• cümə axşamı, 25 aprel, 05:11
  • Baku Bakı 19°C

“Vətən sevgisi ən birincidir”

26.06.18 09:30 903
“Vətən sevgisi ən birincidir”
26 iyun Azərbaycan tarixinin şanlı, şərəfli günlərindən biridir. Bu gün Azərbaycan Milli Ordusunun yaranmasından 100 il keçir. Bir əsrlik tarixi yol keçən ordumuz hər birimizin qürur mənbəyidir. Ordu quruculuğu dövlətin diqqət mərkəzində olan bir nömrəli məsələdir. Yalnız Silahlı Qüvvələrin müasir silahlarla təchizatı, texniki təminatı deyil, hərbçilərin sosial problemləri də nəzərə alınır və uğurla həll edilir. Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı sərəncama əsasən, indiyədək 900-ə yaxın hərbi qulluqçu müxtəlif regionlarda dövlət vəsaiti hesabına tikilmiş mənzillərlə təmin olunub. Vətən keşikçilərinin nəinki mənzil, eyni zamanda xidmət şəraiti də yaxşılaşdırılır. Hərbi hissələr, hərbi şəhərciklərdə təmir-bərpa işləri aparılır, yeni hərbi bazalar tikilir.
Azərbaycan müdafiə sənayesinin inkişafına da böyük diqqət ayırır. Dövlət sifarişi əsasında hərbi texnika, silah, mühəndis texnikası, ehtiyat hissələri, döyüş sursatları və digər mindən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir. Və indi ölkəmiz hərbi məhsulları həm də ixrac edir. Dövlətimiz iqtisadiyyat və sənaye sahəsində olduğu kimi, hərbi sahədə də böyük nailiyyətlər əldə edib, böyük uğurlara imza atıb. Aprel döyüşləri bunun ən bariz nümunəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, aprel döyüşləri tarixdə bizim böyük hərbi qələbəmiz kimi qalacaq. Bu qələbə ilə düşmən Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunu aydın şəkildə gördü və anladı ki, artıq Azərbaycanla hesablaşmaq vaxtı çatıb, bizə heç kim şərt qoya bilməz: "Ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşmır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu mühüm yer tutur. Mən tam əminliklə deyə bilərəm ki, bu baxımdan Azərbaycan Ordusu güclü ordular sırasındadır. Döyüş qabiliyyəti artır, orduda mənəvi-psixoloji vəziyyət çox müsbətdir, vətənpərvərlik ruhu, nizam-intizam yüksək səviyyədədir. Əlbəttə, bütün bu amillər bizim hərbi gücümüzü daha da artırır. Mən son illər ərzində dəfələrlə qeyd etmişəm ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha sübut etdi. Bütün dünyaya sübut etdi ki, bu gün Azərbaycanla hesablaşmaq lazımdır”.
Bir çoxları əsgərlik dövrünü əsl kişilik məktəbi kimi qiymətləndirir və hər bir kişinin həmin məktəbi keçməsinin gərəkdiyini deyir. Bu dəfəki yazımızda həmişə müxtəlif mövzularda həmsöhbət olduğumuz ekspertlərlə ordumuzdan, onların əsgərlik dövrlərindən danışacağıq.
Millət vəkili Fəzail İbrahimli bildirir ki, ordu dövlətin müstəqilliyinin təminatıdır. Çünki ordun varsa, dövlətinə olan təcavüzün qarşısını ala bilərsən, müstəqilliyini qoruyarsan: "Mənim ordu sıralarına getməyim bir az maraqlı əhvalatla yadda qalıb. Demək, o dövrdə aspiranturada əyani oxuyanlar orduya çağırılmırdı. Mən də 24 yaşımda aspiranturaya qəbul oldum. Elə həmin il necə oldusa, qərar çıxdı ki, aspiranturada oxuyanlar da əsgərliyə getməlidir. Digər bir məqam isə budur ki, bizim dövrə qədər ali təhsillilərin hərbi xidmət müddəti 1 il idi, amma mənim bəxtimdən o da ilyarım oldu. 1986-1988-ci illərdə Moskva kənarında bir yerdə xidmət keçdim. Hamımızın bildiyi kimi, əsgərliyin yazılmamış qayda-qanunları var. Amma ali təhsilli biri olaraq hərbiyə yollandığım üçün həmin yazılmamış qayda-qanunları mənim üzərimdə tətbiq edə bilmədilər”.
Hazırda müstəqil Azərbaycan ordusunda xidmət edən gənclərimizi çox şanslı saydığını deyən millət vəkili bildirir ki, əvvəlki dövrlə bu gün arasında çox ciddi fərqlər var: "Gənclərimiz müstəqil Azərbaycan ordusunda xidmət etdikləri üçün çox şanslıdırlar. Mənim oğlum da həmin şanslı gənclərdəndir. Millət vəkili olduğum dövrdə oğlum bir gün belə hərbi xidmətdən yayınmadan orduda qulluq edib. Bu hər bir vətən oğlunun mənəvi borcudur”.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, ordumuz daim bizim qürur yerimizdir: "Ölkəmizin, vətəndaşlarımızın təhlükəsizliyini təmin edən güclü ordumuz var. Aprel döyüşləri də bunu bir daha sübut etdi. Mən əminəm ki, bu gün ordumuz həm mənəvi, həm də texniki baxımdan döyüşə hazırdır. Mübariz İbrahimovla bağlı hadisə baş verdikdən sonra cəbhə bölgəsinə yollandım. Komandirlərlə söhbət zamanı onlar bildirdilər, həmin hadisənin təsiri ilə nə qədər əsgər gecə məktub yazıb qoyaraq, düşmən tərəfə keçməyə cəhd edib. Düşünürəm ki, Mübariz İbrahimov və digər qəhrəmanlarımız gənclərimiz üçün gözəl nümunədir. Mən 2001-2002-ci illərdə Daxili Qoşunlarda xüsusi təyinatlı dəstədə xidmət etmişəm. Müxtəlif əməliyyatlarda yaxından iştirak etmişəm”.
Modern.az saytının rəhbəri Elşad Eyvazlı qeyd edir ki, hazırda ordumuz kifayət qədər böyük gücə sahibdir: "Azərbaycan Ordusuna olan hörmət, ehtiram daimidir. Ali Baş Komandanın hərbiyə göstərdiyi qayğı və diqqət nəticəsində ordumuz günü-gündən inkişaf edir. Ordumuz nəinki regionda, hətta deyərdim ki, dünyada böyük gücə sahibdir. 2016-cı ilin aprel hadisələri də bunun bariz nümunəsidir. Həmin hadisələr bir daha sübut etdi ki, Azərbaycan Ordusu nəyə qadirdir. Azərbaycan əsgərində olan ruh yüksəkliyi, Vətən sevgisi başqa heç bir ölkənin əsgərində yoxdur”.
Elşad bəy deyir ki, insanın həyatında unudulmaz xatirələrin bəziləri də əsgərlik dövründə yaranır: "Mən Kəlbəcər rayonundanam. Əsgərlik dövrüm Sovet ordusunun vaxtına təsadüf edir. Həmin dövrün bir hissəsini Rusiyada, qalan hissəsini isə Azərbaycanda keçirmişəm. Bizim kənddə əsgərliyə gedib gələn hər kəs kənd camaatını başına yığıb, orada baş verənləri nəql edərdi. Və gələn hamı deyirdi ki, əsgərlikdə kimisə döyüb. Mənə maraqlı gəlirdi ki, görəsən bu necə olur. Böyük səbirsizliklə əsgərliyə getməyi gözləyirdim. Amma gedəndə gördüm ki, heç də danışıldığı kimi deyil. Həmin an düşündüm ki, ya onlar yalan danışıblar, ya da mənim gücüm çatmır kimisə döyəm. Əsgərlikdən qardaşıma məktub yazıb vəziyyəti danışdım. Onda mənə cavab verdi ki, "boş ver, fikir çəkmə, hamımız əslində elə olmuşuq”. Yəni o vaxt kim gəlib nə danışırdı, ona da inanırdıq. Rusiyada olan əsgərlik dönəmimdən isə rus qızları ilə söhbətlərimiz yadda qalıb”.
Marketoloq, "Comunical” şirkətinin rəhbəri Tural Abbaslı deyir ki, əsgərliyin hər günü xatirədir: "Əsgərlik hər bir kişinin keçməli olduğu məktəbdir. Orada insanları tanımaq olur. İnsana səbirli, əzmkar, dözümlü, iradəli olmağı, yaranmış problemləri öz gücünə həll etməyi öyrədir. Mənim ordudan tərxis olunduğum gündən bu günə ordumuzda həqiqətən müsbət istiqamətdə çox ciddi dəyişikliklər olub. Və 2016-cı ildəki aprel döyüşləri də bu inkişafın bariz nümunəsidir. Bu gün ordumuz texniki baxımdan olduqca irəlidədir, kifayət qədər inkişaf edib. Onu da qeyd edim ki, bir vətəndaş kimi, ordumuza böyük inamım var. Hərbi xidmətlə bağlı xatirələrim çoxdur. Amma ən yaddaqalanı 14 fevral Sevgililər Günündə poliqona getməyimdir. Və o zaman anladım ki, bütün sevgilər boşdur, əsas Vətən sevgisidir. Vətən sevgisi hər şeydən üstündür”.
Günel Azadə
banner

Oxşar Xəbərlər