• cümə, 19 Aprel, 09:36
  • Baku Bakı 13°C

Vergidən yayınanlar həbsdən buraxıldı

17.06.16 10:37 1371
Vergidən yayınanlar həbsdən buraxıldı
İqtisadi cinayətlərin dekriminalizasiyası ilə bağlı "Cinayət Məcəlləsi”ndə edilən dəyişiklikdən sonra 90 cinayət işinin icraatına xitam verilib. Fins.az xəbər verir ki, Vergilər Nazirliyinin vergi cinayətlərinin təhlil və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Zeynalabdin Məmmədzadə bildirib ki, "Cinayət Məcəlləsi” və "İnzibati Xətalar Məcəlləsi”nə edilən son dəyişikliklərdə iqtisadi fəaliyyət sahəsində olan inzibati xətalara və cinayətlərə görə inzibati və cinayət məsuliyyətinin müəyyən edilməsi meyarları dəyişib.
Bəzi inzibati və cinayət əməllərinə görə məsuliyyətdən azad olunmanın şərtləri müəyyən olunub. Əvvəllər cinayət sayılan, lakin hazırda müvafiq qanunla cinayət hesab olunmayan əməllərə görə hüquqi tənzimləmə mexanizmləri təsbit edilib.
"Beləliklə, göstərilən dəyişiklikləri nəzərə alaraq qeyd etmək olar ki, ibtidai araşdırması Vergilər Nazirliyinə həvalə edilən, Cinayət Məcəlləsinin 192, 192-1, 193, 205-2, 213-cü maddələrində göstərilən əməllərin törədilməsi nəticəsində dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergi məbləğləri 20 min manatdan az olduqda həmin cinayətlərə dair işlər üzrə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir”.
Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır. Z.Məmmədzadə deyib ki, bundan sonra vergi orqanları qeyd olunan maddələrdə göstərilən əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsini araşdırmalı və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görməlidirlər.
"Yəni, vergi orqanları inzibati xəta tərkibinin bütün əlamətlərinin olub-olmaması araşdırmalı və inzibati xəta tərkibi mövcud olduğu təqdirdə "İnzibati Xətalar Məcəlləsi”nin 101-ci maddəsində müəyyən edilən müddətlər gözlənilməklə inzibati xəta haqqında protokol tərtib edilməlidir”.
"Cinayət Məcəlləsi”ndəki yeni dəyişiklikdən sonra Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində istintaqı aparılmış və dəymiş zərərin məbləği 20 min manatadək olan 90 cinayət işinin icraatına xitam verilib. Lakin bu qəbildən olan cinayət işlərinin icraatına xitam verildikdən sonra borclu vergi ödəyicilərinin dövlət büdcəsindən yayındırdıqları borcları silinmir, onlar buna görə, sadəcə, cinayət məsuliyyəti daşımırlar. Bu isə o deməkdir ki, qanunvericiliyə edilmiş son dəyişiklik vergi ödəyicilərini vergi öhdəliklərindən azad etmir. Bundan sonra həmin borc məbləğləri könüllü şəkildə ödənilmədiyi təqdirdə, onların məcburi qaydada alınması üçün vergi orqanları qüvvədə olan qanunvericiliyə uyğun olaraq müvafiq inzibati tədbirlər görəcək.
Cinayət xarakterli materialların araşdırılmasına vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsi də cəlb olunub. Qeyd edək ki, bu idarə vergilər nazirinin 17 may 2016-cı il tarixli əmri ilə vergi orqanları tərəfindən hesablanmış vergilər və faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların dövlət büdcəsinə alınması işinin təşkilinin daha da təkmilləşdirilməsi, vaxtında təqdim edilməmiş vergi bəyannamələrinin alınması, habelə vergi orqanları ilə icra qurumları arasında işin təşkili, vergi cinayətlərinin sayının azaldılması üçün cinayət tərkibi yaratmayan borc materiallarının əvvəlcədən araşdırılması, vergi cinayətlərinin təhlili və araşdırılması sahəsində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə metodiki kömək göstərilməsi məqsədilə yaradılıb.

banner

Oxşar Xəbərlər