muğanlı adını daşıyan bu dayanacaqda, hələ nə düşündüyü bəlli olmayan, o dayanacağın anlamını hələ tam dərk edə bilməyən Alpay və Atilla görmədiyi nənə-baba həsrətini, yurd yuvasını görmək üçün xəyallar qururlar və qəhrəman atalarının tam anlamadıqları sual dolu baxışlarının cavabını göylərdə axtarırlar…

Tarixdə o insanlar əbədiləşir, adları, əməlləri, tarixi xidmətləri əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçir ki, onlar həyatları boyu xalqa arxalanır, Vətənə xidmət edir, bütün zəka və qüvvələrini xalq, Vətən yolunda sərf edirlər.

Gözünü zəhmətkeş sadə ailədə açan, vətən torpağının qarını, qışını yay bilib ürəyində əridən, adını bəlkə də özü belə tapa bilmədiyi sevgiylə yaşayan İbad Hüseynov ömrünün uşaqlıq çağlarında atasının “sağ əli”, nənəsinin “yıxılı evin dirəyi” adlananda torpağa bağlanmışdı.
Elan olunmamış Qarabağ müharibəsi başlanandan səngərlərdən çıxmayan, özünəməxsusluqları ilə dəstədə fərqlənən, cəldliyi və gözüaçıqlıgı ilə kəşfiyyat komandiri olan döyüşçü əsgər İbad Hüseynov Azərbaycan tarixində tarixi hadisələrin şahidinə və iştirakçısına çevrilir.

Bizim qəzetlər 1993-cü il iyunun 12-də Martuni rayonu hərbi qarnizonunun komendantı, Suriya mənşəli, Amerkada anadan olmuş “Avo” ləqəbli Monte Melkonyanın Martuni rayonu ərazisində məhv edildiyini yazırdılar. Göstərirdilər ki, Monte Melkonyan uzun illər ərzində axtarışda olan terrorçu, ASALA terror təşkilatının yaradıcılarından biri olub. Avropada, özəlliklə Fransada bir neçə il ərzində türk diplomatlarına, Türk Kültür Ocaqlarına qarşı həyata keçirilən terror aktlarına birbaşa başçılıq edib. 90-cı ildə İrəvana, oradan da Qarabağa gələrək, Martuni rayonunda erməni hərbi birləşmələrinə başçılıq edib. Bəli Erməni faşistlərinin böyük Ermənistan yaratmaq arzuları İbad Hüseynov qəhrəmanlığı sayəsində alt-üst edildi. Bu gün Beyləqan, Ağcabədi, Kür çayı sahilləri məhz İbad Hüseynov qəhrəmanlığının sayəsində itirmədik. Bu Azərbaycan tarixinin reallıqlarıdır.
Şərq dünyasında Azərbaycan istər coğrafi ərazisinə, istər təbiətinə, istərsə də təbii sərvətlərinə görə seçilən bir ölkədir. Tanrı xüsusi, seçilən, insanlar da bəxş etmişdir bu torpağa..
Azərbaycan tarixində öz sözünü demiş yazarlarımız, alimlərimiz, filosoflarımız, qəhrəmanlarımız əfsanələşib, dastanlaşıblar. İbad Hüseynov da tarixə öz adını yazan, Azərbaycan gəncliyini ayağa qaldıra biləcək örnək, ordumuz üçün tarix və inkişaf, istər yaxın olsun, istər yad olsun, istər döyüşçü olsun, istər müəllim olsun fərq etməz, kim olur olsun hər kəsin ondan nə isə öyrənə biləcək qədər dərin, kəşf olunacaq qədər maraqlı və keşməkeşli ömür yolu yaşamış Azərbaycanın “Ağ tarixində” öz imzası olan kəşfiyyatçı-döyüşçü, “Azərbaycan Bayrağı ” ordenli, Tanrının möcüzəsi sayəsində sağ qalan İbad Hüseynovdur.
Həyatı başdan –başa sirli-möcüzə, təzadlarla dolu nağıllaşan bir ömür yaşayan bu qəhrəman Tanrının seçilən, sevilən bəndəsidir desək yanılmarıq... Çeviklik, məqsədyönlülük, qeyri-adilik, gözəgörünməzlik, ani vəziyyətlərdə qərar qəbul edib, ideyalar vermək İbad Hüseynovun özünəməxsus özəllikləridir.
Keçmişdə nağıllarımızda vəsf edilən bir qoşunu əvəz edəcək bir qəhrəman haqqında eşitdiklərimiz bizə məğlubedilməz igidin hansı yolla olursa- olsun qalib gəlməsi, xeyirin - şər üzərində qələbəsini biz mentalitet olaraq qanunauyğunluq kimi qəbul etmişik.

Rusiyada hərbi xidmətdə olan zamanlarda vətənində, torpağında baş verən haqsız olaylara öz etiraz səsini qaldıraraq, hərbi xidmətdən imtina edən, özündən də böyük və çoxlarının ata bilməyəcəyi addımlar atan..... Vətəninə dönüb əlinə silah alıb öndə gedən, N saylı hərbi hissələrdə kəşfiyyat komandiri olmuş, və bu hərbi hissələrin bazası əsasında yaranmış 161-ci alayın kəşfiyyat komandiri, görən gözü, çırpan ürəyi, düşünən beyni və "gülləkeçməz", döyüşçüsü kimi göstərdiyi igidliklər dillər əzbəri olur....

“...Bir gün yenə kəşfiyyata gedirdik... güclü hazırlığı olan düşmənin lazımı qədər hazırlıqlı olduğunu bilirdik... əməliyyata başladıq ayıq düşmən bizi cavabsız qoymadı... Hər zaman qabaqda İbad özü gedirdi ki, minaya düşəsi olsa birinci özü düşsün, nə olur birinci ona olsun, düşmənə amansız olsa da, yoldaşlarının ölümünü, yaralanmasını görmək çətin olardı ona, qəbul edə bilmirdi... həmin döyüşü unutmaq olmur ən azı ona görə ki, həmin döyüşdə üç nəfər dostumuz minaya düşüb parça-parça oldu, biz isə ağır yaralandıq... artıq neçənci düşmən qərargahıydı ki, İbad onu təkbaşına almalı olurdu... Təkbaşına düşmən qərargahında oturub, onlara məxsus silah-sursat hətta yemək ərzaq məhsullarını da gətirib hərbi hissəyə təhvil verirdi...” bu sözləri İbad Hüseynovun döyüş yoldaşı olmuş birinci qrup Qarabağ əlili Cəsarat Sadıqov danışırdı.

Belə hadisələri yalnız dönə-dönə hazırlanmış filmlərdə rast gəlmək olardı. Amma o anları, o acıları canlı olaraq yaşayan bu gün nağıllaşan qəhrəman İbad Hüseynov idi.

Fiziki sağlamlığını itirmiş, rahatlıq nədir bilməyən toyunu “Azərbaycan” adını daşıyan məkanda keçirən, toy günü nişanlısı, əzizləri ilə Şəhidlər Xiyabanını ziyarət edən, ana-ata qarşısında bacardığından da artıq fədakarlıq göstərən əsasını qoyduğu və son nəfəsinə qədər kəşfiyyat komandiri olduğu 161-ci Alayda yaşadıqları ağrı-acıları, ruhları hələ də narahat qalan şəhidləri unutmamaq xatirinə evinin, maşının nömrəsini belə “161” nömrəsiylə adlandıran, şəhid olmuş dostların, yaxınların, ailələrinə qardaşlıq, dostluq borcu kimi əlindən gələn köməkliklər göstərən vətən, torpaq acısının çırpıntıları ilə yaşayan İbad Hüseynov Azərbaycan tarixinin bugünkü və gələcək “Ağ tarixi”dir…

Elan edilməmiş Qarabağ müharibəsində xüsusi xidmətləri olmuş vətən fədaisi, vətən, torpaq anlamını aşılayan və əks etdirən İbad Hüseynovu əsrimizin Atillası adlandırmaqda xalqımız yanılmır.
Bu gün odun-alovun içindən çıxan, təsadüfün yaşatdığı xüsusi təyinatlı qəhrəmanımız İbad Hüseynov ömrünün 43-cu baharını geridə qoyur. Bu ömür ona nələri yaşatmadı, nələri yaşatdırmadı.
Heç bahar yaşamadın... Sənin baharın Qarabağda, Muğanlıda qaldı. Bu gün rahatlıq tapmadığın paytaxtımız sənə Muğanlının bir anında tapdığın rahatlığı vermir. ...
44-cü baharın mübarək! Qoy gələn baharların sənə rahatlıq gətirsin, qələbə sevincləri yaşatsın.


Gülşən BEHBUD,
«Atilla» jurnalının baş redaktoru,
şairə-jurnalist

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9187
GEL 1 1 Gürcüstan larisi 0.6445
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1759
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1828
CHF 1 1 İsveçrə frankı 1.691
KWD 1 1 Küveyt dinarı 5.5933
TRY 1 1 Türkiyə lirəsi 0.3217