• şənbə, 20 Aprel, 17:19
  • Baku Bakı 23°C

Vətən sevgili doktor

24.05.17 12:30 918
Vətən sevgili doktor
Vətən sevgisi insanın mənəvi dünyasının ən ali hissidir. Yaşadığı məkandan, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, bu ali hiss ürəyə hakim deyilsə, insan zəngin ola bilməz. Tanınmış Amerika yazıçısı Jozef Fletçerin vətən haqqında belə bir deyimi var: "Vətənə borcunu ödəmədən ölən insan bədbəxtdir”. Əslində bu fikri məntiqi baxımdan bu cür də ifadə etmək olar: "Vətən qarşısında borcunu ödəyən, xoşbəxt insandır”. Bəlkə də "vətən sərhəddən başlayır” kimi ifadəyə də bir düzəliş vermək olar: "Vətən ürəklərdə olan vətən sevgisindən başlayır”.

Tanınmış tibb mütəxəssisi, Londonda fəaliyyət göstərən Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri doktor Əli Tekin Atalar ölkəmizin hüdudlarından çox-çox uzaqlarda yaşasa da, həyat fəaliyyətinin əsas nüvəsi ürəyindəki bütün hüdudları aşan vətən sevgisi ilə bağlıdır. Onun üçün vətən sevgisi əzəli və əbədi qəlb odudur, heç vaxt öz təravətini və gücünü itirmir.

İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsini bitirən doktor Əli Tekin Atalar 1974-cü ildən İngiltərədə yaşayır. Bu ölkənin müxtəlif aparıcı tibb müəssisələrində bilik və bacarığını, mükəmməl elmi biliklərini, peşəkarlığını nümayiş etdirən şəfalı əllər sahibi zaman-zaman tibb elminin inkişafına sanballı töhfələr verib. Yüzlərlə xəstəyə şəfa verərək, onların yenidən sağlam həyata qayıtmalarının sevincini görəndə, bu insanların minnətdarlıq dolu baxışlarına baxanda, doktor Əli Tekin Atalar öz gərgin əməyi ilə Azərbaycan və azərbaycanlı adına ucalıq gətirməyindən zövq alıb.

Doktor Əli Tekin Atalar 2008-ci ildə illər boyu arzuladığı bir layihənin də gerçəkləşməsinə nail olub. Britaniyada yaşayan bir qrup azərbaycanlı ziyalı, gənc mütəxəssis və tələbələrin təşəbbüsü ilə Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzi fəaliyyətə başlayıb. Professor yekdilliklə Mərkəzin sədri seçilib.

Doktor Əli Tekin Atalar hansı bir ölkədə yaşamasından, ictimai-siyasi baxışları və sosial vəziyyətlərindən asılı olmayaraq, hər bir azərbaycanlını Azərbaycana, öz tarixi vətəninə xidmət etməyi borclu sayır. Ümummilli liderimiz Heydər Əliyevin "...Harada yaşayırsansa-yaşa, yaxşı da, pis də yaşasan, gərək ürəyin öz vətəninlə, torpağınla döyünsün. Gərək nəbzin vətənin nəbzi ilə vursun. Bu vətənpərvərlik hissi bizim hər birimizdə olmalıdır” müdrik kəlamını həyatının proqramı kimi qəbul edən doktor Əli Tekin Atalar düşünür ki, bu gün hər bir azərbaycanlı Azərbaycanın dövlət müstəqilliyinin möhkəmliyi, onun qüdrətlənməsi haqqında düşünməli və bu sahədə əlindən gələni etməlidir.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, onların təşkilatlandırılması və güclü Azərbaycan diasporunun formalaşdırılmasında təqdirəlayiq xidmətləri olan mərkəzin fəaliyyətinin ana xətti Azərbaycanla Britaniya arasında mədəni və dostluq əlaqələrini möhkəmlətmək, Londondakı Azərbaycan icmasına xidmət etməkdən ibarətdir. Tamamilə qeyri siyasi və heç bir maddi mənfəət güdməyən mərkəz, bir çox uğurlu layihələrə imza atıb. Təsadüfi deyil ki, Londonda fəaliyyət göstərən Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri kimi ölkəmizin ictimai-siyasi həyatının müxtəlif təbəqələrində tanınan doktor Əli Tekin Atalar Azərbaycanda sevilir, ona böyük hörmətlə yanaşılır.

Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin, xüsusilə zəngin musiqimizin təbliği doktor Əli Tekin Ataların rəhbərliyi ilə mərkəz tərəfindən uğurla həyata keçirilir. Azərbaycanın əlamətdar günləri, həmçinin tariximizin qan yaddaşı ilə bağlı keçirilən tədbirlər isə Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzində ənənə şəklini alıb. Bu səpkidə keçirilən mühazirələr, seminarlar, görüşlər, konfranslar, sərgilər, film nümayişləri, konsert proqramları, təqdimatlar təkcə Azərbaycan icması tərəfindən deyil, həmçinin yerli ictimaiyyət nümayəndələri tərəfindən də böyük maraqla qarşılanır.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında, ölkəmizin tarixi, dini, mədəni və siyasi dəyərlərinin təbliğ olunmasında, Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş bir milyon azərbaycanlının hüquqlarının, Ermənistan ordusunun azərbaycanlı əhaliyə qarşı törətdiyi müharibə cinayətlərinin, 1992-ci ildə Xocalıda törədilmiş vəhşiliklərin, eləcə də Azərbaycanın müstəqillik dövründə siyasi, iqtisadi və sosial sahədə əldə etdiyi uğurların Böyük Britaniya cəmiyyətinə çatdırılmasında doktor Əli Tekin Ataların təqdirəlayiq xidmətləri var.

Londondakı Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzi kiçik bir Azərbaycanı xatırladır. Burada ölkəmiz haqqında istənilən informasiyanı əldə etmək, Azərbaycanda baş verən hadisələr haqqında məlumatlanmaq, milli-mənəvi dəyərlərimizlə bağlı bilgilərə sahib olmaq üçün istənilən şərait yaradılıb. Bu mərkəzə təşrif buyuranlar xalqımıza məxsus yüksək qonaqpərvərliklə, böyük ehtiramla qarşılanır. Uzaq Londonda yaşayan azərbaycanlılar üçün bu məkan olduqca doğmadır. Londondakı Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzi sözün həqiqi mənasında hər bir azərbaycanlı üçün Azərbaycan ətirli isti bir ocaqdır.

Doktor Əli Tekin Atalar hər dəfə doğma Azərbaycana gələndə, ölkəmizdəki inkişaf onu sevindirir, günü-gündən gözəlləşən Bakı, bölgələrdəki firavanlıq onun qəlbini fərəhləndirir. O, Britaniyada Azərbaycanımızın bu günü haqqında fikirlərini qürurla, fəxrlə bölüşür. Londonda keçirilən mötəbər tədbirlərdə doktor Əli Tekin Atalar nümayəndəsi olduğu milləti ləyaqətlə təmsil edir.

Bu günlərdə doktor Əli Tekin Atalar ömrünün 70-ci baharına qədəm qoyur. Türk dünyası üçün dəyərli ömür yaşamış, zəngin mənəviyyat sahibi olan soydaşımızın - Əli Tekin Ataların həyatının səhifələrinə daha geniş nəzər yetirsək, yalnız bir qənaətə gələ bilərik - Gümrüdən, Qarsdan başlayan ömür yolu mənasız keçməyib. Doktor Əli Tekin Atalar ömrünün bu müdrik çağında da böyük coşqu və enerji ilə öz fəaliyyətini davam etdirir. Bu tükənməz enerjini ona verən isə ürəyindəki sonsuz vətən sevgisidir, bütün varlığı ilə Türk dünyasına bağlılığıdır.
İlham Cəmiloğlu

banner

Oxşar Xəbərlər