• cümə, 29 Mart, 02:34
  • Baku Bakı 7°C

Vətən sevgisi, vətəndaşlıq borcu

17.10.17 16:35 24327
Vətən sevgisi, vətəndaşlıq borcu
Həzrəti Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: "Sərhəd boyunca vətəni qoruyan gözləri cəhənnəm atəşi yandırmayacaqdır, Allahın razılığı üçün vətən sərhədlərini qoruyanlara isə daim savab yazılacaqdır." VƏTƏN. Nədir vətən? Niyə sevməliyik vətəni? Nədir bu məfhum? Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə vətənsiz yaşaya bilmir. Doğma vətənim Azərbaycan müxtəlif fikirli və əqidəli övladları birləşdirən yeganə anadır. O ana ki, övladları arasında heç bir fərq qoymur, hamısını böyük məhəbbətlə ağuşuna alır. Bəs Vətən haradan başlanır? – Vətən sərhəddən başlanır. Vətən məndən, səndən, ondan başlanır. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Vətən müqəddəsdir. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik rütbəsinə yüksəlmişlər. Vətəni və vətəndaşı sevmək böyük bir əxlaqi keyfiyyətdir. Dinimizin əmri, Uca Rəbbimizin razı qaldığı əməldir. İnsan mənəviyyatını müəyyən edən, zənginləşdirən önəmli əxlaqi prinsiplərdən biri də xalq və vətən sevgisidir. Nahaq yerə "ana vətən”sözü işlədilmir. Vətən ana qədər sevilməli, ana namusu kimi qorunmalıdır. İnsanı ucaldan onun dəyərini artıran bu qəbildən vətən sevgisidir. Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks təqdirdə bu sevgi kamil sayılmır. Xalqın, millətin üzvü olmaq hansısa bir dildə danışmaq, hansısa bir dinə mənsub olmaq demək deyildir. Hər bir insan mənsub olduğu millətin, xalqın mənəvi dəyərlərini bilməli, onları qətiyyən unutmamalıdır. Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir. Çünki nə vətənsiz bir millət, nə də millətsiz bir vətən ola bilər.Vətən əldən gedərsə, o millətin hər cür milli-mənəvi dəyərləri də yox olub gedər. Vətəni qorumaq dövlət və milləti qorumaq, vətəni sevmək də dövlət və milləti sevməkdir. Vətənə bağlılıq milli-mənəvi dəyərlərə, ailəyə, bayrağa, dilə, tarixə, adət-ənənəyə, dinə, sənətə, milli birlik və bərabərliyə bağlılıqdır. Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi, şair, dramaturq, tərcüməçi Abbas Səhhətin Vətən şerində deyildiyi kimi: Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim. Vətən – əcdadımızın mədfənidir,
Vətən – övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz,
Olsa, o şəxsdə vicdan olmaz. Ata babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. İnsanoğlunun xislətində yaradılışından ömrünün sonuna qədər belə bir psixoloji hiss mövcuddur: qarşılıq. Daha dəqiq desək, insan bəzən hansısa bir hərəkətinin, sözünün qarşılığında təmənna umur. Müəyyən məqamlarda bu, insanın ən təbii haqqıdır. Amma yeganə bir varlıq vardır ki, o, təmənnasız olaraq sevilir, ona təmənnasız olaraq xidmət edilir – VƏTƏN! Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi: "Düşünməyin ki, Vətən sizə nə edib, düşünün ki, siz Vətən üçün nə etmisiniz”. Vətən sevgisi ən əsil, ən uca sevgidir. Məqamı gəlincə Vətən üçün döyüşmək də Vətən sevgisinin bir təzahürüdür. Unutmamalıyıq ki, biz Vətən uğrunda qanlarıyla dastanlar yazanların, şəhidlər verən bir millətin övladlarıyıq. Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. Əsl vətəndaş odur ki, öz vətənini qəlbi ilə, canı və qanı ilə sevir. Onun azadlıq və istiqlaliyyəti uğrunda hər an canını da verməyə hazırdır. İnsan həyata bir dəfə gəlir. Müdrik bir kəlamda deyilir: "Vətəndə ölməyən iki dəfə ölür". Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır. Bu müqəddəs məkanda keçmişlə gələcəyimiz qovuşur. O əbədi və əzəlidir. Onun göylərində əcdadlarımızın ruhları dolaşır. Torpağa, yurda sevginin əsası isə ailədə və məktəbdə qoyulur. Buna görə də hər bir məktəb, ilk növbədə şagirdlərinin yüksək vətənpərvər kimi böyüməsi üçün bütün imkanlardan istifadə etməlidirlər. Bunun üçün məktəblilər yurdun tarixilə yanaşı, onun hər bir bölgəsini yaxşı öyrənməlidirlər. Çünki Vətəni yaxşı tanımadan onu sevmək çətindir. Ölkə, Vətən sevgisi uşaqlara möhkəm aşılanmalıdır. Gənclərdə vətənpərvərlik hissinin aşılanması, formalaşdırılması məhz məktəblərin üzərinə düşən vəzifələrdəndir. Vətənpərvərlik hissi uşaqlarda körpə yaşlarından formalaşdırılmalıdır. Torpaqlarımızın işğal altında olduğu bir şəraitdə uşaqlarda vətənə, torpağa, elə-obaya sevgi, məhəbbət hissini formalaşdırmaq məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir. Torpaqlarımızın işğal günlərində bunu uşaqlara faciə kimi deyil, bu faciəni törədənlərə nifrət hissi kimi aşılayırlar. Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Vətəni qorumaq, mühafizə etmək üçün əqidəli, qətiyyətli vətəndaşlara ehtiyac vardır. Bu əqidəsi möhkəm insanların sayı tarixdə hər zaman ümumi kütləyə nisbətdə az olmuşdur. Vətən sevgisi, vətən namusu, vətən qeyrəti sözügedən həqiqi vətəndaşlara xas olan qabarıq xüsusiyyətlərdəndir. Bunlar o eqoist hisslərdən deyil ki, başqalarını əzsin, məhv etsin özünü üstün bilsin. Əsla! Bu sevginin mənbəyi ümumiyyətlə torpağa olan bağlılıq və hörmətdir ki, bu nemət Uca Allah (c.c) tərəfindən bizə əmanət edilmişdir. Bu vətəni, bu torpağı bizə ata-babalarımız necə əmanət qoyublarsa, biz də bizdən sonrakı nəsillərə bu yurdu, bu eli sağlam bir şəkildə təhvil verməliyik .Əziz İslam Peyğəmbəri Muhəmməd (s.ə.s) buyurmuşdur: "Vətəni sevmək imandandır". Belə ki, öz Yaradanını, niyə yaradıldığını, özünü, kimliyini anlayan insanda vətəninə qarşı sevgi mütləq yüksək səviyyədə olacaqdır. Əks halda bu torpaqda yaşamağımız, faydalanmağımız bizim vicdanlı yaşayışımıza zidd hala gətirib çıxaracaqdır. Son olaraq deyə bilərəm ki, Vətən mənim, sənin, bizim, sizin – hamımızındır. Vətəni olmaq həm də azadlıq deməkdir. Bu azadlığın əbədiliyi isə bizim olanın layiqincə sevilməsi, qorunması və nəsildən nəslə ötürülməsi ilə mümkündür.

Rövşən Əvəzoğlu
banner

Oxşar Xəbərlər