• çərşənbə axşamı, 16 aprel, 21:45
  • Baku Bakı 18°C

Vergidən yayınma hallarını necə aradan qaldırmaq olar?

14.04.15 07:38 3402
Vergidən yayınma hallarını necə aradan qaldırmaq olar?
Ekspertlər elektron sistemin geniş tətbiqini, vergi yükünün azaldılmasını təklif edirlər
İnkişaf etmiş bir çox ölkələrin büdcəsi əsasən vergi daxilolmaları hesabına formalaşır. Bu baxımdan vergidən yayınma hallarına qarşı ciddi mübarizə aparılır. Azərbaycanda isə vergidən yayınma ilə bağlı problemlər qalmaqdadır. Düzdür, Vergilər Nazirliyinin xətti ilə 2014-cü ildə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmalarının həcmi illik 6,75% artaraq 7,114 mlrd. manata çatıb. Amma il ərzində ölkədə ümumilikdə 32 milyon 950 min 452,94 manat məbləğində vergidən yayınma üzrə 49 cinayət işi açılıb. Ötən il səyyar vergi yoxlamaları aparılıb və ödəyicilərin 99,4%-də vergi qanunvericiliyinin pozulması halları aşkar edilib. Bu ilin birinci rübü ərzində isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 346 cinayət işi başlanıb. Vergi sahəsində müəyyən təkmilləşdirilmələr aparılsa da, problemlər tam həll olunmur.
İqtisadçı Samir Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, neftin qiymətinin dünya bazarında ucuzlaşdığı bir vaxtda büdcəyə vergi daxilolmalarını artırmaq lazımdır: “Azərbaycanda büdcənin əsas hissəsini vergi gəlirləri təşkil etməlidir. Amma ölkəmizdə vergi gəlirlərinin payı təəssüf ki, aşağı səviyyədədir. Dünya bazarında neft ucuzlaşır deyə, büdcə daxilolmalarında azalma müşahidə olunur. Bu azalmanı bərpa etməyin yollarından biri vergi daxilolmalarını artırmaqdır. Kiçik və orta sahibkarlığın inkişaf edilməsi prioritet olmalıdır. Bu həm rəqabət yaradır, həm də yeni iş yerləri açılmasına vasitəçi olur. İşsizliyin qarşısını alma vasitələrindən biri də məhz kiçik və orta sahibkarlığın inkişafıdır”.
İqtisadçı deyir ki, vergidən yayınma hallarının qarşısını almaq üçün müxtəlif mexanizmlər işlənməlidir. Həmin mexanizmlərdən biri nağdsız ödəniş sisteminin genişləndirilməsi, digəri isə vergi yüklərinin azaldılmasıdır: “Vergi yükü yüksək olduğuna görə yayınma halları da çox olur. Ona görə vergidən yayınmaq üçün qeyri-rəsmi yollara üz tuturlar. Vergi ödənişlərinin artırılmasında daha bir istiqamət isə sahibkarların vergi orqanlarına inamıdır. Bir sıra hallarda vergi orqanları ilə sahibkarlar arasında qeyri-rəsmi sövdələşmələr olur, bu da büdcəyə vergi daxil olmasına öz təsirini göstərir. Hər bir halda, vergi dərəcələrini artırmaqla büdcəyə vergi daxilolmalarını çoxaltmaq mümkün deyil. Sahibkarlıq subyektlərinin öz işlərini genişləndirmələrinə imkan yaradılmalıdır. Ən əsası, sahibkar verginin vacibliyini bilməli və vergi ödəyəndən sonra ondan kənar pul alınmayacağına əmin olmalıdır. Əgər bu problem aradan qalxarsa, vergidən yayınma hallarının qarşısını əhəmiyyətli dərəcədə ala bilərik”.
S.Əliyevin sözlərinə görə, vergi tövsiyə, məsləhət yox, bir öhdəlikdir. Vergi ödənişinin vacibliyi ilə bağlı sahibkarları məlumatlandırmağa ehtiyac yoxdur. Bilik və bacarıqların artırılması baxımından məlumatlandırılma aparıla bilər: “Vergilər Nazirliyi tərəfindən müəyyən broşüraların buraxılması, təlimatların yayımlanması lazımdır. Vergilərin hansı formada hesablanması ilə bağlı sahibkarlar tam məlumatlı olmalıdırlar”.
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü, millət vəkili Fəzail Ağamalı deyir ki, inkişaf etmiş demokratik ölkələrdə vergidən yayınma ən böyük cinayət, insanın şərəf və ləyaqəti üçün təhqirli hal hesab edilir: “Belə olan halda heç kim vergidən yayınmağı özünə sığışdırmır. Vergilərin hesabına dövlət ehtiyacları ödənilir, vətəndaşların ailəsinin, yaxınlarının sosial problemləri həll olunur, dövlətin yüksək səviyyədə özünü təmsil etməsi üçün gücü, qüvvəsi artırılır. Bu cür düşüncə ilə inkişaf etmiş ölkələrdə vətəndaşlar bütövlükdə vergidən yayınmır. Düzdür, həmin ölkələrdə də vergidən yayınma, korrupsiya halları var. Heç bir ölkə bu problemlərdən tamamilə sığortalanmayıb. Amma bu, az bir faiz təşkil edir”.
F.Ağamalının sözlərinə görə, Azərbaycanın mükəmməl vergi qanunvericiliyi var. Cəmiyyət inkişaf etdikcə, iqtisadiyyat və sahibkarlığın səviyyəsi yeni mərhələyə daxil olduqca, yeni çağırışlar ortalığa gəldikcə onlara uyğun Vergi Məcəlləsinə də dəyişikliklər edilir: “Vergi Məcəlləsi Azərbaycanda mükəmməl səviyyədədir. Eyni zamanda, Azərbaycan vergi sistemi də peşəkarlaşmış dövlət qurumudur. Bu qurum üzərinə düşən konstitusion vəzifəni müvəffəqiyyətlə yerinə yetirməkdədir. Lakin bir sıra hallarda hansı səbəblərdənsə, vergidən yayınma halları müşahidə olunur. Buna ayrı-ayrı hallarda vergi müfəttişlərinin subyektiv yanaşmaları da mane olur. Daha çox isə burada vergidən yayınaraq özünün daha çox gəlir əldə etmək istəyi dayanır. Vergi ödəyiciləri həm də vergilərin miqdarının çox olduğunu əsas gətirərək ödəmədən yayındıqlarını bildirirlər. Sahibkarlar götürmüş olduqları gəlirin xeyli hissəsini - 40 faizdən çoxunu ayrı-ayrı sahələrdə vergi ödədiklərinə görə bu, onların sahibkarlıq fəaliyyətlərini genişləndirməyə, ehtiyaclarının ödənilməsinə mane olur. Ona görə də sahibkarlar məcbur olurlar ki, vergidən yayınma hallarına yol versinlər”.
Millət vəkili deyir ki, ölkəmizdə bazar iqtisadiyyatı inkişaf etdikcə, sahibkarlıq möhkəmləndikcə vergidən yayınma halları da azalacaq: “Lakin indiki şəraitdə bir sıra hallarda vergi güzəştlərinə ehtiyac duyulur. Necə ki, bu yaxınlarda bir sıra sahələrdən vergilərin ödənilməsinə güzəştlər tətbiq edildi. Kənd təsərrüfatı ilə bağlı vergilərin alınmaması ənənəsi bu gün davam etdirilir. Bu fermer təsərrüfatlarının inkişafı üçün stimuldur. Azərbaycanda sahibkarlığın inkişafına ehtiyac olan sahələr var. Yerli xammal hesabına inkişaf edilməsi mümkün olan istehsal sahələrinin inkişaf etdirilməsi lazımdır. Bu, bir tərəfdən Azərbaycan xammalının dövriyyəyə buraxılması deməkdir. İkincisi, yeni istehsal sahələrinin yaradılması ölkəmizə xaricdən gələn baha qiymətə olan materialların sıxışdırar və yerli məhsullarımızın bazara çıxmasına xeyli imkanlar açar. Üçüncüsü isə, Azərbaycan yüksək səviyyədə istehsal etmiş olduğu məhsulları həm də ixrac etməlidir. Bu sahələrdə müəyyən vergi güzəştlərinin nəzərdə tutulması yaxşı olardı”.
F.Ağamalı qeyq etdi ki, elektron hökumətin formalaşdırılması məmur-vətəndaş münasibətlərində olan neqativ halların aradan qaldırılmasında mühüm rol oynayır. Vergilərin ödənilməsində də elektron vasitələrdən yararlanmaq müsbət nəticələr əldə etməyə kömək edir. O bildirdi ki, dünya ölkələrinin təcrübəsini öyrənib, ölkəmiz üçün uyğunlaşdırıb və təkmilləşdirilmiş variantını tətbiq etmək vergidən yayınmanın qarşısını almaqda müsbət nəticələr verə bilər: “Vergi ödənilməsi hər bir azərbaycanlının şərəf məsələsi hesab edilməlidir. Bu düşüncə ilə yanaşılsa, yayınmaların olmayacağına əminəm”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər