“Vətən, mən qayıdacağam...” - Fotolar
«Azərbaycan tarixinin şanlı səhifələrindən biri də Aprel
döyüşləridir. 2016-cı ilin aprel ayında demək olar ki, hər kəsin narahatlığı
cəbhədəki vəziyyətlə bağlı idi. Qürurverici hadisə o idi ki, Aprel döyüşləri
qələbə ilə, qalibiyyətlə nəticələndi”. «Kaspi» Liseyinin «Kaspi» Təhsil
Şirkətinin təşkilatçılığı ilə Azərbaycan Musiqili Komediya Teatrında Aprel
zəfərinə həsr etdiyi "Zəfərə doğru” tədbirində səslənən bu fikirlər
iştirakçılara bir daha həmin günlərdə ağır döyüşlər zamanı alınan
torpaqlarımızın sevincini yaşamaq, qəhrəmanlıqla şəhid olan igid əsgər və
zabitlərimizin ruhunu anmaq, şücaət göstərən hərbçilərimizin qəhrəmanlıqları
ilə öyünmək hisslərini yaşatdı. Ulu öndər Heydər Əliyevin «Orduda xidmət
etməkdən, vətənin müdafiəsində durmaqdan şərəfli peşə yoxdur” sözlərini
özlərinə həyat amalı seçən hərbçilərimizin birlik və şücaətindən doğan zəfər ölkə
əhalisinə həmişə qürur yaşatmaqda davam edir.
Mənəviyyatımızın qələbəsi
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra "Kaspi”
Liseyinin,Milli Ordumuzun qüdrəti və Aprel döyüşləri ilə bağlı hazırladığı
video-çarxda zəfərin şanlı salnaməsi ekrana gəldi.
«Aprel döyüşləri şanlı, tarixi qələbəmizdir. Dövlətimizin, xalqımızın,
ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində bu gün
işğaldan azad edilmiş Fizuli, Cəbrayıl, Ağdərə, rayonlarında Azərbaycan bayrağı
dalğalanır» - deyə Ali Baş Komandanın İlham Əliyevin qətiyyətli səsi təkcə
hərbçilərimizə deyil, bütün xalqa inam kimi səslənir.
"Aprel döyüşləri nəticəsində Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi
ətrafındakı yüksəkliklər, Seysulan məntəqəsi və Füzuli rayonu istiqamətində
yerləşən Lələtəpə yüksəkliyi düşməndən azad edildi. Döyüşlər nəticəsində
Azərbaycan Silahlı Qüvvələri Ağdərə, Madagiz istiqamətində yolların nəzarətdə
saxlanmasını təmin etdi. Hərbi əməliyyatlar zamanı ermənilərə məxsus 30 tank,
15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş müdafiə qurğuları tamamilə
dağıdıldı. 320 düşmən əsgəri məhv edildi, 500-dən artıq erməni yaralandı.
Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əks-hücum nəticəsində erməni
işğalından azad edilən Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması
mümkün oldu. Aprel döyüşlərində Azərbaycan oğulları igidlik salnaməsi yazdı və
neçə-neçə vətən oğlu qəhrəmanlıqla həlak olaraq şəhidlik zirvəsinə ucaldı”-
deyə aparıcının dilindən səslənən cümlələr həmin döyüş günlərini yenidən
yaddaşlara qaytarır.
"Onların qəhrəmanlıqları hamı üçün nümunədir. Onlar yüzlərlə,
minlərlə vətən oğlu kimi bu müharibəni bitirə bilməsələr də, müharibə bir ümid
ağacı, qeyrət qalası kimi onları yenidən yaratdı və böyütdü”. Aprel
döyüşlərində iştirak edənlərin gözlərinin qabağından isə o döyüşlər heç çəkilmir.
Onlar əsgər yoldaşlarının qəhrəmanlıqlarını, torpağın hər qarışı uğrunda
özlərini necə ölümə atdıqlarını qürurla xatırlayırlar: «Qürur hissi keçiririk
ki, bu torpaq bizdədir. Yəni bu insanlar torpaq verərək şəhid olmayıblar,
torpaq alaraq şəhid olublar».
Ölkənin
birinci xanımı Mehriban Əliyevanın «Azərbaycan xalqı üçün hər
bir əsgərimiz dəyərli və əzizdir. Vətən naminə dünyanın ən böyük sərvəti olan
ömrünü qurban vermiş hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi
yaşayacaq. Biz Qarabağa mütləq qayıdacağıq. Qarabağın hər bir kəndində, hər bir
şəhərində Azərbaycan bayrağı dalğalanacaq” sözləri isə onlar üçün ən böyük ümid
kimi səslənir.
"Kaspi”
Təhsil Şirkətinin təsisçisi Sona Vəliyevanın videoçarxda yer alan
fikirləri Aprel döyüşlərində qazanılan qələbənin böyük zəfərə doğru yol
olduğuna böyük inam yaradır: «Zəfərin zirvəsi ən strateji əhəmiyyətli
yüksəkliyi ələ keçirmək oldu. Digər tərəfdən, bu, ruhumuzda bir yüksəlişin
yaranması idi. Üç mənada yozanda - həm ruhi, həm maddi, həm də mənəvi tərəfdən
Lələtəpənin alınması bizim böyük qələbəmizdir. Lələtəpə Azərbaycan
mifologiyasını, milli əfsanəni özündə gizlədib. Milli yaddaş kontekstindən də
yanaşanda, həqiqətən, bu, bizim mənəviyyatımızın qələbəsi idi».
Milli yaddaş dərsi
Lisey şagirdləri tərəfindən
hazırlanmış "Bölgələr”, "Ana, mən şəhid oldum”, "Dədə Qorqud”, "Azərbaycan”,
"Dalğalan, bayrağım” və s. kimi kompozisiyalar təsirliliyi və peşəkarlığı
baxımından maraqla qarşılandı.
«Hardan başlanır Vətən?» sualına cavab axtaran gənclik üçün Milli
Qəhrəman Mübariz İbrahimovun «Məncə, Vətən səngərdən başlayır» sözləri
mayakdır. Səhnədən, böyüməkdə olan nəslə
ünvanlanan «Onlar bizim azadlığımız uğrunda şəhid oldular», "Bu Vətən, ana
yurdun azadlığı uğrunda tarixdə qalanlarındır”, "Azərbaycan əsgəri niyə və
nəyin uğrunda mübarizə apardığını yaxşı bilir. O, öz müqəddəs Vətən torpaqları
uğrunda savaşır. Haqq da onundur, qəhrəman da odur”- kimi fikirlər isə zəfərə
aparan yoldur, "Artıq tarixdəki səhvlərimizdən nəticə çıxarıb birləşmək vaxtıdır”
fikirləri onlara, Vətənin təəssübünü çəkmək, onun uğrunda son damla qanına
qədər vuruşmaq məsuliyyətini anlatdı: "Torpaq su ilə qarışanda palçıq, qanla
qarışanda Vətən olur”.
"Vətən, mən qayıdacağam” sözləri isə hamının, torpaqlarımızın
tezliklə düşməndən azad ediləcəyinə, od-ocağından didərgin düşən
soydaşlarımızın doğma ev-eşiklərinə qayıdacağı günün uzaqda olmadığına işarə
oldu.
Tədbirin sonunda «Aprel döyüşləri»nin qaziləri və şəhid ailələri
səhnəyə dəvət edildi. «Kaspi» Təhsil
Şirkətinin təsisçisi Sona xanım Vəliyeva
hər ay «Kaspi» Liseyində əlamətdar günlərə həsr olunan milli yaddaş dərsi
keçirildiyini, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan
şəxsiyyətlərin şagirdlərlə görüşə dəvət olunduğunu dedi: "Ancaq bu gün liseyin
şagirdləri bu salonda bizim hamımıza milli yaddaş dərsi verdilər. Aprel
zəfərinə həsr olunan bu kiçik kompozisiya böyük zəfərlərə gedən yola içimizdə
ümid çırağı yandırdı”. S.Vəliyeva şəhid ailələrinə, qazilərə səsləndi: «Siz o
böyük zəfərin təntənəsinin əsasını qoydunuz. Hər zaman bizim başımız dikdir.
Şəhidlərimiz bizim qürurumuzdur. Biz onları heç zaman unutmayacağıq. Əziz
qazilər, şəhid ailələri, hamılıqla qarşınızda baş əyirik!»
Şuşada, Xankəndində...
dalğalanacaq bayraq
Dövlət rəsmilərinin, ziyalıların, millət vəkillərinin, hərbçilərin,
şəhid ailələrinin, qazilərin, valideyn və şagirdlərin iştirak etdiyi gecədə,
Aprel döyüşlərinin Azərbaycan dövlətinin qüdrətinin, Milli Ordumuzun gücünün və
xalqımızın birliyinin bariz nümunəsi, gələcək qələbəmizin başlanğıcı olması bir
daha aşılandı. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "Azərbaycan
ordusunu 50 güclü ordu sırasında görürlər.
Biz bunu bilirik və gündən-günə hərbi gücümüz artır. İki il bundan əvvəl
Azərbaycan ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini
işğalçılardan azad etmişdir. Bizim doğma torpaqlarımızda bu gün Azərbaycan
bayrağı dalğalanır. Əminəm ki, gün gələcək,Azərbaycan bayrağı hələ də işğal
altında olan bütün torpaqlarda, o cümlədən Şuşada, Xankəndində qaldırılacaq...»
Tədbirdə iştirak etdi:
Təranə Məhərrəmova