• çərşənbə, 24 Aprel, 10:25
  • Baku Bakı 13°C

Vətən amallı insan

23.05.16 11:16 2001
Vətən amallı insan

Xalq şairi Sabir Rüstəmxanlının 70 illik yubileyidir. O, həmkarları, dostları, onun yaradıcılığını oxuyan, sevən oxucuları üçün gözəl şair, yazıçı və publisistdir. Azərbaycanın müstəqilliyi uğrunda aparılan savaşda payı olan mücahid də adlandırırlar onu, dünyaya səpələnən türklərin bir araya gəlməsi üçün çalışan fədai də. İctimai fəaliyyəti ilə həmişə xalqın yanında olması isə onu hamı tərəfindən sevilən bir insan kimi tanıdıb.

"Müzakirəmiz”də həmkarları S.Rüstəmxanlı haqqında danışdılar.

Vətənin təəssübünü çəkən

«O, mənim qədim və sadiq dostlarımdandır. Onunla dostluq bizim hər ikimiz üçün əhəmiyyətli olub” - deyən şair Çingiz Əlioğlu dostunu və həmkarını ən müxtəlif məqamlarda həmişə qətiyyətli gördüyünü deyir: "Yeri gələndə onun çox cürətli olduğunun şahidi olmuşam. Sabir bəy daim bu torpağın, bu millətin təəssübünü çəkən olub. Böyük ədəbiyyata ləyaqətlə xidmət edib. Bu xidmətləri istər poeziyada, istərsə də ictimai fəaliyyətində daimi və ardıcıl olub. Yeri gələndə hətta tənqidçi kimi də çıxış edib. Biz birlikdə müxtəlif beynəlxalq tədbirlərdə iştirak edərək ölkəmizi layiqli təmsil etmişik. Mən hər yerdə onun necə hörmət qazandığının şahidi olmuşam. Mən Sabir bəylə uzun müddət bir yerdə çalışmışam. Hər dəfə Azərbaycan mədəniyyətinə, kitab nəşri işinə, ümumən Azərbaycanda maarifçilik işinə nə dərəcədə böyük sədaqət göstərdiyi və xidmət etdiyinin şahidi olmuşam. Yeri gələndə o, prinsipiallığı ilə fərqlənib. Yeri gələndə çox sərt məqamları olub. Yeri gələndə son dərəcə kövrək olduğu, başqasının dərdinə, qayğısına necə ağrıyan ürəklə yanaşdığını görmüşəm. Biz onunla uzun illərin dostu və qardaşıyıq”. S.Rüstəmxanlının doğulduğu kəndi, onun ata-anasını, ocaqlarını yaxşı xatırladığını deyən şair həmçinin cənub zonası insanlarının ona necə məhəbbətlə yanaşmalarının da şahidi olduğunu söyləyir: "Sabir bəy ürəyinin bütün odunu, istedad və bacarığını Azərbaycan adının yüksəlişi işinə sərf edib. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında cəfakeş xidmətlər göstərib. Onun ümumən türk dünyasında böyük hörmət və nüfuzu var. Milli Məclisin üzvü kimi uzun illər Azərbaycan dövlətçiliyinə xidmət edib. Onun insani keyfiyyətləri bir mədəni insan kimi həddən artıq böyükdür”. Həyatının böyük bir hissəsinin S.Rüstəmxanlı ilə yoldaşlıqda keçdiyini deyən Ç.Əlioğlu birlikdə sevinclərini, dərdlərini bölüşdüklərini bildirir: «Biz sevinclərimiz, qayğı və problemlərimiz haqqında birlikdə söhbət açmışıq. Yeri gələndə həyatın gözəlliklərini bir yerdə müzakirə etmişik. O çətin illərdə xalqın ağrı-acısına bir yerdə yanmışıq. Sabir həyatımın mənə bəxş etdiyi ən gözəl dostlarımdan biridir». S.Rüstəmxanlının Azərbaycan poeziyasında yerini dəyərləndirən Ç.Əlioğlu bildirir ki, Xalq şairi adı onun poeziyadakı yerinin bələdçisidir. Belə ki, S.Rüstəmxanlı yaradıcılığının bütün dövrlərində Azərbaycan poeziyasına öz istedadı və bacarığı ilə xidmət edib: "Sabir bəy o qədər zəngin həyat yaşayıb ki, siyasi hadisələr, keşməkeşlərlə zəngin xalq azadlığı uğrunda mücadilə onu həyatının əsas qayəsindən ayırmayıb”. Ç.Əlioğlu hələ cavanlıq illərində Nüsrət Kəsəmənli və S.Rüstəmxanlı ilə birlikdə Bakının bütün tədris ocaqlarında tələbələr qarşısında çıxış etdiklərini xatırlayır: «Sabir Rüstəmxanlının poeziyası 20-ci əsrin sonu və 21-ci əsrin birinci dekadalarında Azərbaycan şeirinin parlaq nümunələrindəndir. O zaman hər yerdə bizimlə görüşlər olurdu. Mən o görüşlər zamanı zalların divarlarını az qala silkələyən alqışlar eşitmişəm. Sabir bəyin bütün həyat yolu xalqa və torpağa xidmət etməyin ifadəsidir. O, anadan şair doğulub. Bu gün də yorulmaq bilmədən öz doğma torpağımızı, həm də dünyanın ən müxtəlif yerlərini ayağında çarıq gəzib dolaşır”.

Vətən uğrunda mübarizə aparan bir mücahid

S.Rüstəmxanlını mövqeyi bəlli olan insan kimi dəyərləndirən «Ulduz» jurnalının baş redaktoru Qulu Ağsəs: "Ədəbiyyatda bəzən elə hallar olur ki, kiminsə yerini, mövqeyini ədəbiyyatçılar, tənqidçilər, ədəbiyyatşünaslar, ədəbi cameə və həmkarlar müəyyənləşdirir. Amma bu mövqe sürüşkən olur. Yəni adamlar həmin şəxsi layiq olduğundan yuxarı da qaldırır, layiq olmadığı yerə də qoyurlar. Bəzən də onun haqqında susurlar. Amma Sabir Rüstəmxanlının mövqeyi elədir ki, kənar göz, kənar dil o qədər də önəmli deyil. Çünki bu, çox üzdə olan bir mövqedir. Sabir Rüstəmxanlının mövqeyinin özü bəllidir. Bu, şairin, yazıçının özünün bəlli etdiyi yerdir”. Baş redaktor S.Rüstəmxanlını miqyas etibarilə həyatın bütün sahələrinə - siyasətə də, dövlət quruculuğuna da, Azərbaycanın müstəqilliyinə də nüfuz etmiş insan kimi dəyərləndirir: "Azərbaycanın ikinci müstəqilliyində rolu olan adamlardan biri də Sabir Rüstəmxanlıdır. Mən onu ilk növbədə Azərbaycanın azadlığı uğrunda mücadilə aparan adamlardan biri kimi tanıyıram. O illərdən 30 ilə yaxın dövr keçir. Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizənin önündə Sabir Rüstəmxanlının olması gözümüzün önünə gəlir. Azad mətbuat haqqında danışanda təbii ki, «Azərbaycan» qəzeti və onun baş redaktoru kimi Sabir Rüstəmxanlı gözümüzün önünə gəlir. Azərbaycançılıq haqqında danışanda hamımızın ömür kitabına çevrilən «Ömür kitabı» gözümüzün önünə gəlir”. Qulu Ağsəs deyir ki, S.Rüstəmxanlı kitabı əl-əl gəzən tək-tük qələm adamlarındandır: "Belə populyarlıq «Beşmərtəbəli evin altıncı mərtəbəsi»ni yazan Anara, məşhur trilogiyası az qala milyon tirajla çıxan Əlibala Hacızadəyə məxsus olub. Bir də Sabir Rüstəmxanlı «Ömür kitabı» ilə bu məşhurluğu qazanıb. İnsanlar bu kitabı əl-əl gəzdirirdilər - bir nəfər oxuyur, on nəfər qulaq asırdı”. Q.Ağsəsin fikrincə, şair kimi S.Rüstəmxanlını həyatın romantikası cəlb etməyib. Belə ki, onun şeirlərində realizm aşırı dərəcədədir: ”O, həyatın dibində olan, sovet dövrünün xoşbəxtliyindən yararlana bilməyən insanları həmişə qələmə almağa cəhd edirdi. Xoşbəxt ölkədə iş tapmayan, xırda-xuruş alverlə, tozun-torpağın içində məşğul olan insanların taleyini qələmə alırdı. Həyatda bəxti gətirməyənlərin çox olduğunu göstərirdi. Hamının xolşbəxtlikdən danışdığı sovet adamlarının yağ-bal içində təsvir edildiyi bir vaxtda bu talesiz adamları qələmə alır, hətta bu mövzunu sosiallaşdırırdı. O, həmişə həqiqətlərin yanında olmağa çalışırdı. Sabirin hətta sevgi şeirləri də realistdir. Onlarda simvolika, metafora bolluğuna, aşıb-daşmasına rast gəlmək olmurdu. Həyat necədirsə, o da həmin həyat həqiqətinin yanındadır. O, həmin həqiqətdən nə bir addım qabaqda, nə də bir addım geridədir. O, həyat həqiqəti ilə qolboyundur”. Baş redaktorun fikrincə, S.Rüstəmxanlının bütün yazılarında romantizm məhz onun bütövlüyündə, Azərbaycançılığında, türkçülüyündədir. Belə ki, o, Azərbaycanı olduğundan böyük göstərməyə çalışır. Həmçinin Qarabağ dərdini, türk dünyasını olduğundan böyük göstərməyə çalışır: "Ona görə onun publisistik fəaliyyəti ilə yanaşı, həm də birləşdirmək, miqyası böyütmək xüsusiyyətləri var. Sabir Rüstəmxanlı məndən ötrü həm də bərpaçıdır. Ötən illəri bərpa etmək, Vətənin daha böyük əraziyə malik olduğu dövrləri, türk dövlətinin bütövlüyünü sanki bugünlərə qaytarmaq xüsusiyyətlərini arxeoloq kimi axtarıb-tapır. Mən onu öz qələmi ilə Azərbaycan, Vətən uğrunda mübarizə aparan bir mücahidə bənzədirəm. Bəlkə də o çox şeyləri bir amala - Azərbaycan amalına qurban verib. Sabir Rüstəmxanlının yolu Azərbaycan yoludur, Vətən yoludur. O, poeziyasını da, publisistikasını da, nəsrini də, elmi yaradıcılığını da, kinodramaturgiyasını da bir amala yönəldib - Vətən, Azərbaycan amalına. Ona görə də onu Vətənin hər tərəfində, Arazın o tayında da, bu tayında da, türk dünyasında da çox sevirlər. Mən ona dünyanın ayrı-ayrı yerlərində azərbaycanlıların ümid yeri kimi baxdığının şahidiyəm. O, ədəbi fəaliyyətində də, siyasi fəaliyyətində də hər şeyi birləşdirməyə çalışıb. O, bu ağır yolu ləyaqətlə adladı. Ona görə ləyaqətlə adladı ki, həmin dövrdə ilk hədəfi Azərbaycanın müstəqilliyi olan adam bu müstəqilliyin ön sıralarında getdi və buna nail oldu”. S. Rüstəmxanlının hədəflərinin hələ çox olduğunu söyləyən Q.Ağsəs bildirir ki, yazıçının bütün hallarda ən yaxın hədəfi Qarabağın işğaldan azad olunması, dünya azərbaycanlılarının bir araya gətirilməsi, Azərbaycan adının hər sahədə yüksək çəkilməsidir: "Biz ona fəaliyyətində yalnız uğur arzulayırıq!”

Adını tarixə yazmış Xalq şairimiz

Şair-publisist Əkbər Qoşalı bildirir ki, S.Rüstəmxanlı imzası yalnız özünü ifadə etməyən, artıq neçə illərdir Azərbaycan xalqının ağrı-acılarını, istiqlal savaşını, üzüntülərimizi və uğurlarımızı - sabaha ümidimizi ifadə edən bir imza halına gəlib. Üstəlik, doğma Azərbaycanımız da daxil olmaqla bütövlükdə türk dünyası ədəbiyyatının parlaq siması olması etibarı ilə S.Rüstəmxanlı öz adını tarixə yazmış Xalq şairimiz, aydınımızdır: "Sayğıdəyər Xalq şairimizlə neçə illərdir dialoqumuz, qarşılıqlı hörmətimiz var. Türk dünyasından qonaqlarımız gəlincə, bizlər türk dövlət və topluluqlarına gedincə, Sabir bəyin özünəməxsus töhfəsi olur: kitablı-dəftərli, süfrəli-könül süfrəli... Hesab edirəm, könülcə yanaşılan hər şeydə gözəllik var, könüllə açılan, könül açan hər işdə xeyir var... Bax, bu anlamda, mənim tanıdığım Sabir bəy "bir Xalq şairi necə olmalıdır?” ( zamanında, "Bir millət vəkili necə olmalıdır?”) sualına cavabı yalnız öz yaradıcılığı ilə deyil, öz insanlığı ilə verib”.

S.Rüstəmxanlının Azərbaycan ədəbiyyatındakı yerindən danişan Ə.Qoşalı qeyd edir ki, həm bir yazar, həm də oxucu olaraq bədii irsimizə münasibətdə onun canıyananlığını özəlliklə fərqləndirmək olar: "Sabir bəy qədirşünaslığını da canıyananlıq qədər yansıdır yaradıcılığında... Bir də xalqın tarixi və gələcəyi qarşısında sorumluluğu öz bədii idrakından keçirməyin ustasıdır Sabir bəy. Onun "DİFAİ fədailəri”ni, "Ölüm zirvəsi” əsərlərini xatırlamaq yetər... Sabir bəyə bu əlamətdar yubiley günlərində könlümdən gələn ən gözəl duyğularla möhkəm can sağlığı, iş avandlığı, əlbəttə, yeni yaradıcılıq uğurları diləyirəm!”

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər